Xaricdə təhsil almaq bir çox tələbənin xəyallarından biridir. Bu, yeni mədəniyyətlər və coğrafiyaları araşdırmaqla yanaşı, tələbələr üçün özlərini inkişaf etdirmək və iş perspektivlərini artırmaq üçün yaxşı bir fürsətdir. Təbii ki, tələbələr bunun üçün əvvəlcə hansı ölkə və universitetdə təhsil almaq istədiklərini seçməlidirlər. Ən populyar təhsil yerlərindən İngiltərə, İtaliya, Kanada və Almaniya kimi ölkələr üstünlüyünü qoruyub saxlasa da, Amerikanı seçənlər də az deyil. Ölkədə təhsil almağı düşünən tələbələrin ən çox seçdiyi universitetlərdən biri də Massaçusets Texnologiya İnstitutudur (MIT).
MIT 1861-ci ildə tikilib və ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində Çarlz çayının sahilində 68 hektar ərazidə yerləşir. MIT-in ilk prezidenti və qurucusu Uilyam Barton Rocers olub. O, məktəbin elmi və texniki təhsilinə böyük diqqət yetirir və onun üzərində illərlə çalışır, lakin həmin ildə başlayan ABŞ Vətəndaş Müharibəsinə görə məktəbin açılışı 1865-ci ilə qədər təxirə salınır. Bu dövrdə isə instituta yalnız 15 tələbə qəbul edilir. Müharibədən sonrakı illərdə institut sürətlə inkişaf edir, yeni fakültələr və tədqiqat mərkəzləri yaradılır. İkinci Dünya müharibəsi dövründə institutun mütəxəssisləri radar qurğuları, nüvə reaktorları sahələrində və digər hərbi məqsədlər üzrə yüksək nailiyyətlər əldə edirlər. İnstitut elektronika üzrə də ön cərgədə qərar tutur. Soyuq müharibə dövründə ABŞ rəhbərliyi milli təhlükəsizliyin gücləndirilməsi məqsədilə elmi tədqiqatlara külli miqdarda maddi yardım göstərir. Massaçusets Texnologiya İnstitutu subsidiyaların ən çox alındığı ali təhsil müəssisələrindən olur və tezliklə dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzinə çevrilir. XX əsrin 50-60-cı illərində bu ali təhsil müəssisəsi elmi-texniki inqilab edir. Məhz bu dövrdə institutun Linkoln və Çarlz Stark Dreyper laboratoriyaları öz kəşfləri ilə məşhurlaşır. 70-80-ci illərdə institut elmi-texniki tərəqqiyə səbəb olan kompüter erasının pionerinə çevrilir. Hətta, məşhur "haker" termini də burada meydana gəlir.
MIT hər tələbənin arzusu olsa da, qəbul olma və oxuma şərtləri olduqca mürəkkəbdir. İnstituta qəbul olma faizi 7, bitirmə faizi isə 93-dür. İnstitutun tədris və tədqiqat müəssisəsinin əsasını aspirantlar və magistrlər təşkil etdiyindən cəmi 4510 nəfər bakalavr təhsili alır. 2019-2020-ci tədris ilində MIT-ə ümumilikdə 21 706 nəfər müraciət etsə də, onlardan yalnız 1464 nəfər təhsil almaq hüququ əldə edir. Beynəlxalq tələbə qəbulu nisbəti isə 3 faiz olduğundan cəmi 134 nəfər bu şansı əldə edə bilir.
Risk almağı və uğursuzluğu qarşıya qoyulan hədəfin bir hissəsi kimi görən MIT əsasən həm düşünən, həm də düşüncələrini həyata keçirən namizədlərə üstünlük verir. Rəngarəng bağ sahələri olan və müasir şəhər üslubunda tikilən universitetdə tələbələr üçün yataqxanalardan tutmuş, akademik binalara qədər demək olar ki, hər bir şərait yaradılıb. Binalar yerüstü və yeraltı tunellərlə birləşdirilib. Hər bir yataqxananın öz komendantı var. Komendant tələbələrə onların sağlamlığına və psixoloji vəziyyətlərinə nəzarət edir. Massaçusets Texnologiya İnstitutunun nəzdində olan kitabxanalar Elm və Tədqiqat İnstitutu tərəfindən dəstəklənir. Ümumilikdə, kitabxana sistemi 2,6 milyon kitaba, 17 min jurnala, 478 onlayn verilənlər bazasına, 30 mindən çox internet şəbəkəsinə qoşulmuş elektron jurnala, xəritələrə, şəkillərə, səsyazmalara və videokasetlərə malikdir.
