Yer üzündə yaşayan bütün insanlar xüsusi bacarıqla dünyaya gəlirlər. Zaman keçdikcə o bacarıq ya özü-özünü biruzə verir, ya da kimlərsə tərəfindən aşkarlanır. Sahib olduğu bacarığın üzə çıxarılması isə bacarıq sahibinin həyatda irəli getməsinə, hətta, xoşbəxt olmasına səbəb olur. "Bəs əslində bizim sahib olduğumuz bacarıqlar necə üzə çıxır və ya çıxarılır?", "Burada ən çox kimin rolu var?" Mövzu ətrafında pedaqoq/təhsil psixoloqu Gülnarə Mamedova ilə danışdıq...
- İlk növbədə bacarıq dedikdə nəyi başa düşməliyik?
- Hər bir insan yaşadığı sosial mühitdə xüsusi təcrübə ilə müəyyən vərdişlər, davranışlar əldə edir ki, bu bacarıqdır. Bu baxımdan etdiyimiz hər hansı kiçik davranışı da bacarıq adlandırmaq olar. Məsələn, ən adi misal verək, suyu qaldırmaq belə bacarıqdır. Bir də insanı digərlərindən fərqləndirən davranışları var ki, bu artıq xüsusi qabiliyyətdir.
- Elə isə bacarıq sonradanmı əldə edilir?
- Biz bir mütəxəssis kimi bizə müraciət edən 6-14 yaşlı uşaqları xüsusi zəka testlərindən keçiririk. Həmin zəka testlərində uşağın IQ (yəni, intellektual) səviyyəsini, fiziki zəkasını, emosional zəkasını ölçüb davranışına görə ayırd edə bilirik. Həmin testlər nəticəsində uşağın həm sonradan qazanılmış qabiliyyətlərini, həm də genetik yolla gələn qabiliyyətlərini görürük. Genetik yolla gələn qabiliyyətləri dəyişmək mümkün deyil. Məsələn, götürək rəssamlıq qabiliyyətini. Rəssamlıq sonradan qazanılmış bir qabiliyyət deyil. Uşaq onun sirlərini, incəliklərini, hətta elmini öyrənə bilər. Ancaq bu, doğumdan gələn bir şeydir, yəni genetik qabiliyyətdir. Səlis danışmaq, natiqlik bunlar mütaliə, söz bazası ilə bağlı olan qabiliyyətdir. Bunu insan sosial mühitdə də öyrənə bilər. Məsələn, Əminə Yusifqızı çox yaxşı qiraətçidir, deyilmi? Bu, sonradan qazanılmış qabiliyyətdir. Sosial mühitdə özünü ifadə etmək və ya gözəl mentor olmaq sonradan qazanılmış qabiliyyətdir. Danışmaq qabiliyyəti var, bu fitri olaraq verilir, ancaq sən onun içini doldurmuş olursan. Riyazi zəka da genetikdir. Məsələn, musiqi sahəsindən Bethoveni götürək. Onun yazdıqları genetik yolla gələn bir şeydir.
- Uşağın fərdi bacarıqları neçə yaşından formalaşmağa başlayır?
- Biz bu sualı belə cavablandıraq ki, uşağın fərdi bacarıqlarını neçə yaşına kimi üzə çıxarmalıyıq və neçə yaşından sonra gec olur. Çünki bunun bir mütəxəssis tərəfindən cavablandırılması daha doğrudur. Bilirik ki, ailə 6 yaşına qədər uşağın hər hansı bir qabiliyyətini aşkarlamasa, bu qabiliyyət yeniyetməlik dövrünə qədər nisbətən zəifləyir və sonradan o qabiliyyətin üzə çıxarılması çox gec olur. Əslində, uşağın qabiliyyəti doğumdan, yəni dünyaya gələndən sonra üzə çıxarılmalıdır və ana onun üzərində işləməlidir. Niyə ana? Çünki dünya təcrübəsində övlad üzərindəki məsuliyyət anaya aiddir. Ümumiyyətlə, ailədə uşağın tərbiyəsində və ya uşağın inkişafında rolu olan kimdirsə o, bu bacarığı üzə çıxarmalıdır. Digər tərəfdən, uşağın məktəb yaşlarında intellektual zəkasının aşkarlanmasında müəllim də gecikmiş sayılmaz. Ancaq kinestetik qabiliyyətlərin, duyumla bağlı qabiliyyətlərin üzə çıxarılmasına gəlincə, məsələn, 6 yaşlı uşağın musiqi duyumu o vaxt aşkarlanmasa, artıq gələcək yaşlarda bu bacarıq "nə gözəl musiqi duyumu var"la üzə çıxacaq və onun üzərində nə isə inşa etmək mümkün olmayacaq. Ona görə də, bacarıqlar nə qədər tez aşkarlansa, o qədər yaxşıdır.
- Hər kəs xüsusi bacarığa sahib olurmu?
- Bəli, hər kəs xüsusi bir bacarıqla dünyaya gəlir. Qabiliyyətsiz bir insan yoxdur. Yəni, elə bir insan yoxdur ki, onun bir bacarığı olmasın. Bu, ya üzə çıxarılır, ya da yox. Tapanlar xoşbəxt olurlar və öz qabiliyyətlərini inkişaf etdirirlər. Qabiliyyətlərindən xəbərsiz olanlar isə bu qabiliyyətlərindən məhrum qalırlar. Ancaq insanda olan bacarıq mütləq bir yerdə özünü büruzə verir.
