Bildiyimiz kimi, uzun fasilədən sonra 2015-ci ilin fevral və dekabr aylarında iki böyük devalvasiya (milli valyutanın dəyərdən düşməsi) oldu. Fevral ayının 21-də manat dollar qarşısında 34%, dekabr ayının 21-də isə 48% dəyərdən düşdü. Nəticədə, ilin əvvəlində 78 qəpiyə satılan 1 dollar ilin sonunda 1 manat 56 qəpiyə satılmağa başladı.
Xatırladaq ki, bu tarixlərdən əvvəlki 10 il ərzində manat heç vaxt dollar qarşısında dəyərdən düşmədi. Əksinə, manatın məzənnəsi dollar qarşısında artdı. 2006-cı ilin yanvar ayında manatın denominasiyası, yəni nominal dəyərinin dəyişməsi (1 yeni manat 5000 köhnə manata bərabər tutuldu) zamanı 1 dollar 92 qəpiyə bərabər oldu. Sonrakı 10 ildə manatın məzənnəsi dollar qarşısnda təxminən 15% yüksəldi.
Belə bir şəraitdə insanlar əllərində olan pulları daha çox "yastıq altı"nda, yəni nağd şəkildə evlərdə, ya da depozit şəklində banklarda saxlamağa üstünlük verdilər. Bu səbəbdən də 2015-ci ildə bir gecədə baş verən gözlənilməz devalvasiya insanların böyük zərərə düşməsinə səbəb oldu.
Yaxın tariximizdə baş verən bu təcrübədən sonra bir çox insan haqlı olaraq əllərindəki pulları necə dəyərləndirəcəyinə qərar verə bilmir.
Bəs pulumuzu doğru şəkildə necə saxlaya bilərik ki, dəyərdən düşməsin? Üstəlik, saxlanılan zaman dəyərlənməsi (artması) üçün nələrə diqqət etmək lazımdır?

"Yastıq altı"nda dollar saxlamaq onun dəyərini artırmır
Apardığımız müşahidələrdən və açıqlanan statistik məlumatlardan belə görünür ki, son vaxtlar insanlar əllərindəki pulları daha çox dollara çevirərək saxlamağa üstünlük verirlər. Son 5 ildə ölkədə banklar tərəfindən dollar satışı kəskin artıb. Bunun nəticəsidir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 5 il ərzində 12 milyard manatdan 6,3 milyard manata düşüb. Əllərindəki manatları dollara çevirənlər bunu banklarda saxlamırlar. Son 5 ildə banklarda yerləşdirilən depozit və əmanətlərin həcmi nəinki artmayıb, əksinə azalıb.
Lakin, məlum məsələdir ki, insanlar əllərində olan pulları dollarla saxlamaqla onu qorumağa nail ola bilsələr də, dəyərləndirə bilməyəcəklər. Çünki son 4-5 ildir dolların məzənnəsi demək olar ki, dəyişməz qalıb. Yaxın tarixlərdə də hansısa ciddi dəyişikliyin olacağı gözlənilmir. Bu səbəbdən insanlar pullarını dəyərləndirmək istəyirlərsə, mütləq bir seçim etməlidirlər.
Bütün dünyada olduğu kimi Azərbaycanda da uzun illərdən bəri insanlar əllərindəki pulları dəyərləndirmək üçün ya daşınmaz əmlaka, ya da qızıla yatırmaq istəyirlər.
Bu yazıda qısa da olsa, investisiya aləti kimi daşınmaz əmlakın və qızılın əsas üstünlükləri və çatışmazlıqlarına nəzər salacağıq.

