Yer kürəsinin sakinləri XXI əsrin ən böyük psixoloji burulğanından keçir. İqlim dəyişikliyi və günü-gündən artan sosial bərabərsizliklərin yaratdığı gərginliyin ardından milyonlarla insanın ölümünə səbəb olan koronavirus pandemiyası, evlərində məhkum həyatı yaşamaq məcburiyyətində olan insanların psixologiyasını sözün əsl mənasında alt-üst etdi. Lakin Azərbaycanda vəziyyət bir az da fərqlidir. Belə ki, ölkəmiz pandemiya ərəfəsində tarixinin ən böyük sınaqlarından birini verdi və 44 günlük müharibə nəticəsində möhtəşəm qələbə əldə etdi. Bu, hər nə qədər tariximizin şanlı səhifələrindən biri olsa da, torpaqlarımızın azadlığı uğrunda tökülən qanlar, ermənilərin dinc yaşayış yerlərini bombalaması, müharibənin gərginliyi və stresi, həmin anlarda və sonra yaşanan emosional hisslər ölkədəki psixoloji vəziyyəti bir az da gərinləşdirdi.
Mövzu ətrafında "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri və "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq...
- Necə oldu ki, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzini təsis etməyə qərar verdiniz?
- İlk ali təhsilim iqtisadiyyatla bağlı olsa da, psixologiya sahəsi həmişə məni özünə çəkib. Məncə, hər kəs az-çox insan psixologiyası barədə biliyə sahib olmalıdır. Bu, həm ailədə, həm iş yerində, ümumiyyətlə, cəmiyyətdə normal münasibət qura bilmək üçün çox vacibdir. Psixologiyanı insan tanıma sənəti kimi də qiymətləndirmək olar.
Azyaşlı övladımın nitqindəki kiçik qüsurdan narahat oldum və evə loqoped dəvət etdim. O vaxtlar peşəkar xidmət göstərən mərkəzlər yox idi. Loqopedin 9 ay davam edən korreksiya işi heç bir nəticə vermədi.
Elə həmin illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, insanlara fayda verəcək bir sahədə çalışmaq istəyim var idi. Bu hadisə bir növ təkan oldu və mən artıq fəaliyyət istiqamətimi, gedəcəyim yolu müəyyənləşdirdim.
- Klinik psixologiya nədir və psixologiyadan nə ilə fərqlənir?
- Psixoloqun və klinik psixoloqun obyekti insandır. Hər iki sahənin mütəxəssisi insan ruhunun sağlamlığı ilə məşğul olur. Fərqli cəhət ondan ibarətdir ki, psixoloq sağlam insanın psixoloji problemlərini yalnız sözün təsir gücü ilə, klinik psixoloq isə xəstə ruhlu insanı təkcə sözlə deyil, həm də dərmanla müalicə edir. Psixoloqun psixi xəstəni müayinə, müalicə etmək, dərman resepti yazmaq hüququ yoxdur.
- Nitqin inkişafında qüsurlar anadangəlmə olur, ya sonradan meydana gəlir?
- Nitq qüsuru bəzi patoloji səbəblərlə bağlı həm anadangəlmə, həm də fərqli psixoloji travmalar nəticəsində sonradan yarana bilər. Son illər nitq qüsurları ilə bağlı problemlər çox aktuallaşıb. Əvvəllər uşaqlarda yaranan nitq qüsurları ilə bizə daha çox valideynlər müraciət edirdilərsə, indi bu sırada yeniyetmə və gənclər, həmçinin, yaşlı insanlar da var. Bunlar da səbəbsiz deyil. Anadangəlmə problemlər daha çox tibb sahəsi ilə bağlı olduğu üçün üzərində dayanmaq istəmirəm. Amma sonradan yaranan nitq qüsurları daha çox psixoloji sarsıntı və travmalarla əlaqəlidir. Qorxu, stress, yaxın adamın ölüm xəbəri, qəzalar da nitqdə pozulmalara səbəb ola bilər. 44 günlük Vətən müharibəsində dəhşətli anlar yaşayan əsgər və zabitlərimiz arasında belə problemlərlə qarşılaşmağımız heç də təsadüfü deyil. Travmanın dərəcəsinə görə nitqdə yaranan problemlər qısamüddətli və uzunmüddətli ola bilər.
- Nitq inkişaf qüsurları insan psixologiyasına necə təsir edir və müalicə nə dərəcədə effektiv olur?
- Özünüifadə çətinliyi istər-istəməz stress, qorxu, ünsiyyətdən qaçma, özünəqapanma kimi problemlərin yaranmasına, bəzən isə hətta aqressiv davranışlara səbəb olur.
