Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, İkinci Dünya Müharibəsində əfsanəvi şəxs olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ailəsində doğulub. Orta təhsilini doğulduğu kənddə alıb. Səkkizinci sinifə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.
Mikayıl Cəbrayılov 1990-cı ilin dekabr ayında Qarabağa ezam olunur. Mikayıl 3 polislə birlikdə Əsgəran rayonunda yerləşən Cəmilli kəndinə gedir. Bir müddət sonra onlar kəndi gəzib, sakinlərlə görüşürlər. Kənd camaatı onları böyük sevinclə qarşılayırlar. Əhali onlarla dərdlərini bölüşür, hər tərəfdən onlara dualar edirlər. Mikayılgilin gəlişi təbii ki, onları daha da ruhlandırmışdı.
Şəkidən ezam olunan 4 polis bir çox strateji nöqtələri öyrənir və düşmən təxribatına qarşı tədbirlər hazırlayırlar.
Qrupun rəhbəri baş leytenant Mikayıl Cəbrayılov idi. Onlara Əsgəran rayonunda yerləşən və bir neçə gün əvvəl ermənilər tərəfindən mühasirəyə alınan bu kəndi qorumaq tapşırığı verilmişdi. Kənd sakinlərinin xilaskarına çevrilmiş qrupun üzvləri erməni silahlı qüvvələri ilə müqayisədə dəfələrlə az olsalar da, Cəmillini düşmən işğalından qoruya bilirdilər. Onların belə döyüşkənliyi isə erməniləri narahat edirdi. Elə bu səbəbdən də ermənilər öz qüvvələrini artırmaqla kəndin mühasirəsini daraldır, giriş-çıxışlarda pusqular qururdular. Nəticədə, Cəmillinin digər kənd və rayonlarla əlaqəsi kəsilir, camaatın vəziyyəti daha da ağırlaşırdı. Kənddən çıxmaq istəyənlər isə ermənilər tərəfindən atəşə tutulur, əsir alınırdılar.
Bir gün polis əməkdaşlarına xəbər gəlir ki, sakinlərin çörək ehtiyatı tamamilə tükənib. Un və digər ərzaq məmulatlarının gətirildiyi Şuşa isə ermənilərin nəzarətindədir. Əhalinin yeganə ümidi qonşu Kosalar kəndinə qalırdı. Ancaq həmin kəndə üz tutmaq təhlükəli idi. Çünki Cəmilli-Kosalar yolu da ermənilərin nəzarətində idi.
Şəkidən gələn polislər bütün variantları götür-qoy edir, hansı yolla olur-olsun sakinləri çətin vəziyyətdən çıxarmaq barədə fikirləşirdilər. Çünki müharibə şəraitində olan kənd camaatı ərzaqsız tab gətirə bilməyəcəkdi.
Mikayıl digər polis əməkdaşlarını da yanına çağırıb bildirir ki, nəyin bahasına olursa-olsun Kosalardan Cəmilliyə ərzaq gətirilməlidir. Daha sonra iki polisə işarə edib deyir ki, siz burada qalıb kəndi qoruyacaqsınız, Arzu (Şəkidən gələn digər polis) da mənimlə gələcək. Kənd camaatı isə israrla onlarla birlikdə getmək və kömək etmək istədiklərini bildirirlər.
15 nəfərə yaxın könüllü yığılır. Onlardan Mikayılla Arzu təhlükəsizliyi təmin etməli, digərləri isə un və digər ərzaqların qısa vaxtda maşına yüklənib ünvana çatdırılmasına köməklik göstərməli idilər. Beləliklə, onlar "Zil" markalı yük maşınına minib yola düşdülər. Mikayıl yol boyu silahdaşı Arzu ilə ətrafa göz qoyurdu.
Bu vaxt meşəlikdən atəş səsi eşidilməyə başladı. Ermənilər Mikayılgilin olduğu yük maşınına hücum etməyə başladılar. Bir neçə dəqiqə sonra onlar artıq pusquya düşdüklərini anladılar.
Qəfil hücumdan çaş-baş düşən 5 sərnişin düşmən gülləsindən yayına bilmir. Mikayıl cəld maşından yerə tullanır və təkbaşına ermənilərlə döyüşə girir. Bu vaxt düşmən gülləsindən biri də sürücünün çiyninə tuş gəlir və o, idarəetməni itirəcəyindən qorxub maşını saxlamağa məcbur olur. Bu vaxt Arzu yaralılara tərəf əyildi. Onlardan biri artıq canını tapşırmışdı. Bu sarsıntıdan özünə gəlməmiş o, Mikayılın səsini eşitdi:
- Arzu, Kosalara çox az qalıb. Sən camaatı o kəndə salamat çatdırmağa çalış, mən hücumun qarşısını almağa çalışacağam.
