Azərbaycan tarixən çətin dövrlərdən keçdi. Tarixin müxtəlif mərhələlərində işğal edildi, yenicə dirçəlməyə başlayanda başqa bir dövlət tərəfindən müstəqilliyi əlindən alındı. Bütün bunlara baxmayaraq Azərbaycanda ordu quruculuğu işi həmişə gündəmdə oldu. Çünki təbii sərvətlərlə zəngin olan ölkəmizə qarşı hücumlar heç vaxt dayanmadı. Onlarla mübarizə aparmaq isə təbii ki, asan məsələ deyildi.
Azərbaycanda ordunun qurulması prosesi 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə başladı. Birinci Dünya Müharibəsindən sonra Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Daha sonra hökumətin qərarı ilə cümhuriyyətin Hərbi Nazirliyi quruldu. Nazirliyin fəaliyyəti, təsir sahəsinin genişləndirilməsi isə general Səməd bəy Mehmandarova tapşırıldı. Onun hərbi nazir təyin edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda əsas rol oynadı. 1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov hərbi xidmətə çağırışın yaxşılaşdırılması münasibətilə xalqa müraciət etdi. Həmin müraciət həm rus dilində, həm də Azərbaycan dilində çap edilərək bütün insanlar içərisində yayıldı. Müraciətdə, "İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları, istər fəqir, istər dövlətli, əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçiin ayrı yorğan-döşək hazırlatmışam", - deyə bildirilirdi.
Səməd bəy Mehmandarovun səyləri nəticəsində ordu quruculuğu istiqamətində çox sayda addımlar atıldı. Azərbaycanın müxtəlif bölgələrində qoşun hissələri təsis edildi. 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin az saylı kontingentinin Bakıda yerləşdirilməsi barədə razılığa gəlindi. Martın 31-də hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Həmin qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə 1-ci Tatar süvari alayının komandiri polkovnik Fərhad bəy Ağalarov rəhbərlik edirdi. Polkovnik Ağalarova Bakı qarnizonunun rəisi vəzifəsi də həvalə olunmuşdu. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldular və Salyan kazarmalarında yerləşdirildilər.
Həmin dövrdə Bakı bolşevik-daşnak qüvvələrinin əlində idi. Ordunun qurulması istiqamətində atılan addımlar ən əsası Bakının azad edilməsi üçün vacib idi. 1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Xüsusi Azərbaycan Korpusu qoyuldu. Xüsusi Azərbaycan Korpusunda əvvəlki Müsəlman Korpusuna daxil olan hissələr Əlağa Şıxlinskinin komandanlığı altında qərargah və iki Azərbaycan diviziyası kimi yenidən hazırlandı. Beləcə, 26 iyunda Azərbaycanda faktiki olaraq ilk milli ordu quruldu. Həmin ordu ilə Türkiyədən gələn Nuru Paşanın komandanlığı altındakı türk ordusunun birləşməsi nəticəsində Bakı 1918-ci ilin 15 sentyabrında azad edildi.
Daha sonra Azərbaycan Ordusu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirildi. İngilis qoşunları Azərbaycan ərazisini tərk etməyə başladılar. Nəticədə, 1919-cu il iyunun sonları, iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları Gəncədən Bakıya köçürüldü.
Hökumət ölkənin müstəqil və özünü müdafiə edə bilən bir dövlət quruculuğu üçün həm müttəfiq dövlətlərlə, həm nüfuzlu dünya dövlətləri ilə, həm də yaxın qonşularla qarşılıqlı əlaqələr qurmağa başladı. Bu çərçivədə Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq gücləndirildi. Hər iki ölkə arasında 1919-cu il iyunun 16-da hərbi saziş imzalandı. Tiflisdə üç il müddətinə imzalanmış həmin müqavilənin əsas mahiyyəti ondan ibarət idi ki, respublikalardan hər hansı biri xarici müdaxiləyə məruz qalardısa, digər respublika ona kömək göstərəcəkdi. Müqaviləyə əsasən iki həftə ərzində Ermənistana da bu sazişə qoşulmaq hüququ verilirdi. Ancaq Azərbaycan torpaqlarına göz dikən Ermənistan bu müqaviləyə qoşulmadı. Bu sazişdən əlavə iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında da sənəd imzalandı. Həmin sənədə əsasən Gürcüstan həm hərbi texnika və silah-sursat yardımı edəcək, həm də hərbi kadrların hazırlanması baxımından Azərbaycana kömək göstərəcəkdi.
Hərbi Nazirlik ordu quruculuğu istiqamətində sürətli addımlar atırdı. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi Nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və Hərbi Nazirlik bunun üçün əsaslı işlər görürdü.
Ancaq Azərbaycanın müstəqilliyi cəmi 23 ay davam edir. SSRİ-nin qurulması ilə Azərbaycan da həmin ittifaqın tərkibinə daxil edilir. Və Azərbaycanda beləcə yeni bir dövr başlamış olur.
Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmətə aparılırdılar. Bununla azərbaycanlıların hərb sənətinə yiyələnməsinin qarşısının alınması hədəflənirdi. Ancaq Azərbaycanın sabiq prezidenti Heydər Əliyev mövcud vəziyyəti dəyişir. O, Azərbaycanda hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin qurulmasına nail olur. C. Naxçıvanski adına Hərbi məktəbdə milli zabit kadrları yetişdirilir. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslər Azərbaycan silahlı qüvvələrin formalaşmasında əsas rol oynayırlar. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ Müharibəsində iştirak edərək xüsusi qəhrəmanlıqlar göstərirlər.
SSRİ dağıldıqdan sonra Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdi. Bundan sonra ölkədə siyasi qarışıqlıq başladı. Qarabağ müharibəsinin də başlaması ilə vəziyyət daha da gərginləşdi. Müxtəlif silahlı dəstələr ortaya çıxdı və qarşıdurmalar baş verdi. Belə bir vaxtda müstəqil Azərbaycanda ordunun qurulması olduqca vacib məsələyə çevrilmişdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, törətdikləri qətliamlar, işğallarla əlaqədar bu prosesə yalnız 1993-cü ildə başlamaq mümkün oldu.
Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirilməyə başladı, vahid komandanlığa tabeçilik bərpa edildi, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs barədə müqavilə imzalandı.
Bundan sonra Azərbaycanda Milli Ordunun gücləndirilməsi prosesi daha da sürətləndi. Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Bu illər ərzində müxtəlif ölkələrdən müasir silahlar alındı.
Hazırda isə Azərbaycanın güclü ordusu var. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamalarına əsasən deyə bilərik ki, ordumuzun arsenalına yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri daxildir.
27 sentyabr 2020-ci ildə ermənilərin təxribatları nəticəsində başlayan İkinci Qarabağ Müharibəsi də Azərbaycan ordusunun gücünü bir daha göstərdi. 44 günlük müharibədə Ermənistan ordusu darmadağın edildi. Milyardlarla dollar dəyərində hərbi texnikaları məhv oldu. Xüsusilə pilotsuz uçan aparatlar, xüsusi təyinatlı qüvvələr, nizami ordu və güclü taktika ilə qısa müddətdə Ermənistan məğlub edildi. İşğal altında olan Azərbaycan torpaqları 30 ildən sonra azad edildi. Dünyanın bir çox böyük ölkəsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsini yüksək qiymətləndirdi. Hətta işlədilən taktikalar dünyada seçilən bir çox hərbi qüvvələrdə dərs olaraq keçilməyə başladı.
Son olaraq qeyd edək ki, 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun qurulduğu gün 26 iyun tarixi sabiq prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu...
Rəvan Məmmədov