Tullantı XXI əsrdə Yer kürəsinin ən böyük problemlərindən hesab olunur. Texnologiyanın sürətli inkişafı ilə hazırkı tempdə davam edən proseslərin gələcəkdə hansı fəsadlar verəcəyini təxmin etmək mümkündür. Lakin tullantıların ətraf mühitə və canlılar aləminə verdiyi fəsadları görmək üçün gələcəyi gözləməyə ehtiyac yoxdur. Artıq dünyanın bir çox ölkəsi emal olunmayan tullantılarla mübarizə aparmaq üçün xüsusi strategiyalar əsasında qanunlar qəbul edir. Hava kirliliyini azaltmaq üçün elektromobillərdən istifadənin təbliğatı aparılır və belə avtomobillərdən istifadə edənlərə müxtəlif güzəştlər tətbiq edilir. Həmçinin, havanı çirkləndirən ağır sənayə müəssisələrinə böyük həcmdə vergi və cərimələr tətbiq olunur. Ətraf mühitdə və dənizdə 1000 ilə yaxın çürümədən qala bilən plastik tullantılarla mübarizə üçün isə bu maddədən hazırlanan məhsullara alternativlər təklif olunur. Bəzi ölkələr tullantıların gətirəcəyi fəsadları nəzərə alaraq, bəziləri isə beynəlxalq təşkilatların təzyiqləri nəticəsində bu sahədə müəyyən addımlar atmağa məcbur olurlar.
Lakin daha bir tullantı növü var ki, hələ bununla mübarizə üçün hər hansı üsul yoxdur. Söhbət kosmik tullantılardan gedir. Kosmik tullantı insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən orbitdəki cisimlərin məcmusuna deyilir. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) tərəfindən 1957-ci il oktyabrın 4-də “Sputnik 1” adlı ilk müstəqil peykin kosmosa göndərilməsindən sonra Yer kürəsinin ətrafı kosmik tullantılarla doldu. “Sputnik 1” 3 aydan çox orbitdə qalmasına baxmayaraq, yalnız 3 həftə fəaliyyət göstərdi və 2 aydan çox Yerin ətrafında dövrə vurdu. Bu da onu ilk kosmik tullantıya çevirdi.
Həmin tarixdən bu günə kimi sıradan çıxan süni peyklərin, raketlərin və kosmik gəmilərin hissələri Yerin ətrafında fırlanmağa başladı və beləcə, “kosmik zibillik” meydana gəldi. Bu zibilliyin çeşidliliyi də çoxdur. Məsələn, 1965-ci ildə Eduard Uayt adlı kosmonavtın əlindən çıxan əlcək bir ay, saatda 28 min kilometr sürətlə Yer kürəsinin ətrafında fırlandı.
Kosmik tullantıların başqa cisimlərlə toqquşması ciddi fəsadlara yol aça bilər. Belə ki, bu “zibil”lərin sürəti saatda təxminən 30, 50, hətta 70 min kilometrə çatır. Səs sürətinin 1235, 5 km/saat olduğunu nəzərə alsaq, məsələnin nə qədər ciddi olduğu ortaya çıxır. Yəni, səs ən sürətli “zibil”dən təxminən 56,6 dəfə daha yavaş hərəkət edir. Tullantıların sürəti isə onların Yer kürəsinə olan məsafəsi ilə tənzimlənir. Cisim Yerə nə qədər yaxındırsa, sürəti də o qədər artıq olur.
1957-ci ildə ABŞ Müdafiə Nazirliyi qreypfrutdan daha böyük olan bütün kosmik tullantıları izləməklə bağlı qərar qəbul etdi. Hazırda kosmosda olan tullantıların təxminən 22 min 300-ü NASA (National Aeronautics and Space Administration - Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən sırf bu məqsədlə istehsal edilmiş süni peyk vasitəsilə izlənilir. Hətta bu tullantıların kodlaşdırılmış adlarını və Yer kürəsi ətrafındakı hərəkət xəttlərini də görmək mümkündür. “Stuffin.space” saytının yaradılmasının məqsədi də elə budur. Həmçinin, Yerin ətrafında ölçüləri bir santimetrdən kiçik 128 milyondan çox tullantı fırlanır. Ölçüləri 1-10 santimetr arasında olan 900 min belə tullantı var. Yerin ətrafında dövr edən 34 min tullantının isə 10 santimetrdən daha böyük olduğu ehtimal edilir.
Bəs NASA bu tullantıları niyə izləyir?
Yuxarıda da qeyd etdiyimiz kimi, fantastik sürətə malik bu cisimlər çox ciddi fəsadlara yol aça bilmək qabiliyyətinə malikdir. Kosmosa göndərilən süni peyklərin, raketlərin və kosmik gəmilərin milyardlarla dollara başa gəldiyini nəzərə alsaq, NASA-nı anlamaq olar. Amma bu tullantıların izlənməsinin başlıca səbəbi Beynəlxalq Kosmik Stansiyadır (International Space Station - ISS). 150 milyard dollara başa gələn və dünya tarixinin ən bahalı layihəsi hesab olunan 450 tonluq bu nəhəng stansiya, Yerdən 370 kilometr hündürlükdə saniyədə 7,6 kilometr sürətlə hərəkət edir. Uzunluğu 73, eni 109, hündürlüyü 20 metr olan BKS 1998-ci ildən fəaliyyət göstərir və Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılıb. Təbii ki, bu qədər həssas və baha başa gələn layihəni xüsusi həssaslıqla qorumaq lazımdır. Çünki kosmik tullantıların ən balacası belə milyonlarla dollarlıq zərər verə bilər. NASA bu tullantıları izləyərək BKS-lə toqquşma ehtimalı yaranan zaman stansiyanı orbitini dəyişməsi üçün təlimatlandırır. Proses “Kosmik tullantılarla mübarizə manevri” adlanır. Lakin bu manevr həmişə uğurlu olmur. Belə vacib məqamlarda BKS-dəki kosmonavtların təcili təxliyyəsi üçün “Soyuz” adlı kapsullar (hava buraxmayan hermetik qapalı qutu) mövcuddur. BKS qurulduqdan sonra 3 dəfə bu təcili təxliyyə planı həyata keçirilib.
Amma təbii ki, belə tullantılar kosmosda daimi qalmır. Onlardan bəziləri müəyyən bir müddətdən sonra digər tullantılarla toqquşma və ya enerji itkisi nəticəsində Yerə düşür. Hər həftə planetimizə təxminən 2 ton ağırlığında “zibil” yağır. Sevindirici haldır ki, bunların böyük bir qismi atmosfer təbəqəsinə girdikdən sonra yanaraq məhv olur. Yerdə qalanlar isə əsasən okeanlara düşür.
Təbii ki, elm adamları kosmik tullantılarla mübarizə üçün də müxtəlif üsullar axtarırlar. Bunların arasında onları tutmaq, lazer sistemi ilə məhv etmək və ya emal oluna bilən kosmik layihələr həyata keçirmək var. Təkliflər arasında kosmik fəaliyyətlərin azaldılması olsa da, insanlığın sərhədləri aşaraq Günəş sistemindən çıxmaq arzusu hələ ki, bu təklifin həyata keçirilmə ehtimalını azaldır.
Şahmərdan Əhmədli