Şübhəsiz, azadlıq həm ayrıca şəxslər, həm də bütöv xalqlar, millətlər üçün ən şirin nemət, ən müqəddəs amaldır. Azərbaycan xalqı da müstəqilliyinin yolunu illərlə gözləmiş, mübarizə aparmış, bu yolda minlərlə şəhid vermişdir. Lakin azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər mürəkkəb və ağır məsələdir. Ötən əsrin sonlarında Azərbaycanın SSRİ kimi bir imperiyanın bağrından xilas olaraq əldə etdiyi azadlıq da körpə uşaq kimi qorunmağa möhtac və müdafiəsiz idi. Xalqı və onun əldə etdiyi azadlığı qoruyaraq Azərbaycanı dünya arenasına çıxaran, onlarla müxtəlif millətin yaşadığı Qafqazın bu ən dilbər guşəsini yenidən bizim üçün azad və firavan bir ölkəyə çevirən isə məhz dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev idi.
98 il əvvəl may ayının 10-da Naxçıvan şəhərində dünyaya göz açan Heydər Əliyev 80 illik ömrünü Vətənin və Azərbaycan xalqının mənafeyi uğrunda şam kimi əritdi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ömrünün geri qalan 10 ilini yenicə SSRİ pəncəsindən xilas olmuş Azərbaycanı dünyaya tanıtmağa və onu müasir, demokratik dövlətlər sırasına qoşmağa həsr etdi. Onun gördüyü işlər cild-cild ensiklopediyalarda öz əksini tapır və şübhəsiz, bütün bunları kiçik bir məqalədə qeyd etmək mümkünsüzdür. Lakin ümummilli liderin imzasını daşıyan ən ali əməl xalqına bəxş etdiyi azadlıq və Azərbaycanın bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizə idi. O mübarizənin nəticəsidir ki, bu gün artıq Azərbaycan öz tarixi torpaqlarını düşmən tapdağından xilas etdi və ərazi bütövlüyünü bərqərar etdi. Ulu öndər bu tarixi anlara şahidlik edə bilməsə də, bütün Azərbaycan xalqı bu parlaq qələbənin, onun uzaqgörən və müdrik siyasəti nəticəsində gerçəkləşdiyini dərk edir.
Bu gün yeniyetmələr Heydər Əliyevi onun hər yeri bəzəyən fotolarından, büstlərindən, heykəllərindən ölkənin bütün televiziya kanallarında mütəmadi yayımlanan arxiv kadrlarından və ən əsası, istifadə etdikləri bütün kitablara həkk olunmuş müdrik kəlamlarından tanıyırlar. Hər nə qədər bu dahi insan 18 il əvvəl dünyaya gözlərini yumsa da, onun fikirləri, əməlləri və apardığı uğurlu siyasət Heydər adını xalqın yaddaşına birdəfəlik həkk etdi. Qardaş Türkiyə Cümhuriyyətinin ulu öndəri Mustafa Kamal Atatürkün də dediyi kimi: "Hər hansı bir şəxsi görmək demək, mütləq onun üzünü görmək demək deyil. Onun fikirlərini, duyğularını anlayırsınızsa, bu, kifayətdir".
Min illər yaşı olan Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələri, şübhəsiz Heydər Əliyevin qələmi ilə yazılanlardır. Dünyaya gəlişi ilə bir ailəni sevindirən, dünyadan köçməsi ilə bir xalqı yasa boğan Heydər Əliyev qəlblərdə daim Azərbaycanın xilaskarı və uşaqların "Heydər baba"sı kimi yaşayacaq.
Sözsüz ki, İzzət xanım da hər ana kimi dünyaya gətirdiyi oğlunun gələcəkdə sağlam, vətəninə, millətinə xeyirli övlad olmasını arzulayıb. Lakin məhz İzzət xanımın arzusu sözün həqiqi mənasında vətənin və millətin taleyinə çevrilib. Ümummilli liderin özünün də dediyi kimi, İzzət xanım onu bütövlükdə Azərbaycan üçün dünyaya gətirib: "Mən bir yaz günü balaca bir evdə, zəhmətkeş ailəsində dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də bir qədər qeyri-təvazökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram"...
Şahmərdan Əhmədli