"Milləti, xalqı, ölkəni seçilmişləri tanıdar". Bu söz dünya şöhrətli alim Rafiq Əliyevə aiddir. Öz deyimi ilə desək, Lütfi Zadənin həm dostu, həm həmkarı, həm də tələbəsi olan professor Rafiq Əliyevlə söhbətimizi təqdim edirik:
- Necəsiniz, Rafiq müəllim?
- Allaha şükür, narazılıq yoxdur. Ancaq nano hissəcikdən də kiçik olan bir kabus bütün həyatımızı dəyişdi. Düşünmürəm ki, planetdə elə bir adam var ki, Bill Qeyts də onun içində olmaqla, desin ki, bu bizə təsir etmədi. Elə deyil. Əvvəla azadlığımızı əlimizdən aldı. Azadlığın ən birinci atributu ünsiyyətdir. İndi hamımız maska taxırıq, belə ünsiyyət olar? O biri tərəfdən çox ağır psixoloji təsir var. Ancaq düşünürəm ki, deyəsən, bir az xeyri də ola bilər. Mən din adamı deyiləm, dini qaydaları da yerinə yetirmirəm. İmanım dinimdən yüksəkdir. Amma həmişə Allah başımın üstündədir. Həmişə bütün atdığım addımlarda əvvəlcə Onunla hesablaşıram. Mən bilən bu, Allahın göndərdiyi bir ismarıcdır ki, belə yaşamaq olmaz. Tək bir ölkəni demirəm, bütün bəşəriyyəti nəzərdə tuturam.
Mənim "Açıq dərs" verilişində bir çıxışım olmuşdu. Orada demişdim ki, 30-cu illər ərəfəsində dünyada yeni bir sivilizasiya əmələ gələcək. İndi görəsən, o sivilizasiya əmələ gələ biləcəkmi? Bax, bu pandemiyanın müsbət cəhəti ola bilər ki, insanlar bir-birini başa düşsünlər, tolerantlıq olsun. Aristotelin məntiqi ilə yox, qeyri-səlis məntiqlə, Zadə məntiqi ilə düşünsünlər. Yəni, insanlara, hadisələrə münasibət dəyişsin. Yeni sivilizasiyada başqa təfəkkür lazımdır. Görək, bu bizə kömək edə biləcək ora keçək, yoxsa kömək etməyəcək?
Mənim rəhmətlik Lütfi Zadə ilə birlikdə olan işlərim son 10 ildə yeni nəsil qərar qəbuletmə nəzəriyyələrini yaratmaqdır. Yəni, biz praktik iş görmürük, nəzəriyyəçi kimi çalışırıq. Qərar qəbul edəndə seçim lazımdır. Seçim üçün də ən azı iki alternativ lazımdır. Siz sual verdiniz ki, necəsiniz, sözümü ora gətirirəm. Yəni, yeni bir sivilizasiyaya keçə biləcəyikmi, dəyişə biləcəyikmi, bu bir alternativdir, ya da köhnə qayda ilə yaşayacağıq.
Həmişə qərar qəbul edəndə də əvvəlcədən, tam dəqiq olmasa da, bir ehtimal irəli sürürsən. Yəni, görəsən, ehtimal nə qədərdir ki, biz dəyişəcəyik, yeni bir eraya, yeni bir sivilizasiyaya keçəcəyik? Mən onu 0.6 götürmüşdüm, yəni 60 faiz. Biz bunu da başa düşməsək, onda məhvə gedəcəyik. İkincisi köhnə qayda ilə yaşamaq. Amerika fizikləri Xirosimadan sonra simvolik saat düzəltdilər. Orada axirət gününə 5 dəqiqə qalmışdı, 11:55 idi. 2018-ci ildə isə 11:58 oldu. İndi simvolik olaraq axirət gününə 2 dəqiqə qalır.
