Bir işi, əməli və davranışı bir sənət xariqəsi olaraq icra etmək bəsit və sadə məsələ deyil. Bunun üçün illərin təcrübəsi, zəhmət və belə demək mümkünsə alın təri lazımdır. Misal üçün əlinə taxta, mişar və çəkic alan bir çox insan masa düzəldə bilər. Ancaq bu masanı bir sənət əsəri kimi ortaya çıxarmaq tamam başqa bir şeydir. Danışmaq da belədir. Hər kəs danışa bilər. Bütün mədəni insanların anlaşa bilmək üçün istifadə etdikləri ən təsirli vasitə dildir. Ancaq bu qabiliyyəti bir sənət əsəri olaraq icra etmək o qədər də sadə deyil, bunun üçün bir sıra təlim və məşqlər tələb olunur.
Günümüzdə qurultaylar, konfranslar, seminarlar, simpoziumlar, forumlar, diskussiyalar, moizələr, xütbələr və çıxışlar məzmun və nitq tərzi baxımından bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Misal üçün elmi müstəvidə səsləndirilən bir nitq həm məzmun, həm də üslub baxımından ilin yekunlarına dair hansısa bir hesabat məruzəsindən fərqlənir.
Natiqlik qabiliyyəti və gözəl danışmaq kifayət qədər bilik tələb edir. İnsanın biliyi, qavrama və təhlil bacarığı, intellektual səviyyəsi nə qədər çox olsa, nitqi də bir o qədər zənginləşər. Bu səbəbdən insan çoxlu kitab oxumalı, araşdırma aparmalı və maraq dairəsini genişləndirməlidir.
Nitq və danışıqda əsas məqsəd onun faydalı, öyrədici və tərbiyəvi xarakter daşımasıdır. Belə bir məqsədi olmayan danışıqlar boş və zərərli hesab olunur. Hərçənd, olduqca “məharətli”, insanları bir sehrbaz kimi öz təsiri altına alan Hitler, Stalin, ya da başqaları kimi elə narsist liderlər var ki, onların milyonlarla insana xitabəti yalnız ölüm və tələfat gətirmişdir.
Günümüzdə diksiya sənəti, sözlərin aydın tələffüzü və gözəl danışmaq xüsusilə karyera qurmaq istəyənlər üçün olduqca əhəmiyyətlidir. Peşəsindən asılı olmayaraq natiqlik və gözəl danışmağı bacaran insanların işlərində, ictimai münasibətlərində və şəxsi həyatlarında mənən daha güclü olduqları müşahidə olunur.
Diksiya, klassik ifadə ilə bəlağət elmi fikrini gözəl, aydın və inandırıcı sözlərlə ifadə etmək qabiliyyətidir. Heç kim bir natiq, ya da gözəl danışmaq qabiliyyətinə sahib bir insan olaraq dünyaya gəlmir. İnsan bu qabiliyyəti sonradan qazanır. Misal üçün düzgün və səlis danışmağın tələb olunduğu ictimai əlaqələr (halkla ilişkiler) sahəsində Türkiyədə ilk mütəxəssis hesab edilən Betül Mardin 5 yaşına qədər heç danışa bilməmiş, 13 yaşına qədər isə kəkələyərək danışmışdır. Xüsusilə, orta məktəb, ya da universitet müəllimlərinin, satış nümayəndələri və menecerlərin, siyasi partiya və təşkilat mənsublarının gözəl danışıq qabiliyyətinə sahib olmaları əhəmiyyət daşıyır.
Quranda harada və necə danışmaq barədə, həmçinin, söz söyləməkmədəniyyəti haqqında bir sıra ayələrə rast gəlirik. Quran ayələrində hətta zalımlara qarşı belə mülayim danışmaq, kasıblara qarşı mərhəmətli və təsəlliverici olmaq, valideynlərə qarşı şirin və xoş söz demək, yetimlərə və möhtaclara, ümumiyyətlə bütün insanlara qarşı doğru və gözəl sözlü olmaq, insanlara öyüd-nəsihət verəndə açıq, aydın və hikmətlə danışmaq təşviq və təlqin edilir.
