İncəsənət insanın ruhuna xitab edən sahədir. Ödəniş edib kinoya, teatra, sərgiyə, konsertə getsək də, bunun əvəzində fiziki heç bir şey əldə etmirik. Lakin oradan əldə etdiyimiz mənəvi qida yaşamaq və fiziki həyatımızı formalaşdırmaq üçün bizə hava, su qədər vacibdir. Jurnalımızın bu sayında ömrünün yarısından çoxunu xalqına, onun ruhuna həsr etmiş dəyərli incəsənət xadimi, aktyor, naşir və Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə ilə həmsöhbət olduq.

- Bəhram bəy, necəsiniz, səhhətiniz necədir? Koronavirusa yoluxma və xəstəliyi keçirmə prosesiniz ölkədə gündəmə çevrildi. Prosesi sizdən eşitmək istəyirik.
- Bir neçə gündən sonra düz bir il olur ki, mən bu dünyaya qayıtdım. Allah icazə verdi ki, mən qayıdım. Bu müddətdə mən bir şeyi başa düşdüm ki, müalicədən başqa, bizdə reabilitasiya olmalıdır. Yəni, Azərbaycanda xəstələrin bərpa mərkəzləri açılmalıdır. Dünyada milyonlarla insan koronavirusa yoluxur. Bu isə insanda digər fəsadların yaranmasına gətirib çıxarır. Mənim də əzələ və sinir sistemim pozulub. Yer tapa bilmirəm ki, gedim, orada bərpa olunum. Əfsuslar olsun ki, belə bir yer yoxdur. Ağrılarım var, heç kim deyə bilməz ki, bu nə vaxt keçəcək. Çünki bu, yeni xəstəlikdir və haqqında məlumatımız azdır. Ona görə mən hər səhər velosiped sürürəm, gimnastika ilə məşğul oluram, fizioterapiyaya gedirəm. Amma bunlar bəs etmir, çünki mənim sinir sistemim pozulub. Mənim üçün ən böyük fəsad isə o olub ki, heç nə ilə məşğul olmaq istəmirəm. Bakılıların bir sözü var, “abır güdmək”, mən abrımı güdürəm. Siz məni dəvət etməsəydiniz, mən ümumiyyətlə gəlmək istəmirdim. Nə müsahibə vermək istəyirəm, nə işləmək istəyirəm. Sadəcə olaraq, istirahət etmək istəyirəm.

- Bu prosesi həyatınızın ən çətin dövrü adlandırardınız, ya daha çətin vaxtlarınız olub?
- Həyatımda ən çətin günlər 44 günlük müharibə zamanı oldu. Çünki müharibədə iştirak etmək istəyirdim, edə bilmədim. Səhhətimə görə mümkün deyildi. Çox heyfsilənirdim, çünki, babalarımın ikisi də 1941-1945-ci illərdə müharibədə iştirak ediblər. Atam polis polkovniki kimi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Mənə qismət olmadı. Ona görə bu, mənim üçün çox çətindir. İkincisi isə yanvarın 1-i anam koronavirusdan dünyasını dəyişdi. Allaha onu yanına aparsın, məni saxlasın deyə dua edirdi. Fikirləşirəm ki, görəsən, mən nə vaxtsa anam kimi, kimin üçünsə dua edə bilərəm, yoxsa yox. O qədər saf, təmiz, pak olmalısan ki, Allah sənin dualarını qəbul eləsin.

- İlk işiniz nə olub?
- Mən bunu dəfələrlə demişəm, mətbəədə fəhlə işləmişəm, kağız rulonlar daşıyırdım. İlk əmək kitabçamda “çernoraboçiy” yazılıb, qara fəhlə idim. 114 rubl maaş alırdım. Üstündən 25 il keçib, mənim çörəyim indi də kağızdan çıxır. Kitab çap edirəm, həftədə bir kitabım çıxır. Həmin çörəyi də kağız pul kimi evimə aparıram. Gənclərin çoxu deyir ki, çətindir, iş yoxdur. Onlara mesaj göndərirəm ki, hər şey var. Sadəcə olaraq, işləməlisən ki, Allah ruzini versin. Ola bilsin, bir il, beş il, on ildən sonra verir, amma verir.

