Günümüzdə ingilis dilini bilmək artıq zəruri xarakter daşıyır. Hər kəs başa düşür ki, bu dili bilmədən bir çox ölkələrdə yaşamaq çətindir. Adicə internetdə faydalı və geniş məlumat əldə etmək üçün də ingilis dili lazım olur. Buna görə də, bu dili öyrənənlərin sayı günü-gündən artmaqda davam edir. İngilis dilini öyrənmək üçün müxtəlif metodlar və kurslar var. Onlardan  biri də “Cambridge Assesment English”dir.  Bir çoxlarımızın məlumatlı olmadığı bu metod ingilis dilini pillə-pillə və əzbərçilik tələb etmədən öyrədir.  Bu barədə daha ətraflı məlumat əldə etmək üçün ITAC tədris mərkəzinin direktoru, Kembric imtahanları üzrə mütəxəssis Həsrət Şıxbabayevlə həmsöhbət olduq. Həmsöhbətimiz oxucularımız üçün bu proqrama neçə yaşdan etibarən qoşulmaq lazım olduğunu, onun faydaları və üstünlükləri haqqında geniş məlumat verdi.

- Hər bir şəxsin arzusu xaricdə təhsil almaqdır. Bunun üçün də ingilis dili biliyinin olması vacibdir. Neçə yaşdan etibarən bu dili öyrənməyə başlamaq lazımdır?
- İstər ingilis dili, istərsə də digər xarici dilləri öyrənmək üçün ən doğru vaxt kiçik yaşlarından başlamaqdır. Bəzən olur ki, valideyn 10-11-ci sinifdə oxuyan övladını gətirib deyir ki, istəyirəm övladım SAT və ya IELTS imtahanına hazırlaşsın. Abituriyenti imtahan edən zaman görürük ki, onda ingilis dili səviyyəsi yox dərəcəsindədir. Belə abituriyentləri hazırlaşdıran zaman əlimizdən gələni etsək də, onda mənimsəmə zəif olduğundan proqramı çatdırmaq çətin olur. Buna görə də, valideynlər övladlarını 5-6 yaşdan ingilis dilinə hazırlaşdırsalar, daha yaxşı olar. Kiçik yaşlardan ingilis dilinin mənimsənilməsi daha effektiv olur və uşaq artıq yuxarı siniflərdə yaxşı danışa, özünü yaxşı ifadə edə bilir. Uşaqların ingilis dili öyrənməsinə ən yaxşı təkan verən sistem Kembric imtahanlarıdır.

- Qeyd etdiniz ki, ingilis dilinin öyrənilməsində ən yaxşı sistem Kembric imtahanlarıdır. Kembric imtahanları nədir?
- Bildiyimiz kimi Kembric Universiteti dünyanın ən prestijli universitetlərindən biridir. Bu universitetin fərqli departamentləri var və onlardan biri də “Cambridge Assesment English”dir. Kembric 100 ildən artıqdır ki, ingilis dili tədrisini və təşkilini özündə əks etdirərək ingilis dili biliyini dəqiq ölçmək üçün fərqli imtahanlar təşkil edir. Bu imtahanlar 6-16 yaşlı məktəblilərin beynəlxalq standartlar əsasında ingilis dili tədrisini təşkil edir və imtahanlar yaş qrupuna görə fərqli olur. Belə ki, 6-12 yaş arası kateqoriya üçün “Starters”, “Movers”, “Flyers”, 12-18 yaş arası kateqoriya üçün isə “KET for schools”, “PET for schools”, “FCE for schools”, “CAE”, “CPE” imtahanları nəzərdə tutulur. Uşaqlar kiçik yaşlarından bu imtahanlarda iştirak edərək pillə-pillə ingilis dili səviyyələrini artıra bilərlər. Əlavə olaraq, bu imtahanlar sayəsində valideynlər də övladlarının ingilis dili səviyyəsində inkişafı görə bilirlər.

