Mədəniyyətimizi zənginləşdirən məşhur təsviri sənət ustalarımız çoxdur: Bəhruz Kəngərli, Əzim Əzimzadə, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tahir Salahov, heykəltəraşlar Nadir Əbdürəhmanov, Ömər Eldarov və başqaları. Bu fırça və tişə ustalarının əsərlərini xalqa tanıdan, onların əsərlərini elmi cəhətdən qiymətləndirən və istiqamət verən yüksək səviyyəli sənətşünasların əməyi də təqdirəlayiqdir. Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev uzun illərdir ki, çağdaş Azərbaycan sənətşünaslığının inkişafına vicdanla xidmət edir. Ziyadxan müəllim korifey sənətkarların çoxu ilə şəxsən tanış olub, onların sənət yolunu izləyib, yaradıcılığı barədə kitab yazıb. Onun işıq üzü görən kitablarının sayı iyirmidən çoxdur.
Bəs Ziyadxan müəllimin sənətşünaslığa gəlişi necə olub, onu bu sahəyə bağlayan nədir? Bu və ya digər suallara cavab almaq üçün onun qonağı olduq. Bizi qapıda Ziyadxan müəllimlə yanaşı, Rəssamlıq Akademiyasının tələbəsi olan qızı Aysel qarşıladı. Çay stolu arxasında söhbətdə professora ilk sualımız ənənəvi oldu.
- Ziyadxan müəllim, siz əvvəlcə rəssamlıq təhsili almısınız. Bəs necə oldu ki, sənətşünas oldunuz?
- Atam və anam fəhlə olub. Bizim evdə kitab olmayıb. Şamaxıda yubileyim qeyd ediləndə dedim ki, kitab olmayan evdən kitab yazan adam çıxdı. Orta məktəbdə oxuyanda sinif müəllimim valideynimi çağırmışdı. Ürəyimə min fikir gəlirdi. Adətən, müəllimilər valideyni xoş şey üçün çağırmırlar. Anam məktəbə gəldi. Müəllim məni göstərib dedi ki, belə uşaq böyütdüyünüzə görə sizə təşəkkür edirəm... Sonra Bakıya oxumağa gəldim. Şəhərin qaynar mühitinə öyrəşəndən sonra rəssamlıq mənim üçün kiçik göründü. Özümü başqa sahədə sınamaq istədim. Sənət tarixinə meyillənməyə başladım.
Tələbə vaxtı 20 manat təqaüd alırdım. Hər ay o pulun 10 manatını kitaba verirdim. Beləcə, şəxsi kitabxanam yarandı. Az-çox rəssamlıqdan da başım çıxırdı. Yazıları oxuyurdum və öz-özümə deyirdim ki, bu əsər yaxşı deyil, bəs niyə tərifləyirlər? O vaxt ideologiyanı, bayraq öpənləri, sosializm inqilabını tərifləyirdilər. Fikirləşirdim ki, yəqin yazarda cəsarət olmayıb. Əsl sənət fədailərini qıraqda qoyurdular. Heç onların adlarını da çəkmirdilər. Mənzərə çəkməklə çox qabağa getmək olmaz deyirdilər. Ancaq Səttar mənzərə çəkərək, çox qabağa getmişdi. O, Mikayıl Abdullayevlə, Tahir Salahovla bərabər səviyyədə idi.
Səttar Bəhlulzadə mənim müəllimim olub. Diplom müdafiəmə də gəlmişdi. Mən də işlədiyim əsəri yaxşı müdafiə elədim, qırmızı diplom aldım. Səttar müəllimin rəssamlıq məktəbinin o vaxtkı direktoru ilə arası yaxşı deyildi. Buna görə dedi ki, sən direktorun yanında mənim başımı uca elədin. Sonra dedi ki, təhsilini rəssamlıq ixtisası üzrə davam etdir. Mən isə dedim ki, Səttar müəllim, mən rəssam olmaq istəmirəm, sənətşünas olmaq istəyirəm. Dedi ki, sənətşünaslıqda nə işin var, sənin yaxşı rəng duyumun var. Məni nə qədər dilə tutsa da, razı olmadım. İndi fikirləşirəm ki, o kişiyə necə "yox" deyə bilmişəm. İnadkar idim. Məni qucaqlayıb dedi ki, nə fikrin var onu da elə. 2009-cu ildə onun haqqında yubiley kitabı yazanda gündəlikləri ilə tanış oldum. Orada sənətşünaslar haqqında yazırdı ki, bunlar qorxaqdırlar, sözlərini deyə bilmirlər...
