İyulun 12-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tovuz rayonu istiqamətində döyüşlərin başladığı barədə belə bir xəbər yaydı:
“Günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək”.
Bu hadisə yaşananda heç kəsin ağlına gəlməzdi ki, Tovuz döyüşləri əslində böyük qələbəyə aparan hadisənin başlanğıcıdır.
Nazirliyin növbəti açıqlamasında isə bildirilmişdi ki, Tovuz istiqamətində Ermənistan tərəfinin təxribatı nəticəsində başlayan döyüşdə 4 nəfər, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.
Ermənistan tərəfi isə həmişəki kimi itkiləri gizləməyə başladı.
Hadisədən sonra Azərbaycanda telekanallar musiqili və əyləncəli verilişləri yayımdan çıxardı. İyulun 14-də isə döyüşlər daha da şiddətləndi və bütün Azərbaycanda insanların səbrini tarıma çəkən hadisə baş verdi.
Səhər saatlarından başlayaraq ermənilərin Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlar və artilleriya qurğularından atəşə tutaraq hücum etməsi nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbi qulluqçu şəhid oldular. Daha bir neçə hərbçimiz isə yaralandı. Həmçinin, Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini dünyasını dəyişdi. Azərbaycan tərəfi isə gəzən sursat vasitəsilə Ermənistanın komanda məntəqəsinə hücum həyata keçirdi. Onların çox sayda müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, müdafiə ehtiyatları və canlı qüvvəsi məhv edildi.
Generalın, polkovnikin və digər hərbçilərin şəhid edilməsi Azərbaycan xalqı üçün son damla oldu. Bakıda və digər rayonlarımızda minlərlə vətəndaşlarımız küçələrə axışdı. İntiqam hissi ilə coşan xalq aksiyadan bir gün sonra hərbi komissarlıqlara üz tutdu, müharibəyə getmək üçün könüllü olaraq adını yazdırdı.
Dünya mətbuatında erməni təxribatı ilə bağlı müxtəlif məqalələr dərc edildi. Türkiyənin nüfuzlu media orqanları manşetlərində “Azərbaycan ayağa qalxdı” adlı başlıqlar yayımladı. Dünyanın bir çox ölkəsində azərbaycanlılarla ermənilər arasında kütləvi davalar başladı. ABŞ-da azərbaycanlılar döyüldü, şəhidlərimizin fotoları təhqir edildi. Uzun illər Azərbaycan-Ermənistan arasındakı gərginlik son həddə çatdı. Ölkədə demək olar ki, hər kəs müharibə istəyirdi.
14 iyul tarixində gecə saat 4 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başladı. Həmin gün Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi atıldı.
Azərbaycan tərəfi isə döyüşlərdə Ermənistana aid "X-55" taktiki pilotsuz uçuş aparatını vurduğunu elan etdi. Axşama yaxın verilən məlumatda davam edən döyüşlərdə Ermənistanın 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsinin Azərbaycan Ordusunun atəşi ilə məhv edildiyi bildirildi. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən bir hərbi qulluqçusu isə şəhid oldu.
Atəşkəsin pozulması, erməni təxribatları iyul ayının sonuna qədər davam etdi. Bütün bu müddət ərzində artıq minlərlə vətəndaşımız könüllü olaraq qeydiyyatdan keçmişdi. Əldə edilən kəşfiyyat məlumatlarında Ermənistanın sərhəd zonasına çox sayda silah-sursat, artilleriya qurğuları topladığı bildirildi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibəsində Ermənistanın müharibəyə hazırlaşdığını dilə gətirdi. Gündən-günə artan düşmən təxribatları, şəhidlər yeni müharibə barədə xəbər verirdi.
27 sentyabr 2020-ci il
Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbər yayaraq bildirdi ki, Ermənistan ordusu səhər saat 6-da cəbhə xəttində yenidən təxribat törədib. Nəticədə bütün cəbhə xətti boyunca Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Bu səbəblə Azərbaycan Ordusunun bölmələri əks-həmlə əməliyyatına başlayıb. Cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağ istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər başlayıb. Beləcə, Azərbaycan tarixinin ən şanlı səhifəsi açılmış oldu. Ordumuzun sürətli və güclü hücumları nəticəsində işğal altında olan yaşayış məntəqələrimiz azad edildi. Türkiyə açıq şəkildə Azərbaycana dəstək olduğunu bildirdi. Rusiya prezidenti Vladimir Putin ilk dəfə açıqlama verərək müharibənin Azərbaycan torpaqlarında getdiyini söylədi. İllərin intiqam hissi ilə hərbçilərimiz düşməni torpaqlarımızdan qovmağa başladı. Prezident İlham Əliyev demək olar ki, hər gün çıxış edərək azad olunmuş torpaqlar barədə Azərbaycan televiziyasında müjdə verirdi. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da gecə saatlarında isə Azərbaycanda insanlar gecəni yatmadı. Həmin gecə prezidentin çıxışı olacağını bilən hər kəs televiziyanın qarşısında əyləşərək, nə baş verdiyi barədə xəbər gözləyirdi. Nəhayət, İlham Əliyev çıxış etdi və müharibənin bitdiyini, Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olduğunu bildirdi. Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
İkinci Qarabağ müharibəsinin başlanğıcı sayılan Tovuz döyüşlərinin şəhidləri general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdikləri xüsusi xidmətlərə, həmçinin, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliklərə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Ruslan Yusibov