Son illər İnformasiya Texnologiyalarının (İT) sürətli inkişafı, xüsusən də, insanların internetə çıxış imkanlarının genişlənməsi evdən kənara çıxmadan pul qazanmaq imkanlarını artırıb. Eyni zamanda, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərə görə insanların evdən çıxmadan iş görməsi günümüzdə daha da aktuallıq qazanıb.
Əvvəlki illərlə müqayisədə Azərbaycanda işləyən qadınların sayında artım müşahidə olunsa da, rəsmi statistikaya görə, hələ də muzdla (əmək haqqı) işləyən insanların yalnız 40 %-ni qadınlar təşkil edir. Bu səbəbdən də, yeni dövrün gətirdiyi bu imkanlardan ən çox qadınlar yaralanmaq istəyir.
Evdən çıxmadan hər hansı bir iş görmək və bunun qarşılığında pul qazanmaq üçün qadınların qarşısında çoxlu alternativlər var. Bu alternativlərin içərisində qadınların ən yaxşı bacardıqları işlərdən biri heç şübhəsiz ki, iynə ilə görülən işlərdir. İynə ilə görülən işlər dedikdə, buraya toxuculuq, tikmə, geyimlər və aksesuarlar üzərində müxtəlif bəzək işlərinin görülməsi nəzərdə tutulur. Bu cür əl işlərinə hər zaman böyük tələb var. Qadınlar toxuduqları istənilən bir geyim, ya da aksesuar barədə məlumatları çox asanlıqla elan saytlarına yerləşdirə, yaxud da sosial şəbəkələrdəki səhifələrində paylaşa bilərlər. Əlbəttə, unutmamaq lazımdır ki, bu işlə məşğul olan yalnız siz olmayacaqsınız. Bu səbəbdən də, işə başlamazdan əvvəl araşdırma aparmağın sizin üçün faydası ola bilər. Məsələn, elan saytlarına, sosial şəbəkələrə nəzər salaraq nələrə daha çox ehtiyac olduğunu, insanların nə cür toxuma işlərinə maraq göstərdiyini öyrənə bilərsiniz. Eyni zamanda siz müxtəlif parçalardan paltar tikməyi bacarırsınızsa, internet üzərindən sifarişlər də qəbul edə bilərsiniz.
Qadınların, xüsusən də, evdar qadınların yaxşı bacardıqları işlərdən biri də mətbəx işləridir. Azərbaycanda kulinariya bacarığı olmayan qadın yəqin ki, çətin tapılar. Belə olan halda, qadınlar bu bacarıqlarından da pul qazana bilərlər. Amma heç kimə sirr deyil ki, son illər bu işlə məşğul olan, yəni evdə müxtəlif yeməklər, mürəbbələr, turşular, tortlar və digər şirniyyatlar hazırlayıb satan qadınların sayı artıb. Bu baxımdan hazırda bu sahənin ən rəqabətli sahə olduğunu deyə bilərik. Rəqabətin yüksək olduğu bu sahədə iş görmək və pul qazanmaq üçün hazırladığınız məhsullarda yeniliklər etməyə çalışmalısınız. Çalışmaq lazımdır ki, sizin hazırladığınız məhsullar bazardakı digər analoji məhsullardan fərqlənsin. Bu fərqliliyi siz öz məhsullarınızın görünüşündə, dadında, qiymətində nə qədər çox hiss etdirə bilsəniz, uğur qazanmaq imkanlarınız da bir o qədər çox olar.
Toxuma və mətbəx işləri qadınların yaxşı bacardığı işlərdir. Amma qeyd etdiyimiz kimi, bu sahədə rəqabətin çox olması qadınların pul qazanmaq imkanlarını da azaldır. Belə olan halda, qadınlar üçün, xüsusən də, ixtisassız qadınlar üçün evdə hansı işləri görmək toxuma və mətbəx işlərindən daha faydalı ola bilər? İnformasiya texnologiyalarının inkişafı yeni peşə sahələirinin də ortaya çıxmasına səbəb olub. Son vaxtlar veb-saytlara, ya da sosial şəbəkələrdəki səhifələrə mütəmadi olaraq məlumatların yerləşdirilməsi və bu məlumatların internet şəbəkədə paylaşılması bir peşə kimi formalaşmağa başlayıb. İnsanlar arasında "admin" olaraq tanınan bu peşə sahəsinə hər keçən gün tələb artır. Xarici dil bilən qadınların bu işdən pul qazanmaq şansı digərlərinə nisbətən daha çoxdur. Hazırda bir çox veb-sayt xarici dillərdə olan internet resurslardan məlumatları tərcümə edərək oxucularına təqdim etməyə çalışır.
