Bir xalqın haqq səsi. Futbol klubundan daha artıq - "Traktor Azərbaycan". Təbrizlilərin "Traxtur" və ya "Tirəxtur"u. Onlar öz şirin ləhcələrində sevimli timlərini (komandalarını) bu cür səsləyirlər. Klubun adının fars dilinə uyğun olaraq "Traktor" adlanmasına etiraz olaraq köynəklərinə və bayraqlarına komandanın adını ləhcələrinə uyğun yazırlar. Bu isə polislə azarkeşlər arasında toqquşmalara səbəb olur. "Traktor" yalnız güneyli soydaşlarımızı deyil, bütöv türk dünyasını təmsil edir. Siyasi arenada yer verilməyən millət futbol arenasından səsini dünyaya eşitdirmək üçün "Səhənd"ə toplaşır. "Haray, haray mən türkəm", "Təbriz, Bakı, Ankara, biz hara, farslar hara", "Güney Azərbaycan İran deyil" kimi şüarlarla pozulmuş azadlıqlarını tələb edirlər. Azarkeşlər bəzən timlərini "qırmızı qurdlar" və "qızıl qurdlar" kimi də adlandırırlar. 2019-cu ildən etibarən "Traktor Sazi" "Traktor Azərbaycan" olaraq dəyişdirildi. Buna səbəb isə azarkeşlərin "Sazi" fars kəlməsini xoşlamaması idi.
Necə oldu ki, belə bir futbol klubu yarandı?
Komanda 1970-ci ildə Təbriz şəhərində yerləşən Traktor zavodu tərəfindən yaradılır. Elə komandanın adı da buradan götürülür. 1972/1973 mövsümündə ikinci liqada mübarizəyə başlayır. İki ildən sonra komanda qızıl medal qazanaraq əsas liqaya yüksəlir. Lakin "Traktor" burada yerini möhkəmlədə bilmir. Elə ilk ilindəcə 16 klub arasında sonuncu yeri tutaraq aşağı liqaya yuvarlanır. İran İslam inqilabı və İran-İraq müharibəsi səbəbilə 1979-cu ildən 1988-ci ilə qədər ölkə çempionatı dayandırılır.
O vaxt yalnız əyalət çempionatları keçirilirdi. "Traktor" da Təbriz çempionatında mübarizə aparırdı. Klubun növbəti uğuru 1992-ci ildə Azadeqan adlanan birinci divizionda üçüncü yeri tutması olur. O dövr üçün bu "Traktor"un ən böyük nailiyyəti idi.
2001/2002 mövsümündə İranda yüksək liqanın əsası qoyulur. Təbriz təmsilçisi də bu çempionatda iştirak edir. Amma ilk ildə uğursuz çıxışı ilə azarkeşlərini üzən "qırmızı-ağlar" yenidən aşağı liqaya düşür. Təbrizlilər sevimli timlərini əsas liqada bir daha 2008/2009 mövsümündə izləməyə başlayırlar. Yüksək liqaya qalxan "qızıl qurdlar" həmin mövsümdə 7-ci olurlar.
"Traktor" çempionluq yarışında
2011/2012 mövsümündə iranlı baş məşqçi Fəraz Kamalvəndin çalışdırdığı komanda çempionluğu son anda əldən verir. Qızıl medalları götürmək üçün bir xal çatmır. Uğurlu çıxışa baxmayaraq klub baş məşqçi ilə yollarını ayırır. Növbəti mövsümdən komandanın sükanı arxasına Əmir Qalanoyi gətirilir. "Traktor" yenə də ikinci olur. Bu dəfə "qırmızı-ağlar"dan iki xal çox toplayan "İstiqlal" qızıl medallara sahiblənir.
