Uğur hekayəsi bölməsinin budəfəki müsahibi ABŞ-ın Texas ştatında (Hyuston) yaşayan həmyerlimiz Qara Əmirovdur.
- Özünüzü təqdim edərdiniz...
- Mən Qara Əmirov Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuşam. Ağdaş Özəl Türk Liseyində təhsil almışam. Liseydən məzun olduqdan sonra Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin İctimai Əlaqələr fakültəsində oxudum. Onsuz da universiteti bitirəndən sonra ABŞ və ya digər xarici ölkələrə gedərək təhsilimi davam etdirmək həvəsim var idi. ABŞ-a getmək üçün “Green Card” çıxdı. Əvvəlcə Arkanzas, sonra isə Texas ştatının Hyuston şəhərinə getdim. Artıq 17 ildir ki, ABŞ-dayam. Orada azərbaycanlı xanımla ailə qurdum. Hazırda 3 övladımız var.
- Xaricə getmək insana nə verir?
- Məncə xaricə getmək, hətta Azərbaycanın müxtəlif regionlarına getmək, fərqli insanlarla tanış olmaq, fərqli perspektivləri görmək insanın dünyagörüşünü artırır. İnsan artıq heç nəyə əvvəlki kimi baxmır. Artıq insanın fərqləndirə biləcəyi baxış bucağı olur. Ümumilikdə isə deyim ki, başqa yerləri görməyin əhəmiyyəti çox böyükdür. Mən şəxsən əvvəllər düşündüyümün əksinə olaraq gördüm ki, oraların insanı da gözəl olurmuş. Onlara qarşı formalaşmış bəzi qərəzli mövqeyim dəyişdi. Biz kənara açılmasaq öz kiçik dünyamızda yaşayıb başqa mədəniyyətləri, dünyaları tanımadan öz doğrularımızı doğru biləcəyik.
- Bildiyimizə görə, hazırda təhsil aldığınız sahə üzrə işləmirsiniz. Hansı sahədə fəaliyyət göstərirsiniz və sahənizi nə üçün dəyişdiniz?
- Mənim bakalavr təhsilim ictimai əlaqələr sahəsindədir. ABŞ-a yeni getmiş insanın ingilis dili nə qədər yaxşı olsa da, ona çətin olur. Mən ora gedəndə baxmayaraq ki, lisey və universitetdən dil bazam var idi, mənə çox çətin olmuşdu. Düşünürdüm ki, ingilis dilini bilirəm, orada gördüm ki, dilin nüanslarını bilmək, ixtisas üzrə terminləri bilmək vacib məsələdir. Baxdım ki, mən bu baxımdan ABŞ-da işləyə bilməyəcəyəm, ona görə də, hazırda olduğum texniki sahəyə yönəldim. Müəyyən dizayn dərslərinin biliklərini əldə etmişdim. Bəzi məlumatları da internetdən öyrənmişdim. Bundan sonra orada bir jurnalda dizayner kimi işləməyə başladım. Sonra veb dizayn agentliyində işlədim. İndi isə 25 minlik neft-kimya şirkətinin dizayn işləri üzrə mütəxəssisiyəm. Biz burada şirkətin interyer və eksteryerinin dizayn işinə baxırıq. Bir şeyi qeyd edim dil bazasını bir kənara qoyaq, həmin ölkənin mədəniyyətini, zarafatlarını, nədən zövq aldıqlarını, nəyi xoşlamadıqlarını da bilmək lazımdır.
- Qara müəllimin uğur hekayəsi nə vaxtdan başlayıb?
- Mən həyatda yaxşı insan olmağı uğur hesab edirəm. Yaxşı insan da olmaq ətrafdakı insanlarla, ətraf mühitlə olur. Məncə, bu, insanın özünün təkbaşına edəcəyi bir iş deyil. Bizim mühitimiz yaxşı insanlarla əhatələnib, onlarla birgə olmaq insanı xoşbəxt edir. O insanları özüm üçün Allahın bir lütfü sayıram. Yoxsa, şəxsi uğurlara çox inanmıram. Biri üçün uğur axşam evinə bir parça çörək aparmaqdır, biri üçün dünyanı qurtarmaq. Mənim üçünsə, övladlarıma, ətrafımdakı insanlara örnək ata və insan olmaqdır.
- Xaricdə təhsil aldığınız vaxt çətinlikləriniz olurdumu? O çətinliklərə necə qalib gəlirdiniz?
- Bəli, fərqli ölkə, fərqli mühitdə olmaq çətindir. Düşünürəm ki, o vaxt gözümüz daha açıq idi. Həm də orta məktəbdən fərqli yerlərdə oxumaq bizi dəyişmişdi. Özümüzü öz problemimizi həll edə bilirdik. Ona baxmayaraq sənin necə başa düşüldüyünü bilməmək çətin olur. Nə qədər bizə dost ölkə olsa da, bu Türkiyə üçün də, Amerika üçün də keçərlidir. Müəyyən fərqliliklər, çətinliklər olsa da, oradakı insanların yardımı ilə hər şeyin öhdəsindən gəlirdik. Bu baxımdan mən özümü tək hiss etmirdim. Amerikada da dünyanın ortasında heç kimin olmadığı bir yerə getmədim. Köməklik sayəsində öz ayaqlarımız üzərində durmağa çalışdıq.
