Artıq bir ildən çoxdur ki, dünya koronavirus pandemiyasının mənfi fəsadaları ilə qarşı-qarşıyadır. Koronavirusla bağlı xidmət və istehsal sahələrində ciddi geriləmələr müşahidə olunmaqdadır. İş yerlərinin müvəqqəti, ya da tamamilə bağlanması insanların gəlirlərinə də ciddi təsir göstərir. Üstəlik, pandemiyanın nə zaman bitəcəyi də məlum deyil. Belə bir şəraitdə ailə büdcəsini düzgün idarə etmək və bunun nəticəsində qənaət etmək yaşanan böhranın təsirlərindən xilas olmağın ən effektiv üsullarından biri hesab olunur. 
Ailə büdcəsinin idarə olunmasının vacibliyini hər kəs başa düşsə də, bəzən bir qrup insan bunu necə edəcəyini bilmir. Bu yazıda ailə büdcəsini idarə etməklə bağlı ümumiləşdirilmiş fikirlərimizi və bəzi qaydaları sizlərə təqdim etməyə çalışacağıq.
İlk növbədə qeyd etmək lazımdır ki, hər bir ailənin xərcləri onun gəlirləri ilə mütənasibdir. Yəni, bir ailənin xərcləri gəlirlərindən çox ola bilməz, ya da olmamalıdır. Gəlirlərə daxil edilməyən borc (kredit), ya da yardımlar bu məsələdə istisna təşkil edir.
Ailələrin xərcləri əsasən iki hissəyə bölünür: sabit və dəyişən xərclər. Sabit xərclər dedikdə, bura ailə üçün zəruri hesab edilən xərclər daxildir. Məsələn, gündəlik qida, kommunal ödənişlər və s. Dəyişən xərclərə isə geyim, istirahət, hədiyyə və s. daxildir.
Ailə büdcəsini düzgün idarə etməyin və xərclərimizə qənaət etməyin yolu, bu büdcənin cədvəl şəklində tərtib olunmasından başlayır. Gəlir və xərclərin qeyd olunması büdcənin idarə olunmasının ilk şərtidir. Bunun üçün nümunə olaraq təqdim etdiyimiz cədvələ bənzəyən bir cədvəl, ya da siz istədiyiniz fərqli bir cədvəl hazırlaya bilərsiniz. Azərbaycanda əksər ailələrin gəlirləri əsasən aylıq olur. Bu səbəbdən xərclərin planlaşdırılması da gəlirlərə uyğun olaraq aylıq tərtib olunmalıdır.
Əvvəlcə gəlirlərlə bağlı cədvəl tərtib olunmalı və ailə üzvlərinin hər birinin gəliri qeyd edilməlidir.
Ailənin aylıq gəlirləri
  Nəzərdə tutulan Faktiki Fərq
Atanın gəliri 700 manat 650 manat -50 manat
Ananın gəliri 400 manat 400 manat 0
Uşaqların gəlirləri 0 0 0
Digər gəlirlər 100 manat 150 manat +50 manat
CƏMİ 1200 manat 1200 manat 0

Eyni qaydada xərclərlə bağlı cədvəl tərtib olunmalıdır və gəlirlər qeyd olunduğu kimi xərclər də cədvələ yazılmalıdır.
Ailənin aylıq xərcləri  
  Xərclərin adı Nəzərdə tutulan Faktiki Fərq  

Ailənin ümumi xərcləri

Sabit xərclər
 
  Məbləğ Miqdar Məbləğ Miqdar Məbləğ Miqdar  
İşıq pulu 15 214 kVt.saat 14 200 kVt. saat +1 14 kVt. saat  
Su pulu 6   5   +1    
Çörək 30 40 ədəd 25   +5    
Kartof 20 25 kq 18   +2    
- - - - - - -  
Dəyişən xərclər