"Traktora" qarşı haqsızlıq
2014/2015 mövsümündə futbol tarixinə düşən qəribə hadisə baş verir. "Traktor" 57 xalla sonuncu turda meydana lider kimi çıxır. "Qırmızı qurdlar" "Səhənd" stadionunda eyni xala malik olduğu "Neft Tehran"ı məğlub etməli idi. Komandaların xalı bərabər olsa da, "Traktor" topların fərqinə görə lider idi. Çempion olmaq üçün meydan sahiblərinə ən pis halda heç-heçə lazım idi. Bir şərtlə ki, 56 xal toplayaraq üçüncü olan "Sepahan" "Saypa"nı məğlub etməsin. "Traktor" matçın əvvəlində hesabda geri düşsə də, birinci hissənin sonlarına yaxın üstün tərəfə çevrilir. Qarşılaşmada əsas hadisələr 70-ci dəqiqədən sonra baş verir. Stadionda "Sepahan" - "Saypa" matçının heç-heçə yekunlaşdığı elan edilir. Bir neçə dəqiqədən sonra "Traktor"un erməni əsilli futbolçusu qəsdən qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılır. Komanda meydanda azlıqda qalsa da, hesab çempion olmağa kifayət edirdi. Ancaq 76 və 81-ci dəqiqələrdə vurulan qollarla "Neft Tehran" hesaba tarazlıq gətirir. Matç 3:3 hesabı ilə bitir. Hakimin final fitindən sonra futbolçular, məşqçilər heyəti və azarkeşlər çempionluğu qeyd etməyə başlayırlar. Elə bu vaxt növbəti elan verilir: "Sepahan" - "Saypa" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitdi. Nəticədə, bir xal fərqi ilə "Sepahan" çempion olur. "Traktor" isə tilsimi qıra bilmir. Təbriz təmsilçisi növbəti dəfə üçüncü olur.
Matçdan sonra Təbriz küçələri döyüş meydanına çevrildi. Küçələrə axışan azarkeşlər haqsızlığa etiraz etdilər. Polislə təbrizlilər arasında baş verən qanlı toqquşmalarda azarkeşlərdən bir neçəsi həyatını itirdi. Hadisəyə münasibət bildirən səlahiyyətlilər isə bunun sadəcə olaraq bir təsadüf olduğunu bildirdilər. Azarkeşlər isə hadisəni təsadüf deyil "Traktor"a qarşı növbəti ədalətsizlik kimi qiymətləndirdilər.
"Traktor"un azarkeşləri
"Traktor" öz rəqiblərini 85 min tamaşaçı tutumuna malik olan "Səhənd" stadionunda qəbul edir. Bütün oyunlarda tribunalar dolu olur. Azarkeşlər stadionda Azərbaycan və Türkiyəyə sevgilərini bildirmək üçün müxtəlif şüarlar səsləndirir və pankartlar açırlar. 2010-cu ildə Tehran təmsilçisi "İstil Azin"lə matçda Xocalı soyqırımı yad edilir. Başqa bir oyunda isə Urmiya gölünün qurudulmasına qarşı çıxan azarkeşlər bu fəlakəti dünyaya eşitdirmək üçün stadionda müxtəlif şüarlar səsləndirirlər.
Tək Təbrizdə və Güney Azərbaycanın şəhərlərində deyil, həmçinin İranın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Tehranda da "Traktor"un yetəri qədər azarkeşi var. İranda azarkeş rekordu da məhz Təbriz klubuna aiddir. Belə ki, 2009/2010 mövsümündə "Səhənd" stadionunda keçirilən "Traktor" - "Persepolis" matçında oyunu stadiondan izləyən azarkeşlərin sayı 120 min idi. İran qanunları qadınların futbol izləməsini qadağan edir. Lakin "Traktor"un qadın azarkeşləri matçları canlı izləmək üçün stadiona yaxın təpələrə çıxır və sevimli komandalarına dəstək olurlar.
Asiyanın "Barselona"sı - "Traktor"
"Barselona" İspaniya La Liqasında Kataloniya əyalətini təmsil edən futbol klubudur. Komanda katalonlar üçün azadlıq rəmzidir. Xüsusilə, paytaxt klubu olan "Real Madrid"lə matçlarda azarkeşlər ispanları qıcıqlandırmaq üçün müxtəlif şüarlar səsləndirir, pankartlar açırlar. Eynilə "Traktor" azarkeşləri də belə edirlər. Təbriz klubunun əsas rəqibləri isə Tehran təmsilçiləridir. "Qızıl qurdlar" bu qarşılaşmalara xüsusilə hazırlaşırlar. Stadionda Azərbaycan və Türkiyəyə dəstək şüarları səsləndiriləndə isə tribunalarda və meydanda fərqli ab-hava yaranır.
Qasım Xuluflu