- Övladlarınız hazırda ABŞ-da təhsil alırlar, müəyyən mənada oranın adət-ənənələrini görüb götürürlər. Azərbaycanı onlara necə təbliğ edirsiniz?
- Övladlarım ABŞ-da biri 3-cü, biri 2-ci sinifə gedəcək. Oranın adət-ənənələrini də öyrəniblər. Azərbaycan adət-ənənələrindən də müəyyən dərəcədə aşılamağa çalışırıq. Düşünürəm ki, əsas insani dəyərləri öyrənəndən, yaxşı insan olandan sonra da gəlib Azərbaycanda eyni şeyləri davam etdirmək olar. Bizdəki qonaqpərvərlik, yaxınlıq amerikalılarda yoxdur, orada da elə şeylər var ki, bizim ölkədə yoxdur. Biz iki mədəniyyəti də övladlarımıza öyrətməyə çalışırıq. Təbii ki, əsas öyrənmə üsullarından biri də başqalarından öyrənmə üsuludur. Bəzi valideynlərin səhvə yol verərək uşaqlarına aldadıcı formada yemək yedirməsi tərəfdarı deyiləm. Həyatım boyu uşaqlara bir dəfə də yalan deməmişəm. Bu, bizim milli-mənəvi dəyərlərimizdir. Müəyyən bir yaşdan sonra da onlara çox rahatlıqla deyə biləcəyəm ki, mən sizə yalan danışmamışam. Siz də yalan danışmayın. Mən həmişə atamdan görmüşəm ki, o heç vaxt 990 qram olan şeyi 1 kq adı ilə müştəriyə satmayıb. Bax, bunu uşaqlara aşılamağa çalışıram. Oradakı həmyerlilərimizlə də görüşəndə görürəm ki, onlar da ətraflarına və övladlarına çox gözəl örnək olurlar. Yaxşı insanlarla bərabər olmaq da uşaqlara bir dəyər aşılayır. Təəssüf ki, orada Azərbaycandakı kimi nənə, baba və ya əqrabalarla yaxınlığın olmur. Sən orada kiçik ailə kimi yaşayırsan. Azərbaycana gələndə isə sən övladının baba, nənəsinə hansı hörməti bəsləyirsənsə, onlar da onlara eyni hörməti bəsləyirlər.
- Texasda azərbaycanlılar çoxdurmu? Əsasən, hansı işlərlə məşğul olurlar?
- Texas azərbaycanlıların ən çox olduğu yerlərdən biridir. Son dövrlərdə də Texasa çox həmyerlimiz gəlir. Texasda, Hyustonda azərbaycanlıların çox olması da insanlarımıza çəkici gəlir. İş imkanları, ev qiymətləri daha münasib olduğundan buraya meyil artır. Orada müxtəlif işlərlə məşğul olanlar, əsasən də müəllim, kompüter mühəndisi işləyənlər var. Buradakı həmvətənlərimiz ali təhsilli olduqları üçün iş yerləri də yaxşı olur.
- Pandemiya vaxtı ABŞ-da, sizin yaşadığınız yerdə həyat necə idi?
- ABŞ daha sərbəst ölkədir. Şəxsi azadlıqların limitlənmədiyi ölkədir. Avropa ölkələrinə görə ABŞ daha rahat idi. Tamamən bağlanma vəziyyəti olmadı. Təbii ki, ştatdan ştata da fərq var. Məsələn, Texas o mənada daha liberaldır. Məsələn, Texasda açıq havada maska taxmaq problemi olmadı. Bir məsələ də var ki, Texas çox geniş yerdir və sən deyə bilərsən ki, ən yaxın qonşumdan 100 metr aralıdayam. Biz şəxsən pandemiyanın çox da fərqinə varmadıq. Bizdə də başqa yerlərdə olduğu kimi iş yerini itirən də oldu, iş yerləri də bağlandı, amma xalqın böyük bir hissəsi bunu elə də hiss eləmədi.
- 44 günlük Vətən Müharibəsi vaxtı ABŞ-da Azərbaycan üçün nə kimi işlər gördünüz?
- Vətən müharibəsi vaxtı ABŞ-da yeni bir proqram təşkil edərək, əldə edilən yardımları Azərbaycandakı ehtiyac sahiblərinə, əsasən də şəhid ailələrinə göndərməyə çalışdıq. Mən “Vətən Müharibəsi 44 gün oldu” deyə düşünmürəm. Geridə qalan şəhid ailələri, qazilər və onların ailələrinin hələ də qayğıya ehtiyacı var. Əlbəttə ki, təkcə maddi mənada deyil, mənəvi mənada da o ailələrə qayğı göstərmək lazımdır. İndi mən Azərbaycandayam və o insanlarla görüşməyə çalışıram. Ən azı gedib o ailələrlə görüşüb hər hansı bir xoş söz demək, onların itkilərinin boşa getmədiyini bildirmək çox əhəmiyyətli bir şeydir. Təkcə öz adımdan deyil, bütün xalqımızın adından düşünürəm ki, o 44 günə bağlı qalmaq doğru deyil. Geridə qalanları da xatırlamaq lazımdır, kimin əlindən nə gəlirsə, onu etməyə çalışmalıyıq. Onlarla qarşılaşanda bir xoş söz demək belə məncə bir dəstək sayıla bilər.
Aygün Zayıdova