Folklor da daxil olmaqla "Ana" mövzusu ədəbiyyatda əbədi mövzulardandır. Vətəni təmsil edən Zəhrabəyim ana (Cəlil Məmmədquluzadə "Anamın kitabı"), "İtə ataram, yada satmaram" deyən mərd Sona ana (Mir Cəlal "Bir gəncin manifesti"), gözü yolda qalan cəfakeş ana (Süleyman Rüstəm "Ana və poçtalyon") və s. Azərbaycan ədəbiyyatında ana obrazının əvəzolunmaz nümunələridir. Anaya həsr edilən şeirlərin zirvəsində isə Cəfər Cabbarlının "Ana" şeiri dayanır.
Dünya ədəbiyyatında da yüzlərlə ana obrazı yaradılmışdır. Oxuduqca görürük ki, hər biri ayrı-ayrı xalqın, mədəniyyətin xüsusiyyətlərini daşısalar da, təhsil, yaşayış səviyyələri müxtəlif olsa da, ana dünyanın hər yerində anadır.
Sizinlə yeni bitirdiyim bir kitabı - Kun Suuk Şinin "Anam sənə əmanət" romanını bölüşmək istəyirəm. Əsərə verilən addan da göründüyü kimi, roman bir anaya həsr edilmişdir. Cənubi Koreyanın kəndində yaşayan Pak Sonyo yazıb oxumağı bacarmayan qadın, bütün hallarda ərinə sadiq həyat yoldaşı, çətinliklərə, yoxsulluğa sinə gərərək 4 övlad böyüdən fədakar anadır. Əsər onun Seulda metrostansiyada itməsi ilə başlayır. Bundan sonra övladlarının, ərinin və özünün dilindən bütün həyatı film kadrları kimi bir-bir göz özünə gətirilir.
Pak Sonyo erkən yaşda ailə qurmuş, tez-tez aylarla yoxa çıxan həyat yoldaşına baxmayaraq, həyatının bütün dövlərində evdə, mətbəxdə, tarlada işləmiş, övladlarını yedizdirmiş, geyindirmiş, onlara təhsil, ən əsası təmənnasız sevgi vermişdir. Bəlkə də, bu sətirləri oxuduqca deyəcəksiniz ki, nə olsun, bütün analar bunu edir. Əsərin özünü oxuduqda isə Pak Sonyonun gücünə, qabiliyyətlərinə, analığına heyran qalacaqsınız.
Pak Sonyonun gəncliyində Koreya müharibədən təzəcə çıxmışdı, yoxsulluq, aclıq insanları əldən salmışdı. Belə zamanlarda hər kəs işlədiyi, əkib-becərdiyi qədər yeyər, doyardı. O zamanlar ananın ən böyük qorxusu övladlarını doyuzdura bilməmək idi. Buna görə də, "işləməyən dişləməz" deyiminin canlı örnəyi olmuş, arı kimi işləmişdir. Müəllif onun haqqında deyir: "Tikiş tikər, hörgü hörər, tarlada çalışardı... Yazda ləklərə kartof, kələm, payızgülü, əməköməci, sarımsaq, bibər və qarğıdalı əkərdi. Evin ətrafındakı hasarın dibinə dolmalıq qabaq əkmək üçün çuxurlar qazar, tarlaya lobya səpərdi. Küncütlə xiyar da həmişə əkdiyi bitkilərdən idi. Tut yarpaqlarını yığardı... Ancaq torpaqda yetişdirə bilmədiyi şeyləri satın alardı: yazda həyətdə o yan-bu yana qaçışan ördək balaları, cücələr və ağıldakı heyvanlar..." Toxunduğu hər şeyi gözəlləşdirən, bişirdiyi hər yeməyə sevgisini qatan, ailəni bir arada tutan Pak Sonyo artıq qocalmışdı. Övladları böyük şəhərlərə köçdüyü üçün onları təkcə ad günlərində, bayramlarda görə bilirdi. Bununla belə heç vaxt şikayət etməz, gileylənməz, onları narahat etmək istəməzdi.
Pak Sonyonun itməyi ilə övladlar analarına etdikləri haqsızlıqları, laqeyd münasibətləri xatırlayıb iztirab çəkirlər. Yazıçı olan böyük qızı Çi Hon anasını bəyənmir, onu "kəndçi" adlandırırdı. O ananı ki, qızı da onun taleyini yaşamasın deyə, sonuncu zinət əşyasını satmış, Çi Honu məktəbə yazdırmışdı. Tez-tez səyahətə çıxar, anası ilə telefonla belə danışmağa vaxt ayırmazdı. Ən xırda şeyə görə onu danlayar, küsər, zəng etməz, nigaran qoyardı. İndi isə növbəti on il ərzində görəcəyi işlərin planına nəzər saldıqda utanır. Çünki anası bu planların heç birində yoxdur.