Mən dedim yəqin bu 2 dəqiqəni biz başa düşərik, dəyişərik, ancaq o icra başçılarının qutulardan çıxan dollarlarını görəndə və yaxud da ki, mən siqaret çəkənəm, koronanın ən pik - 4000 yoluxma olduğu vaxtda balkonda siqaret çəkirdim, gördüm aşağıdan su pulu yığan qışqırır ki, su pulu verilməsə, suyu kəsəcək, o ehtimalı endirdim 0.4-ə, yəni 40 faizə. Bir sözlə, nə guya elit olan o yuxarıdakılar, nə də bu aşağıdakılar dəyişdilər. İndi "necəsən?"ə cavab verirəm ki, bir az gümansızam. Ona görə bu məni çox əzir. Allaha şükür, fiziki problemim yoxdur, amma mənəvi dünya problemi məni əzir.
- Dediniz ki, "bu, Allahın göndərdiyi bir ismarıcdır ki, belə yaşamaq olmaz", belə, yəni necə?
- Mən Qurani-Kərimi ən böyük mənəviyyat sistemi sayıram. Bayaq dedim, mən din adamı deyiləm, dini qaydaları da yerinə yetirmirəm, namaz qılmıram. Yaxşı şeydir, amma mən başqa cür böyümüşəm. (Bir qədər fikirə gedəndən sonra cavab verir) Ondan uzaqlaşdıq. Bu gün əsl müsəlman görəsən müsəlman ölkələrində çoxdur, yoxsa, qərb ölkələrində? Mənim elmi ədəbiyyatda oxuduğum budur ki, ən böyük müsəlmançılıq, Qurana istinad edib, o cür yaşamaq Yeni Zelandiyadadır.
Nobel nitqləri mənim üçün 100 romandan daha faydalıdır. Nobel mükafatçısı Abdussalamın iki fikri var, biri budur, deyir ki, müsəlman dünyası ona görə bu gündə deyil ki, o, İslama xidmət etdi, ona görə ki, xidmət etmədi. Bunu illər əvvəl deyib. Bu gün sizə yeni informasiya deyim, Cənubi Koreyanın tək bir firmasının - "Samsung"un elmə ayırdığı büdcə, bütün müsəlman ölkələrinin elmə ayırdığı büdcədən çoxdur. Mənim üçün Abdussalamın ikinci ən mühüm fikri o oldu ki, İkinci Dünya Müharibəsi qurtaranda maliyyə naziri ölkənin büdcəsini Stalinə təqdim edir. Stalin elmə ayrılmaları 4 dəfə artırır. Yəni, sözümü ora gətirirəm ki, Quranda elmə böyük yer verilir. Səbəb odur ki, yəni Allah nə istəyir? Allah bizə deyir ki, qoyduğumuz qanunlar var. Məsələn, bu qədər ki, rüşvət alırlar, özü də birdən milyonlarla alırlar, Allah müəyyən yerə qədər buraxır, amma rüşvəti alan anlamır ki, onun cəzası var. Düstur desək, belə olar: Allahın yolu ilə getmək lazımdır. O yol yəqin ki, hamıya məlumdur - dürüstlük, ədalətlilik, gücün yox, haqqın yanında olmaq, - mən belə düşünürəm.
- Sizcə, dünya alimləri necə düşünürlər?
- Mənim bir yazım var, "Mən Allahsız alim tanımıram". Mən alim sözünü işlədirəm, rəhmətlik Xudu Məmmədov deyərdi ki, biz niyə özümüzə alim deyirik? Alim Eynşteyn olar, Nyuton olar, Zadə olar. Yoxsa, dünən bir cızma-qara edib elmlər namizədi alıb, deyir ki, "biz alimlər belə düşünürük..." Mənim üçün ən böyük 3 alim varsa, biri Lütfi Zadədir. Onunla mənim 40 illik təmasımda, onun leksikonunda ən çox işlənən söz "inşallah" idi, yəni Allah icazə versə. Və yaxud da Eynşteyn - onun çox məşhur bir ifadəsi var, mən yazılarımda da qeyd etmişəm: "Tanrı kainatla zər oyunu oynamır". Məsələn, "Mən Allahsız alim tanımıram" məqaləsinə görə bir nəfər məni tənqid etmişdi. Azərbaycanlıdır, filosofdur, elmlər namizədidir, ABŞ-da yaşayır. Demişdi ki, o nə elm adamıdır ki, Allaha inanır. Düzdür, mən cavab da yazmadım, qoşulmadım ona. Hər adama cavab yazmaq lazım da deyil. Mən demirəm ki, sən niyə ateistsən? Ol. O sənin içindən gəlir, ol. Amma mən təmasda olduğum alimlər içərisində, ədəbiyyatdan oxuduqlarım içərisində Allahı tanımayan tanımıram.
