Uşağım niyə iştahasızdır? Bu sualın cavabını yəqin ki, son vaxtlar əksər valideynlər axtarırlar. Çünki qidalanma bir uşağın inkişafı üçün olduqca vacib məqamdır. Uşaqların az qida qəbul etməsi və ya seçici qidalanması isə onların sağlam olmadığı mənasına gəlmir. Ancaq bəzi qidalanma rejimləri və yemək pozğunluqları vaxt keçdikcə uşaqlarda sağlamlıq problemlərinə səbəb ola bilər. Bunları düzgün müəyyənləşdirmək və altda yatan digər əsas xəstəliklərin diaqnozunu qoymaq vacibdir. "Modern Hospital"ın həkim pediatr-nevroloqu Səbinə Nurəliyeva uşaqlarda tez-tez rast gəlinən iştahasızlıq problemi və sağlam qidalanma barədə "Fraza" jurnalına ətraflı məlumat verərək, valideynlərə tövsiyələr etdi.
- Valideynləri tez-tez narahat edən şikayətlərdən biri də övladlarında olan iştahasızlıqdır. Uşaqlarda iştahasızlığın səbəbləri nələrdir və onu aradan qaldırmaq üçün nə etmək lazımdır?
- Uşaqlar arasında iştahasızlığın geniş səbəbləri var. Biz də müraciətlər arasında ən çox bu problemlə qarşılaşırıq. İştahasızlığın yaranma səbəbləri ya psixoloji vəziyyətlə, ya da hər hansı xəstəliklə bağlı olur. Bu problemi olan uşaqlarda ilk növbədə analizlər aparmaq lazımdır ki, altda yatan səbəblər dəqiq müəyyən edilsin. Ən çox rast gəlinən səbəblərdən biri də dəmir defisitli anemiyalardır. DDA-nı aradan qaldırmaq üçün dəmir preparatları təyin olunur və müalicə uşaqda dəmir deposu tam dolana qədər aparılır. Müalicə yarımçıq olduqda uşaqda yenidən bu şikayətlərin ortaya çıxmasının şahidi oluruq. Bundan başqa, mədə-bağırsaq xəstəlikləri, sidik yolları problemləri də uşaqlarda iştahasızlığa səbəb ola bilər. Məsələn, mədə-bağırsaq traktının pozğunluğu var ki, bu zaman qida uzun müddət mədədə qalaraq, uşaqda toxluq hissi yaradır. Beləliklə də, uşaqda iştahasızlıq yaranır. Parazitar xəstəliklər olan askaridoz, lyamblioz da iştahasızlığa səbəb olan amillərdən hesab edilir. Bəzən isə uşaqda heç bir xəstəlik müşahidə olunmadan, iştahasının olmadığını görürük. Bu psixoloji haldır. İştahasızlıq şikayəti ilə gələn uşağa 100 faiz psixolojidir demək üçün, əvvəlcə digər səbəbləri inkar etmək lazımdır. Artıq bundan sonra qida davranışı probleminin üzərində dayanmaq olar. Bu da çox vaxt ailədən qaynaqlanır. Çünki əksər valideynlər uşaqlarına yeməyi məcburi yedizdirməyə çalışırlar. Belə olduqda isə uşaq o prosesə işgəncə kimi baxır. Həmçinin, yemək porsiyalarının böyük olması, istəmədiyi qidanı uşağa dəfələrlə yedizdirmək də (üstəlik, məcburi) yemək imtinasına səbəb ola bilər. Valideynlər belə məqamlarda çox diqqətli olmalıdırlar.
- İştahasızlığı aradan qaldırmaq üçün mütəxəssis rəyi olmadan, kiminsə məsləhəti ilə valideynlərin övladlarına vitamin kompleksləri verməsi doğrudurmu? Özbaşına verilən vitaminlər hansı problemlər yarada bilər?
- Uşaq normal qidalanırsa, həmin qidalardan lazımi mineralları qəbul edirsə, ona hər hansı vitamin kompleksinin verilməsi doğru deyil. Təbii ki, D vitamini istisnadır. Çünki, D vitamini günəşdən alınır və əgər orqanizmdə kifayət qədər yoxdursa, günəşdən ala bilmirsə, bu zaman uşaq onu əlavə olaraq qəbul etməlidir. Digər vitaminləri isə lazımsız miqdarda qəbul etməyə ehtiyac yoxdur. Həddindən artıq vitamin verilməsi uşaqda vitamin zəhərlənməsinə səbəb ola bilər. Ona görə valideynlər mütəxəssis rəyi ilə təyin olunan vitaminləri almalıdırlar və yadda saxlasınlar ki, vitaminlərin dozası uşaqların çəkisinə uyğun təyin olunur. Mütəxəssis rəyi olmadan, digər şəxslərin tövsiyəsilə belə preparatların alınması doğru deyil. Ümumiyyətlə, vitaminlər iştahanı süni olaraq artırır. Valideynlər çox vaxt düşünürlər ki, övladıma hər hansı vitamin kompleksi verim, iştahası artsın. Bu ancaq bir müddətlik effekt göstərir, daha sonra uşaqda yenidən iştahasızlıq yaranır.