Mikayıl sürücüyə maşını hərəkətə gətirməsini əmr edir. Sürücü özünü güclə toplayıb Kosalara tərəf yoluna davam etməyə başlayır. Arzu yol boyu maşının kuzovundan düşmənə atəş açaraq, bir neçə ermənini məhv edə bilir. Sürücü isə maşını sürətlə idarə edərək, qısa bir vaxtda onları hadisə yerindən xeyli uzaqlaşdırır. Bir neçə dəqiqədən sonra atəş səsləri kəsilir.
Onlar təzəcə xilas olduqlarını fikirləşməyə başlayırlar ki, bir daha silah səsi eşidilir. Başından güllə yarası alan Arzu elə həmin yerdə şəhid olur. Mikayıl isə döyüş yoldaşının başına gələnlərdən xəbərsiz vuruşurdu. O, qeyri-bərabər döyüşdə xeyli erməni quldurunu məhv edə bilir. Bu dəqiqələr ərzində o, kənd camaatı olan maşının döyüş yerindən uzaqlaşmasına kömək edə bilir. Ancaq, maşın gözdən itər-itməz Mikayıl ağır yaralanır. O, güclə sürünərək daha təhlükəsiz bir yerdə - yolun qırağındakı ağacın altında mövqe tutur. Avtomatını götürüb atəş açmağa başlayır. Ancaq, çox sayda erməni işğalçıları onu şəhid edir. Sonradan məlum olur ki, həmin döyüşdə Mikayıl Cəbrayılova on yeddi güllə vurulmuşdu.
Mikayıl Cəbrayılov İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun böyük oğludur. Ata ilə oğulun taleləri müəyyən mənada bir-birinə çox oxşayır.
Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci Dünya Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanıb. Bir neçə yerdə hərbi təlimlər keçdikdən sonra döyüşlərdə yaxından iştirak edib. 1942-ci ildə onun təyyarəsi Kursk ətrafında vurulur və Şimali Donetsk çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür. Uzun müddət əsir həyatı yaşayır. Bir neçə dəfə əsirlikdən qaçmağa cəhd edir və sonda buna nail olur. Sonra o, Fransa Müqavimət Hərəkatına qoşularaq, almanlara qarşı vuruşmaqda davam edir. Fransada "Armed Mişel", "Ryus Armed", "Xarqo" ləqəbləri ilə məşhurdur.
Əhmədiyyə Cəbrayılov xatirələrindən birində deyir ki, müharibədən qayıdandan sonra Şəkidə bir çox maddi problemlərlə üzləşir, çətinliklər yaşayır.
O həmçinin deyir ki, Fransada etdiklərini rayonda, kənddə kimə danışırsa, inandıra bilmir. Nəhayət, bir gün Fransanın prezidenti Şarl de Qol 1966-cı ildə Moskavaya səfəri zamanı rəsmi şəxslərə Əhmədiyyə Cəbrayılov adlı hərbçi barədə danışır və onunla görüşmək istədiyini bildirir. Çətinliklə də olsa Əhmədiyyəni Şəkinin Oxud kəndindən tapa bilirlər və təzə paltar, kostyum geyindirib, Moskvaya Fransa prezidentinin görüşünə aparırlar. Həmin gündən etibarən Əhmədiyyə Cəbrayılov Fransaya bir neçə dəfə səfər edir.
Qeyd edək ki, Mikayıl Qarabağda olduğu dövrdə "Xarqo" Fransada səfərdə idi. 1990-cı il dekabrın 17-də Əhmədiyyə Cəbrayılov Şəkiyə - evlərinə qayıdır. Ailə üzvləri ondan: "Hələ bir qədər də orada olmalı idin, niyə belə tez qayıtdın?" - deyə soruşurlar. O da: "Nədənsə ürəyim sıxıldı, qala bilmədim, ona görə də, tez qayıtdım", - deyir. Bir neçə dəqiqə sonra isə oğlunun - Mikayıl Cəbrayılovun ölüm xəbərini alır və ata ürəyinin narahatlığının səbəbi məlum olur.
Mikayıl Cəbrayılov Şəki rayonunun Oxud kəndində dəfn edildi. Ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü. 1992-ci il iyun ayının 6-da isə "Qızıl Ulduz" ordeni ilə təltif olundu. İndi şəhid olduğu kənd də Mikayılın adını daşıyır. Şəki şəhərində isə onun adını daşıyan bir küçə var.
Ruslan Yusibov