ABŞ-ın bir nömrəli kompüter elmləri məktəbi hesab olunan MIT dünya universitetlərinin nüfuzlu reytinqlərində lider mövqelərə sahibdir. QS Dünya Universitetlərinin statistikasına görə MIT 2015-ci ildən bəri liderliyini qoruyan ən prestijli universitetlərdən sayılır. Bir çox sahələrdə uğurlar əldə etsə də, robototexnika və süni intellekt sahəsində dünya üzrə liderdir. Bundan başqa, institutun mühəndislik, fizika, kimya, riyaziyyat, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə proqramları da məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub.
MİT məzunları arasında FED (Federal Ehtiyat Sistemi) prezidentliyi, BMT katibliyi və baş nazir kimi siyasi vəzifələrdə olan məşhur siyasətçilər, elm adamları və gələcəyimizi formalaşdıran texnoloji nəhənglərin CEO-ları var. İnstitutun tanınmış məzunlarından Azərbaycan əsilli alim, Kaliforniyanın Berkli Universitetinin professoru olmuş Lütfi Rəhim oğlu Ələsgərzadəni (Lütfi Zadə) xüsusi qeyd etmək olar. Dünya üzrə tanınmış şəxslərdən isə Kosta-Rikanın prezidenti Xose Fiqeres Ferrer, Kolumbiyanın prezidenti Virxilio Barko, BMT-nin sabiq baş katibi Kofi Annan, ABŞ-ın sabiq dövlət katibi Corc Şuls, Birləşmiş Krallığın xarici işlər naziri Devid Miliband, İsrailin Baş naziri Benyamin Netanyahu və başqalarını qeyd etmək olar. Bu günə qədər isə institutun 96 məzunu Nobel mükafatına layiq görülüb.
MIT çoxsaylı elmi kəşflərin yarandığı məkandır. Bura azad proqram təminatı hərəkəti və GNU layihəsi, nüvənin maqnit yaddaşı, radar, bir elektron tranzistoru, dizayn nəzəriyyəsinin rəqəmsal sxemi daxildir. Universitetin alimləri kibernetika, kompüterin dili, robot texnikası, açıq açarlı kriptoqrafiya sahələri üzrə böyük nailiyyətlər əldə ediblər. MIT hər il tədqiqata təxminən 1 milyard dollar xərcləyir və bu göstəriciyə görə ABŞ-da 14-cü yerdədir. Eyni zamanda MIT tədqiqat sahəsində digər universitetlərlə, həmçinin hökumətlə əməkdaşlıq edən ilk universitetlərdən biri sayılır. Məsələn, institut Harvard Universiteti ilə tibb və texnologiya sahəsində fəal şəkildə əməkdaşlıq edir. Yəni, MIT tələbələri Harvard Universitetində və əksinə kurslarda iştirak edə bilərlər.
İnstitutda 500-dən çox tələbə təşkilatı və qrupu var. Tələbələr 33 idman növündə peşəkar tələbə liqalarında oynayırlar. İnstitut məzunların işə düzəlməsi üzrə dünya reytinqində 1-ci yeri tutur (QS - Quacquarelli Symonds-a görə). Tələbələr təhsil müddətində yüksək səviyyədə staj keçirlər. Məzunlar isə "Google", "Oracle", "Amazon", "McKinsey Accenture", "Apple", "Boeing" və "Microsoft" kimi şirkətlərdə yüksək vəzifələrdə çalışırlar. Bu institutu bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88 200 dollar nəzərdə tutulur.
MIT-in illik təhsil haqqı təxminən 53 790 dollardır. Əgər bura qalmaq, yemək və digər xərcləri daxil etsək, təxminən 73 000 dollar vəsait xərcləməli olacaqsınız. Ancaq narahat olmayın, MIT kimi bir universitetdə təhsil almaq hüququ qazanan biri üçün pul problem olmayacaq. Niyə? Çünki buranın qayda-qanununa görə, karyera qurmaq üçün dörd il ərzində institut tələbənin maddi ehtiyaclarını qarşılayır. Yəni, MIT ailənizin gəlirlərinə görə sizə lazım olan dəstəyi verir.
MIT-də tələbələr qlobal problemlərin öhdəsindən birlikdə gəlməyə və yaradıcılıqlarını birlikdə ortaya qoymağa çalışırlar. Buna görə də, həmişə seçilməyi bacarırlar. Belə ki, institutun Yer, Atmosfer və Planet Elmləri Bölməsinin binası "Yaşıl bina" adlandırılır. Bu bina Kembricdə ən hündür bina sayılır və tələbələr kabelsiz idarə olunan xüsusi LED işıqları binanın pəncərələrinə quraşdıraraq, binanı tetris oyununa çeviriblər. Bu da bir çoxlarının marağına səbəb olub. Ümumiyyətlə, Massaçusets Texnologiya İnstitutunun müəllim və tələbələri həmişə sərbəst, azadfikirli və yaradıcı olmaları ilə seçilirlər.


İlahə Hüseynova