- Kembric imtahanlarının digər imtahanlardan fərqi nədir?
- Kembric imtahanlarının hazırkı ənənəvi test sistemindən fərqi odur ki, bu imtahanlarda iştirak edən şagirdlər danışıq, dinləmə, yazı və oxuma qabiliyyətlərini eyni vaxtda ölçə bilirlər. İmtahanlar hər bir səviyyənin sonunda təşkil olunur. Bu zaman həmin şəxs artıq hansı dil qabiliyyətində zəif olduğunu görə bilir və özünü o istiqamətdə inkişaf etdirməyə başlayır. Lakin ənənəvi test üsulu dil öyrənən şəxsin qabiliyyətlərini ölçməkdə əskik qalır. Müəllim şagirdə ingilis dilini tədris edərkən 4 bacarığın hər birini inkişaf etdirmək üçün mühit yaratmalıdır. Çox təəssüf ki, bizdə əksər uşaqların yazı, dinləmə və danışıq qabiliyyətləri zəif inkişaf edir və onlar yalnız qrammatika öyrənirlər. Ona görə uşaqların ilk növbədə bu dörd dil bacarığını inkişaf etdirməsi, mənimsəməsi vacibdir. Kiçik yaşdan hazırlaşan uşaqlar yuxarı siniflərdə SAT, IELTS və TOEFL kimi imtahanlara da daha rahat hazırlaşa bilirlər. İmtahanlardan sonra iştirakçılara Kembric sertifikatları təqdim edilir. Sertifikatlarımız və imtahan sualları isə birbaşa Kembricdən göndərilir. Onu da qeyd edək ki, “Cambridge Assessment English” ehtiyaca və yaşa görə imtahanlar təşkil etdiyindən, uşaqlarla yanaşı, böyüklər də iştirak edə bilər.

- Bəs imtahanlar necə, ödənişlidir?
- Bəli, imtahanlar ödənişlidir və aprel, may, iyun aylarında təşkil olunur. İmtahanlara tələb çox olduqda, ilin ortasında da təşkil edirik.

- İngilis dilini tədris edərkən oxuma, dinləmə, yazma və danışma bacarıqlarını eyni anda inkişaf etdirmək üçün hansı metodlardan istifadə edirsiniz?
-  Sadaladığınız 4 dil bacarığının inkişafı üçün mərkəzimizdə beynəlxalq kurikulum standartlarına uyğun metodlardan və texnikalardan istifadə edilir. Əvvəlcə müəllim sinifdə ancaq ingilis dilində danışır və uşaqların xarici dili başa düşmələri üçün bədən dilindən və əyani vəsaitlərdən istifadə edir. Bundan başqa, mahnılara və əyləncəli oyunlara da çox yer ayrılır, hətta qrammatika belə əyləncəli üsullarla tədris olunur. 
Ümumiyyətlə, hər hansı bir xarici dili öyrənmək üçün üç əsas faktor var: “Exposure”, “Interaction”, “Form”. Bu faktorlar sıra ilə həyata keçirilməlidir. 1-ci faktor “Exposure” o mühitin yaranması deməkdir. Yəni, müəllim ingilis dilini tədris edərkən sinifdə o mühiti yaratmalıdır. Televizorda göstərilən videolar, divarda olan yazılar, sinifdə dinlədilən mahnılar, müəllimin sinif dili və s. ingilis dilində olmalıdır. 2-ci faktor “Interaction” insanlarla ünsiyyət deməkdir. Şagirdlərin bir-biriləri və müəllimlə ingilis dilində danışmağa çalışmaları xarici dili inkişaf etdirir, eyni zamanda mənimsədir. Və ən sonda gələn 3-cü faktor “Form” isə qrammatika deməkdir. Yəni, şagirdlər dil öyrənərkən qrammatika da öyrənməlidirlər.
Beləliklə, təkcə bu üç faktorun birlikdə vəhdəti nəticəsində insan mükəmməl dil öyrənə bilər. Təəssüf ki, bu, bəzi tədris müəssisələrində əksinədir. Dilin tədrisi zamanı ancaq 3-cü faktora çox yer ayrılır, qrammatikadan başlanılır və dərslərdə yalnız qrammatika tədris olunur, hətta Azərbaycan dilində danışılır. Buna görə də, çox heyif ki, nəticədə, bizim uşaqlarımız ingilis dili grammatikasını öyrənirlər, lakin danışa və yaza bilmirlər. Amma Kembric imtahanlarına hazırlayan müəllim tədrisin sonunda tələbəsinin hər 4 dil qabiliyyətindən ayrı-ayrılıqda imtahan verəcəyini bildiyi üçün işinə daha məsuliyyətlə yanaşır və onu motivasiya edir ki, imtahanda bu dil bacarıqlarında yüksək nəticə əldə etsin.