- Sizcə, karyeranızın zirvəsi KVN-dir, ya gələcəkdə özünüzü fərqli bir janrda sınamaq istəyirsiniz?
- Başıma bu iş gələndən sonra, açığı, bu haqda fikirləşmirəm. Artıq mənim məqsədlərim yoxdur. Demirəm ki, xalqla olmayacağam, xalqa nəsə mesaj göndərməyəcəyəm və ya Allah qarşısında nə isə iş görməyəcəyəm. Edəcəyəm, amma ola bilsin ki, bu, yaradıcılıq olmasın. Başqa işlər görəcəyəm. Amma faydası görünəcək.

- Ulu öndər Heydər Əliyev də KVN-in bütün tamaşalarını izləyirdi. Onunla bağlı ən yaddaqalan xatirənizi eşitmək istərdik.
- Ulu öndərimiz bizim konsertlərə gələndə, konsertdən sonra görüşəndə, biz il ərzində məsuliyyət daşıyırdıq. Halbuki, 18 ildir ki, bizimlə deyil, dünyasını dəyişib. Amma o məsuliyyət indiyə kimi qalıb,  həm dövlətə, həm millətə qarşı. Baxmayaraq ki, “Parni iz Baku” 20 ildən çoxdur ki, fəaliyyət göstərmir, onun dividend və bonuslarından biz indiyə qədər istifadə edirik. Hər dəfə də o kadrlar efirə gedəndən sonra həyatımız daha da rəvan olur. Çox şeyləri demək istəmirəm, yəqin ki, başa düşən, düşdü.

- Cəmiyyətdə belə bir fikir formalaşır ki, insanların, xüsusilə də gənclərin güldüyü şeylərin keyfiyyəti aşağı düşüb. Bu fikirlə razısınız?  
- Mən deyərdim aşağıdan da aşağı düşüb. İnstaqramda 300 mindən çox izləyicim var. Düşüncəli, XX əsrin KVN çempionuna layiq yumor xarakterli materiallar qoyuram, maksimum 2 min adam baxır. Keyfiyyətsiz materiallar qoyuram, 180-190 min adam baxır. Heyfsilənirəm, millət məhv olub gedir. Ağır sözdür, amma bu, doğrudan da belədir. Çarəsini bilmirəm. Mən tək buna bir şey edə bilməyəcəyəm, heç kim edə bilməyəcək. Devid Kopperfild gəlsə, o da edə bilməyəcək. Bu, belə də gedəcək.

- Kiçik yumoristik roliklər çəkən gənclər indi ciddi sponsorlar tapıb filmlər, seriallar çəkirlər. Sizcə, bu, kinonun inkişafına necə təsir edir?
- Mən dua edirəm ki, Allah həmin gənclərə sponsorlar, bol pul-para göndərsin ki, onlar belə filmlər çəkə bilsinlər. Çünki aralarında çox istedadlı insanlar var. İstər, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Emil Quliyev olsun, çox istedadlı insanlardır. Onlara imkan, şərait yaratsalar, dünya səviyyəli filmlər çəkə bilərlər. Şərait yoxdur. Nə Mədəniyyət Nazirliyi tərəfindən, nə telekanallar tərəfindən, nə də digərləri tərəfindən şərait yaradılmır. Amma bir gildiya yaratsaydılar, bunu etmək əlbəttə ki, mümkün olardı.

- Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdi…
- Mən hələ dəyişikliyi hiss etmirəm. Bəlkə nəsə olacaq, bilmirəm, amma indi hiss etmirəm.

- Niyə orta və yaşlı nəslin nümayəndələri sovet dövründə çəkilmiş filmləri daha üstün tuturlar?
- Əvvəllər super filmlər çəkilirdi. Mən darıxanda oturub köhnə Azərbaycan filmlərinə baxıram. Halbuki, həmin filmlərə 100-200 dəfə baxmışam. “Uşaqlığın son gecəsi”nə, “Bir cənub şəhərində”yə , “Şərikli çörək”ə baxıram…

- İndi imkanlar daha genişdir, daha müasir texnologiya var, sizcə, niyə ortaya belə filmlər çıxmır?
- Bilirsiniz, əfsuslar olsun ki, kadr siyasəti düzgün deyil. Hərdən baxırsan, elə rəhbərlər gəlir ki, dünən bazarda meyvə satırdı, bu gün hansısa telekanalın, yaxud saytın rəhbəridir.

