Şübhəsiz, hər abituriyentin məqsədi xəyalını qurduğu universitetin istədiyi fakültəsinə qəbul olmaqdır. Bəzən isə televiziyada və ya mətbuatda qarşımıza abituriyentlərdən birinin iki universitetə qəbul olması xəbəri çıxır. Həmin an fikirləşirsən ki, deməli, bu şagird xüsusi istedada malikdir və bu uğuru əldə etmək üçün gecəsini gündüzünə qatıb. Amma 2019-2020-ci tədris ilinin sonunda, ölkə mətbuatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayevanın dünyanın 9 nüfuzlu universitetinə qəbul olması ilə bağlı xəbər yayıldı. Bəli, 9 nüfuzlu universitet. Bu ali təhsil ocaqlarının sırasına ABŞ-ın Cənubi Florida, Müqəddəs Luis, Arizona və Çikaqo universitetlərindən tut, Türkiyənin Koç, Sabancı, Bilkent və Yeditepe universitetləri daxildir. Selcanın seçimi isə Çinin Pekin Universitetinin "Tibbi biologiya" ixtisası oldu. Biz də sözün əsl mənasında bu gənc dahi ilə həmsöhbət olduq, onunla bu nadir uğuru, istifadə etdiyi metodlar və gələcək fəaliyyətləri ilə bağlı danışdıq.
- Sizin fikrinizcə uğurunuzun sirri nədədir?
- Uğur qazanmaq üçün ilk növbədə, insanın müəyyən bir məqsədi, hədəfi olmalıdır. İnsan qarşısına müəyyən bir məqsəd qoymalı və ona çatmaq üçün çalışmalıdır. Sözsüz ki, bunun üçün çox çalışmaq lazımdır. Çəkilən zəhmət heç vaxt hədər getmir. Ən vacib məqam isə odur ki, heç vaxt ruhdan düşmək olmaz.
- Buna görə kimə və ya kimlərə borclusunuz?
- Qazandığım uğurlara görə müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Müəllimlərim dərs materiallarını mənimsətməklə yanaşı, potensialım və marağım olan sahələrdə özümü inkişaf etdirmək üçün də həmişə köməklik ediblər. Valideynlərim də mənə həmişə dəstək veriblər, bütün uğurlarımda xüsusilə anam həmişə yanımda olub. Həmçinin, "Sabahın Alimləri" müsabiqəsi üçün birlikdə çalışdığımız, elmi rəhbərim, "Molekulyar Biologiya və Bioinformatika" Elmi-Tədqiqat İnstitutu Biotexnologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İlham Şahmuradov da mənim üçün stimul olub. Mənim bioinformatika, genetika sahəsinə olan marağımın artmasında, bu sahədə olan biliklərimin təkmilləşməsində böyük rol oynayıb. Buna görə də, İlham müəllimə minnətdaram.
- Dərs oxuyarkən istifadə etdiyiniz xüsusi bir metod var idi?
- Bayaq vurğuladığım kimi çox çalışmaq lazımdır. Lakin bu, o demək deyil ki, insan istirahətindən də qalmalıdır. Mən dərslərimi oxumaqla yanaşı, istirahətə də vaxt ayırırdım. Bu zaman dərslərdən əlavə xoşladığım işlərlə məşğul olurdum. Məsələn, proqramlaşdırma ilə maraqlanıram. İlham müəllimlə hazırladığımız layihədə "Linux" proqramından istifadə etmişdik. Mən həm bu proqramda daha nələr etmək olar onu yoxlayıram, həm də proqramlaşdırmadan istifadə etməklə müxtəlif oyunları necə qurmaq olar onu öyrənirəm.
- Necə oldu ki, 9 universitetdən qəbul ala bildiniz?
- Xaricdə təhsil almaq və peşəkar mütəxəssis olmaq istəyirəm. Bunun üçün dünyada yüksək keyfiyyətlərə malik universitetlərlə maraqlandım və sənədlərimi müvafiq qaydada bu univesitetlərə təqdim etdim. Nəticə isə göz qabağındadır...
- Müraciətləri kimlərlə və necə etdiniz?
- Müraciətləri anamla məsləhətləşərək özüm etdim.
- Niyə məhz Pekin Universitetini seçdiniz?
- Neyrocərrahiyyə sahəsində istifadə edilən cihazların demək olar ki, hamısı Çinə gətirilir. Eyni zamanda müasir texnoloji yeniliklərə əsaslanan cərrahi müdaxilələrin üsul və formaları burada tətbiq edilir. Müxtəlif xəstəliklərin müalicəsi üzrə böyük təcrübəyə (həmçinin, nüfuza) malik bütün mütəxəssislər və alimlər Çində fəaliyyət göstərirlər. Onlar öz pasiyentlərinin xeyrinə ən yeni metodlardan istifadə etmək bacarığına malik mütəxəssislər yetişdirirlər. Buna görə də, mən tibb sahəsində mənimsəmək istədiyim bilik, bacarıq və təcrübəni buradan əldə etmək istəyirəm.
