Ailə təlim və tərbiyə məsələsində ilk ocaq, ilk məktəb və ən mühüm mənbədir. Uşaq sahibi olan hər ata və ana gündəlik həyatlarının bir hissəsini övladlarının təlim və tərbiyəsinə həsr etməlidirlər. Hətta bu o qədər mühüm bir işdir ki, valideynlər övladlarının təlim və tərbiyəsi üçün ayırdıqları vaxtı digər şəxsi işlərindən, hətta nafilə ibadətlərindən ön planda tutmalıdırlar.
Yaşlarına uyğun olaraq Allaha (c.c.) iman fikrinin uşaqların qəlblərinə yerləşdirilməsi, ata və ananın maddi və mənəvi inkişaf və tərəqqilərindən, həmçinin, bir çox şəxsi işlərindən daha mühüm və üstün bir məsələdir. Bir İslam alimi belə demişdir: "Ata və ana evdə hələ tərbiyə edilməli olan üsyankar övladlar qoyaraq Kəbəni ziyarətə getsələr, ehmal etdikləri vəzifələri onlara arxadan belə səslənəcək: "Buradakı mühüm və ciddi işləri buraxaraq hara gedirsiniz?"
Əgər uşaq bir şeydən qorxacaqsa, çubuqdan, təhdiddən və cəzadan deyil, valideynlərinin sevgi və şəfqətini itirəcəyindən qorxmalıdır. Atasının üzünün sərtləşməsi, anasının isti və şəfqət dolu baxışlarının bir anda yox olması uşağın etdiyi hər hansı bir işin yanlış olduğunu anlamasına kifayət etməlidir.
Bununla yanaşı, uşağın ata və anasına etibar etməsi, problem və dərdlərini onunla birgə valideynlərinin də anladığını, hətta bu problem və dərdləri onunla birgə valideynlərinin də yaşadığını bilməsi çox mühüm məsələdir. Buna görə, uşaq ağladığı zaman valideynlər də səmimi qəlbdən onunla birgə ağlamalı, heç olmasa kədərini bölüşməli, bunu ona hiss etdirməlidirlər.
Ata və ana uşaqları kədərlənəndə onlarla birgə eyni hissləri yaşamağa çalışmalıdırlar ki, onların gözündə daha da ülviləşsinlər, söyləyəcəkləri sözlər də onların daxili dünyalarında güclü bir təsir meydana gətirsin. Beləcə, ata və ana uşağın qəlbinin dərinliklərində elə bir mövqə qazanmış olar ki, artıq heç bir güc onları övladlarının qəlbindən çıxara bilməz. Bu mərhələdən sonra uşaqlara deyilən hər bir söz onların qəlbində dəyər və mövqeyə, uca bir yerə sahib olar.
Bundan başqa, evdə, ailə mühitində vəzifə və səlahiyyət boşluğu da yaşanmamalıdır. Evdə vəzifə və səlahiyyət bölgüsü düzgün planlaşdırılmasa və bu sahədə hər hansı bir boşluq olsa, həmin ailə yuvası zehni qarışıqlıqdan, uşaqlar da içinə düşdükləri dilemmadan qurtula bilməzlər. Kişi müəyyən məsələlər baxımından evdəki nizam və intizamdan, ümumi ahəngdən məsuldur. Hətta demək olar ki, evdə bir çox məsələdə birinci dərəcəli məsul şəxs kişidir. Əslində, uşaqların da belə məsuliyyətli bir insana ehtiyacı var. Evdəki bu məsuliyyət şüuruna şahid olan uşaqlar həyatları boyu nizamsızlıq, dağınıqlıq və məsuliyyətsizlik yaşamazlar. Bunun əksinə evdə iki məsuliyyətsizin olması və iki ayrı yerdən davamlı olaraq əmrlərin gəlməsi uşaqların düşüncə dünyasını bəlkə də bərpası mümkün olmayan dağınıqlığa məruz qoyar.
