Haradasa hər bir mədəniyyətdə insanlar arasındakı ünsiyyət zamanı birinci və sonuncu söz salamlaşma olur. Salamlaşmaq, cəmiyyət içərisində özünəməxsus yeri olan, özündə müəyyən etik normaları və sosial qayda-qanunları cəmləşdirən bir dəyərdir. Hər bir şəxsin cəmiyyətin digər üzvləri ilə sıx əlaqədə olduğunu düşünsək, salamlaşmanın cəmiyyətin hər bir fərdi üçün nə qədər əhəmiyyətli bir ünsiyyət vasitəsi olduğunu görərik.
Ümumi bir dəyər olan salamlaşma zamanı insanlar "Salam!", "Sabahın xeyir!", "Günortan xeyir!", "Gecən xeyrə qalsın!", "Xudahafiz?" (Allah hifz eləsin) və s. kimi bir sıra kəlmələrdən istifadə edirlər. Eyni zamanda sosial bir bacarıq hesab olunan salamlaşmaq cəmiyyətdə insanların sosiallığını artırır, sağlam münasibətlərin qurulmasına kömək edir. Bir sözlə, insanlar arasında sağlam bir ünsiyyət və əlaqənin qurulması üçün salamlaşmanın danılmaz yeri var.
Müxtəlif din və mədəniyyətlərdə salamlaşma zamanı istifadə edilən kəlmələr xoşbəxtilk və səadət arzulamaq, sağlamlıq və uzun ömür diləmək kimi mənalar daşıyır. Dünya xalqları arasında felən, yəni bədən dili ilə salam vermə zamanı əl və üzdən öpmək, qucaqlaşmaq, sağ əllə görüşmək, əl qaldırmaq, əl yelləmək, papaq qaldırmaq, dizləri bir az bükərək, önə doğru əyilmək, yerə qapanmaq və s. kimi adətlər var.
İnsanlar bir-birilərini tanıyıb-tanımamalarından asılı olmayaraq, bu və ya digər formada üz-üzə gələndə, telefon və ya sosial media kimi ünsiyyət vasitələri ilə görüşəndə əvvəla salamlaşırlar. Salamlaşmaq sözlə ünsiyyət və dialoq zamanı görüləcək ilk iş, atılacaq ilk addımdır.
Qarşılıqlı salam verib almaqla insanlar arasında isinişmə, ruhların bir-birinə yaxınlaşması və ünsiyyət qurma ehtiyacı təmin edilmiş olur. Təbəssümlə verilən, ya da alınan salam özündə insana müsbət enerji vermə, qarşılıqlı sevgi və hörmət hissini artırma kimi xüsusiyyətləri ehtiva edir. Bu baxımdan gündəlik həyatda sevgi və hörmət çərçivəsində təbəssümlə salam vermənin ayrı bir əhəmiyyəti var.
Salamlaşmaq insanların bir-birindən xəbərdar olmalarını təmin edir, laqeydliyi və təcrid olunmağı, həmçinin, təklənməyi və yalnızlığı aradan qaldırır. "Salam" kəlməsində sevgi, hörmət, qardaşlıq və dostluğa, eyni mədəniyyəti bölüşməyə, sülhə və birgəyayaşıya vurğular var.
İslamda salam kəlməsi termin olaraq "xilas" və "qurtuluş", hər cür maddi və mənəvi zərərdən, pislikdən uzaq qalmaq, dünyəvi müsibətlərdən və axirət əzabından qurtulmaq mənalarına gəlir. Vəhy gəlməzdən əvvəl salamlaşma zamanı "həyyəkallah" (Allah səni yaşatsın) sözündən istifadə edilirdi. Vəhydən sonra bu ifadə "salam aleykum" şəklini aldı. İslama görə salam qarşılaşan iki şəxsdən birinin digərinə "salam aleykum" (Sizə salam olsun, Allah sizi hər cür bəladan qorusun) deməsi, digərinin də buna eyni mənaya gələn "aleykum salam" deyərək xeyir-dua etməsidir.
