Mütəxəssislər tərəfindən dünyanın ən çətin 2-ci imtahanı adlandırılan TUS tibb sahəsində oxuyan və təhsilini Türkiyədə uzmanlıq üzrə davam etdirmək istəyən məzunlar üçün nəzərdə tutulub.
Bu imtahanla bağlı "Edulandiya" Təhsil və Konsultasiya Mərkəzinin direktoru Mikayıl Rəhimovla həmsöhbət olduq.
TUS nədir?
TUS sözünün açılışı "Tıpta Uzmanlık Sınavı" (Tibdə Uzmanlıq İmtahanı) deməkdir. Tibb Universitetini bitirən hər kəs bu imtahana girə bilər. Lakin TUS imtahanına kimi məzunun keçməli olduğu bir neçə vacib imtahan var. Müraciət edən şəxslər iki imtahandan mütləq şəkildə keçməlidirlər. Bunlardan biri STS (Seviye Tespit Sınavı), digəri isə TIPDİL və yaxud YDS-dir. Bundan əlavə, xarici dil üzrə YÖKDİL adlanan imtahan da var ki, Türkiyədə tibb təhsili almaq istəyən şəxslər bu imtahanların birindən keçməlidirlər.
Həmsöhbətimiz Mikayıl Rəhimov bildirdi ki, TUS-a qəbul olmaq istəyən məzunlar ilk növbədə STS imtahanını verməlidirlər. Yalnız bu zaman imtahan verən şəxsin diplomu Türkiyədə tanınır və o, TUS-a girməyə haqq qazanır. STS imtahanına girmək istəyən şəxs mütləq şəkildə tibb universitetindən məzun olmalıdır. Çünki diplomla yanaşı bir sıra sənədlar var ki, Türkiyədəki YÖK-ə (Yüksek Öğretim Kurulu) göndərilməlidir. Tələb olunan sənədlər isə bunlardır:
1. Diplomun əsli və rəngli surəti
2. Diplomun türk dilinə tərcüməsi, notarial təsdiqi və Türkiyənin Təhsil Müşavirliyinin təsdiqi və rəngli surəti
3. Qiymət vərəqəsinin əsli (transkript) və rəngli surəti
4. Transkriptin türk dilinə tərcüməsi, notarial təsdiqi, Türkiyənin Təhsil Müşavirliyinin təsdiqi və rəngli surəti
5. Məktəb attestatının yalnız Türkiyənin Təhsil Müşavirliyində türk dilinə tərcümə və təsdiqi, həmçinin rəngli surəti
6. Etibarnamənin türk dilinə tərcüməsi, notarial təsdiqi, apostil və Türkiyənin Təhsil Müşavirliyində təsdiqi və rəngli surəti
7. Əgər soyadda dəyişiklik varsa, nikah haqqında şəhadətnamənin türk dilinə tərcüməsi və notarial təsdiqi.
Mütəxəssisin sözlərinə görə, sözügedən sənədlər göndərildikdən 6-8 ay sonra YÖK-dən cavab gəlir. Cavabda isə müraciət edən şəxsin həmin imtahana girib-girə bilməyəcəyi qeyd olunur. STS imtahanında 5 klinik fənn olur:
Cərrahiyyə, Daxili xəstəliklər, Ginekologiya, Kiçik Stajlar (Kardiologiya, Radiologiya, Urologiya, Dermotologiya, Nevrologiya və s.) və Pediatriya.
İmtahan 120 sualdan ibarətdir. Müddəti 2 saat yarım, keçid balı isə 35 baldır. Bu imtahanı uğurla keçən şəxslər məcburi 6-8 aylıq təcrübədə iştirak etməlidirlər. Təcrübəçilər bu prosesi Türkiyədə istənilən hər hansı bir xəstəxanada keçə bilərlər. Təcrübə bitdikdən sonra alınan ekvivalentlik sertifikatı (denklik belgesi) diplomun Türkiyədə tanınması üçün nəzərdə tutulan sənəddir. Sənəd müddətsizdir.
TUS imtahanı 6 aydan bir olmaqla ildə 2 dəfə keçirilir. İmtahan 5 klinik fənnlə yanaşı, 6 baza fənndən ibarət olur. 240 sualı təşkil edən imtahanın müddəti STS imtahanından fərqli olaraq 5 saatdır. Keçid balı 45 baldır və bu balı keçdikdən sonra tələbələr seçim etmək hüququ qazanırlar. İmtahandan keçənlər 30 xəstəxana seçə bilərlər. İxtisas seçimi isə sərbəstdir. Yəni, imtahandan keçən şəxs burada bitirdiyi ixtisas üzrə istədiyi sahə üzrə uzmanlıq oxuya bilər. Uzmanlıq təhsili seçilən ixtisasa əsasən 3-6 il arası olur. Onu bitirdikdən sonra artıq uzmanlıq sənədi alınır və həmin şəxs uzman kimi işləməyə başlayır.
Qeyd edək ki, Mikayıl Rəhimov STS və TUS-un fərqli cəhətləri haqqında da məlumat verdi: “STS-də yüksək bal toplamaq vacib deyil. Çünki burada əsas məqsəd diplom bərabərliyi yaratmaqdır. Amma TUS-da yüksək bal əsasdır. Tutaq ki, keçid balı 45-dirsə, imtahandan keçən şəxs 46 bal toplasa, o, adətən kənar xəstəxanalarda işləmək hüququna malik olur. Buna görə, yüksək bal arzusunda olan tələbə çox çalışmalı və ən azı gününün 8 saatını dərslərə sərf etməlidir. TUS imtahanı öz sahəsi üzrə uzmanlaşmaq və biliklərini artırmaq istəyən hər bir tibb məzunu üçün vacibdir”.
Nəzmiyyə Sadıqova