İkinci hissədə ananın böyük oğlu Hun Çolun xatirələri dilləndirilir. Pak Sonyo oğlunu prokuror görmək arzusu ilə onu illərlə oxutmuş, yeməyin ən yaxşısını ona vermiş, əlini ağdan-qaraya vurdurmamışdı. Əvəzində isə Hun Çol zaman keçdikcə şəhərdə anasını unutmuş, onun xəstəliyindən, şiddətli başağrılarından xəbəri belə olmamışdı. Ümumiyyətlə, anaları itəndən sonra övladları acı həqiqətlə üzləşirlər. Onlar analarını tanıyırdılarmı? Onun arzuları nə idi? Sevdiyi məşğuliyyəti var idimi? Adam içinə çıxacaq bir dəst geyimi olan ana necə geyim tərzini bəyənirdi? Niyə tez-tez nəyisə unudurdu? Niyə günlərlə yemək yemirdi?
Hun Çolun dilindən şəhərə oğlunu görməyə gələn ana belə təsvir edilir: "Başının üstünə qoyduğu, çiyinlərindən asdığı, əllərində tutduğu boğçalar azlıq edirmiş kimi, bir səbət də belinə atardı... İmkanı olsa, ayaqlarına da badımcandan, balqabaqdan bağlayıb gətirərdi. Cibləri qəzet kağızına bükülmüş ya kal bibərlər, ya qabığı soyulmuş şabalıdlarla, ya da təmizlənmiş sarımsaqlarla dolu olardı".
Övladları üçün canını, sağlamlığını verən Pak Sonyo həmişə tək idi, bu çətin həyatının həqiqi mənada yoldaşı yox idi. Nə övladlarını dünyaya gətirəndə, nə onları oxudanda, nə tarlada ağır işlərdə işləyəndə, nə dini ayin və bayramlarda həyat yoldaşı yanında idi. Həyat yoldaşı əlli illik ailə həyatında bircə dəfə də Pak Sonyo ilə söhbət etməmiş, xəstələnəndə qayğısını çəkməmiş, xoş söz deməmiş, hədiyyə almamış, onunla yan-yana belə addımlamamışdı. Bu biganə davranışlara görə də onu gözləmədən qatara minmiş, izdihamın içində itməsinə səbəb olmuşdu. İndi bu qoca yaşında bunları xatırladıqca itən Pak Sonyo üçün uşaq kimi acı göz yaşı tökür, əzab çəkir. Çünki əslində heç vaxt nə ata ola bilmişdi, nə də həyat yoldaşı.
Günlər, aylar keçir, verilən elanlar işə yaramır. Və bir gün yad bir qadının Pak Sonyo haqqında dedikləri heyrət doğurur. İllərdir, heç kəsin bilmədiyi, xəbəri olmadığı hadisələr ortaya çıxır. Bu vaxt oxucu kitaba "kilidlənir", fədakar anaya məhəbbət ikiqat artır.
Pak Sonyonun aqibəti necə olacaq? Evinə qayıdacaqmı? Onunla bağlı ailəsi hansı sirləri öyrənəcək? Ana kimə əmanət ediləcək? Bütün bunları yalnız əsəri oxuduqdan sonra biləcəksiniz.
Kun Suuk Şinin "Anam sənə əmanət" romanı 2009-cu ildə çapdan çıxmış və qısa vaxtda vətənində 1 milyondan çox satılmışdır. 16 dilə tərcümə edilən kitab böyük şöhrət qazanmış, müəllifinə isə "Man Asian Literary Prize" mükafatını qazandırmışdır. Qeyd edim ki, Kun Suuk Şin bu mükafata layiq görülmüş ilk qadın və ilk Cənubi Koreyalı yazıçıdır.
Müəllif Pak Sonyo obrazı ilə ənənəvi Koreya qadınını təsvir etmişdir. Ailəsinə, adət-ənənələrinə, soy kökünə bağlı, ərinin bütün laqeydliklərinə, xəyanətlərinə baxmayaraq, ona boyun əyən, xidmətdə qüsur etməyən, övladlarına, xüsusən də, böyük oğluna özünü fəda edən, həsr edən Pak Sonyo klassik ana obrazıdır. Onun işgüzarlığı, fədakarlığı, qışa azuqə hazırlıqları, bayram süfrələri bizə öz analarımızı xatırladır. İnanıram ki, kitabı oxuyan hər kəs öz anasını fikirləşəcək, öz-özünə suallar verəcək. Görəsən, mənim anamın ən böyük arzusu nədir? Hansı ölkəyə səyahət etmək istəyərdi? Anamın ən böyük qorxusu nə olub? Anam olmasa, halım necə olar?
216 səhifə bir ananı ifadə etmək üçün çox azdır, ancaq müəllif bunun öhdəsindən layiqincə gəlmişdir. Bir ana ancaq bu qədər sadə və möhtəşəm təsvir edilə bilər. Əlavə olaraq istəsəniz, əsərin əsasında çəkilən eyniadlı filmi də izləyə bilərsiniz.
Tükəzban Məmmədli