Birmənalı şəkildə demək olar ki, hazırda elmi-texnoloji yeniliklər olmadan iqtisadiyyatın hər hansı bir sahəsində inkişafa nail olmaq mümkün deyil. Bu səbəbdən də innovasiya infrastrukturu yüksək səviyyədə olan ölkələrdə iqtisadiyyatın inkişafı da yüksək olur. Qeyd edək ki, innovasiya infrastrukturu dedikdə elmi müəssisələrin, təhsil ocaqlarının iqtisadi subyektlərlə qarşılıqlı əlaqələri nəzərdə tutulur.
Azərbaycanın dünya innovasiya iqtisadiyyatında yeri…
Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatında uzun illərdir neft-qaz sənayesi aparıcı rol oynayır. Heç şübhəsiz ki, neft-qaz sənayesinin inkişafında bu sahə üzrə ixtisaslaşan təhsil ocaqlarının rolu böyük olub. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti uzun illər həm Azərbaycanın neft-qaz sənayesi, həm də digər ölkələrin neft-qaz sənayesi ilə qarşılıqlı əməkdaşlıq edib. Vaxtilə iqtisadiyyatın digər sahələrilə təhsil ocaqları arasında da möhkəm əməkdaşlıq qurulub. Lakin ötən əsrin 90-cı illərindən başlayaraq iqtisadi sahələrdə fəaliyyət göstərən dövlət qurumları özəl şirkətlərə çevrilməyə başladılar. Bu səbəbdən də elmi müəssisələr və təhsil ocaqlarının iqtisadi subyektlərlə əlaqələrində qırılma oldu. Amma sürətlə dəyişən və qloballaşan dünyada elmi müəssisələr və təhsil ocaqları ilə əməkdaşlıq olmadan inkişafa nail olmaq mümkünsüz görünür.
Qeyd edək ki, Azərbaycanın bu sahədəki vəziyyəti aşağı səviyyədə qiymətləndirilir. Belə ki, Azərbaycan BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hazırlanan sonuncu “Qlobal İnnovasiya İndeksi”ndə 131 ölkə arasında 82-ci sırada yer alıb. Region ölkələrilə müqayisədə Azərbaycanın mövqeyi nisbətən zəif olub.
Elmə sərmaya qoyanlar inkişaf edir
“Qlobal İnnovasiya İndeksi”nə görə dünyada innovasiyaya ən çox əhəmiyyət verən ölkələrin ilk onluğunda İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya, Niderland, Danimarka, Finlandiya, Sinqapur, Almaniya və Cənubi Koreya yer alır. İnnovasiya sahəsində ən zəif nəticə göstərən ölkələrin ilk onluğuna isə Yəmən, Qvineya, Burma, Nigeriya, Efiopiya, Benin, Toqo, Mozambik, Mali və Zambiya daxildir. Hesabatdan da göründüyü kimi, iqtisadi inkişafla innovasiya arasında birbaşa bağlılıq var.
2020-ci ildə innovasiya sahəsində ən çox vəsait xərcləyən 5 ölkə aşağıdakı kimi olub:
Ölkələr | İnnovasiya sahəsində xərclənən vəsait | |
1 | ABŞ | 476,5 milyard dollar |
2 | Çin | 370,6 milyard dollar |
3 | Yaponiya | 170,5 milyard dollar |
4 | Almaniya | 109,8 milyard dollar |
5 | Cənubi Koreya | 73,2 milyard dollar |
İnnovasiya sahəsində ən çox vəsait xərcləyən ölkələr eyni zamanda milli gəlirə görə də ilk sıralarda yer alırlar. Milli gəlirə görə ABŞ dünyada 1-ci, Çin 2-ci, Yaponiya 3-cü, Almaniya 4-cü, Cənubi Koreya isə 10-cu sırada yer alıb.
