Həqiqət budur ki, sürətlə inkişaf edən texnologiya həyatımızı hər gün bir az da asanlaşdırır. Bizə lazım olan milyonlarla məlumatı özündə saxlayan və cibimizdə rahatca gəzdirdiyimiz telefonlar, bir çox işimizi daha sürətli və asan gördüyümüz, bəzilərinin hətta buna görə pul da aldığı kompüterlər bunlardan ancaq ikisi və ən çox məlum olanlarıdır. Yəqin ki, texnologiyanın zərərləri barədə də kifayət qədər məlumatlısınız. Lakin bu dəfə texnologiyanın demək olar ki, hər kəsə toxunmuş, amma çox az insanın xəbərdar olduğu zərərlərindən - texnoloji xəstəliklərdən danışacaq və onlardan bir neçəsi ilə tanış olacağıq. Budur, zəmanəmizin ən böyük problemlərindən olan texnoloji xəstəliklər:

Eqosörfinq - insanların öz adlarını müəyyən aralıqlarla internet axtarış sistemlərində yazıb, özləri haqqındakı məlumatları izləməsinə deyilir. Bu xəstəliyin nümayəndələri internetdə özləri haqqında deyilən, yazılan hər şeyi bilmək istəyirlər. Eqosörfinqə həmçinin onlayn narsissizm də deyilir. Narsissizm insanın özünə heyran olması halıdır.

Kiberxondriya - hər hansı bir şəxsin özündə hiss etdiyi müəyyən simptomlara əsaslanaraq internetdə axtarış etməsi, diaqnoz qoyması və əldə etdiyi məlumatlar əsasında özünü müalicə etməsinə deyilir. Belə insanlar adətən günlərlə, hətta həftələrlə internetdəki məlumatları tədqiq etməklə məşğul olurlar. Onlar xəstəliklərinin müalicəsi üçün nə qədər vəsait lazım olduğunu hesablamağa başlayır, bəzi hallarda isə işləyə bilməyəcəkləri ilə bağlı təlaşa qapılırlar. Ekspertlər bildirirlər ki, kiberxondriyalı insanlar özlərində olan simptomları hər hansı bir xəstəliyə uydura bilmədikdə həyəcan və stress halları artır ki, bu da başqa xəstəliklərin meydana çıxmasına səbəb olur. Həmçinin, internet portallarına yerləşdirilən saysız-hesabsız yalan məlumatlar əsasında qoyulan diaqnozlar və aparılan müalicələr də ciddi fəsadlara yol açır.

FOMO (fear of missing out - gözdən qaçırmaq qorxusu) - internetdəki yenilikləri hər hansı bir səbəbə görə izləyə bilməmək və ya gözdən qaçırmaq qorxusuna deyilir. Bu xəstəliyə yoluxan insanlar virtual aləmdəki yenilikləri gözdən qaçırmağı özləri üçün böyük itki hesab edirlər. Belə şəxslər adətən sosial şəbəkələrdə izlədikləri şəxslərin status yeniləmələrindən daim xəbərdar olmaq istəyirlər.

Nomofobiya - insanın mobil telefonu ilə əlaqəsinin kəsilməsi ilə bağlı yaşadığı qorxuya deyilir. Nomofobiyanın nümayəndələri qətiyyən mobil telefonlarından ayrı qalmaq istəmirlər. Ayrı qalanda da onlarda qorxu və panika hallarına rast gəlinir ki, bu da baş gicəllənməsinə, nəfəs darlığına və bədəndə əsməyə səbəb olur.

Feysbuk depressiyası - insanların mənfi düşüncələrini başqaları ilə bu istiqamətdə ünsiyyət quraraq daha da alovlandırmasına və beləliklə, özlərini bədbəxt və tənha hiss etməsinə deyilir. Xəstəlik ilk meydana çıxdığı vaxtlarda təkcə feysbuk istifadəçilərində müşahidə olunsa da, hazırda bütün sosial şəbəkələri əhatə edir. Lakin burada instaqrama xüsusi bir haşiyə açmaq lazımdır. Belə ki, artıq belə depressiyalar ən çox aktiv instaqram istifadəçilərində müşahidə olunur. Bunun səbəbi isə sözügedən sosial şəbəkədə digər insanların xoşbəxt və firavan həyat tərzini əks etdirən fotolarına baxaraq yaşanan məyusluq və paxıllıq hissidir. Nəticədə, belə hallar depressiyaya səbəb olur.

"Google" xəfiyyəliyi - şəxsin mütəmadi olaraq axtarış sistemlərində ətrafındakı insanların fəaliyyətləri ilə bağlı axtarışlar etməsinə, araşdırma aparmasına deyilir. Texnologiya xəstəlikləri arasında ən çox müşahidə olunanlardandır. Bu xəstəliyin nümayəndələri fəaliyyətlərini xüsusi məxfiliklə həyata keçirirlər.

Fotolörkinq - sosial şəbəkələrdə başqa insanların şəkillərinə saatlarla baxmaq xəstəliyidir. İnternetdə sosial platformaların artması və inkişafı başqalarının fotolarını və şəxsi məlumatlarını daha da əlçatan edib. Aparılan tədqiqatlar hətta bəzi fotolörkinqlərin vaxtlarının 1/5 hissəsini başqalarının fotolarına baxaraq keçirdiklərini ortaya çıxarıb.

İnternet əsəb xəstəliyi - bu xəstəliyə istifadə etdiyimiz texnoloji cihazlardakı müvəqqəti problemlər və ya iş qabiliyyətinin zəifləməsi səbəb olur. Belə səbəblərə görə əsəbiləşən insanlar əsasən mənəvi və fiziki cəhətdən həm özlərinə, həm də ətraflarındakılara zərər verirlər. Texnoloji cihazlardan istifadə edən hər kəsin müəyyən müddət ərzində bu xəstəliyi keçirdiyi ehtimal olunur.

"Youtube" narsissizmi - insanların özlərini tanıtmaq məqsədilə yutubdan istifadə etməsinə deyilir və tez-tez rastlanan texnoloji xəstəliklərdəndir. Belə şəxslər virtual aləmdə özlərinə yer etmək və rəğbət görmək istəyirlər. Yutub üçün lentə aldıqları videolarda adətən yeganə məqsədləri daha çox bəyənilmək, təqdir edilmək və nəyin bahasına olursa olsun, məşhurlaşmaq olur.

Selfitis - istənilən vaxtda və istənilən yerdə mobil telefonlar vasitəsilə şəkil çəkənlərə deyilir. Əvvəllər bahalı və xüsusi bir şey olduğu halda texnologiyanın ildırımsürətli inkişafı, xüsusilə mobil telefonların ixtirası şəkil çəkməyi adi hala çevirdi. Lakin selfitislər yuxudan oyandıqda, yolun ortasında və ya ağlınıza gələ biləcək hər yerdə şəkil çəkməyi vərdişə çevirirlər. Selfitis də tez-tez rastlanan texnologiya xəstəliklərindəndir. Hətta hazırda hər kəsin ətrafında bu xəstəliyə yoluxmuş bir və ya bir neçə nəfər görmək mümkündür.



Şahmərdan Əhmədli