- "Əsrimizin 30-cu illərindən etibarən bizi yeni sivilizasiya qarşılayacaq" - uzun illər əvvəl demisiniz. İstərdim ki, bu barədə daha ətraflı danışasınız.
- Bilirsiniz, indiki təfəkkür tək bizdə deyil, bütün dünyada ikili məntiq üzərində qurulub - hə, yox. Dost-düşmən, ağ-qara, gecə-gündüz, yəni, arada bir şey qoymayıblar ki, axı bu dost ola bilər, yaxın dost ola bilər, bir az dost ola bilər. Xüsusən, siyasətçilər arasında deyirəm. ABŞ prezidenti necə başqa bir ölkənin prezidentinə qatil deyə bilər? O biri sivilizasiyada bu olmayacaq. Belə şey ola bilməz. O sivilizasiya mənim düşüncəmə görə, tolerantlıq sivilizasiyası olmalıdır. İnsanlar katarsisdən keçməlidirlər, durulmalıdırlar, içləri təmizlənməlidir. Mən o sivilizasiyadan danışıram, o sivilizasiya Allahın qanunlarına əməl etmək sivilizasiyası olacaq, tonqalda yandırmaq yox, tamadanı icra başçısı qoymaq yox...
- Lütfi Zadə ilə bağlı heç yerdə danışmadığınız bir xatirənizi eşitmək istərdik.
- Biz hər həftə danışardıq, 2-3 aydan bir görüşərdik. Belə nəhəng alim ömrü boyu 2 kitab yazıb. İlk kitabını 1953-cü ildə yazıb. Dünyasını dəyişməmişdən təxminən 8 ay əvvəl telefonla danışanda mənə dedi ki, qeyri-səlis məntiq barədə yüzlərlə, bəlkə də minlərlə kitab yazılıb. Amma bunu olduğu kimi əhatə edən bir kitaba ehtiyac var. Dedi ki, bu nəzəriyyəni biz yaratmışıq, onu biz yazaq. Bir də dünyada bu sahədə ən seçilmiş alimlər, ekspertlər varsa, onlar yazsınlar. Təklif etdi ki, mən bu işi öz üzərimə götürüm. Birinci hissəni özümüzün yazacağımızı danışdıq. İkinci hissə üçün isə bir ay seçdik ki, dünyada kimlər var, onlara məktub yazaq. Dedi ki, nəşriyyatla danış, iki hissədən ibarət, amma bir kitab olsun. Heç bir nəşriyyat bunu qəbul etmədi. Amma istisna kimi bir nəşriyyat razılaşdı. Əfsuslar olsun ki, özü bu kitabı görmədi. Başqa yerdə danışmadığım bu xatirəmiz var. Orasını da qeyd edim ki, bu kitabın qonararının Lütfi Zadənin oğlunun bank hesabına köçürülməsini təmin etdim. Bayaqdan halallıqdan danışırıq, o mənada deyirəm, halallıq olmalıdır.
- Rafiq Əliyev Lütfi Zadənin dostudur, tələbəsidir, yoxsa elmi varisidir?
- Müəllimim, dostum və həmkarım. Bu üçünü bir yerdə işlədirəm.
- Elmi həyatınızın böyük bir hissəsini optimallaşdırmaya (yəni, seçimlər və alternativlər olduğu zaman onların içindən ən yaxşısını seçə bilmək) həsr etmisiniz. Nədir optimallaşdırma? Xüsusilə, yeniyetmələrə, gənclərə bu mövzuda tövsiyə verməyinizi istərdik. İxtisas seçimində, qərar verməkdə, hətta həyat yoldaşı seçməkdə nələrə diqqət etməlidirlər?