Dövlət innovasiyanın əhəmiyyətini düzgün qiymətləndirir
İnnovasiyanınn ölkə iqtisadiyyatındakı əhəmiyyətini nəzərə alaraq Azərbaycan Prezidentinin 6 noyabr 2018-ci il tarixli Fərmanına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradıldı.
İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.
Tədqiqat aparmadan inkişaf olmur
Ancaq, məlum məsələdir ki, innovasiyaya əsaslanan iqtisadiyyat təkcə dövlətin dəstəyi ilə inkişaf etdirilə bilməz. Bunun üçün özəl şirkətlərin də təşəbbüs göstərməsi vacibdir. Tədqiqat və inkişafa (TƏ-İN) əhəmiyyət verməyən şirkətlərin böyüməsi və inkişafı mümkün deyil. TƏ-İN həm şirkətlər, həm də ölkə üçün böyümənin və inkişafın vacib bir elementidir. TƏ-İN həyata keçirən şirkətlər öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağı hədəfləyirlər.
Bu təşəbbüslərin nələr ola biləcəyini qısa şəkildə bu cür sadalamq olar:
- TƏ-İN üçün ilk növbədə innovativ layihələr şirkətlər tərəfindən dəstəklənməlidir və bununla bağlı şirkətlərin strateji planı olmalıdır. Şirkətlər özləri üçün aydın hədəflər müəyyən etməlidirlər. Aydın məsələdir ki, elmi-texnoloji yeniliklər olmadan strateji planları icra etmək və hədəflərə çatmaq mümkün deyil.
- Qarşıya qoyulan hədəfə çatmaq üçün şirkətlərin təşkilati strukturunda bu strategiyanı dəstəkləyən və icra edən bir şöbə, müəssisə olmalıdır. Yaxud da elmi müəssisələr və təhsil ocaqları ilə əməkdaşlıq etməlidirlər.
- Şirkətlər həm işçilərə, həm də kənar təşkilatlara innovativ layihələr təqdim edə bilmələri üçün şərait yaratmalıdır.
- Şirkət öz işində yeniliklər tətbiq edən işçiləri mükafatlandırmalıdır. Bu, digər işçilərin də təşviq olunması baxımından əhəmiyyətlidir.
- Bütün işçilər şirkətin hədəfləri, görülən işlər və bu işlərin mərhələləri barədə aydın və asanlıqla məlumat əldə etməlidirlər. Bunun üçün uyğun platformalar hazırlanmalı, fikirlərə baxmaq, müzakirə etmək və zənginləşdirmək üçün imkanlar təmin edilməlidir.
- İşçilər əmin olmalıdırlar ki, təqdim, ya da tətbiq etdikləri yeniliklər düzgün qiymətləndirilir. Təqdim etdiyi yeniliklərin ədalətli qiymətləndirilmədiyini görən işçinin bu işə davam etməsini gözləmək mənasız olar.
“Qlobal İnnovasiya İndeksi”nin açıqlanan nəticələrində gördüyümüz kimi dövlətlərin inkişaf səviyyəsi onların innovasiyaya verdiyi əhəmiyyətlə birbaşa bağlıdır. Eyni mənzərəni özəl şirkətlərdə də müşahidə etmək mümkündür. Hansı şirkət TƏ-İN-ə əhəmiyyət verirsə, bu sahəyə daha çox sərmayə qoyursa, həmin şirkətin uğurları da bir o qədər çox olur.
Hazırda dünyanın ən böyük şirkətləri həm də TƏ-İN-ə ən çox vəsait xərcləyən şirkətlərdir. 2019-cu ildə TƏ-İN-ə ən çox vəsait xərcləyən 5 şirkət aşağıdakı kimi olub:
Şirkətlər | TƏ-İN üçün xərclənən vəsait | |
1 | “Alphabet” | 18,3 milyard avro |
2 | “Samsung” | 14,8 milyard avro |
3 | “Microsoft” | 14,7 milyard avro |
4 | “Volkswagen” | 13,6 milyard avro |
5 | “Huawei” | 12,7 milyard avro |
Allahverdi Cəfərov