- Səttar Bəhlulzadə ilə səmimi münasibətiniz necə yaranıb?
- Səttar müəllim həmişə gənclərə dəstək olurdu. Rəssamlığa təzə başlayan tələbələr tez-tez onun emalatxanasına gedərdi. O, işini bitirdikdən sonra bizimlə çay içib, söhbət edərdi. Emalatxanasının açarlarından biri də məndə olurdu. O vaxt Səttar müəllim bizə - Şamaxıya qonaq getmişdi. Səttarın da yaşlı vaxtları idi. O, elə insan idi ki, beş dəqiqə bir yerdə oturandan sonra adama elə gəlirdi ki, bir-birinizi çoxdan tanıyırsınız. Bir az söhbət edəndən sonra deyirdilər ki, bu, nə gözəl adamdır.
Valideynlərim iki dəfə elçiliyə getdilər. Qızı vermək istəmirdilər. Səttar müəllim mənim üçün elçilik etdi. Ondan sonra qızın atası razı oldu. Onda Səttar müəllim rəhmətlik demişdi: "Leylini Məcnuna vermədilər, axırı nə oldu?"
Həqiqətən, həyatımda Səttar müəllimin rolu böyükdür. Belə bir söz var: "Valideyn adamı göydən yerə endirir, yaxşı müəllim adamı yerdən göyə qaldırır".
Mənim püxtələşməyimdə Səttar müəllimin əziyyəti çox olub. Ruhu şad olsun!
- Gənc rəssamlardan əsərlərini bəyəndikləriniz var?
- Çox ağrılı məsələdir. Təbii ki, talantlı gənclər var. Mən gənclərdə bir az istedad hiss edən kimi onun haqqında yazıram. Ən azından mənəvi dəstək oluram. Elə gənc rəssamlar olub ki, əsərlərini bəyənmişəm və heç özlərinə də bildirmədən həmin rəsm əsərini kitabda, jurnalda təqdim etmişəm.
- Sizi niyə "acıdil sənətşünas" adlandırırlar?
- Təbii ki, lazım gələndə tənqidsiz olmur. Mən, ümumiyyətlə, ictimai həyatda da müxalif adamam. Çünki gərək ağa ağ, qaraya qara deyəsən. Mən heç vaxt düşündüyümün əksini yazan adam deyiləm. Amma bəzi rəssamlar deyir ki, tənqid eləmə. Mən də onlara deyirəm ki, məgər siz əsəri işləyəndə mənimlə məsləhətləşirsiniz ki, mən də yazanda məsləhətləşim? Bu mənim düşüncəmdir. Doğrudur, Azərbaycan sənətşünaslığında tənqid ənənəsi olmayıb. Bu, qəbuledilməzdir. Tənqid olan yerdə inkişaf var. Təəssüf ki, biz tənqidi sevmirik. Düzü, çalışıram obyektiv yanaşım. Ona görə də, mənim adımı "acıdil sənətşünas" qoyublar. "Sənətşünas" adlı kitabım var. 70 illik yubileyimdə nəşr edilib. Həmin kitabın ikinci adı "Dili acılıqdan təbbərrikliyə"dir. Yaxşı sənətşünas olmaq üçün həm şair olmalısan, həm filosof, həm də cəngavər. Bizim tənqidçilərdə ya cəngavərlik çatışmır, ya da pis adam olmaq istəmirlər...
- Bilirik ki, sizin sənət sahəsində axtarışlarınız yalnız Azərbaycanla məhdudlaşmır. Bildiyimizə görə, siz illər əvvəl polyak heykəltəraşının hazırladığı Nəsimi heykəlini müəyyən etmisiniz. Bu, necə olub?