- Qeyd etdiniz ki, vitaminin normadan artıq verilməsi vitamin zəhərlənməsinə səbəb ola bilər. Bu zaman uşaqda hansı xəsəliklər yarana bilər?
- Bəli, bu kimi hallar hipervitaminoza səbəb ola bilər. Bu da uşaqlarda orqanların sıradan çıxmasına gətirib çıxara bilər. Məsələn, vitamin D yüksək dozada qəbul edilərsə, böyrək probleminə səbəb ola bilər. Vitaminlər malabsorbsiyalı uşaqlara normadan artıq verilə bilər. Malabsorbsiya az sovrulma sindromu deməkdir, parazitoz, seliakiya və digər xəstəliklər nəticəsində yaranır. Bu zaman bağırsaqlarda qida maddələrinin, vitaminlərin sovrulması zəif olur. Uşaqlarda bu hal olarsa, o zaman vitamin kompleksləri artıq miqdarda verilə bilər. Çünki həmin uşaqlarda bağırsaqda sovrulma zəif olur.
- İştahasızlıq problemi olan uşaqlarla yanaşı, yeməyi növlərinə görə seçən uşaqlar da var. Bu problemin həlli yolları varmı? Bu cür uşaqlara yanaşma necə olmalıdır?
- Bəli, bu da uşaqlarda tez-tez rast gəlinən problemlərdən biridir. Buna qida davranışı problemi deyilir. Bunun da yaranmasının əsas səbəbi uşaqlarda olan qidalanma pozğunluğudur. Əgər uşaq yemək yemirsə, valideyn məcbur qalıb başqa bir çeşid verir ki, təki ac qalmasın. Halbuki, uşağın qəbul etdiyi qidanın tərkibində həm zülal, həm də yağlar olmalıdır. Uşaqların bir tipli karbohidratlarla qidalanması problemdir. Məsələn, elə uşaqlar var ki, ancaq makaron yeyirlər. Valideyn başqa qida vermək istədikdə, uşaq bunu istəmir. Əgər uşaq bir qidadan imtina edirsə, bu o demək deyil ki, bunu istəmir. Valideynlər belə hallarda çox vaxt həmin yeməkdən birdəfəlik imtina edirlər. Bu, doğru deyil. Sadəcə olaraq, uşağın bir yeməyə öyrəşmə müddəti var. Bəzən uşaqlar 6 aydan sonra əlavə qidalar qəbul etməyə başlayanda dad fərqli olduğu üçün ondan imtina edirlər. Məsələn, 6 aydan sonra uşağa yumurta verildikdə, o bunu istəməyə bilər. Bu halda, iki həftə fasilə verib, yenidən cəhd etmək lazımdır. Hətta çalışsınlar ki, həmin qidadan müxtəlif formalarda istifadə etsinlər. Uşağın birtərəfli qidalanması piylənməyə, zülal çatışmazlığına, dəmir defisitli anemiyaya səbəb ola bilir. Uşaqlar ac olanda onlara müxtəlif şəkərli içkilər və şirniyyatların verilməsi də iştahasızlığa səbəb olur. Ümumiyyətlə, qida özü bir psixologiyadır və uşaq ondan zövq almalıdır. Televizorun qarşısında oturaraq, əlində telefona baxaraq yeməməlidir. Qidaya olan sevgi uşaqlıq dövründən başlayaraq öyrədilməlidir. Uşağın bir yeməyi yeməsi üçün ona 30-40 dəqiqə vaxt verilməlidir. Əgər yeməyi o müddət ərzində yeməsə, yeməyi yığışdırmaq və növbəti çeşidə keçmək lazımdır. Bizdə isə əksinə edilir. Yemək saatlarla süfrədə qaldıqdan sonra hələ də yeyilməyibsə, bu zaman süfrəyə müxtəlif naz-nemət düzülür ki, təki, uşaq yemək yesin. Bu da uşaqda düzgün qidalanmamaya səbəb olur. Hər bir valideyn çalışır ki, övladı üçün hər şeyin ən yaxşısını etsin. Analara elə gəlir ki, uşaqları hər zaman acdır, ona görə də, normadan artıq yemək verməyə can atırlar. Bu da uşağın yeməkdən bezməsinə səbəb olur. Uşaq özündə aclıq hiss etmirsə, ona yemək verilməsi doğru deyil.
