Müsəlmanlığın simvollarından biri də oğlan uşaqlarının sünnət olunmasıdır. Əvvəllər bu proses 6 yaşdan yuxarı yaş qrupunda edilirdisə, indi yeni doğulmuş oğlan uşaqlarının əksəriyyəti doğuşdan sonra ən çox bir həftə ərzində sünnət edilirlər. Bəs, sünnət hansı yaşda edilməlidir? Bu proses uşaq psixologiyasına necə təsir edir? Bütün bunlar hər zaman müzakirə edilən mövzulardandır. Valideynləri narahat edən bu kimi suallarla bağlı həkim-pediatr Dr. Hüseyn Məmmədova müraciət etdik…
- İlk olaraq istərdim sünnət nədir onu qeyd edək...
- Azərbaycanda və bir çox ölkələrdə, xüsusilə oğlan uşaqlarının cinsiyyət üzvünün artıq qalan dərisinin cərrahi üsulla götürülməsi sünnət adlandırılır. Bunun tarixi haqqında müxtəlif fikirlər var. Rəvayətə görə, ilk dəfə Hz.İbrahim (ə.s.) özünü və övladları Hz. İsmayıl (ə.s.) və Hz. İsaqı (ə.s.) sünnət etdirib. Bundan sonra bu, tendensiyaya çevrilib. Tendensiya təkcə müsəlmanlarda deyil, eyni zamanda yəhudilərdə də davam edir. Yəhudilər uşağı doğulduğu gündən 3 və ya 8 gün sonra sünnət etdirirlər.
- Sünnətin tibbi faydaları varmı?
- Bir çox Amerika və Avropa alimlərinin araşdırmaları nəticəsində məlum olmuşdur ki, sünnətin orqanizm üçün bir çox faydaları var. Belə ki, alimlər sünnət olan və olmayan şəxslər arasında bir neçə tədqiqatlar aparıblar. Məlum olub ki, sünnət olan şəxslər olmayanlara görə prostat xərçəngi, sidik yolları və balanopostit dediyimiz infeksion xəstəliklərə daha az yoluxurlar. Bundan əlavə, məlum olub ki, sünnət olmayan şəxslər cinsi xəstəlikləri daha çox yayırlar və buna görə də, qadınlarda uşaqlıq yolu xərçənginə daha çox rast gəlinir. Bütün bunlar araşdırılmış elmi faktlara əsasən deyilir. Buna görə də, Rusiya, Amerika və Avropa ölkələrində insanlar sünnət olunmağa təşviq edilirlər. Biz özümüz də dəfələrlə şahidi olmuşuq ki, Rusiya vətəndaşı övladını sünnət etdirmək istəyir və buna görə bizdən tövsiyə alır. Biz də həmin şəxslərə öz tövsiyələrimizi veririk.
- Son illər valideynlər övladlarını ilk doğulan günlərdən sünnət etdirirlər. Bunun zərərləri ola bilərmi? Sünnət hansı yaşlarda edilməlidir?
- Dini baxımdan düşünsək, sünnət uşaq doğulandan 7 gün sonra edilməlidir. Tibbi baxımdan alimlər 2 yaşadək və 6 yaşdan sonra məsləhət görürlər. Amma təcrübələrə əsasən deyə bilərəm ki, 6 yaşdan yuxarı uşaqların sünnət etdirilməsi onların psixologiyalarına mənfi təsir edir və onlarda qorxu hissi yaradır. Həmin yaşda olan uşaqlara “Sənə iynə vuracağam”, deyiləndə belə qorxmaları normaldır. Ona görə valideynlərə tövsiyə edərdim ki, uşağı ilk 3 ay ərzində sünnət etdirsinlər. Belə olanda əməliyyatdan sonra həm sağalma prosesi sürətlə gedir, həm də qulluq rahat olur. Sağalma müddəti isə normalda 10-14 gün davam edir. Bu, orqanizmə və əməliyyatdan sonra edilən qulluğa görə dəyişir. Daha tez sağalan pasientlərimiz də olur. Məsələn, 1 aylıq uşaqlarda sağalma müddəti 1-2 gün davam edir.
- Sünnət uşaqların psixologiyasına necə təsir edir? Əməliyyata girməzdən əvvəl onlara psixoloji dəstək verilirmi?
- Sünnətin uşaq psixologiyasına təsiri onun yaşından asılı olaraq baş verir. Əməliyyatdan əvvəl tərəfimizdən bütün uşaqlarla danışıqlar aparılır və psixoloji dəstək verilir. Əvvəlcə valideynlərə bildirilir ki, uşaqlara “Səni sünnətə aparırıq”, “Əməliyyat olunacaqsan” sözləri deyilməsin, amma yalan da danışmaq olmaz. Uşağa “Səni həkimə aparacağıq”, “Müayinə olunacaqsan və lazım olsa. sənə dərman da veriləcək” kimi sözlər istifadə etmək olar. Əgər psixoloji vəziyyəti daha həssas olan uşaqlar olarsa, bu zaman onlara narkoz üsulu ilə edilən əməliyyat tövsiyə edilir. Düzdür, belə hallarda uşaq narkozun təsirindən ayılandan sonra bütün prosesi başa düşür. Amma bu zaman onda qorxu hissi qalmır. Əgər uşaq böyükdürsə, ona müəyyən şeyləri başa salmaq lazımdır.