Valideynlər belə hallarda çox diqqətli olmalı, problemə ciddi yanaşmalı, nitqlə bağlı ən kiçik qüsurda belə mütəxəssisdən məsləhət almalıdırlar. Dərinləşən yaranı sağaltmaq uzun zaman aldığı kimi, nitq inkişafındakı problemlərin yaratdığı fəsadları aradan qaldırmaq da çətin olur. Valideynlərin sözügedən məsələyə qarşı laqeydliyi, "hələ uşaqdır, böyüdükcə keçib gedər, uşaqkən atası da gec danışıb, yaxud əmisi də kəkələyib, sonra düzəlib" düşüncəsində olması bir yeniyetmənin, gəncin gələcək həyatına kölgə salmaqdan, ona travma yaşatmaqdan başqa bir şey deyil.
- Azərbaycanda dövlət tərəfindən göstərilən loqopedik xidmət hansı səviyyədədir?
- Uşaq bağçası və məktəblərdə, poliklinikalarda, hətta ASAN Xidmət şəbəkələrində loqoped xidməti işinin təşkili müsbət haldır, amma yenə də bu sahədə xidmətin qənaətbəxş olduğunu söyləmək doğru olmaz.
- Loqopedik xidmət azyaşlılarda, yoxsa yetkin insanlarda daha tez nəticə verir və səbəbi nədir?
- Çoxsaylı müraciət və seanslar bizə belə bir qənaətə gəlməyə imkan verir ki, yetkin yaşlılarla müqayisədə azyaşlılarda loqopedik xidmətlər daha qısa vaxtda nəticə verir. Bunun da bir sıra səbəbləri var. Birincisi, erkən yaşlarda nitq mərkəzinin qapanması və formalaşması prosesi baş verir. Digər tərəfdən, nitq inkişafı ilə bağlı tamamlanmalı olan proseslər erkən yaşlarda daha tez həyata keçir.
Zaman keçdikcə nitq inkişafı prosesi passivləşir və sonrakı dövrdə onun müalicəsi zamanı gecikmələr baş verir, əldə olunacaq nəticələr ləngiyir. Bundan savayı yetkinlərdə məsuliyyətsizlik, özünəqapanma onların nitq inkişaf prosesini ləngidən səbəblər sırasındadır.
- Azərbaycanda psixoloqa müraciət ənənəsi yaranıbmı, hazırda proses necə davam edir?
- Əlbəttə, 5-6 il əvvəllə müqayisədə müsbət dəyişikliklər var. Elə öz təcrübəmizə əsaslanaraq deyirəm, fəaliyyətə başladığımız ilk illərdə adamlar psixoloq sözünü dilə gətirməkdən belə ehtiyat edirdilər. Bu, bilgisizlikdən, məlumatsızlıqdan doğan ehtiyatlılıq, qorxu idi. Psixoloqla psixiatrı eyni mütəxəssis bilirdilər. Hətta nitq qüsuru ilə bağlı uşağını loqoped yanına gətirən ana, bunu ən yaxın adamının belə bilməsini istəmirdi. Nitq qüsurunun birbaşa psixoloji sarsıntı ilə bağlılığı müəyyən olunanda valideyn, mənim uşağım dəli deyil, deyib seanslardan qəti şəkildə imtina edirdi. Başqa mənfi bir cəhət isə yetkin insanların psixoloq yanaşmasından qorxması idi. Böyüklər ümumiyyətlə şəxsi problemləri ilə bağlı müraciət etməkdən çəkinirdilər. Övladının davranış pozuntusu şikayəti ilə müraciət edən valideyn problemi ancaq uşaqda görürdü. Təbii ki, ailə münasibətlərinin təsirindən qaynaqlanan problem təktərəfli, yəni yalnız uşaq və ya ana ilə məşğul olmaqla həll oluna bilməzdi. Ata isə nəinki psixoloq qəbuluna getməkdən imtina edir, hətta uşağı psixoloqa gətirməməsi üçün anaya da qadağa qoyurdu.
İndi vəziyyət müqayisə olunmayacaq dərəcədə dəyişib. Artıq hər kəs psixoloqun, psixoterapevtin və psixiatrın hansı problemlə məşğul olduğunun müəyyən qədər fərqindədir. Bütün bunlara baxmayaraq, yenə də müraciətlərin əsas faizi uşaq və yeniyetmə problemləri ilə bağlı olur. Amma hər halda az da olsa, yetkin insanların şəxsi və ailədaxili problemlərə bağlı psixoloji mərkəzlərə ayaq açması psixoloqa, psixoloji dəstəyə inamın artmasından xəbər verir.