- Sizcə, Azərbaycanda “Oskar” mükafatına layiq iş varmı?
- Yoxdur! Azərbaycanda ən az 5 rejissor var, cavanlardan söhbət gedir, bu gün şərait yaradılsa, dünya səviyyəli işlər çıxaracaqlar. Bu işlə məşğul olmalı olan adamlar öz predmetlərini bilmirlər. O, nə rejissoru, nə aktyoru tanıyır. Başqa sahənin adamıdır. Problem ondadır. İncəsənət sahəsində sənəti bilən adam olmalıdır. Hansı kamera, mikrofon alınmalıdır, işıq necə qurulmalıdır, bunları bilməlisən. Ola bilər ki, yaxşı rəhbərsən, onda da ətrafında peşəkarları yığmalısan, onlarla məsləhətləşməlisən. Bunu da etmirlər. Əgər bir insan Qara Qarayevin 3 əsərini arxa-arxaya saya bilmirsə, niyə gəlib orada oturub mənə rəhbərlik edir?

- Həm də karikaturaçı rəssamsınız, sizcə, Azərbaycanda karikatura sənəti hansı səviyyədədir və təyinatı üzrə istifadə olunurmu?
- Mən özümü nə karikaturaçı, nə də rəssam sayıram. Yalandan şəkil çəkirəm. Karikaturaçı Əzim Əzimzadə olub, Seyran Cəfərli olub. Karikaturaçı Hafiz Nəsiroğludur. Karikaturaçılarımız var, amma onların rəhbəri olan bilmir ki, bizdə belə karikaturaçılar var. Son 20 ildə eşitmisiniz ki, Karikaturaçılar Birliyi hansısa bir sərgi keçirsin? Respublikada ən az 5 karikaturaçı var ki, dünya səviyyəlidir, amma heç kim tanımır. Çünki rəhbərlik onları tanımır. Halbuki, 44 günlük müharibədə karikaturaçıları cəlb etmək lazım idi. Onlar da hansısa bir cəbhəni öz üzərlərinə götürməli, hər gün biri bir karikatura verməli idilər. Etmədilər, niyə? Çünki rəhbərlikdə bilmirlər, rəssamlıq nədir, karikaturaçılıq nədir, siyasət nədir. Ən böyük problem ondadır.

- 1 iyul Bakılılar günüdür. Bu günü, adətən, necə qeyd edirsiniz?
- Mən birinci dəfədir eşidirəm ki, iyulun 1-i Bakılılar günüdür. Çünki mənim üçün hər gün bakılılar günüdür. Öz şəhərimi çox sevirəm. Halbuki, əslən bakılı deyiləm. İki babam və iki nənəm Bakıya gələrək burada məskunlaşıblar. Amma mən Bakıda - “Kubinka”da, “Tarqovı”da böyümüşəm. Bakının ən yaxşı məktəblərindən birində - 189 saylı məktəbdə oxumuşam. Çox möhtəşəm, dünya şöhrətli insanlarla qonşu olmuşam. Mən şəhərimi sevirəm. Amma mən bunu dəfələrlə demişəm, sabah gedib Gəncədə, Astarada, Lənkəranda, Zaqatalada, Ordubadda, Şəkidə də yaşasam, mən o şəhərləri də Bakı kimi - dəli kimi sevəcəyəm.

- “Köhnə kişilər” ifadəsi hansı ehtiyacdan, necə yaranıb?
- Mən bu ifadədən tez-tez istifadə edirəm. Dürüst, namuslu, qeyrətli, söz verəndə yerinə yetirən insanlar üçün işlədilir. Əfsuslar olsun ki, indikilər, üzr istəyirəm ifadəyə görə, cılızlaşmış olurlar. Söz verir, görürsən ki, əməl etmir. Əvvəllər belə deyildi, insanlar abrını güdürdü. Çünki daxili mədəniyyət, daxili qürur var idi. İndi yoxdur, söz verdi, çıxdı getdi. Deyirlər ki, “yadımdan çıxdı”. Necə yəni, “yadımdan çıxdı”? Rəhmətlik atam mənə deyirdi ki, heç vaxt, heç kimə söz vermə, de ki, baxarıq, əgər ağzından söz çıxdısa, get onu elə, eləməlisən. “Yatdım, qaldım”, “yadımdan çıxdı” ən zəhləm getdiyi ifadələrdir. Öl, amma verdiyin sözə əməl et.