- Əgər uşaq qapalı, valideyn isə biganədirsə, o halda uşağın bacarığı necə üzə çıxarılacaq?
- Bir filmdə deyilir ki, hər kəs üçün ən böyük şans yaxşı bir müəllimə rast gəlməkdir. Bizim həyatımızda o müəllim ata-ana da ola bilər, müəllim də ola bilər, başqa insanlar da ola bilər. Bu fikrimi gördüyüm bir karikatura ilə əsaslandırım. Demək, bu karikaturada heyvanlar təsvir olunur və onların ağaca çıxmaq qabiliyyəti ölçülür. Ancaq onların yanında akvariumda bir balıq da var. Bu isə o deməkdir ki, yarış başlamamış artıq balığı məğlub adlandırmaq olar. Mən bu misalı çox sevirəm, təlim və seminarlarımda çox istifadə edirəm. Ona görə də, həmişə deyirəm ki, balığı suya buraxın və qoyun, o orada nə qabiliyyəti var, göstərsin. Bizim üçün uşağın bacarığı nədir? Uşaq dərsini yaxşı oxuyursa, riyaziyyatı yaxşıdırsa, sinifdə birincidirsə, zəmanə uşağıdırsa, deməli, qabiliyyəti var. Amma əslində qabılıyyət o deyil. Qabiliyyət IQ dərəcəsinin yuxarı olmasıdır. Fərqi yoxdur uşağın hansı zəkası yuxarıdır, intellektual, fiziki, yoxsa emosional? Hər hansı qabiliyyətinin yuxarı olması o uşağın cəmiyyətdə sayılan, seçilən uşaq olması demək deyil. İnanın ki, yüksək zəkalı uşaqlarla işləyəndə görürsən ki, diaqnozu ya disleksiyadır, ya da hiperaktivlik. Təbii ki, ikili gördüyümüz qüsurlar, əksikliklər də var, amma uşaq yüksək zəkalıdır. Burada uşağın xarakter tipləri də çox vacibdir. Qısaca, introvert (qapalı) uşaqlar var, ekstrovert (açıq) uşaqlar var. Burada uşaq bayaq dediyimiz kimi, yaxşı bir müəllimə rast gəlməlidir.
- Müxtəlif yaş dövrlərində uşaqların maraqları, istedadları necə dəyişir?
- İstedad dəyişmir. Hətta, əvvəllər ixtisas seçimində hansısa seriala görə ixtisas seçilirdisə, ya da cəmıyyətdə nüfuzuna görə ixtisas seçilirdisə, indi bu belə deyil. Mütəxəssis mövqeyindən baxanda görürük ki, insan qabiliyyətinə görə ixtisas seçməlidir. Ona görə də, əsas məqsəd bu olmalıdır ki, insan öz qabiliyyətini dərk etsin. Qabiliyyət barədə danışdıq, ancaq marağa gəlincə, bu tamam başqa bir məfhumdur. Hansısa ölkədə müəllimlər bir uşağın kimyaya olan marağını görür və hər il yay tətilində onu laboratoriyada təcrübə keçməyə göndərirlər. Amma uşağın bundan xəbəri yoxudr ki, onu müəllimləri kimya mühəndisliyinə yönləndirirlər. Bu şəkildə təcrübə görmüş uşaq illər sonra ixtisas seçmək məqamı gələndə biokimya mühəndisliyini seçir. Belə deyək, resurs kimi qabiliyyətlər var və onların üzərində işləmək lazımdır.
- Valideynlərə tövsiyələriniz...
- Valideynlərə demək istərdim ki, siz ancaq valideyn olun. Çünki onların uşaqlarının müəllimi də var, məşqçisi də var, nənəsi də var, babası da var və s. Onlar yalnız ata və yalnız ana olsunlar. Ata-ana olmaq qarşılıqsız və şərtsiz sevməkdir. Biz uşaqlarımızı mənafe güdmədən sevirik, amma bunu onlara bu şəkildə əks etdirmirik. Belə əks etdiririk ki, sən dərsini oxusan, sinifdə uğur qazansan, mənim gözümdə yüksələcəksən. Hansı ki, çox sevgi verməkdən heç vaxt zərər gəlməz. Sevginin çoxluğu və ya azlığı deyə bir şey ola bilməz. Ərköyünləşdirmək başqa bir şeydir, sevgi vermək tamam başqa bir şey. Hiss etdiyimiz sevgini uşaqlara əks etdirə bilsək, artıq onlar edəcəkləri işi bizim qorxumuzdan yox, bizə olan sevgilərindən edəcəklər. Onlar bizimlə sevgilərindən ünsiyyət qurmalıdırlar. Biz yeniyetməlik dövründə bizə qarşı çıxan uşağın bu davranışının səbəbini tapmalıyıq ki, harada səhvə yol vermişik? Biz o problemi tapmalı və onun o yarasına məlhəm qoymalıyıq.
Aygün Zayıdova