Asif Məhərrəmov 26 iyul 1952-ci ildə Ağdamda dünyaya gəlib. 11 uşaqlı kasıb ailənin ən böyüyü olub. O, Ağdam şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra Dəzgahqayırma Zavodunda fəhlə kimi işə başlayıb. 1971-ci ildə 19 yaşında Ağdam kinoteatrında davada iştirak etdiyinə görə saxlanılır və 2 il müddətinə azadlıqdan məhrum edilir. Azadlığa çıxdıqdan sonra avtomobil qəzası törədir. "Təcili yardım" maşınının vurulmasına görə o yenidən 4 il 6 ay müddətinə həbs edilir. 1980-ci illərin sonunda həbsxanadan çıxan Asif bir müddət sonra Ağdamda restoran açır. Dostları onu "Birinci vur Fred" filminin baş qəhrəmanına bənzətdikləri üçün Fred Asif deyə çağırmağa başlayırlar.
Azərbaycan və Ermənistan arasında müharibənin başlamasından sonra Asif Məhərrəmov da könüllü olaraq döyüşlərə qoşulur. O, yaxın dostları ilə birgə 1991-ci il 15 noyabrda "Haqq Cəbhəsi" batalyonunu qurur və düşmənə qarşı mübarizəyə başlayır.
Asifin batalyonu döyüşlərə başladıqdan qısa müddət sonra Xocalının Pirlər kəndini işğaldan azad edir. Daha sonra polkovnik-leytenant rütbəsinə layiq görülür. 1991-ci ildə bəzi siyasi qüvvələr Ağdamın Muradbəyli kəndindəki hərbi hissəni dağıtmaq və oradakı silah-sursatdan hakimiyyət uğrunda mübarizədə istifadə etmək istəyirlər. Asif Məhərrəmov isə bunun qarşısını alır. O, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirir və silah-sursatın oradan götürülməsinə mane olur. Bundan sonra oradakı sursat Ermənistanla müharibədə istifadə edilir.
Fred Asifin batalyonu 1992-ci il 26 fevralda Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında iştirak edir. Daha sonra o, 1992-ci il 7 martda N saylı hərbi hissənin komandiri təyin edilir. Bundan 3 gün sonra düşmənə qarşı keçirilən hərbi əməliyyatlarda Aranzəmin, Pircamal və Dəhrəz kəndləri işğaldan azad edilir.

UAZ-a oturub sığınacaqda gizlənən düşmənə hücum etdi
Bu döyüşlər zamanı Aranzəmin uğrunda gedən əməliyyat xüsusi yer alır. Asif və batalyonunun qurduğu taktika bir çox hərbçi tərəfindən rəğbətlə qarşılanır. Belə ki, kəndə artilleriya atəşi vaxtı girmək lazım idi. Çünki düşmən hərbçiləri sığınacaqlarda gizlənmişdilər. Batalyon müdafiəni yarmaq üçün birbaşa bölgəyə daxil olmalı idi. Ancaq hər tərəfdən atəş açılır, düşmən Azərbaycan hərbçilərinə kəndə daxil olmağa imkan vermirdi. Batalyonun kütləvi şəkildə ora girməsi isə çox sayda itkiyə səbəb ola bilərdi. Asif bu vəzifəni öz üzərinə götürür və kəndə birbaşa özü girməyi qərara alır. Beləcə, UAZ markalı maşına əyləşir, atəş altında sürətlə kəndə girir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edir və bu hadisəni heyranlıqla izləyir. Atəş dayanan kimi batalyon köməyə gedir və ərazi düşməndən azad edilir.
Asif Məhərrəmov 24 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra isə yenidən cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla onu vururlar. Asifin maşını aşır, ağ ciyəri ciddi zədə alır və ağzından qan gəlir.
1993-cü il iyulun 23-də Ermənistanla şiddətli döyüş baş verir. Asif xəstə yatdığı üçün döyüşdə iştirak edə bilmir. Çox sayda erməninin hücumu qarşısında Ağdam müdafiəçiləri geri çəkilmək məcburiyyətində qalırlar. Beləcə, Ağdam işğal edilir. Həmin gün Fred Asif ağır vəziyyətdə Bakıda müalicə alırdı. Ağdamın işğal olunması xəbəri Asifi sarsıdır və onun vəziyyəti daha da ağırlaşır və ağır vəziyyətdə ayağa qalxıb cəbhəyə yola düşür. O bu halda Şelli uğrunda gedən döyüşlərdə iştirak edir. Ancaq səhhəti get-gedə ağırlaşdığı üçün təcili Bakıya qayıdır.
Vərəmə tutulan Asif Məhərrəmov müalicə almaq üçün Yaltaya getmək qərarına gəlir. Həmin günləri dostu Telman Orucov belə xatırlayır: "Yaltaya gedən günün axşamı mənim yanıma gəldi. Maşında oturmuşdu. Yanına getdim, maşından düşmək istəyirdi, qoymadım. Yan-yana oturduq, əlindən tutdum. Bir az söhbət etdik. Mənə baxdı ağladı, mən də ağladım. Dedi ki, mən gedirəm, daha gəlməyəcəyəm, istədim görüşüm, hallalıq alım. Səhər Yaltaya yola düşdülər. Ora gedəndən sonra həkim onu müayinə edir və deyir ki, əgər bir il bundan əvvəl gətirsəydiniz, nəsə etmək olardı, amma artıq gecdir".
Asif Məhərrəmov sağlamlığını heçə sayaraq ön xətdə döyüşlərdə iştirak edir. O, müsahibələrində də torpaq, vətən sevgisini həmişə ön plana çəkir. O, çıxışları zamanı "Həmişə Allaha yalvarmışam ki, atdığım güllə, uşağa, xəstəyə, qocaya, qadına dəyməsin", - deyir.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Ancaq o: "Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm", - deyərək, bu addan imtina edir.
Asif Məhərrəmov 1994-cü ildə Yaltada vərəmdən vəfat edir. Heydər Əliyevin göstərişi ilə nəşi xüsusi təyyarə ilə Azərbaycana gətirilir. 1994-cü ildə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilir.
1998-ci ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev onun Milli Qəhrəman adını yenidən bərpa edir.
Qeyd edək ki, ermənilər sahəsi 1150 kvadrat kilometr olan Ağdam rayonunun 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdular. Ancaq Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrda başladığı əks-həmlə əməliyyatı ilə Qarabağ işğaldan azad edildi. Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 10-da Qarabağ üzrə üçtərəfli bəyanat imzaladılar. Həmin bəyanata əsasən Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verildi.