- Həmişə bu misalı verirəm. "Google"da "Wife selection problem" (Həyat yoldaşı seçmə problemi) yazın. Bu çox kriteriyalı bir məsələdir. Mənim üçün çox qəribə gəldi. Birinci kriteriya dindir. Yəni, həyat yoldaşı seçəndə dinə fikir verin. İkinci yerdə qadının gözəlliyidir, digəri intellektidir, ağlıdır. Digəri mətbəx bacarığıdır, ailəyə yovuşmağıdır. Əvvəlcə bu kriteriyalara hər adam özünə görə çəki verməlidir. Çünki hər kəsin öncəliyi fərqli olur.
Vacib qərarları qəbul edəndə bütün kriteriyaları, meyarları tarazlaşdırsınlar. Mənim bir neçə deyimim var: "Allah insanı Pareto-optimal yaradır: Kimə, nəyi, nə qədər?" Mən həyatda elə bir insan tanımıram, ədəbiyyatda da oxumamışam ki, Allah hər şeyi versin. Bu mümkün olan şey deyil. Pareto italyan alimidir. O göstərib ki, bir meyarın yaxşı olmasını istəyirsənsə, digərindən keçməlisən. Düzdür, mən onunla tam razı deyiləm. O, meyarların birini yaxşılaşdırmaq, digərini pisləşdirmək hesabına ola bilər. Çox varlı olmaq istəyirsənsə, axırı bunlar olacaq (rüşvətxorluqdan həbs olunan məmurlar nəzərdə tutulur - red.).
Qərar qəbul edəndə gənclər bir meyar arxasınca qaçmasınlar. Hamısını tarazlaşdırsınlar. İkincisi, mənim fikrimcə, var çoxaldıqca, ona mütənasib bəla gətirir. Ola bilər başqaları ayrı cür düşünür, mən belə düşünürəm. Bəla, yəni xəstəlik, ictimai nüfuzdan düşmək və s.
Peşə, ixtisas, sənət seçimində qərar vermək çətindir. Bilsinlər ki, elmdə pul yoxdur. 600-700 səhifəlik kitablarımız var, onların elə qonorarı yoxdur. Elmdə ancaq motivasiya var. Bir şeyi nəzərə alsınlar ki, bu günə kimi bütün bəşəriyyəti dolanbaclardan ancaq elm çıxarıb.
Bir də bir şeyi demək istəyirəm, biznes arxasınca getsələr, Azərbaycanda formalaşmış biznes leksikonunu qəbul etməsinlər, biznes böyük elmdir. Bizdə biznes ev tikib satmaq, alma alıb satmaqdır, bu başqa şeydir. Biznes analitikası var, hamısı riyaziyyatdır. Bunların hamısı hesablamadır. Dünya hara gedəcək, bazar necə olacaq, neft-qaz necə olacaq? Biznes budur. Bunun hamısını proqnozlaşdırmaq lazımdır. Gənclər onu başa düşsünlər ki, biznes alqı-satqı deyil, biznes idarəetmədir.
- "Əgər Allaha yaxın olmaq istəyirsənsə, Mövlananı oxu, insana yaxın olmaq istəyirsənsə, Dostoyevskini oxu" - demişdiniz bir müsahibənizdə. Bəs elmə yaxın olmaq üçün kim(lər)i oxumaq lazımdır?
- Elmə yaxın olmaq üçün Nobel nitqlərini oxumaq lazımdır. Bir də əsl alimlərin həyatını oxumaq lazımdır. Əsl alimlərin hamısı çox ağır yollar keçiblər. Bilirsiniz, işıq gələn yerə həmişə daş atıblar. Elə bu gün də Azərbaycan cəmiyyəti niyə arzuolunan vəziyyətdə deyil? O işıq gələn yeri bağlamaq istəyirlər. Bir nəfər ki, çıxdı, irəli getdi, onun 100 düşməni əmələ gələcək. Şəxsən mən balanslaşdırıram, hamısına yaxınam. Birini tutub getmirəm.
- Rafiq müəllim, çox sağ olun, vaxt ayırdınız.
- Siz sağ olun, mən jurnalistlər üçün həmişə açığam. İndi dünyada ən qiymətli şey informasiyadır. Hər şeydən bahalıdır. Mən sizə təşəkkür edirəm. Gənclərə tövsiyə yox, salamlarımı yetirin. Mən onlara sabah kimi baxıram.
Rasim Məmmədli