Əgər Quranda ilahi buyuruqlar ən mükəmməl bir üslubda təqdim edilmiş olmasaydı, bu ilahi mesajın söz və bəyana çox əhəmiyyət verən ilk müxatəblərindən heç olmasa bəzilərinin tənqidinə məruz qalardı. Ancaq Quranın bəyan və üslubu ilə bağlı hər hansı bir tənqidə rast gəlmirik. Sadəcə olaraq, onlar vərdişlərindən qurtula, əcdadlarını təqlid etməkdən vaz keçə, təkəbbürlərindən əl çəkə bilmədikləri üçün Quranın ehtiva etdiyi mənanı qəbul etmirdilər. Bununla yanaşı həmin insanlar Quranın üslubuna heyran olduqlarını da etiraf etməkdən çəkinmirdilər.
Gözəl danışmaqdan bəhs edəndə gərək bu işi ən yaxşı edən insanlardan misallar verəsən. Əks halda, nə qədər əhəmiyyətli məsələdən danışsan da, bu ancaq nəzəri bilgilərdən ibarət qalacaq. Əgər Həzrəti Peyğəmbərimizin (s.ə.s.) danışıq tərzinə, Onun (s.ə.s.) söz söyləmə üslubuna baxsaq, nə qədər gözəl və yerində danışdığını görərik. Hədis və təfsir alimi, həmçinin, ədəbiyyatçı və bioqraf olan İbn-Əsir (1149-1210) Həzrəti Peyğəmbərimizin (s.ə.s.) danışıq tərzi haqqında belə deyir: “O (s.ə.s.), danışıq baxımından ərəblərin ən fəsahətlisi, sözü ifadə etmək baxımından ən aydın və səlis danışanı, sözləri ən şirin və məlahətli olanı idi. O (s.ə.s.) danışığında zamanı və məkanı ən doğru seçən, doğruluqda və sağlamlıqda ən mükəmməl olan insan idi”.
Həzrəti Peyğəmbərimiz (s.ə.s.) söhbət və buyuruqlarında nə sözü çox uzatmış, nə də çox qısa tutmuşdur. Onun (s.ə.s.) səs tonu həddindən çox yuxarı qalxmadığı kimi, eşidilməyəcək qədər də aşağı olmamışdır. Allah Rəsulu (s.ə.s.) demək istədiklərini anlaşılmaz və qapalı şəkildə demədiyi kimi, məqsəddən kənara çıxacaq qədər də uzatmamışdır. Dinləyənlərin səviyyəsinə görə aydın,başa düşülən, həmçinin ehtiyac olan qədər söz söyləmişdir. Onu (s.ə.s.) dinləyənlər usanmır və bezmirdilər.
Allah Rəsulunun (s.ə.s.) az sözlə çox məna ifadə etməsi, söz israfı olan boş və mənasız danışıqlardan uzaq durması, xoş və qəlb qırmayan bir dilə sahib olması ümmətinə və bütün bəşəriyyətə örnək və nümunədir.
İnsanın dili onu həyatda irəli apardığı kimi, bir zəncir kimi ayağına dolaşa və həyatı ona zindan da edə bilər. Bu minvalla dilin bəlalarından, insanın məhz dili ucbatından işlədiyi günahlardan da bəhs etmək lazımdır. İslam alimləri əsərlərində bu məsələyə diqqət yetirmiş, yalan, iftira, qeybət, dedi-qodu ilə məşğul olmaq, xoşagəlməz söz söyləmək, lağa qoymaq, özünü öymək və s. kimi şeyləri dilin bəlaları arasında saymışlar.
Dildən üstün və dildən ziyadə bir məsələ də var ki, Mövlana bunu əsrlər əvvəl belə ifadə etmişdir: “Eyni dili danışanlar deyil, eyni duyğunu paylaşanlar bir-birini başa düşə bilər”. Həmçinin yüksək danışıq və natiqlik qabiliyyətinə sahib olmaq qarşıdakı insanı yaxşı dinləyə bilməklə mümkündür. Mövlana “Məsnəvi” əsərinə “bişnəv”, yəni “dinlə” sözü ilə başlayır. Əksər insanlar diqqətsizlik, ya da başqa səbəbə görə qarşılarındakı insanları dinləməkdə acizdirlər. Bir insan danışdıqlarının başqaları tərəfindən dinlənilməsini və qəbul edilməsini istəyirsə, əvvəla onları dinləməli, istək və ehtiyaclarını bilməlidir.
