Rəhimov Koroğlu İsmayıl oğlu 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 8 yaşında ikən ailəsi ilə birlikdə ata yurdu olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçür. 1969-cu ildə orta təhsilini başa vurur və Bakıya gəlir. Daha sonra Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olur. 1972-ci ildə hərbi xidmətə çağırılan K. Rəhimov iki il Almaniyada hərbi xidmət keçir. Daha sonra yarım qalmış təhsilini tamamlayır. Təhsilini bitirdikdən sonra isə müxtəlif yerlərdə işləməyə başlayır. 1979-cu ildə Aybəniz adlı xanımla ailə həyatı qurur, Rəşad, Samir, Ülviyyə adlı üç övladı dünyaya gəlir.
1988-ci ildən etibarən ermənilər azərbaycanlılara qarşı təxribatları artırmağa başlayırlar. Əvvəlcə vətəndaşlarımızı Qərbi Azərbaycandan qovurlar. Daha sonra hücum edərək torpaqlarımızı işğal etməyə başlayırlar. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törədirlər. Bütün bu hadisələr Azərbaycanın müxtəlif bölgələrindən könüllü dəstələrin cəbhəyə getməsinə səbəb olur. Koroğlu Rəhimov da onlardan biri olur. O, 1992-ci il mart ayının 17-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılır və düşmənə qarşı mübarizədə ilk addımını atmış olur. 3 övladını evdə qoyub döyüşlərə qoşulmaq qərarına gələn Koroğlu Rəhimov 30 apreldə N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə komandir təyin edilir. Qısa müddət təlim keçdikdən sonra erməni işğalçıları ilə döyüşlər başlayır. İyun ayının 13-dən etibarən Goranboyun Buzluq, Çartaz, Erkəç kəndləri azad edilir. Həmin əməliyyatda 15 erməni məhv edilir, 4-ü isə əsir götürülür, çox sayda silah-sursat ələ keçirilir. K. Rəhimovun dəstəsi düşmənə göz açmağa imkan vermir. Bir gün sonra yeni bir əməliyyat başlayır və Mənəşli kəndi də azad olunur. Bunun ardınca Başkənd, Gülüstan kəndləri və Madagiz (Suqovuşan) düşməndən azad olunur.
Burada ən yaddaqalan döyüş Madagiz uğrunda gedir. Koroğlu Rəhimovun dəstəsi tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə mühasirəyə düşdüyünü xəbər alır. K. Rəhimov öz dəstəsi ilə mühasirədə olan qrupa köməyə gedir. Keçirilən uğurlu əməliyyatla hərbçilərimiz xilas olur, düşmən isə Madagizdən qovulur.
Döyüş yoldaşları bildirirlər ki, ermənilər Koroğlu Rəhimovu tanıyırdılar. Onun uğurlu əməliyyatları nəticəsində düşmən çox sayda canlı qüvvə və silah-sursat itirmişdi. Buna görə də, ermənilər K. Rəhimovun ələ keçirilməsi üçün əməliyyat planları hazırlamışdılar.
Qarabağın müxtəlif bölgələrini azad edən könüllü dəstə bu dəfə 3 iyul 1992-ci ildə Ağdərə istiqamətində hücuma keçir. Hərbçilərimiz bir neçə strateji nöqtəni azad etməyə müvəffəq olurlar. Ancaq bu döyüş K. Rəhimovun son döyüşü olur. Gedən ağır əməliyyat zamanı Koroğlu Rəhimov şəhid olur. 38 yaşlı komandir Bakıda Şəhidlər Xiyabanında dəfn edilir.
Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.
Haqqında 2 film çəkilib. Bakıda və Oğuz şəhərində adına küçə var. Oğuz rayonunun Xaçmaz kəndində 3 nömrəli körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.
Ölümündən bir neçə gün əvvəl ailəsi ilə danışır. 7 iyulda qızı Ülviyyənin adı günü idi. Dəstəyi götürən Rəhimov qızına bildirir ki, ad günündə mütləq gələcək və ona hədiyyə alacaq. Ülviyyə Rəhimova həmin günləri belə xatırlayır:
“Zəng eləmişdi, ad günümə hansı hədiyyəni istədiyimi soruşdu. Mən də onun üçün çox darıxdığımı dedim. Mənə “7-si sənin ad gününə gələcəyəm” dedi. Ancaq 3-ü şəhid xəbəri gəldi”.
Son olaraq qeyd edək ki, Koroğlu Rəhimov və dəstəsinin işğaldan azad etdiyi, ancaq yenidən düşmənin ələ keçirdiyi Madagiz 3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad olundu. Daha sonra Milli Məclisin qərarı ilə Tərtər rayonunun Madagiz kəndinin adı dəyişdirilərək Suqovuşan adlandırıldı.
Ruslan Yusibov