Son illər internet insanlar üçün daha əlçatan olmağa başlayıb. İnsanların internetə çıxış imkanlarının genişlənməsi isə öz növbəsində sosial şəbəkə istifadəçilərinin sayının artmasına səbəb olub.
Müqayisə üçün bildirək ki, son 5 ildə sosial şəbəkələrdən istifadə edənlərin sayı təxminən 2 dəfə artıb. Əgər 2015-ci ilin sonlarında “Facebook” sosial şəbəkəsindən 1 milyard 591 milyon istifadəçi istifadə edirdisə, 2020-ci ilin sonlarında onların sayı 2 milyard 853 milyona çatıb. Eyni dövrdə, yəni 2015-2020-ci illər ərzində “İnstagram” sosial şəbəkəsindən istifadə edənlərin sayı daha çox artıb. 2015-ci ildə “İnstagram”ın 420 milyon istifadəçisi olduğu halda, 2020-ci ilin sonunda 1 milyarddan çox istifadəçisi olub.
Sosial şəbəkələrin bu qədər sürətlə populyarlaşması heç şübhəsiz ki, reklam bazarına öz təsirini göstərməkdədir. Vaxtilə qəzet və jurnal kimi çap mediasından televiziya kanallarına üz tutan reklamlar indi də sosial şəbəkələrə yönəlməyə başlayıb.
Çap mediasının reklam bazarındakı payı azalmağa başlasa da, şirkətlər hələ də jurnallarda reklam yerləşdirməkdə davam edirlər. Xüsusən də, inkişaf etmiş ölkələrdə nəşr olunan məşhur jurnalların səhifələrində mütəmadi olaraq böyük şirkətlərin reklamlarını görmək mümkündür.
Bəs görəsən, şirkətlər jurnallarda reklam yerləşdirməyə niyə maraq göstərirlər? Jurnalda reklam yerləşdirməyin şirkətlər üçün hansı üstünlükləri ola bilər?


Jurnallarda reklam yerləşdirməyin bəzi üstünlüklərini qısaca olaraq belə izah eləmək olar:
Reklamverənlər, yəni şirkətlər televiziyada yayınlanan reklamın tamaşaçı tərəfindən izləndiyinə və nə qədər izləndiyinə təminat ala bilərmi? Nəzərə almalıyıq ki, tamaşaçıların böyük əksəriyyəti kanalları dəyişmək üçün barmaqlarını pultun üzərində hazır vəziyyətdə saxlayır. Veriliş, ya da film “reklam fasiləsi”nə daxil olan kimi pultun düyməsini basır. Etiraf etmək lazımdır ki, televiziya tamaşaçılarının əksəriyyəti bu hərəkəti artıq vərdiş halına gətirib. Əlbəttə, kanallar dəyişilərkən aradakı bir-neçə saniyə ərzində tamaşaçı hansısa reklamı görür, amma reklamın nədən bəhs etdiyi ilə çox vaxt maraqlanmır. Bənzər vəziyyət sosial şəbəkələrdə də müşahidə olunmaqdadır. Əlimizdə tutduğumuz telefonun ekranını baş barmağımızla elə sürətlə hərəkət etdiririk ki, nəinki reklamları, heç ən yaxın dostlarımızın paylaşdığı bir neçə cümləlik mətnləri belə oxumuruq.

Belə bir vəziyyətdə tirajı nə qədər az olursa-olsun jurnalların inkar edə bilməyəcəyimiz bəzi üstünlükləri yada düşür.
- Hər şeydən əvvəl jurnal oxucusu televiziya tamaşaçısından və sosial şəbəkə istifadəçisindən fərqli olaraq jurnalı pulla əldə edir. İnsanlar nə televiziyaya baxmasına, nə də sosial şəbəkədən istifadə etməsinə görə birbaşa pul ödəmir. Heç kim pul verirəm deyə, televiziyaya çox baxmaz. Ya da pul ödəyirəm deyə, heç kim sosial şəbəkədə daha çox vaxt keçirməz. Amma jurnalı pulla alıb sonra onu oxumadan bir kənara atan oxucuların sayı yəqin ki, çox olmaz.
- Elə jurnalların əsas üstünlüyü də bundadır. Jurnallar digər reklam vasitələrindən daha çox qalıcıdır. Əgər tamaşaçı gözlərini bir neçə saniyəliyinə ekrandan ayırsa, nəticədə bu reklamverən üçün ciddi maddi itki hesab olunmalıdır. Çünki reklamverən tamaşaçı izləsin deyə, reklam materialının yayınlandığı hər saniyə üçün pul ödəyir. Jurnalda isə belə bir təhlükə ən aşağı səviyyədə olur.
- Tamaşaçıdan fərqli olaraq oxucu gözlərini jurnal səhifəsindən bir neçə saatlığına ayırsa belə, bu reklamverən üçün maddi itki olmayacaq. Reklamverən bir reklam üçün cəmi bir dəfə ödəniş edir və bu reklamın gün ərzində dəfələrlə izlənmə ehtimalı var. 
- Televiziya tamaşaçısından fərqli olaraq, jurnal oxucularının kimliyini daha dəqiq bilmək mümkündür. Bu isə reklamverənə hədəf kütləsini dəqiq müəyyən etməyə kömək edir. Xüsusilə, abunə yolu ilə yayılan jurnallar reklamverən üçün daha dəqiq hədəf kütləsi deməkdir. Belə vəziyyətdə reklamverən dəqiq bilir ki, bu gün onun reklamını neçə nazir, müəllim, həkim və ya digər peşə sahibi görəcək.
Televiziya reklamlarından fərqli olaraq jurnalda reklamların hazırlanması daha ucuz başa gəlir və bu reklamların üzərində istənilən dəyişikliyi etmək, onu istənilən forma və məzmuna salmaq daha asan olur. 
- Jurnalı oxuyan oxucu istəməsə belə xəbərin yanında yerləşdirilən reklamı görməyə məcburdur. Televiziya tamaşaçısından fərqli olaraq jurnal oxucusunun əlində pult olmur. Oxucu səhifədəki reklamı görməmək üçün həmin səhifədəki digər yazıları da oxumamalıdır. Qeyd etdiyimiz kimi, digər reklam vasitələrindən fərqli olaraq yalnız jurnallar pulla alındığı üçün xəbərlərin oxunmama ehtimalı çox azdır.
- Jurnal qalıcı olmaqla yanaşı, həm də asanlıqla daşımaq və paylaşmaq olur. Unutmaq lazım deyil ki, jurnaldakı reklamı təkcə jurnalı pulla alanlar görmürlər. Məsələn, jurnal 5 min ailəyə daxil olursa, bu ən azı 20-30 min oxucu deməkdir. Otellərdə, ofislərdə və digər ictimai yerlərdə masaların üzərinə qoyulan jurnalları nə qədər adam oxuyur? Metroda oxucunun əlindəki jurnala və eyni zamanda üzərindəki reklama neçə nəfər nəzər salır? Jurnalları heç kim oxuyub zibil yeşiyinə atmır. Hər hansı bir əşyanı bükmək üçün jurnallar əvəzsiz vasitədir. Yəni, jurnallar tam yarasız hala düşənə kimi daim insanların əlində olur.