Danışıq dilindən bəhs etdiyimiz kimi eyni zamanda “hal dili” deyə bir məfhumdan da söz açmaq olar. “Hal dili” kəlmə və söz işlədilmədən hərfsiz, hecasız və səssiz məna ifadə etmə dili və üslubudur. Bir mənada “hal dili” sözlə ifadə olunan hər hansı əxlaqi məziyyət və üstünlüyü yaşamaq, mənimsəmək və özününküləşdirmək deməkdir.
Deyilən sözün ən təsirli olanı səmimi, dürüst, icra edərək və yaşayaraq deyilən sözlər olduğunu nəzərə alsaq, “hal dili”nin nə qədər əhəmiyyətli olduğu ortaya çıxar. Hətta “hal dili” ilə həll edilə bilməyən heç bir məsələ yoxdur” deyə bir məsəl də var.
Hər hansı məsələ və problemi aradan qaldırıb yoluna qoyanda “çözmək” kəlməsindən istifadə etməklə yanaşı, “həll etmək” kəlməsindən də istifadə edirik. Bu da əslində “hal dili”nin məsələləri “həll etmə”dəki gücü və təsirindən irəli gəlir.
“Hal dili”nin“bədən dili” ilə eyni mənaya gəldiyini demək olmaz. “Bədən dili” deyiləndə əl və qol hərəkətləri, qaş, göz və s. kimi jest və mimikalar başa düşülür. “Hal dili” isə insan ruhunda cəm olmuş bütün əxlaqi üstünlük və məziyyətlərin insanın bütün bədəninə (baxış, duruş və s. kimi) əks olunmasıdır.
Misal üçün bir insan jest və mimikalardan, yəni bədən dilindən yerində və məharətlə istifadə edərək doğruluq və dürüstlükdən danışa bilər. Ancaq o adamın həyatında və sözlərində doğruluq və dürüstlükdən əsər-əlamət yoxdursa, onun danışığında “bədən dili”nin elementləri olsa da, bu heç vaxt “hal dili” sayılmaz. Çünki “hal dili” birbaşa doğru və dürüst olmaqdır, həyatda həmişədoğruluğu və dürüstlüyü yaşamaqdır.
“Hal dili”nin ən gözəl nümunəsini yenə Allah Rəsulunun (s.ə.s.) həyatında görmək mümkündür. Məkkədə doğruluq və dürüstlük dedikdə ağla Həzrəti Peyğəmbərimiz (s.ə.s.) gəlirdi. Sözlərini və mesajlarını qəbul etməyən məkkəli müşriklər Allah Rəsulunun (s.ə.s.) “hal dili” qarşısında aciz qalmışdılar. Məkkənin hələ müsəlman olmamış xalqı bütün dəyərli mallarını “hal dili” ilə əmin olduğunu isbat etmiş Həzrəti Peyğəmbərimizə (s.ə.s.) əmanət edirdi.
Doğruluq və dürüstlük Həzrəti Peyğəmbərimizin (s.ə.s.) həyatına və halına o qədər əks etmişdi ki, yəhudi alimi Abdullah ibn Səlam bir dəfə Həzrəti Peyğəmbərimizə (s.ə.s) baxaraq: “Bu üz yalan söyləməz” demiş və müsəlman olmuşdu.
Elm, texnologiya və internet əsri olan günümüzdə insanların bilgi əldə etməsi çox asandır. Hətta diksiya və gözəl danışma ilə bağlı da o qədər məlumat toplamaq, onları bir-bir oxumaq olar ki, gəl görəsən. Bütün bunlar əlbəttə lazımdır. Ancaq bilgi ilə doymayan, ac və boş olan bir şey var ki, o da göz və qəlbdir. Göz və qəlbi dolduran əsas ünsür isə “hal dili”dir. “Hal dili”nə nə qədər çox ehtiyacımız var...
Halim Mustafa