Uşaqlar valideynlərinin birindən qorxanda digərinə sığına bilməli, hətta bu sığınacaqları yer də məhz ana qucağı olmalıdır. Belə bir bölgü ilə uşaqlar ataya qarşı hörmət və sevgi ilə qarışıq bir qorxu hissi duyar, ana qucağında isə şəfqət və mərhəmət hissini dadarlar. Beləcə, yeri gələndə hörmət və sevgi qarışıq bir qorxu hissi, yeri gələndə də ümid hissi ilə yaşayar, ancaq əsla yalnızlıq hiss etməzlər.
Bunun əksinə evdəki ailə həyatı belə bir ahəng üzərində qurulmasa, ailədə həmişə ziddiyyətlər davam edər. Qadının özünə görə bir baş, kişinin də özünə görə bir baş olduğu bir yuvada uşaqlar hissiz, duyğusuz və vaxtında almalı olduqları mənəvi qidaları almadan sərt təbiətli insanlar kimi yetişərlər.
Uşaqlarımızın cəsarətli olmasını istəyiriksə, onları nağıllardakı divlərlə, cinlərlə, pərilərlə qorxutmamalıyıq. Onları bütün çətinliklərə dözə biləcək mənəvi bir immun sistemi ilə güclü fərdlər kimi yetişdirməliyik.
Əgər uşaqlarımızın imanlı olmasını, imanla böyüməsini istəyiriksə, təkcə ibadətlərimizdə deyil, təbəssümümüzdən tutmuş, yatmağımıza və qalxmağımıza qədər həyatın bütün sahələrində, bütün hərəkət və davranışlarımızda Allaha imanın təzahürlərini sərgiləməli, uşaqlarımıza imanlı bir insanın yaşayışını nümunə olaraq şəxsən özümüz göstərməliyik. Bəli, həmişə onların bizi görmək istədikləri kimi olmalı, bizi onların gözündə kiçik düşürəcək hərəkət və davranışlardan uzaq durmalıyıq.
Həmişə onların gözündə hörmətli, dəyərli və əziz olmağa çalışmalıyıq ki, söylədiyimiz sözlər onların qəlblərində yer tapa bilsin, istəklərimiz onlarda əks reaksiya meydana gətirməsin. Bu baxımdan demək olar ki, xəfif-məşrəb atalar övladları qarşısında olsa-olsa ancaq bir dost ola bilər, ancaq əsla bir müəllim, bir tərbiyəçi ola bilməz, övladlarını istədikləri kimi tərbiyə edə bilməzlər.
Təəssüf ki, bəzən dini bilikləri, dünyagörüşləri və düşüncələri olduqca dar olan yaşlı insanlar məscidə gələn uşaqlara üzlərini büzməklə, qaş-qabaqlarını salmaqla sanki məscidin ləyaqətini qoruduqlarını düşünürlər. Lakin bu rəftarları ilə uşaqları məsciddən soyudur, eyni zamanda Həzrət Peyğəmbərimizin (s.ə.s.) sünnətinə zidd hərəkət edirlər. Bu mənada nəinki məscidə gələn uşaqlarla sərt rəftar edilməli, əksinə, onlara hədiyyələr verilməli, məscid və namaz onlara sevdirilməlidir.
Məhəlləmizin gözəl bir guşəsi məbəd və ya məscid, evimizin şirin bir yeri də namazgah olmalıdır ki, uşaq hər dəfə gözünü açanda, ətrafına baxanda Allahı (c.c.) xatırladan işarə və dəlillərlə qarşılaşsın, vaxtı, zamanı gələndə də azad seçimi və hür iradəsi ilə öz yolunu seçsin. Uşaq namaz qılacaq yaşa gələndə atası onun əlindən tutaraq anasının yanında ona da bir yer və səccadə ayırsa, belə mənəvi bir atmosferdə yetişən uşaq da qəlbən namaza bağlanmış olar. Bu halda bəlkə də illər sonra qədərin cilvəsi olaraq valideynlər bu dünyadan köçəndə qəbrin başına "Ruhuna Fatihə" yazmağa da ehtiyac qalmaz. Çünki onlar onsuz da bu dünyada ruhlarına Fatihə oxuyacaq bir övlad qoyub getmiş olarlar.


Abid Öməroğlu