"Od və su arasında..."
Son illər ərzində müşahidə olunan qiymət dəyişmələri hər iki aktivin dəyərinin sabit qalmadığını göstərdi. Son bir-iki il ərzində neftin qiymətinin tez-tez dəyişməsi fonunda həm daşınmaz əmlak, həm də qızılın qiymətində qeyri-sabitlik müşahidə olunur. Ona görə, gələcəkdə də qiymətlərin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq heç də asan deyil.
Lakin unutmamaq lazımdır ki, daşınmaz əmlakla müqayisədə qızılın qiyməti daha qısa müddətdə dəyişə bilir. Ötən illər ərzində qızılın qiyməti kəskin bahalansa da, bu il sarı metalın qiyməti sabit qalıb, hətta ilin əvvəlindən cüzi də olsa, ucuzlaşıb. Artıq neft və qızıl kimi dəyərlərin qiyməti dünyada baş verən siyasi proseslərdən çox asılıdır.
Qızıldan fərqli olaraq daşınmaz əmlakın qiymətində kəskin eniş və eyni zamanda yükəliş baş vermir. Daşınmaz əmlakın qiyməti tədricən dəyişir. Bu da sizi ani zərərdən (həm də qazancdan) sığortalayır. Eyni zamanda qızıldan fərqli olaraq daşınmaz əmlakı kirayəyə verməklə əlavə qazanc əldə etmək imkanı var. Məsələn, siz 100 min manat verib "28 may" metrostansiyasına yaxın ərazidə 2 otaqlı və orta təmirli mənzil alsanız, onu ayda ən aşağısı 400 manatdan kirayə verə bilərsiniz. Nəticədə, daşınmaz əmlakın bahalanıb-ucuzlaşmasından asılı olmayaraq, siz bir il ərzində 4 min 800 manat qazana bilərsiniz. Halbuki, qızıla investisiya etdiyniz zaman belə imkana sahib olmursunuz.
Qızılın əsas üstünlüklərinə gəldikdə isə qeyd edək ki, sarı metalı daşınmaz əmlakdan fərqli olaraq daha tez pula çevirmək olur. Qızılı qısa müddət ərzində alıb-satmaq mümkün olduğu üçün qiymət dəyişmələrindən maksimum faydalanmaq mümkündür. Daşınmaz əmlakı satışa çıxardığınız zaman onun nə zaman satılacağını dəqiq bilmirsiniz və bu amil sizin qərar qəbul etməyinizə mane olur. Qızılı isə istədiyimiz zaman sata bilsək də, bir çox hallarda istədiyimiz qiymətə sata bilmirik. Qızıl bazarında alış qiyməti ilə satış qiyməti arasında daha böyük fərqlər olur. Xüsusilə də, bu fərq qızıldan hazırlanan bəzək əşyalarının alqı-satqısında daha çox nəzərə çarpır.
Vəsaitin daşınmaz əmlaka və qızıla hansı məqsədə yatırılması da seçim zamanı həlledici ola bilər. Qısa müddətdə daha çox gəlir əldə etmək istəyənlər gəlirlilik baxımından nə qədər riskli olsa belə yuxarıda sadaladığımız səbəblərdən qızıla üstünlük verirlər. "Qazancım az olsun, amma davamlı olsun", deyənlər isə əksər hallarda daşınmaz əmlaka üstünlük verirlər. Bu baxımdan, bu sahədə peşəkar olmayanların, əsas qazancı yatırdığı investisiyalardan gəlməyən şəxslərin daşınmaz əmlaka vəsait qoymaları daha məqsədəuyğun olar. Qeyd etdiyimiz kimi, qızıla vəsait qoymaq gəlirlilik baxımından daşınmaz əmlaka vəsait yatırmaqdan daha risklidir. Lakin onu da qeyd edək ki, təbii fəlakətlər, qəzalar, yanğınlar və bu kimi digər hallarda qızıl daşınmaz əmlakdan daha etibarlıdır.

Daşınmaz əmlak və qızıl bazarında nələr gözlənilir?
Gördüyümüz kimi hər iki investisiya alətinin yatırım vasitəsi kimi həm müsbət, həm də mənfi tərəfləri var. Bu səbəbdən insanlar seçim edərkən gələcəkdə baş verəcəyi gözlənilən hadisələrin daşınmaz əmlak və qızıl bazarına necə təsir göstərəcəyini müəyyən etməlidirlər. Məsələn, nümunə olaraq yaxın gələcəkdə daşınmaz əmlak və qızıl bazarına təsir etmə ehtimalı olan iki məqama diqqət edə bilərik.
1. Ötən il Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etdi. Bu səbəbdən yaxın gələcəkdə ölkənin ayrı-ayrı şəhər və rayonlarında məskunlaşan 1 milyondan çox məcburi köçkünün öz yurdlarına geri dönməsi gözlənilir. Hazırda məcburi köçkünlərin yaşadığı evlərin əksəriyyəti dövlət mülkiyyətində olduğu üçün onlar təhvil veriləcək. Həmin evlər hansısa formada daşınmaz əmlak bazarına çıxarılacağı təqdirdə təklif artacaq ki, bu da qiymətlərin artması ehtimalını ortadan qaldıracaq. Ən yaxşı halda daşınmaz əmlak bazarında qiymətlərin sabit qalacağını gözləmək olar.
2. Artıq bir ildən çoxdur ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə şadlıq evlərinin fəaliyyətinə qadağa qoyulub. Bu qadağa isə öz növbəsində nikahların azalmasına səbəb olub. Rəsmi statistika göstərir ki, son bir ildə nikahların sayı 2 dəfəyə yaxın azalıb. Nikahların azalması isə ilk növbədə qızıl bazarında durğunluğa, tələbin kəskin azalmasına gətirib çıxarıb. Aparılan vaksinasiya tədbirlərindən sonra ehtimal etmək olar ki, yaxın gələcəkdə koronavirus pandemiyası həm dünyada, həm də Azərbaycanda səngiyəcək. Belə olan halda şadlıq evlərinin fəaliyyətinə icazə veriləcək ki, bu da nikahların artması deməkdir. Nəticədə, qızıl bazarında canlanma yaranacaq və böyük ehtimalla qiymət artımı da qaçılmaz olacaq.


Allahverdi Cəfərov