Hər hansı bir hadisənin, başlanğıcın nə qədər mühüm olub-olmadığını müəyyən etmək üçün hər şeydən əvvəl həmin tarixi şəraiti bilmək lazımdır. Milli mətbuatımızın yaranmasından söhbət düşəndə həmişə belə klişe cümlə ilə rastlaşırıq: “22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin çıxardığı “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməli qoyuldu”. Hər kəsin əslində sensorlu telefonun olduğu, kağız qəzetçiliyinin artıq arxaik sayılmağa başladığı, dünyanın istənilən ölkəsinə, kitabxanasına, qəzet-jurnalına, birjasına “qapı açmağın” bir neçə düymə qədər yaxın olduğu günümüzdə bir cümləlik bu xəbərin axrasında duran gərgin zəhmət, illər uzunu yadelli məmur qapılarına ayaq döymək, mətbəə, kağız, boya problemlərinin həlli, səni özünə yad, ögey, ucqar bir əyalətdə qul əməyi hesab edən imperiya rəhbərlərinin “saqqalı altından keçib” milli ruhda, xalqı oyanışa, tərəqqiyə çağıran bir qəzet çıxarmağın tarixi əhəmiyyəti və bu tarixi missiyanı həyata keçirən parlaq şəxsiyyətin xidmətləri kimlər üçünsə o qədər əhəmiyyətli görünməyə bilər. Amma məhz o dövrdə, Azərbaycan adlanan bu coğrafiyada ən yaxşı halda yüz adamdan birinin yazıb-oxumaq bildiyi, xürafatın din kimi anlaşıldığı, çar Rusiyasının xalqımızı boyunduruq altında tutmaq istədiyi o illərdə bitirdiyi Moskva Dövlət Universitetində müəllim olmaq imkanından vaz keçib xalqının arasına qayıdan, bölgə-bölgə gəzib təhsil işləri ilə məşğul olduqdan sonra qəzet çıxarmaq eşqinə düşən Həsən bəy artıq nə etməli olduğunu yaxşı bilirdi. Mirzə Fətəli Axundov onun bu istəyini xülya hesab eləsə də, Həsən bəy 3 illik gərgin zəhmətdən sonra öz istəyini həyata keçirə, xalqını elmə, tərəqqiyə çağıra bilmək üçün “Əkinçi” adlı tribuna düzəldə bildi və bu zəhmətin ilk meyvəsi 22 iyul 1875-ci ildə işıq üzünə çıxdı.
Ad üzərində dayanaq, niyə məhz “Əkinçi”? - O dövrdə qəzet buraxmaq, xüsusilə də müsəlmanlar üçün çox çətin idi. Elə buna görə də, Həsən bəyə qəzeti "Əkinçi" adlandırmaq məsləhət görülür ki, onun çapına icazə ala bilsin. Həsən bəy bu barədə yazırdı: "Mən ona (Staroselski nəzərdə tutulur) dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyam ki, guya məhz əkin və ziraətdən danışacaq". Əslində, “Əkinçi”yə qədər gürcülər Tiflisdə 5-6 qəzet çıxarırdılar, Rusiyanın mərkəzi şəhərlərində qəzet mədəniyyəti xeyli inkişaf etmişdi, amma söhbət müsəlman xalqdan gedirsə, məsələnin səmti tamam dəyişirdi. Ona görə də, çıxaracağın qəzetin adını “Həqiqət”, “Azadlıq”, “Açıq söz”, “Mübarizə” deyil, torpaqdan, əkin-biçindən bir şey qoymalı idin ki, bəlkə bir təhər istədiyinə nail ola biləsən. Amma ad nə olur-olsun naşir içini didib-gəmirən dərdləri, ictimai problemləri işıqlandırmalı, xalqının içində olduğu cəhalət bataqlığını qurutmaq üçün külüng çalmalı idi, necə ki, çaldı da… “Əkinçi”dən seçilmiş aşağıdaki nümunələrə diqqət edin:
"Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun..." ("Əkinçi", 29 mart 1876, № 6).
"Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olur, bizim həmçeşmimiz gürcülərin bir neçə qəzetləri var, Kutaisi şəhərində bir icma bina olub 5 min manat cəm edib ki, gələn ildən həftəlik qəzet çap etdirsin... Məgər bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina edək və nə ki bir, bəlkə 5-10 qəzet çap edək?.." ("Əkinçi" 25 iyul 1876, № 14)".
"Bəzi qəzet oxumağı günah hesab edir ki, güya qəzet oxumaq şəriətə namüvafiqdir. Bunun qabağında sizə nə deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin ol kəslərə ki, bu böhtanı bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi sərgərdan ediblər! ("Əkinçi" 25 iyul 1876, № 14)".
Bu nümunələrdən göründüyü kimi Həsən bəy fəryad edir, xalqı elmə, mənəvi cəhətdən azad olmağa, günbəgün inkişaf edən xalqlar arasında geri qalmamağa çağırırdı. Dinimizi doğru-düzgün anlatmaq “Əkinçi”nin qarşısında duran ən mühüm məsələlərdən biri idi. Dinin nə qədər həssas mövzu olduğu hər kəsə məlumdur. Yuxarıdakı iqtibasda biz bu həqiqətin nümunəsini görürük.
"Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik".
Çıxardığı qəzetin adını “Əkinçi” qoyan Həsən bəy xalqının oyanması və tərəqqisi üçün daha necə fəryad etməli idi görəsən?! Həsən bəy Zərdabi o dövrün görkəmli ziyalıları Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül-Qəvaid, Əsgər ağa Görani, Ələkbər Heydəri və başqalarını “Əkinçi” məktəbi ətrafında toplaya bilmişdi.
"Əkinçi" fəaliyyət göstərdiyi dövrdə dilimizin saflığına çalışır, maarifçilik mədəniyyətinin tərkib hissəsi olan kitab çapına diqqət yetirirdi. Başqa dillərdə olan kitabların ana dilimizə tərcüməsini vacib sayırdı. Avropada, Rusiyada milli burjuaziyanın xalqın inkişafı üçün çalışdığını yazan Həsən bəy varlı soydaşlarımızın xalqı düşünmədiyindən, eyş-işrətə, sərvət yığmağa üstünlük verdiyindən yana-yana bəhs edirdi. “Əkinçi” ən çox gənclərə üz tutur, onları ata-babaların cəhalətindən qurtarmağa, dinimizi doğru anlamağa, dünya elmlərinə yiyələnərək xalqımızın inkişafı üçün çalışmağa çağırırdı.
Məramını adının altında nə qədər gizləməyə çalışsa da, imperiya rəhbərliyi “Əkinçi”nin istiqamətini də, məqsədini də yaxşı başa düşürdü, elə ona görə də, ilk mətbu orqanımızın ömrü o qədər də uzun sürmədi və cəmi 56 sayı işıq üzü gördü. İmperiya “Əkinçi”nin önünü kəssə də, onun səpdiyi toxumların gün üzünə çıxmasına əngəl ola bilmədi. Çox keçmədi ki, ziyalılarımız yeni-yeni qəzet və jurnallar nəşr etməyə başladılar.
Bu gün ölkəmizdə minlərlə mətbu orqanı rəsmi qeydiyyata alınmışdır. Hər il “Əkinçi”nin ilk sayının çap olunduğu 22 iyul Mətbuat Günü kimi qeyd edilir. Yaxşı olardı ki, bu günü “Mətbuat və Zərdabini anım günü” kimi adlandıraydıq. Zərdabi bu yüksək hörməti qazanmış maarifçi ziyalımız, Azərbaycan mətbuatının bayraqdarıdır.
Mətbuat Günü münasibəti ilə bütün həmkarlarımızı təbrik edir, iş və şəxsi həyatlarında hər birinə uğurlar arzulayırıq.
Əli Çərkəzoğlu