Biz özümüz də uşaqlara izah edirik ki, burada qorxulu heç nə yoxdur və sadəcə olaraq müayinə olunacaqsan. Müayinə zamanı cinsiyyət orqanında duz olarsa, onu təmizləmək üçün dərman vuracağıq. Əməliyyatdan sonra isə izah edirik ki, evdə sarğının dəyişilməsində, təmizlənməsində valideyn də sənə kömək edəcək. Bütün bunları uşaqlara aşılayırıq. Hətta 11-12 yaşlı uşaqlara sünnət nə üçün edilir onu da izah etmək lazımdır. Bizim pasientlər arasında belə hallar olur ki, başa salandan sonra onlar öz istəkləri ilə gəlirlər ki, mən də sünnət olmaq istəyirəm.
- Bu əməliyyatı lazer üsulu ilə həyata keçirənlər də var. Sizcə, sünnətin lazer, yoxsa cərrahi üsulla aparılması doğrudur?
- Əslində, lazer deyilən bir üsul yoxdur. Buna el arasında belə deyirlər. Sadəcə olaraq, elektrokoaqulyasiya üsulu var. Bu üsulla da damarlar yandırılır. Əslində, bunun özü belə cərrahi üsul sayılır. Dədə-babalarımzdan sünnət dəlləklər tərəfindən edilirdi, hətta indi də edənlər var. Dəlləklərdən fərqli olaraq həkimlər sünnət zamanı damarları bağlayırlar, lazım gələndə tikiş qoyurlar ki, həm sağalma müddəti sürətlə getsin, həm də qanama problemi olmasın. Çox vaxt düşünürlər ki, lazer adlandırılan üsul zərərlidir, lakin bu belə deyil. Sadəcə olaraq, əməliyyatı icra edən zaman dəri yandırılarsa, dəri toxumaları zədələnə bilər. Bu da sonradan sağalan bir prosesdir. Bəzən deyirlər ki, bu hallar gələcəkdə hissiyyatı öldürə bilər, amma bunlar yalnız deyilənlərdir. Elə bir şey yoxdur.
- Sünnətin dəlləklər tərəfindən icra olunması doğrudurmu?
- Dəlləklərin etdiyi səhvlərin dəfələrlə şahidi olmuşuq. Adətən, onlarda kəsim səhvləri olur. Bu təbii ki, həkimlərdə də ola bilər. Ona görə də, bu əməliyyatı icra edərkən diqqətli olmaq lazımdır. Yəhudilərin kəsim üsulu ilə kəsəndə daha təhlükəli olur. Dəlləklər də bu üsulla kəsəndə problem yaranır. Bundan başqa, qanaxma problemləri olur və bu zaman sağalma prosesi ləng gedir. Sovet dövründə bu əməliyyatın həkimlər tərəfindən icra edilməsinə icazə verilmirdi deyə, dəlləklər icra edirdi. Dünyanın heç bir ölkəsində sünnət dəlləklər tərəfindən icra edilmir, yalnız həkimlər tərəfindən icra edilir. Bu, təkcə Azərbaycanda belədir. Xalq maarifləndikcə həkimlərə müraciət edənlərin də sayı artır.
- Sünnət zamanı uşaqların şoka düşməsi halları olurmu?
- Bəli, belə hallarla qarşılaşırıq. Lakin bu, allergiyası olan uşaqlarda olur. Əgər uşaqda iynəyə qarşı allergik reaksiya varsa, bu zaman onlar şoka düşə bilirlər. Ona görə valideynlər mütləq şəkildə əvvəlcədən bildirməlidirlər ki, övladlarının və ya ailə üzvlərinin hər hansı birində allergiyası olan var. Yəni, şoka düşmə halları sünnətdən deyil, vurulan iynədən, verilən dərmandan olur. Buna görə də, mütləq əməliyyatdan əvvəl uşağın anamnezi həkim tərəfindən toplanılır. Əgər ailədə qanın laxtalanması, Hepatit C kimi problemlər varsa, bu zaman müəyyən analizlər tələb olunur. Və ya müayinə zamanı həkim uşaqda hər hansı xəstəliyin ilkin əlamətlərini hiss edirsə, ona uyğun analizlərə göndərir.
- Bəzi hallarda oğlan uşaqlarının el içində deyildiyi kimi “peyğəmbər sünnəti” ilə doğulduğunu eşidirik. Bu, tibb aləmində patologiya sayılırmı?
- Bu günə qədər iki uşaqda “peyğəmbər sünnəti” deyilən sünnəti görmüşəm. Onlar həqiqətən də "peyğəmbər sünnəti" olunmuş kimi dünyaya gəliblər və bu zaman onlara əməliyyat məsləhət görülməyib. "Peyğəmbər sünnəti" deyilən uşaqların əksəriyyətində cinsiyyət üzvünün anomaliyaları, yəni hipospadiya olur. Bu, sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucunda deyil alt səthində açılmasıdır. Buna el arasında “peyğəmbər sünnəti” də deyilir. Belə uşaqlara isə dəliyin yerləşdiyi məsafədən asılı olaraq (xüsusilə də, sidiyə getmə problemi varsa), əməliyyat tövsiyə edilir.
İlahə Hüseynova