Müasir dövrün ən böyük qorxularından biri də xərçəng xəstəliyidir. Çoxları bu xəstəliyi sağalmaz və ölümcül adlandırsalar da, kifayət qədər insan xərçəngə qalib gəlməyi bacarıb. Hər il milyonlarla insan bu xəstəliyə tutulur. Təkcə 2020-ci ildə 19,3 milyon insana xərçəng diaqnozu qoyulub. Xəstəliyin dəqiq yaranma səbəbləri bilinməsə də, bu günə qədər 200-dən çox növü aşkar edilib. Onlardan biri də qida borusu xərçəngidir. Xərçəngin bu növü ən çox kimlərdə rast gəlinir? Xəstəliyin ilkin əlamətləri hansılardır? Bu və bu kimi suallara cavab tapmaq üçün torakal cərrah Arif Ağayevlə həmsöhbət olduq...
- Torakal cərrahiyyə Azərbaycanda çox az rast gəldiyimiz sahədir. Tibbin bu sahəsi hansı xəstəlikləri öyrənir?
- Torakal cərrahiyyə nəinki Azərbaycanda, eləcə də bütün dünyada az sayda mütəxəssislərin olduğu bir sahədir. Bu yaxınlarda belə bir məlumat verildi ki, torakal cərrahiyyə ixtisası istəyə görə Türkiyədə 32-ci yerdə qərarlaşıb. Məsələn, 10 nəfər ginekologiya sahəsini seçirsə, 1 nəfər torakal cərrahiyyəni seçir. Bu da yəqin ki, bu işin mürəkkəbliyindən, gərginliyindən irəli gəlir. Torakal cərrahiyyə döş qəfəsi cərrahiyyəsidir və döş qəfəsində yerləşən orqanların patologiyaları ilə məşğul olur. Bura qabırğalar, ağciyər, yemək borusu, diafraqma, nəfəs borusu, limfa düyünləri və s. daxildir. Eyni zamanda xərçəng və qeyri-xərçəng xəstəliklərinin müalicəsi ilə də məşğul oluruq.
- Müasir dövrümüzdə ən çox yayılan xəstəliklərdən biri də qida borusu xərçəngidir. Xəstəliyin ilkin əlamətləri hansılardır və müalicəsi hansı üsullarla həyata keçirilir?
- Qida borusu xərçəngi ən çox rast gəlinən xərçəng növlərindəndir və dünya statistikasına görə, 8-ci yerdə qərarlaşıb. Qida qəbulunda yaranan maneələr, udqunma zamanı diskomfort hissinin olması xəstəliyin ilkin simptomlarından sayılır. Bu xəstəlik nadir hallarda erkən mərhələdə aşkarlanır. Çünki xərçəngin ölçüsü elə həddə çatmalıdır ki, bu zaman qida keçiriciliyi əngəllənsin. Bu da ikinci mərhələdə olur. Buna görə də, çox vaxt pasientlər ikinci, üçüncü mərhələdə müraciət edirlər. Qida borusu xərçənginin əlamətlərindən biri də pasientin ciddi şəkildə çəki itirməsidir. Əksər xərçəng növlərində olduğu kimi bunda da mərhələsindən asılı olaraq müalicə təyin edilir. Erkən mərhələlərdə yalnız cərrahi, ikinci, üçüncü mərhələdə kombinə olunmuş, dördüncü mərhələdə isə simptomatik və ya həyati göstərişlərinə uyğun müalicə növü seçilir. Əsas müalicə metodları kimyaterapiya, şüa terapiya və cərrahi üsullardır. Bu üsullar hər pasientə individual yanaşaraq təyin edilir. Cərrahi müalicənin digər müalicələrlə müqayisədə erkən mərhələlərdə daha effektiv olduğu sübut edilmişdir, lakin bunu hər xəstəyə tövsiyə etmək doğru deyil. Məsələn, metastaz vermiş hallarda cərrahi müalicə yolverilməzdir. Gecikdirilmiş halda müraciət edən pasientlərin müalicə protokolu onların vəziyyətinə görə seçilir. Çalışırıq ki, bu müddət ərzində az ziyanlı və daha faydalı üsullardan istifadə edək. Bəzən olur ki, bu hallar dəyərləndirilmədən pasientlər özbaşına simptomlara uyğun dərman preparatları qəbul edirlər. Bu isə yolverilməzdir.
- Xəstəliyin yaranma səbəbləri hansılardır? Əsasən, gənclərin yediyi "fast food"lar, isti çay içmək qida borusu xərçənginə səbəb olan amillərdən hesab edilirmi?