Digər tərəfdən, əksər şirkətlərin sosial şəbəkə hesabları var və həmin səhifələrə yazılan rəylərə, verilən sullara cavab vermək lazım olur. Aydın məsələdir ki, bir çox kiçik şirkətlər bu cür işlər üçün böyük həcmdə büdcə ayırmaq, əlavə işçi saxlamaq imkanına sahib olmurlar. Bu səbəbdən də bu işləri daha az ödəniş etməklə həyata keçirmək istəyirlər.
Evdar xanımlar aktiv sosial şəbəkə istifadəçisi kimi də pul qazanmaq imkanı əldə edə bilərlər. Hər hansı bir şirkətin məhsul və xidmətlərini sosial şəbəkələrdə paylaşmaq, həmin məhsullar barədə müsbət rəylər yazmaq kimi işlərdən də pul qazanmaq imkanı əldə edə bilərlər. Eyni zamanda əməkdaşlıq etdikləri şirkətlər üçün onlayn sorğular təşkil etmək, yaxud da telefon vasitəsilə şirkətlərin məhsul və xidmətlərini tanıtmaq da mümkündür. Məsələn, sığorta şirkətinin yüzlərlə, minlərlə müştərisinə sığorta müqaviləsinin başa çatmağına az müddət qaldığını xatırlatmaq, yaxud da həmin müştərilərdən müqaviləni yeniləmək niyyətlərinin olub-olmadığını soruşmaq ev xanımları üçün əlavə qazanc gətirə bilər.
Son illər populyarlıq qazanan işlərdən biri də səsli kitablardır. Əvvəllər bir kitabın oxunmasına günlərlə vaxt sərf edildiyi halda, bu gün bir neçə saat ərzində həmin kitabları səsli şəkildə dinləmək mümkündür. Səsinin, diksiyasının yaxşı olduğuna əmin olan qadınlar üçün kitabları səsləndirmək əlavə gəlir mənbəyi ola bilər. Bu işlə məğul olan və böyük izləyici kütləsi olan "YouTube" kanalları var və siz onlarla əməkdaşlıq edə bilərsiniz. Hətta, siz, bunun üçün özünüzə "YouTube" kanalı açıb, öz işinizi də qura bilərsiniz.
"YouTube" və digər sosial şəbəkələrdən pul qazanmaq imkanları genişdir. Əgər hesab edirsiniz ki, sizin hansısa sahədə fərqli qabiliyyətləriniz var, o zaman bundan istifadə edə bilərsiniz. Məsələn, kulinariya qabiliyyətiniz yaxşıdırsa, təkcə yemək hazırlayıb satmaqla deyil, eyni zamanada həmin yeməklərin hazırlanması prosesini çəkərək "YouTube" kanalınıza yükləməklə də pul qazana bilərsiniz. "YouTube"dan necə pul qazanmaq olar?" başlıqlı yazı ilə jurnalımızın əvvəlki - aprel sayında tanış ola bilərsiniz.
Böyük şəhərlərdə yaşayan insanların dibçək güllərinə hər zaman böyük marağı olub. Evlərdə və iş yerlərində tez-tez rastlaşdığımız dibçək güllərinin böyük əksəriyyəti kənardan satın alınaraq gətirilir. Bu gün böyük ofislərdə yüzlərlə dibçək gülü saxlanılır və bu güllər üçün şirkətlər öz büdcələrindən müəyyən məbləğlər xərcləyirlər. Aydındır ki, bu işlə məşğul olan ixtisaslaşmış şirkətlər var və onlar dibçək güllərinin yetişdirilməsi və satışı ilə məşğul olurlar. Lakin bəzi güllərin yetişdirilməsi xüsusi qayğı və diqqət tələb edir ki, ixtisaslaşmış şirkətlər də bu cür güllərin yetişdirilməsində maraqlı olmurlar. Belə gülləri ev şəraitində yetişdirərək satışa çıxarmaq ev xanımları üçün əlavə qazanc mənbəyi ola bilər.
Bura qədər sadaladıqlarımız qadınların böyük əksəriyyətinin bacara biləcəyi işlərdir. Lakin ixtisas sahibi olan qadınlar üçün evdən çıxmadan iş görmək imkanları daha genişdir. Tərcüməçilik işinə hər zaman ehtiyac var və bunun üçün evdən kənara çıxmağa ehtiyac yoxdur. Xarici dil bilirsinizsə, bu sizin üçün hər zaman pul qazanmaq imkanı deməkdir. Repetitorluq, uşaq baxıcılığı kimi işlərdə təcrübəniz və bacarığınız varsa, bu da sizin üçün gəlir yeri deməkdir.


Allahverdi Cəfərov