- Macarıstanda olanda mənə dedilər ki, polyak heykəltəraş Qustav Zemla Nəsiminin heykəlini hazırlayıb. O vaxt həmin heykəltəraş Bakıya sərgiyə gələndə Nizami muzeyində olub. Muzeydə ona Nəsiminin dərisinin soyularaq öldürüldüyü haqda məlumat verilib. O da bundan təsirlənib və Polşaya qayıtdıqdan sonra Nəsiminın heykəlini işləməyə başlayıb. Mən Qustava məktub yazdım. O cavabında yazdı ki, Polşaya gəlsəniz, mən "Nəsimi"ni Azərbaycan xalqına hədiyyə edərəm. Sonra Mədəniyyət Nazirliyinə məktub yazdım və xahiş etdim ki, kömək edin, gedim o heykəli gətirim. Təəssüf ki, kömək eləmədilər.
Ramin Səfərov həbs ediləndə mən Qustav Zemlaya məktub göndərmişdim, yazmışdım ki, sən Avropada bizim milləti tanıyan biri kimi həqiqətləri deməlisən. Bilsinlər ki, Ramil Səfərov Azərbaycan xalqının nümayəndəsidir və bizim xalqımız adam öldürən deyil. Erməni bizim bayrağımızı təhqir edib. Ona görə də, Ramil onu qətlə yetirib.
Macarıstana gedəndə mənə görə ziyafət təşkil etmişdi. Arada gəlib, əlini çiynimə qoyub dedi: "Gör, türk hara gəlib?". İkinci dəfə bir də gəldi. Danışmaq istəyəndə sözünü kəsdim. Dedim ki, bəs siz kimsiniz? Atillanın nəvələri deyilsiniz? Axı, siz də türksünüz...
"Əzizim vətən yaxşı..." adlı sərgi illərdir unudulmur
- Siz sənətşünasların Təbliği İctimai Birliyinin rəhbərisiniz. Bu qurumun fəaliyyəti barədə nə deyə bilərsiniz?
- 1988-1989-cu illər idi. Azərbaycanda Azadlıq hərəkatı başlamışdı. Hərə öz sahəsi üzrə hərəkata dəstək olmağa çalışırdı. Mən də xaricdə olan rəssamları cəmiyyətdə tanıtmaq istədim. Yəqin bilirsiniz ki, sovet vaxtı ölkədən xaricdə yaşayanlara düşmən kimi baxırdılar. Bu dövlət siyasəti idi. 100-ə qədər sənət əsəri topladım. İncəsənət muzeyində "Əzizim vətən yaxşı..." adlı sərgi açdıq. Mübaliğəsiz deyirəm, Azərbaycanda elə bir izdihamlı sərgi olmamışdı. Ədəbi-bədii tədbir də keçirdik. Görkəmli sənət adamları, yazıçı və şairlər də gəlmişdılər. Mətbuatda geniş yazılar verildi. Bir gün sonra muzeyin direktoru məni yanına çağırdı. Onun kabinetində tanımadığım bir nəfər var idi. Otağa girən kimi direktor məni göstərib dedi ki, sərgini bu təşkil edib. Sonra məlum oldu ki, bu şəxs Mərkəzi Komitənin şöbə müdiri Ramiz Zeynalovdur. Görüşdük, dedi gedək sərgiyə baxaq. Sərgi otağını gəzdik. Mən də əsərlər haqda ona məlumat verdim. Axırda Ramiz müəllüm dedi ki, burada nə var ki? Əsərləri bəyəndi. Sən demə, MK-ya nəsə xoşagəlməz söz çatdırıblarmış.
İndi "Xarıbülbül ətri" adlı yeni kitab hazırlayırıq. Kitabda XIX əsr incəsənətimizə aid yazılmayan çox maraqlı məlumatlar var. Bu günə qədər 20-dən artıq kitabım çıxıb. Ən maraqlı kitablarımdan biri rəssamlar haqqında danışılan lətifələr kitabımdır. O kitab üçün illərlə material toplamışam. Hər dəfə rəssamlar bir yerə toplaşıb söhbət edəndə səslərini yazırdım. Nəhayət, 420 səhfəlik "Boyalı gülüşlər" kitabımı çap etdirdim.
Miniatür üslubların şahıdır
- Sizin doktorluq işinizin mövzusu nə olub?
