Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ili tamam olur. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 aylıq qısa ömrü ərzində bir çox tarixi əhəmiyyətli qərarlara imza atdı. Bir əsr sonraya hesablanmış bu mühüm qərarlar bu gün müstəqil Azərbaycanın mövcudiyyəti ilə öz missiyasını başa vurdu və amallarını, hədəflərini Azərbaycan gəncliyinə əmanət etdi. Bu amallardan və hədəflərdən biri də təhsil və bu sahədə atılan addımlardır.
Çar Rusiyasının müstəmləkələrində həyata keçirdiyi təhsil siyasəti həmin müstəmləkələrin xalqlarının, o cümlədən azərbaycanlıların gələcək taleyini imperiyanın maraqları çərçivəsində formalaşdırırdı. Rusiya imperiyasının yerli xalqları assimilyasiya etməyə hesablanmış təhsil siyasəti müstəmləkə ərazilərində rusdilli məktəblər şəbəkəsinin yaradılmasına və Rusiyanın mənafeyinə xidmət edəcək təhsilli insanların yetişdirilməsinə istiqamətlənmişdi. Lakin XX əsrdə müstəqil Azərbaycan dövlətinin yaradılması ideyasını inkişaf etdirənlər və reallaşdıranlar da elə XIX əsrdə bu məktəblərdə təhsil alan ziyalılarımız oldular.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində atdığı addımlar Azərbaycan təhsil sisteminin inkişaf tarixində əhəmiyyətli rola malikdir. Bu dövrdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, latın qrafikalı ilk əlifbanın yaradılması, anadilli tədrisin dövlət səviyyəsində və qanuni əsaslarla kütləviləşdirilməsi, məktəblərdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, ana dilində dərsliklərin nəşr edilməsi xalqın öz milli kimliyinə yenidən qayıtması üçün atılmış mühüm addımlar idi. Lakin Xalq Cümhuriyyəti hökumətinin xaricdə təhsil siyasəti ilə bağlı verdiyi qərarlar gələcək üçün hesablanmış təməl daşları idi. Jurnalımızın bu sayında həmin təməl daşlarından, AXC dövründə dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində təhsil almaq üçün ezam olunmuş tələbələrdən danışacağıq.
Sözsüz ki, yenicə yaranmış cümhuriyyətin təhsil strukturları tam formalaşmamış, ölkədə mövcud olan savadsızlıq, kadr çatışmazlığı əsas problemlərdən birinə çevrilmişdi. Xüsusilə, ölkənin inkişafı və idarə edilməsi üçün xaricdə təhsil alan kadrlara ciddi ehtiyac yaranmışdı. Əsas məqsəd xarici təhsil ocaqlarına, xüsusilə də, Avropa universitetlərinə tələbə göndərmək, oxutmaq, sonra da onları Vətəndə ixtisaslarına uyğun işlərlə təmin etmək idi. Bütün bunları nəzərə alaraq, cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə başladı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması haqqında verilən tarixi sərəncamla yanaşı, parlament hökumətin təklifi ilə 100 nəfər azərbaycanlı tələbənin xaricə göndərilməsi barədə qanun qəbul etdi. Bu işə nəzarət etmək üçün dövlət komissiyası yaradıldı. Beş nəfərlik komissiyaya Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edirdi. Komissiya 45 nəfərin Fransada, 23 nəfərin İtaliyada, 10 nəfərin İngiltərədə, 9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil almaq üçün göndərilmələri barədə qərar qəbul etdi.
"Azərbaycan" qəzetinin 1919-cu il 23 iyul tarixli nömrəsində "Tələbələr haqqında" sərlövhəli məqalədə yazılırdı: "Maarif nəzarəti 100 nəfər tələbəni xaricə göndərəcək. Hər tələbəyə 36.000 manat xərcləmək və 5.000 manat yol pulu hesablanıb. Cəmi 4.100.000 manat edir".
O dövrkü mənbələr xaricə göndərilən tələbələrin maddi təminatını xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin öz üzərinə götürdüyünü yazırdı. Bu mənbələrə görə, bunun müqabilində Tağıyev tələbələrin qarşısına müəyyən şərtlər qoyurdu. Onlardan bəziləri aşağıdakı kimidir:
- Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönəcək və öz ölkəsinə xidmət edəcək.
- Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcək.
Ümumilikdə, 1919-1920-ci tədris ili üçün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu məqsəd üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon manat ayrılmışdı. Avropa məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmışdı. Nəticədə isə komissiyanın yekun rəyinə əsasən Xalq Maarif Nazirliyi tərəfindən 49 nəfərin Almaniyaya, 27 nəfərin Fransaya, 4 nəfərin İtaliyaya, 1 nəfərin İngiltərəyə, 6 nəfərin Türkiyəyə, 13 nəfərin isə Rusiyaya göndərilməsi barədə sənəd verildi. Lakin Rusiyada yaranmış vətəndaş müharibəsinə görə tələbələrin oraya getməsi mümkün olmadı. Beləliklə, yenicə yaranmış cümhuriyyət başının üstünü almış rus-sovet işğalı təhlükəsinə, erməni quldur dəstələrinin törətdiyi təxribatlara baxmayaraq, xaricdə təhsil siyasətini qurur və azərbaycanlı gənclərin ali təhsil almaq üçün dünyanın məşhur universitetlərinə göndərilməsi kimi olduqca şərəfli işin öhdəsindən gəlirdi.