- İnsan necə müəyyən edə bilər ki, o, psixoloqa müraciət etməlidir?
- Hər insan öz daxilində baş verən təlatümü, narahatlığı hiss edəcək gücdədir. Əgər bir şəxs hər hansı situasiyada, gözlənilməz hadisədə səbir, təmkin göstərib emosiya və davranışlarını tənzimləmək iqtidarında deyilsə, daxili həyəcan və gərginlikləri, həmçinin, qorxu və aqressiyaları ilə baş edə bilmirsə, bu halda mütəxəssisdən məsləhət və ya dəstək alması ancaq fayda verə bilər.
- Hər hansı bir insanın intihara meyilli olduğunu hansı əlamətlərdən bilmək olar?
- Əgər ailə üzvlərindən birində, yaxud yaxın ətrafda dostlar, qohumlar arasında birinin davranışında ona xas olmayan qeyri-normal hərəkətlər varsa və bu təkrarlanırsa, diqqətli olmaq lazımdır. Sakit, təmkinli, hər kəsin hörmət etdiyi bir şəxs qəfildən çılğın hərəkətlər edir, yaxud olduqca şən, deyən-gülən, həyatsevər biri özünə qapanır, ünsiyyətdən qaçır, ən yaxınları ilə belə soyuq davranırsa, demək, insanın daxili problemləri, təklikdə öhdəsindən gələ bilməyəcəyi çətinlikləri var və çıxış yolu tapmadığı üçün canına qəsdi seçir.
- Sizcə, Azərbaycanda universitetlərdə psixologiya ixtisası hansı səviyyədə tədris olunur?
- Ali məktəblərimizin bir çoxunda psixologiyanın tədrisi, ayrıca psixologiya fakültəsinin olması təqdirəlayiqdir. Amma bir məsələ var ki, ali təhsil müəssisələri nəzəri biliklər verir. Doğrudur, təcrübə saatları ayrılır, amma bunlar psixoloq kimi fəaliyyət göstərmək üçün yetərli deyil. Psixoloq insan ruhunun, duyğu və düşüncəsinin müalicəsi ilə məşğul olan olduqca məsuliyyətli bir peşədir. Digər peşə sahibləri bəlkə də istehsal prosesində çalışaraq nəzəri biliklərini təcrübədə sınaya bilərlər. Amma insan ruhu sınaq meydanı ola bilməz.
- Gənclərə və gənc valideynlərə psixoloq kimi hansı tövsiyələri verərdiniz?
- Yeni nəsil böyük sınaqlardan keçir. Uşaqlar, yeniyetmələr üçün hazırkı vəziyyətlə barışmaq, vərdiş etdikləri gündəlik həyat tərzindən təcrid olmaq heç də asan deyil. Dünyanı saran COVID-19 pandemiyasının xaosu, 44 günlük Vətən müharibəsinin qorxu, həyəcan, qələbədən doğan sevinc hissini sakitliklə, emosiyasız qarşılamaq təbii ki, uşaq və yeniyetmələrə xas xarakterik xüsusiyyət deyil. Uşaqları gözlənilən və gözlənilməz hadisələrə hazırlamaq valideynlərin üzərinə böyük məsuliyyət qoyur. Yaxın adamının ölümü, yaxud faciəli olaylar da, xüsusən 10 yaşdan yuxarı uşaq və yeniyetmələrə şok yaşada bilər. Odur ki, valideynlər daha diqqətli olmalı, övladlarının psixologiyasına təsir edəcək nə varsa, onların anlayacağı dildə izah edib aydınlaşdırmalıdır. Qeyri-müəyyənlik uşaqları qorxudur, stress yaradır. Kiçik yaşlarda uşaqlar ata-analarını hər kəsdən güclü sayır, onlara inanır, arxalanırlar. Odur ki, valideynlər övladlarını mümkün olduqca gərəksiz informasiyalardan uzaq tutmalı, onları rahatladacaq, sevindirəcək, xoşbəxt edəcək rejim yaratmalı, ailənin və ölkənin gələcəyi olan yeni nəslin psixoloji sağlamlığı, hərtərəfli inkişafı üçün bütün imkanları gözdən keçirməlidirlər.
Mən valideynlərə səbir, dözüm, təmkin arzulayıram. Övladlarınızdan sevgini, qayğını əsirgəməyin. Onları zəhmətə alışdırın, ən doğru yolu seçərək həyata hazırlayın. Onlara söz haqqı, danışmaq imkanı verin, dinləyin, nə düşündüklərini öyrənin. Zənnimcə, indi bizim buna daha çox vaxtımız var.
Unutmayaq ki, hər qaranlıq gecədən sonra aydın sabah var...
Şahmərdan Əhmədli