İslamdan əvvəlki cahiliyyə dövründə işlədilən "həyyəkallah" ifadəsi ilə İslamın gətirmiş olduğu "salam aleykum" ifadələrini müqayisə edəndə, ikincisinin daha geniş və əhatəli mənaya sahib olduğunu görmək olar. "Həyyəkallah", Allah səni yaşatsın, Allah sənə uzun ömür versin mənalarına gəlir. Bir insan həyatdadırsa, onsuz da onun yaşadığı anlaşılır. Belə olanda bir şəxsə "Allah səni yaşatsın" deməyin bir mənası qalmır. Ancaq bir insan həyatdadırsa, bu heç də onun xəstəlik və müsibətlərdən uzaq olduğu mənasına gəlmir. Çünki insanlar dünyada xəstəlik və müsibətlərlə hər zaman qarşılaşa bilərlər. Bu zaman insana "salam" kəlməsinin də ehtiva etdiyi sağlamlıq və əmin-amanlıq diləmək daha məntiqli və məqbul görünür.
İslamda ölülər üçün də "salam aleykum" kəlməsindən istifadə edilir. Ancaq "həyyəkallah" (Allah səni yaşatsın) kəlməsini ölülərə deməyin, onlar üçün istifadə etməyin bir mənası yoxdur. Salamlaşma zamanı istifadə edilən bu və ya digər kəlmələr mövcuddur. Bunların hər biri hansısa coğrafiyanı, xalqı, xalqın dilini və ya dinini əks etdirə bilər. "Salam" kəlməsi də məhz İslama mənsubiyyəti bildirən, müsəlmanlara aid bir ifadədir. Hansı irq və xalqdan olsa da, salamlaşarkən "salam aleykum" deyən şəxsin müsəlman olduğunu anlamaq olar.
Quranın qırx ayəsində "salam" kəlməsi keçir. Bu ayələrin bəzilərində "salam" və ya "salam aleykum" ifadələrinin daha əvvəlki peyğəmbərlərin dövründə işlədildiyinə şahid oluruq. Həmçinin, Quran ayələrində də keçdiyi kimi mələklər Həzrəti İbrahim (ə.s.) və Həzrəti Nuhun (ə.s.) yanına gedəndə, mələklər cənnət əhlinə, cənnət əhli bir-birinə, Cənab Allahın (c.c.) mömin bəndələrinə və peyğəmbərlərə bu şəkildə, yəni "salam aleykum" deyərək, salam vermişlər. Bir Quran ayəsində də iman gətirənlər Peyğəmbərimizin (s.ə.s.) yanına gələndə "salam aleykum" (Sizə salam olsun, Allah sizi hər cür bəladan qorusun) deməsi əmr edilmişdir.
Bəzən bir mədəniyyət və inanca aid salam vermə şəkillərinin digər mədəniyyətlərə də keçdiyini görürük. Uca dinimiz İslamda bir dəyər olaraq salamlaşmaya çox əhəmiyyət verilmişdir. Bununla yanaşı, salamlaşma bu və ya digər cəmiyyətdə dini bir şüurdan uzaq bir şəkildə sosial və fitri bir ehtiyac olaraq da davam etdirilə bilər. Müxtəlif xalqların dilində yerləşmiş salamlaşma ifadələrinə nəzər yetirəndə Uca Yaradanla (c.c.) qurulan bağ və əlaqəyə rast gəlirik. Fransız dilindəki "adieu" (Allaha əmanət ol). İspan dilindəki "adios" (Tanrı ilə bərabət get) və İngilis dilindəki "goodbye" (God be with you - Tanrı səninlə olsun) kimi dini məzmunlu salamlaşmalar günümüzdə də istifadə edilir (Encyclopedia of Religion, XII, 8060).
Peyğəmbərimiz (s.ə.s.) salam verməyi insana savab qazandıran (Buxari, İman, 20), cənnətə girməyə vəsilə olan (Tirmizi, Qiyamə 42) mühüm əməllərdən biri olduğunu xəbər vermişdir. Allah Rəsulu (s.ə.s.) salamlaşmanın müsəlmanlar arasında qarşılıqlı sevgini artıracağını (Müslim, İman 93), xeyir və bərəkət gətirəcəyini, insanı Allaha yaxınlaşdıracağını (Əbu Davud, Ədəb, 133) bildirmişdir. Həmçinin, salam verməkdən yayınmağın hədislərdə bir növ paxıllıq olduğu xəbər verilmişdir (İbn Hibban, X, 349-350).
Salamlaşmanın əsl məqsədi qarşılıqlı sevgi, dostluq, yaxşı niyyət və gözəl arzuların açıqlanması olduğuna görə hər dildə bu qayə və məqsədə xidmət edən ifadələri salamlaşma olaraq qəbul etmək olar.
Nazim Mustafayev