1920-ci il yanvarın 14-də o zamankı cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələr təntənə ilə yola salındılar. Tələbələr dəmir yolu ilə əvvəlcə Batuma, oradan isə Parisə yola düşdülər. Fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən xüsusi diqqətlə qarşılandılar. Əlimərdan bəy tələbələr qarşısında geniş nitq söyləyərək onları təbrik etdi. Bundan sonra onlar təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yola düşdülər.
Tələbələrdən 8 nəfəri təbiətşünaslıq, 7 nəfəri dağ-mədən, 8 nəfəri tibb, 11 nəfəri mexanika, 3 nəfəri kimya, 8 nəfəri elektrotexnika, 4 nəfəri inşaat, 6 nəfəri məlumat vasitələri, 10 nəfəri kənd təsərrüfatı, 4 nəfəri gəmi quruculuğu, 2 nəfəri aviasiya, 3 nəfəri aqronomluq, 5 nəfəri iqtisadiyyat, 5 nəfəri tarix və filologiya, 7 nəfəri fəlsəfə, 6 nəfəri hüquq, 3 nəfəri politologiya ixtisasları üzrə təhsil almaq üçün göndərilmişdilər.
Təəssüflər olsun ki, Şərqdə ilk demokratik respublikanın min bir əziyyətlə xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi 1920-ci il aprel işğalından sonra acınacaqlı oldu. Ölkədə hakimiyyətə gələn bolşeviklər tələbələrə pul göndərmədilər. Hərçənd, Nəriman Nərimanovun təqdirəlayiq inadkarlığı ilə həmin tələbələrin maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapsa da, çox keçmədi ki, vəziyyət yenə kəskin şəkildə dəyişdi. Nərimanov Moskvaya rəhbər vəzifəyə aparıldıqdan sonra Azərbaycanın sovet təfəkkürlü rəhbərliyi xaricdə təhsil alan tələbələr barədə mənfi fikirlər ortaya atmağa başladılar. Onların çoxu "etibarsız" adlandırılaraq, ümumiyyətlə qəbul edilmədi. Nəticədə, tələbələrin çoxu təhsil haqqını ödəyə bilməmək problemi bir tərəfə, yaşamaq üçün ən ağır sahələrdə işləmək məcburiyyətində qaldılar.
Hətta, elə tələbələr də oldu ki, həbsxanalara atıldılar. Ən acınacaqlısı isə bu idi ki, böhranlı vəziyyətdən çıxış yolu tapa bilməyib intihar edənlər də oldu. Çox çətinliklə, məhrumiyyətlərlə təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis kimi Vətənə dönən tələbələrin əksəriyyəti isə ya uzaq Sibirə sürgün edildi, ya da bolşevik terrorunun qurbanı oldu.
Həmin "yüzlər"dən ikisi - Əhməd Rəcəbli və Mustafa Vəkilov Azərbaycanın ilk professorları kimi tarixə düşdü. Əhməd Rəcəbli İtaliyanın Peruca şəhərində kənd təsərrüfatı, Mustafa Vəkilov isə Fransanın Paris şəhərində hüquq ixtisası üzrə təhsillərini 1924-cü ildə başa vurub Vətənə dönürlər. Çox keçmir ki, 1935-ci ildə hər ikisi professor kimi yetişirlər. Araşdırmalar göstərir ki, Ə. Rəcəblinin repressiya illərində Bakıdan uzaqda - Zaqatalada olması onu "qırmızı terror"dan xilas edir. Sonralar ömrünün axırınadək elmi işlə məşğul olan Ə. Rəcəbli Bakıda dünyasını dəyişir. Hazırda paytaxtımızda onun adını daşıyan küçə var.
M. Vəkilov isə 37-ci il repressiyasından qurtula bilmədi və Sibirdəki ölüm düşərgələrindən birində həyatla vidalaşdı. M. Vəkilov və bu qəbildən olan "yüzlər"in bircə "günahı" var idi: Onları xaricə oxumağa Cümhuriyyət Hökuməti göndərmişdi...
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Belə ki, təhsildə, maarif və mədəniyyət sahəsində bu müqəddəs amalları həyata keçirən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli tariximizə ilk çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli hərbi məktəblər şəbəkəsi yaradan, ümumi icbari ibtidai təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, Azərbaycan türkçəsini dövlət dili elan edən və dövlət dilini təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, dövlət himayəsində ilk məktəbəqədər müəssisələrin əsasını qoyan, dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsilinin təməlini qoyan, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addım atan demokratik, hüquqi, dünyəvi, sivil dövlət kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti sonrakı nəsillər üçün elə bir təməl, elə bir əsas qoydu ki, bütövlükdə XX əsr Azərbaycan təhsili, maarifi, elmi və mədəniyyəti bu zəmin üzərində formalaşıb inkişaf etdi.
Şahmərdan Əhmədli