- Uşaqlarda düzgün qidalanma necə olmalıdır?
- Hər şeydən əvvəl uşağa əlavə qida 6 aydan tez verilməməlidir, bu müddət ərzində uşaq sırf ana südü ilə qidalanmalıdır. Çünki əlavə qidanın erkən verilməsinə başlamaq müxtəlif fəsadlar yarada bilər. Bu, diş çürüklərinə, erkən piylənməyə və s. səbəb ola bilər. Hətta meyvə şirələri, püreləri belə, 6 aya qədər verilməməlidir. Ana südü olmadığı təqdirdə süni yeməklərdən istifadə edilə bilər. Əlavə qidalara isə 6 aydan sonra başlamaq lazımdır. Əlavə qidalar ilkin vaxtlarda uşaqlara öyrəşdirilərək verilməlidir. O da uşağın enerjiyə və kaloriyə tam ehtiyacını ödəməmək şərti ilə. Sadəcə olaraq, bu müddət ərzində uşaq yeməklə tanış olmalıdır. Bunun üçün ilkin olaraq taxıllardan hazırlanan sıyıqlardan, tərəvəz və meyvə pürelərindən başlaya bilərsiniz. Daha sonra ət, yumurta, kəsmik və s. verə bilərsiniz. Lakin 1 yaşına qədər uşağa yumurtanın ancaq sarısı, daha sonra isə ağı verilməlidir. Bundan başqa, balı da 1 yaşa qədər vermək olmaz, çünki balın tərkibində botulizm çöpləri var, bu da uşaqlarda zəhərlənməyə səbəb ola bilər. Ümumiyyətlə, hər hansı qidanın verilməsinə başlayarkən, allergik reaksiyaların olma ehtimalını nəzərə alaraq, "üç gün" prinsipinə əməl olunmalıdır. Yəni, üç gün bir qidanı, eyni saatlarda və eyni miqdarda vermək lazımdır. Bu müddət ərzində uşaqlarda səpgilər, ishal, qusma halları müşahidə edilərsə, o zaman həmin qidanın verilməsi dayandırılmalıdır. Heç bir problem müşahidə edilmədikdə, üç gündən sonra rasiona yeni qida əlavə edə bilərsiniz. Uşaqlar sırf karbohidrahlarla qidalanarsa, bir sıra problemlər ortaya çıxa bilər. Həm bitki, həm də heyvan mənşəli yağlar, zülallar qəbul edilməlidir. Qısaca, uşaqda bir günlük qida rasionu təyin edərkən bunların hamısını düşünmək lazımdır. Bu sadaladıqlarımızı yeni analığa namizədlər xüsusilə qeyd etsələr, daha yaxşı olar. Çünki onlar nəyi necə edəcəklərini çox vaxt tam dəqiq bilmirlər.
- Son olaraq valideynlərə tövsiyələriniz...
- Valideynlərə ilk tövsiyəm o olardı ki, nəyisə bilmirlərsə, həkim məsləhətinə ehtiyac varsa, mütləq müraciət etsinlər. Kənarda eşitdiklərini, reklamda gedən dərman preparatlarını alıb uşaqlarına verməsinlər. Onları düzgün qidalandırsınlar. Yuxu, hava, qida bunlar uşaqlar üçün çox vacibdir. Uşaqlar hər gün hava almalıdırlar. Bu, onların həm stresini azaldacaq, həm də qanın oksigenlə doymasına səbəb olacaq. Açıq havada vaxt keçirən uşaqların iştahası da artır və yaxşı qidalanır. Yadda saxlasınlar ki, bir xəstəliyin profilaktikası daha asandır, nəinki onun müalicəsi. Yəni, hər hansı xəstəliyin profilaktikası, o xəstəliyin yaranmasının qarşısını alır, amma müalicədə dərman preparatlarından istifadə edilir. Əgər iştahasızlıq problemi uşaqlarında çəki və boy inkişafında geri qalmaya səbəb olursa, mütləq mütəxəssisə müraciət etsinlər.
İlahə Hüseynova