Bundan əvvəlki yazımızı kiçik bir eksperimentlə tamamlamışdıq. Yaşadığımız problemlərdə əslində, bizim xəzinəmiz və ya itirdiyimiz həqiqət gizlənir.
Bir zavodu görmək və təcrübə keçmək üçün gəzdiyinizi təsəvvür edin. Siz özünüzə görə istədiyiniz kimi təcrübə keçsəniz, onda o zavod sizin üçün bir imtahan sahəsinə çevriləcək. Halbuki, zavod sahibinin istədiyi kimi hərəkət etsəniz, bu zavod sizin üçün yalnız təcrübə sahəsi olacaq.
Əslində, bu həyat və dünya da çoxluğu, nisbiliyi təcrübə etmək sahəsidir. Kainat Sahibinin fərqindəliyini itirdiyimiz üçün, Onun istədiyi kimi təcrübə keçmədiyimiz üçün bu dünya həyatı bizim imtahan sahəmizə çevrilir. Yəni, yaşadığımız problemlər əslində itirdiyimiz həqiqətdən qaynaqlanır.
Məsələn: Bəzi insanlar sevgini ətraflarında axtarırlar. Tapmayanda da şikayət edirlər. Bu isə Mütləq Sevginin fərqindəliyinin itirildiyini göstərir. Bəziləri isə etibarlı insan axtarışındadırlar. Halbuki, nisbi dünya sakinlərindən bunu tam mənası ilə gözləmək əbəsdir. Çünki insan oğlu səhv etməyə meyillidir. Bu isə Mütləq Etimadın fərqindəliyinin itirilməsinin əlamətidir. Bəzi insanlar isə həqiqi hüzuru bu dünyada tapmaq istəyirlər. Tapa bilməyəndə isə problem yaşayırlar. Həqiqi sevgi də, etimad da, hüzur da insanın qaynağında mövcuddur. Bu qaynağa isə mərkəzimizlə çata bilərik. Qədim müdriklikdə (qədim yunan, Hindistan mətnləri, dini mətnlər, Orta Əsr İslam filosoflarının əsərləri və s. nəzərdə tutulur) insanın qaynağının Allah, mərkəzinin isə ruhu olduğu vurğulanır.
Allahla olan əlaqəmiz qopanda və ya zəifləyəndə həqiqi, mütləq sevginin, etimadın, hüzurun və s. mənbəyini də itirmiş oluruq.
Saxsının içində bir bitki düşünün və bu saxsı da torpağın içinə basdırılmış olsun. Əgər bu bitki özünü saxsının içindəki torpaqla məhdud bilsə, torpaq azaldıqda özünü pis hiss edəcək. Halbuki, bitkinin yaşadığı məhdudiyyətin səbəbi (bunu başqa cür nisbilik də adlandırmaq olar) saxsıdır. Amma bitki bu məhdudiyyəti bütövün fərqində olmadan təcrübə etsə, problem yaşayacaq. Çünki sonsuzun fərqində olmadan nisbiliyi təcrübə etmək çətindir. "Heç kim məni sevmir", "Heç kim məni dinləmir", "Heç kim məni qiymətləndirmir" demək əslində, "Saxsıdakı torpağım bitdi" deməkdir. Halbuki köklərini saxsıdan kənara çıxarsa, bütün yer üzü onun torpağı olacaq.
İnsanların bizi dinləməməsi məhdudiyyətin təcrübə edilməsidir. Qaynağımızı unutsaq, onda məhdudiyyətin təcrübəsi imtahana çevrilər.
"(Ey Rəsulum! Sən onların üzərində tir-tir titrərkən) onlar hələ də səndən və yolundan üz çevirəcək olsalar, de ki: Mənə (köməkçi və dəstəkçi olaraq) Allah yetər. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona dayandım, Ona güvəndim və O (bütün kainatın, varlıqların idarə mərkəzi olan) Böyük Ərşin Rəbbidir". (Tövbə/129) ayəsi də məhz bu həqiqəti açıqlayır.
Təcrübənin imtahana çevrilməsi nisbi yoxluğun mütləq yoxluq kimi qəbul edilməsi ilə olur. Təsəvvür edin ki, insana açıq çek verilib. İstədiyi hər şeyi ala bilər, amma o, çeki cibində unudub. İndi də yoxsulluq yaşayır.
Sevildikdə, dəyər verildikdə, adımız müxtəlif statuslarla xatırlandıqda var olduğumuzu düşünürük və var olmaq üçün bunları istəyirik. Halbuki, reallıqda biz bunlara sahibik. Çünki insan Allah tərəfindən sevilən, təqdir edilən, dəyər verilən bir varlıqdır. Sanki biz Günəşi unudub zirzəmidə şam işığı ilə kifayətlənməyə çalışırıq. Bu da insanın faciəsidir.
Ruhani fərqindəlik ortadan qalxdıqda insan tənbəlləşir.
Ruhani cəsarət itirildikdə qorxaqlıq əmələ gəlir.
Ruhani sükunət itirildikdə qarışıqlıq və narazılıq meydana çıxır.
Ruhani etimadın (və ya etibarın) itirilməsi qorxu və narahatlığa səbəb olur.
Dünyada yaşadığımız problemlər həqiqi deyil. Bədənimizdəki bütün hüceyrələrin DNT quruluşu eynidir. Şəkilləri və funksiyaları isə fərqlidir. Həm dəri, həm də sinir hüceyrələrinin mahiyyəti eynidir. İnsanlar da mahiyyətlərində eynidirlər. Amma fərqliliklərinə fokuslandıqda problem yaşayırlar. Ya məhrumiyyət yaşayır, ya da əksinə qürur və ya təkəbbürə qapılırlar.
Müdrik insanlar deyirlər ki, müvəqqəti fərqliliklərinizə fokuslanaraq deyil, daimi xüsusiyyətlərinizə fokuslanaraq özünüzü ifadə edin. Bu da nədir? Yaradıcı və Ona aid olmaq.
Ənənəvi tədrisdə insanın 3 əsas hissəsinin olduğu vurğulanır: Ruh - nəfs - bədən. Yunan ənənəsində bu Pnevma - Psixika - Soma, Latın məktəbində isə Animus - Anima - Corpus şəklində ifadə olunur. İnsanın bu hissələrlə bağlı məlumatı olduqda özü ilə əlaqədar ən doğru xəritəyə sahib olmuş olacaq.
Necə ki, bədənimizi cins, yaş, sağlamlıq və s. vəziyyətinə görə fərqləndiririk, psixika və ya nəfsin də fərqlilikləri və inkişaf mərhələləri var. Xarakter (doğuşdan gələn, həyatı boyu dəyişməyən, özünəməxsus motivasiya axtarış və qavrayış prioritetləri olan fundamental bir çəyirdək) və şəxsiyyət fərqlilikləri də məhz bu psixikadan - nəfsdən qaynaqlanır. Hər kəsin bir bədəni var. Amma bədənin olduğu kimi, nəfsin də bir cinsiyyəti, yəni fərqli xüsusiyyətləri var.
Hər kəsin nəfsi var, amma necə bir nəfs? Bu suala da növbəti yazımızda cavab verəcəyik.
Roman Mamedov
İstedad analitiki
@enneagram_master