- Tibbin hansı sahəsini seçməyi düşünürsünüz?
- Neyrocərrrah olmaqla bu sahədə olan mütəxəssislərin sayını artırmaq və insanın məhz onurğa və baş-beyin nayihəsində yaranan və yarana biləcək problemləri aşkar etmək, qeyd olunan nahiyələrdəki xəstəlikləri müalicə etmək üçün daha effektli üsulları mənimsəmək istəyirəm. Respublikamızda, eləcə də dünyada məhz neyrocərrahiyyə sahəsində mütəxəssislərin sayı azdır. Neyrocərrah olmaq dəqiqliyi və bu sahədəki texnoloji incəlikləri mükəmməl bilməyi tələb edir. Tibbin bu sahəsini seçməyimin bir səbəbi də məhz budur. Qeyd edim ki, yeni doğulan körpələrdə anadangəlmə neyroloji problemlər mövcud olur ki, bu sahədə istifadə edilən tibbi metodlar kifayət etmir. Belə ki, yeni doğulan körpələrin beynində su yığılması, yəni hidrosferalı qapanma halları müşahidə edilir. Bundan başqa, boyun qovşağından başlayaraq bütün onurğanı içinə çəkən qapanma halları da var ki, hər iki hal neyroloji müalicə tələb edir. Əksər vaxt bu neyroloji xəstəliklərin müalicəsi cərrahi müdaxilə tələb etsə də, körpələr əməliyyat üçün uyğun yaş həddinə çatana qədər xəstəliyin fəsadlarının artmaması üçün düzgün müalicə üsulunu tətbiq etmək lazımdır. Təbii ki, düzgün müalicə metodlarından istifadə etməklə yanaşı, neyrocərrahiyyənin incəliklərinə də bələd olmaq lazımdır.
- Universitetdən sonra da təhsilinizi davam etdirəcəksiniz?
- Bəli. Həm peşəkar bir mütəxəssis, həm də, bu sahədə yenilikləri tətbiq edə biləcək bir elm adamı olmağı qarşıma məqsəd qoymuşam.
- Əldə etmək istədiyiniz ən böyük uğur nədir?
- Əldə etmək istədiyim ən böyük uğur Vətənim, millətim üçün faydalı bir şəxsə çevrilməkdir.
- Çin mətbəxi Azərbaycan mətbəxindən kəskin fərqlənir, bu barədə problem yaşayacağınızı düşünürsünüz?
- Xeyr. Dəniz məhsullarını xoşladığıma görə düşünmürəm bir problemim olsun. Çünki, Şərq mətbəxi ilə - yapon mətbəxi ilə maraqlanmışam. Hətta, bir müddət əvvəl onların bəzi yeməklərini hazırlamağa cəhd etmişəm.
- Bəs ailənizdən minlərlə kilometr aralıda bir ölkəyə alışmaq sizin üçün çətin olmayacaqmı?
- Yəqin ki, olmaz. Elm öyrənmək, bir mütəxəssis olmaq üçün uzaqlarda olsam da, bilirəm ki, valideynlərim həmişə mənim uğurlarıma sevinəcəklər.
- Təhsilinizi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərməyi düşünürsünüz, ya xaricdə?
- Xaricdə təhsil alaraq əldə etdiyim bilikləri Vətənə qayıtdıqdan sonra tətbiq etməyi düşünürəm. Belə ki, əsas məqsədim tibb sahəsinin savadlı bir həkim-cərrahı kimi insanlara və dövlətimə xidmət etmək, bununla yanaşı, tibb sahəsində əldə etdiyim bilik və bacarıqları öyrədərək respublikamızda tibbin bu sahəsində ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır. Eyni zamanda elmi-tədqiqat institutunda bu sahə ilə bağlı tədqiqatlar aparmaq, yeni və daha səmərəli müalicə metodlarını tətbiq etmək istəyirəm.
- Bədii kitab oxuyursunuz?
- Bəli, bədii kitab oxumağı çox sevirəm.
- Bəs ən sevdiyiniz yazıçı və ən sevdiyiniz əsəri hansıdır?
- Klassik, dedektiv və fantastika janrında yazılmış əsərləri sevirəm. Bunlardan Lev Tolstoyun "Hərb və sülh" əsərini, Aqata Kristinin və Den Braunun əsərlərini misal göstərə bilərəm.
Sizə universitet həyatınızda və bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq.
Şahmərdan Əhmədli