İnsan doğularkən bədəninin bir cinsiyyəti olur. Başqa sözlə, insan DNT-dəki göz rəngi, saç rəngi, boy ölçüsü və s. kimi məlumatlarla doğulur. Buna bənzər şəkildə insan doğularkən onun psixikası, yəni nəfsi də müxtəlif informasiyalar, həmçinin, xüsusiyyətlərlə təchizatlı olur. Bizi bir-birimizdən fərqləndirən də məhz nəfsimizdəki bu müxtəlifliklərdir. Unudulmamalıdır ki, insanların psixoloji fərqlilikləri dominant olaraq istifadə etdikləri mərkəz və şöbələrin fərqli olmasından qaynaqlanır.
Bu baxımdan, psixoloji səviyyənin üç əsas mərkəzi var:
1. Fiziki və ya instinktiv mərkəz.
2. Arzu, istək və ya duyğu mərkəzi.
3. Düşünmə və ya ağıl mərkəzi.
Bütün mərkəz və şöbələr hər kəsdə mövcuddur, ancaq hər insanda bunlardan biri digərlərinə görə dominant və ya hakim vəziyyətdədir.
Fiziki/instinktiv mərkəz:
Bu mərkəzin əsas funksiyası insanın varlığını qorumaq və bunun üçün lazım olan əməliyyat/hərəkət mövqeyini təyin etmək, həyatda qalmaq, özünü müdafiə etmək və öz məsuliyyət dairəsinə hakim olmaqdır. Başqa sözlə, bu mərkəzin əsas funksiyası özünü qorumaq üçün zərərli və təhlükəli olan hər şeyi özündən uzaqlaşdırmaq, məhv etmək və ya ondan uzaqlaşmaq istiqamətindədir.
Fiziki mərkəz balanslı olduqda özünü lazımi səyi göstərmək, lazımi davranışı həyata keçirmək, həmçinin, mübarizə və cəsarət şəklində büruzə verir. Balans pozulduqda bir tərəfdə özünü saxlaya bilməmək, düşüncəsizcəsinə davranmaq, həddən çox mühakimə və ya təcrid etmək, öhdəsindən gələ bilməyəcəyi bir qüvvəyə müqavimət göstərmək, həmçinin, təcavüz və zərər vermək kimi ifrat vəziyyətlər ortaya çıxır. Digər tərəfdə isə yayınmaq, geriyə çəkilmək və tənbəllik kimi təfrit vəziyyətlər özünü göstərir.
Fiziki/instinktiv mərkəzin üç şöbəsi var: 8, 9, 1
Duyğu mərkəzi:
Bu mərkəz insanın sevmək-sevməmək, xoşu gəlmək-zəhləsi getmək, ehtiyac duyduqlarını istəmək, xoşlamadıqlarını istəməmək və s. vəzifələrini yerinə yetirir. Digər tərəfdən, bu mərkəz insan və əşyalarla əlaqəli olmaq, sosial münasibətlər qurmaq, ehtirasla (həddən çox) istəmək və ya arzulamaq funksiyasını həyata keçirir. Duyğu mərkəzinin davranışı balanslı olduqda, başqa sözlə, düşüncəyə tabe olduqda, onun əmrlərinə qarşı gəlmədikdə, ya da öz arzularına çox bağlı olmadıqda onda həya fəziləti və arxasınca da comərdlik fəziləti meydana gəlir.
İstək/duyğu mərkəzi balanslı və ölçülü olmadıqda isə insan əşya və münasibətlərin dustağı və aludəçisi olur. Bu mərkəzin təbii xüsusiyyət və funksiyaları həya, mərhəmət, yaxşı və gözəl xüsusiyyətlərə sahib olmaq, istəklərinə nəzarət edə bilmək, qənaətcil, səbirli olmaq, gözəl davranmaq, mənfi davranışlardan uzaq olmaq, uyğun vasitələrlə qazanc əldə etmək və bu qazancı faydalı məqsədlərlə istifadə etmək, comərd və fədakar olmaq, başqalarını düşünmək, bağışlamaq və kömək etməkdir.
Duyğu mərkəzinin də üç şöbəsi var: 2, 3, 4
Düşüncə/ağıl mərkəzi:
Şəxsin həm özünü, həm də özündən kənardakı hər şeyi müşahidə edən, topladığı məlumatları müəyyənləşdirən, müqayisə edən və bunlar üzərində düşünərək doğru və yanlışı müəyyən etməyə çalışan mərkəzdir. Bu mərkəzin əsas funksiyaları məlumat toplamaq, analiz-sintez etmək, əsaslı və məntiqli düşünmək və nəhayət, doğru və yanlışı bir-birindən ayırmaqdır.
Ağıl mərkəzi bir şeyi bilmədikdə qorxu və narahatlıq hiss etməyə meyillidir. Bu mərkəzin balanslı və təbii halında hikmət ortaya çıxır. İfrat vəziyyətində cərbəzə (hiyləgərcəsinə aldadaraq üstə çıxmaq, söz oyunu oynayaraq doğruları örtmək), səthi mühakimə, aldadıcı şərhlər özünü göstərir. Təfrit vəziyyətində isə bir şeyi hər cəhəti ilə idrak etməkdə acizlik özünü büruzə verir.
Ağıl mərkəzinin təbii xüsusiyyət və funksiyaları bunlardır: zəka, tez anlamaq, zehin açıqlığı, asan öyrənmək, dərin düşünmək, əzbərləmək və xatırlamaq.
Düşüncə/ağıl mərkəzinin də üç şöbəsi var: 5, 6, 7
Burada şəkil olacaq.
Beləliklə, psixoloji səviyyənin üç mərkəzi və hər mərkəzin də üç şöbəsi olduğuna görə cəmi 9 temperament (başqa sözlə, mizac) tipi ortaya çıxır. Mizac: ərəbcə birdən çox şeyin qarışığı, mütənasib uyğunluğu mənasındadır. Terminoloji mənası isə insanın düşüncə, duyğu və davranışlarının fundamental qaynağı, yəni, kənardan gələn təsirlərin qəbul edilib dəyərləndirildiyi quruluş mənasındadır. Bu quruluşun da ayrı-ayrılıqa insanın üç əsas mərkəzinin balanslı bir qarışığı olduğunu demək olar.
Roman Mamedov