- Kembric imtahanı sertifikatı alan şəxs hansı üstünlüklərə malikdir?
- Kembric imtahanlarının sertifikatı dünyanın 25 min təşkilatı tərəfindən tanınır və qəbul edilir. Dünya üzrə hər il bu imtahanlarda 5,5 milyon insan iştirak edir. Kembric sertifikatı alan şəxs xarici ölkədə istədiyi yerə, təhsil üçün yaşına və səviyyəsinə görə universitetlərə, orta məktəblərə müraciət edə bilər. Sertifikatın üzərində şagirdin oxuma, yazma, dinləmə və danışıq səviyyələri göstərilir, arxa tərəfində isə bu səviyyədə olan şəxs nələri bacara bilər, o qeyd olunur. Bəzən valideynlər soruşurlar ki, “uşaqlara bu yaşda sertifikat niyə lazımdır”? Bu sertifikatlar uşaqlar üçün stimuldur, həvəsləndirici amildir. Əgər 5-ci sinifdə oxuyan şagirdə “sən 4-5 ildən sonra IELTS imtahanı verəcəksən” desən, o bunu başa düşməyəcək. Amma desəniz ki, 3-4 aydan sonra ingilis dilindən imtahan verəcəksən, bu zaman uşaq imtahana fokuslanacaq və pillə-pillə IELTS imtahanına doğru irəliləyəcək. Ənənəvi test üsulu ilə imtahan təşkil edən kurslara gedən şagirdlərdə isə bu belə olmur. Bu sertifikat sayəsində valideynlər qeyd etdiyimiz kimi övladlarının ingilis dili səviyyəsini daha dəqiq bilirlər. Ənənəvi test üsulu ilə uşaq imtahan verəndə valideyn sadəcə olaraq bilir ki, 30 sualdan 25-nə düzgün cavab verdi. Yadda saxlamaq lazımdır ki, bu, ölçü deyil. Bununla övladınız ingilis dilini bilir, demək olmaz. Kembric imtahanlarında isə valideyn bilir ki, övladının hansı səviyyəsi zəif və ya güclüdür. Hətta təklif edərdim ki, gələcəkdə Azərbaycanda universitetlərə qəbul imtahanlarında ingilis dilindən ənənəvi test üsulu dəyişdirilsin. Onu da qeyd edək ki, IELTS istisna olmaqla Kembric imtahanları sertifikatının etibarlılığı müddətsizdir.

- Son olaraq tövsiyələriniz… 
- Tövsiyəm əsas valideynlərədir. Uşaqları üçün ingilis dili hədəflərini kiçik yaşlardan qoysunlar. Qərar versinlər ki, övladıma ingilis dili niyə lazım olacaq və o, harada təhsil alacaq. Artıq hər birimiz bilirik ki, bu, beynəlxalq dildir və bir çox yerlərdə lazım olur. Dilin tədrisində düzgün yolu seçsinlər. Övladlarının ingilis dilində 4 qabiliyyətinin yaxşı inkişaf etməsini istəyirlərsə, Kembric imtahanlarına yönləndirsinlər ki, yuxarı yaşlarda artıq gecikmiş olmasınlar.




İlahə Hüseynova