- Doktorluq işim Azərbaycan miniatürləri haqqında olub. Bilirsiniz, Avropada bizim qədim tarixi olan miniatür sənətini kiçildirlər. Onlar miniatürə "kitabda verilən kiçik ölçülü rəsmlər" deyirlər. Bu, kökündən yanlışdır. Onlar bizim böyük sənətimizi kiçildirlər. Elmi işimdə sübut etməyə çalışmışam ki, miniatür sənət deyil üslubdur. O haqda məqaləm var: "Üslubların şahı". Elmlər Akademiyasında mövzunu təsdiqləyirdilər, bir xanım dedi ki, miniatürdən çox yazıblar, sən nə yazacaqsan? Mən də dedim ki, bu vaxta qədər yazılmayanları yazacağam. Dediyimi də etməyə çalışdım.
- Rəssamlıqdan başqa incəsənətin hansı sahəsi ilə maraqlanırsınız?
- Musiqini çox sevirəm. Uşaq vaxtı həvəslə tar dərnəyinə gedirdim. Sonra müəllim dedi ki, kimin tarı var o gəlsin, olmayan gəlməsin. O vaxt da tar almağa imkanımız yox idi. Eləcə tardan uzaqlaşdım. Uşaqlıqda yaxşı səsim də var idi. Oxuyurdum. Mən əvvəllər şeir də yazırdım. Amma bu o demək deyil ki, mən şairəm. Hər şeir yazan şair olmadığı kimi, hər əlinə fırça alan da rəssam olmur.
"Bizi rəssamlar ailəsi adlandırmaq olar"
- Ziyadxan müəllim, eşitdiyimizə görə ailənizdə hamı rəssamdır. İstərdik ki, bu barədə də danışasınız.
- Doğrudur. Bizi rəssamlar ailəsi də adlandırmaq olar. Mən və həyat yoldaşım Bəstixanım əvvəlcə rəssamlıq məktəbində təhsil almışıq. Sonra mən Surikov adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirmişəm. Böyük qızım Könül və oğlum Səttar da rəssamdır. Aysel isə Rəssamlıq Akademiyasının üçüncü kurs tələbəsidir.
- Xanımınızla tanışlığınız necə olub? Sevib ailə qurmusunuz?
- Bu yaşda bu barədə qızımın yanında danışmaq bir az çətindir. Amma məlumat üçün deyim ki, həyat yoldaşım rəssamlıq texnikumunun tələbəsi idi. Orada görüb bəyənmişdim. Elçiliyi də Səttar müəllim eləmişdi. İki rəssamın ailəsində böyüyən uşaqlar da gözlərini açıb qələm, boya gördülər. Mən onlara deməmişəm ki, rəssam olun. Yollarını özləri seçiblər. Qızım Aysel əvvəl musiqi ilə məşğul olub. Sonradan musiqini davam etdirmədi. Rejissorluq oxudu. İndi də fikirini dəyişib, rəssam olmaq istəyir. Uğurlu qrafik işləri var, baxıb sevinirəm. Böyük qızım Könül üç övlad qayğısı çəkir, həm də işləyir. Buna görə də, rəssamlıqla məşğul olmağa vaxtı olmur. Səttar da dolanışıq üçün hələlik rəssamlığa fəsilə verib. İnanıram ki, gec-tez bu sahəni unutmayacaqlar. Mən heç vaxt heç kimin arzusunu ürəyində qoymamışam. İnsan öz sevdiyi işlə məşğul olmalıdır. Mən rəsm çəkəndə mütləq musiqi dinləməliyəm. O mənə ruh verir...
- Həyat yoldaşınız sizə dəstək olurmu?
- O, bərpaçı rəssamdır. Əməkdar mədəniyyət işçisidir. Özünün işlədiyi əsərlər müxtəlif sərgilərdə nümayiş olunub, bəyənilib. Evimizdə də bəzi əl işlərinı divardan asmışıq. Sağ olsun, həmişə mənə dəstək olub. Yaradıcı adamın xanımı ilə dil tapması onun inkişafı üçün çox vacibdir.
- Ailə üzvlərinizin rəsmlərini tənqid etmisiniz?
- Yox. Hamısı əvvəlcədən mənimlə məsləhətləşir. İşləyəndə də baxıb fikirlərimi deyirəm. Ancaq müdaxilə etmirəm.
Qasım Xuluflu