 
Ayaqqabı 40   30   +10    
Kitab 15   20   -5    
- - - - - -    
- - - - - - -  
- - - - - -    

Şəxsi xərclər
Atanın xərcləri
 
Benzin 70   60   +10    
- - - - - - -  
- - -   - - -  
   
  - - - - - - -  
Ananın xərcləri
 
Saç boyası 30   25   +5    
- -            
               

Uşaqların xərcləri
Top 10   8   +2    
Qələm              
Dəftər              
Digər xərclər İanə 0   1   -1    
  0   0        
CƏMİ   236   206   +30    

Ailə büdcəsi və xərclərilə bağlı cədvəl tərtib olunduqdan sonra büdcə planlaşdırılmalıdır. Hər ayın sonu  növbəti ayın xərclərini planlaşdırmaq lazımdır. Xərclər planlaşdırılan zaman ailənin ay ərzində ehtiyacı olan malların və xidmətlərin siyahısı tərtib olunmalıdır. Alınması nəzərdə tutulan məhsul və xidmətlərin adını nümunə üçün təqdim etdiyimiz cədvəlin “Xərclərin adı” bölməsinə də qeyd edə bilərsiniz. Ay ərzində çalışın ki, cədvəldə adını qeyd etdiyiniz məhsulları alasınız, ya da xidmətlərə pul xərcləyəsiniz. Lakin, bəzi istisna hallarda bu qaydadan kənara çıxa bilərsiniz. Məsələn, siz bu ay ayaqqabı almağı nəzərdə tutmamısınız. Lakin, gözlənilmədən endirimlə satılan və bəyəndiyiniz ayaqqabı ilə qarşılaşırsınız. Belə olan halda, siz həmin ayaqqabını almaqla, növbəti aylarda büdcə xərclərinizə daha çox qənaət etmiş olarsınız.
“Xərclərin adı” bölməsində qeyd etdiyiniz məhsulların təxmini qiymətini və miqdarını “Nəzərdə tutulan” bölməsinə qeyd etdikdən sonra alınan “CƏMİ” sırasındakı yekun rəqəmə baxmaq lazımdır. Çalışmaq lazımdır ki, bu rəqəm sizin gəlirinizdən çox olmasın.
Diqqət edilməli olan məqamlardan biri də odur ki, qənaət daha çox dəyişən xərclərlə bağlı olmalıdır. Sizin və ailənizin sağlamlığı, təhsili üçün nəzərdə tutulan minimal xərclərdən qənaət edilməməlidir. Məsələn, ay ərzində insan sağlamlığı üçün zəruri olan qida normasını qəbul etmək lazımdır. Əgər bu qaydaya əməl edilmirsə, o zaman bu qənaət deyil, xəsislik adlandırılır.
Ayın sonunda “Nəzərdə tutulan” sütunundakı yekun rəqəmlə “Faktiki” sütunundakı yekun rəqəm arasındakı fərq 10 % təşkil edirsə, bu qənaət baxımından ciddi uğur hesab edilə bilər. Məsələn, sizin növbəti ay üçün tərtib etdiyiniz büdcə planlaşdırmasında “Nəzərdə tutulan” sütunundakı yekun rəqəm 1000 manat olduğu halda, ayın sonunda “Faktiki” sütunundakı yekun rəqəm 900 manat olacaqsa, deməli, siz büdcənizə qənaət edə bilmisiniz. Yəni, ayın sonunda cədvəlin sonundakı “Fərq” sütununda qeyd olunan rəqəm sizin qənaət etdiyiniz, ya da israf etdiyiniz məbləği göstərəcək.
Onu da bildirək ki, informasiya texnologiyalarının inkişaf etdiyi indiki dövrdə ailə büdcəsilə bağlı çoxsaylı kompüter proqramları var. Kompüterdən minimal səviyyədə istifadə etməyi bacaran istənilən şəxs bu proqramlardan faydalana bilər.

Allahverdi Cəfərov