- Qida borusu xərçənginin yaranması bir faktora əsaslanmadığı üçün burada kanserogen faktor çox mühümdür. Həmin faktorlardan da siqaret qəbulu birinci yerdə dayanır. Kişilər arasında da siqaret çəkmə faizi yüksək olduğundan, bu xəstəliyə kişilərdə daha çox rast gəlinir. Qida qəbulu da təbii ki, mühüm faktorlardan sayılır. "Fast food"ların zərərlərini artıq elm sübut edib və insanlar da bunu yavaş-yavaş qida rasionundan çıxarmağa çalışırlar. Nəzərə alsaq ki, onların tərkibində xüsusi dadlandırıcı, rəngləndirici kimyəvi birləşmələr var, intensiv istifadəsi də mədə və qida borusu xərçənginin yaranma riskini artırır. Kimsə isti çay içirsə, bu, ağız boşluğunda yanıq yaradacaq. Yanıq olarsa, çapıq yaranacaq, çapıq da olarsa, xərçəng yaranacaq. Yəni, isti çayın xərçənglə birbaşa bağlılığı yoxdur. Qida borusu xərçənginə əsasən 50-70 yaş aralığında rast gəlinsə də, daha gənc pasientlərin olduğunun şahidi olmuşuq.
- Belə bir fikir var ki, pasientin yaşı çoxdursa, əməliyyat əks göstəriş verə bilər. Bu fikirlə razılaşmaq olarmı? Ən yaşlı pasientinizin neçə yaşı olub?
- Bəli, əməliyyatda yaş faktoru mühümdür, lakin konkret deyə bilmərik ki, bu yaşdan sonra əməliyyat etmək olmaz. Xəstənin həm fizioloji, həm də bioloji yaşı var. Ola bilər 50 yaşlı pasientdə insult, infarkt kimi bir neçə problemlər müşahidə edilib. Bu zaman sözügedən faktorlar əməliyyata əks-göstəriş ola bilər. Bundan əlavə, çəkisi 45 kq-dan az və 75 yaşdan yuxarı olan şəxslər cərrahi baxımdan yüksək risk qrupuna daxildirlər. Yaş artdıqca yanaşı xəstəliklər artmış olur. Cərrahi əməliyyat texniki bir işdir, pasientin fizioloji vəziyyəti əməliyyat üçün uyğun olarsa, qərar ona əsasən verilir. Qida borusu xərçəngi əməliyyatı etdiyimiz ən yaşlı pasientimizin isə 77 yaşı olub.
- Qida borusu əməliyyatları adətən neçə saat davam edir və xəstə əməliyyatdan neçə gün sonra normal həyata qayıdır?
- Qida borusu xərçəngi əməliyyatı keçmiş zamanlarda 10-12 saat davam edirdi, lakin müasir cərrahiyyədə təxminən 5-8 saat davam edir. Əməliyyat zamanı qida borusu çıxarılarsa, onun bir əvəzedicisi olur. Bunun üçün digər orqanlardan, adətən mədə və bağırsaqlardan istifadə edilir. Deyək ki, udlaqdan mədəyə qədər qida borusunun uzunluğu 25-27 sm olur. Əgər, qida borusundan 5 sm rezeksiya ediləcəksə, mədəyə forma verib o qədər məsafə ilə yuxarı qaldırırıq. Qida borusu əməliyyatı keçirmiş pasientlərin sağalma müddəti isə onun sağlamlıq vəziyyətindən, xəstəliyin orqanizmdə səbəb olduğu dəyişiklikdən asılıdır. Məsələn, kimyaterapiya alan xəstələr daha gec sağalırlar. Ən tez sağalan xəstə isə 3-cü gün artıq aktiv gəzir və qida qəbuluna başlayır. Təxminən 8-ci gün xəstəni evə göndərməyi düşünürük. Maksimum xəstəxanada qalma müddəti 14 gün sayılır və bu müddət ərzində deyə bilərik ki, qida borusu tam sağalmış olur.
- Son olaraq oxucularımıza tövsiyələriniz...
- Bizdə belə fikir formalaşıb ki, "Getdim həkimə, həkim bunu dedi və mən də etdim". İnsanların özlərinin maariflənməsi çox vacibdir. Tövsiyə edərdim ki, müxtəlif resurslardan istifadə edərək maariflənsinlər. Çünki bizim bir dediyimiz məlumatın üzərinə on dezinformasiya eşitmək xəstəni çaş-baş qoyur. Bu zaman gəlib deyirlər ki, qonşum belə dedi, qohumum belə etdi və s. Bundan başqa, xəstəliklərini dəqiqləşdirmək üçün bir neçə mütəxəssislə məsləhətləşsinlər. Bunda heç bir qəbahət yoxdur. Həkimlərə "Həqiqətən, o sahənin mütəxəssisisənmi?" sualını verməkdən çəkinməsinlər. Özlərində şübhə doğuran məqam varsa, dərhal mütəxəssisə müraciət etsinlər. Ümumiyyətlə, qida borusu mürəkkəb və vacib bir orqandır. Əgər udqunma çətinliyi varsa, bu, ciddi bir siqnaldır. Ən əsası müayinələrdən qorxmasınlar. Əksəriyyəti endoskopiya müayinəsindən qorxurlar. Halbuki burada qorxulu heç nə yoxdur, bunu xəstənin istəyi ilə anesteziya altında da icra edirik və xəstə heç nə hiss etmir.
İlahə Hüseynova