- Bakılı kimi paytaxtın nəqliyyat problemindən siz necə təsirlənirsiniz, bu barədə nə deyə bilərsiniz?
- Nəqliyyatın infrastrukturunda problem yoxdur. Problemi nəqliyyatda işləyənlər, yol polisi, bir də savadsız sürücülər yaradırlar. Bəs, bu vəziyyətdən necə çıxmaq olar? Hamısını işdən qovursan. Xariciləri, peşəkarları gətirirsən, bir-bir bizə necə etməli olduğumuzu öyrədirlər. XXI əsrdə savadsız insanlar olmamalıdır. Əvvəllər olardı, rüşvət, oğurluq və s. İndi elə getmir. Bakı bapbalaca şəhərdir, vur-tut 2 milyon nəfərik. Bakı şəhərində tıxac olmamalıdır. Şəhərdə heç vaxt yaşamamış yol polisi gəlib şəhərə düşüb, bilmir özünü necə aparsın. Ona görə mən rəhbərlikdən xahiş edirəm ki, şəhərin mərkəzində Bakıda anadan olanlar və infrastrukturu bilənlər işləsinlər. Dünən fermada işləyən insan gəlib burada yol polisində işləyə bilməz. Düşüncə tərzi fərqlidir. Və mənim kimi şəhər düşüncəli adam gedib kənddə fermada işləməməlidir. Çünki mən o işi bilmirəm. Bir gecəyə qoyunları yox edərəm.

- Paytaxtda aparılan memarlıq-tikinti işləri necə, sizcə, planlı şəkildə aparılır, yoxsa Bakı tədricən betonlaşır?
- Artıq bu barədə düşünmürəm. Bakı şəhəri artıq o sistemi itirib. Dünənki çoban gəlib burada "novostroyka" tikir. Ona görə Bakı bu gündədir. Müəyyən şeylər var ki, mütəxəssis xaricdən gəlməlidir. Çünki özümüzdə yoxdur, bilmirik. Amma öyrənməliyik. Bizim xalq çox istedadlıdır. Sistem düzgün qurulmayıb. Mən azərbaycanlı tanımıram ki, gedib Rusiyada yaxşı qazanmasın. Çünki digərlərinə baxanda, biz zəhmətkeşik. Sadəcə olaraq, sistem düzgün qurulmalıdır, bu iş düzgün insanlara həvalə olunmalıdır.

- Müharibə başa çatdı və torpaqlarımız azad olundu. Amma hələ də mətbuatda şəhid ailələri və qazilərin problemləri ilə bağlı məlumatlar dərc olunur. Bəs, bu barədə nə deyə bilərsiniz?
- Müəyyən sahələr var ki, insanlar öz yerlərində deyillər. Öz yerlərində olsalar, o problemlər olmaz. Kadr siyasəti məsələsidir, insanlar yerində oturmayıb. O insan əgər özünü insan sayırsa, peşəkardırsa, o sahə ona həvalə olunubsa, öz işini düzgün qurmalıdır ki, sabah həmin qazi, şəhid ailəsi əziyyət çəkməsin.

- Bu yaxınlarda uşaqlar üçün daha iki kitabınız nəşr olundu. O kitabların uşaqlara nə qazandırmağını ümid edirsiniz?
- Allah bizə uzun, mənalı ömür versin, bu suala 20 ildən sonra qayıdarıq, mən nə olduğunu deyərəm. Mənim kitablarımı kimsə uşaqlarına oxusa, o uşaqlar oradan nəsə götürsə, ən böyük savabı qazanaram. Mən elə bir yaşdayam ki, ev də tikə bilərdim, bina da. Zavod, fabrik tikib, istehsalla da məşğul ola bilərdim. Buna savadım da çatır, imkanım da. Amma mən bütün işlərimi atdım, ancaq uşaqlarımızla məşğul oluram. Əlifba da buraxdım, ingilis, fransız, Azərbaycan dillərində kitablar da buraxıram ki, uşaqlar savadlansınlar. Çünki uşaq ədəbiyyatı sahəsində işləyən yoxdur. Uşaqlarla işləyən yoxdur. Mən bununla məşğulam. Allah mənə nə qədər ömür nəsib edibsə, o qədər də məşğul olacağam.

- Bəhram bəy, təşəkkür edirik, vaxt ayırdığınız üçün.
- Mən təşəkkür edirəm.


Şahmərdan Əhmədli