Tilloda parlayan günəş...
Ərzurumlu İbrahim Haqqı 1703-1780-ci illərdə Osmanlı dövlətinin son dövrlərində yaşamışdır. O, 77 illik ömründə başda "Mərifətnamə" olmaqla bir çox dəyərli əsər qələmə almış bir Osmanlı alimidir. Osmanlı mədəniyyətində ziyalı təbəqə əsasən İstanbulda cəmləşsə də, vilayətlərdə və mərkəzdən uzaq yerlərdə də mühüm elm adamları yetişmişdir. Bunlardan biri də Ərzurumda dünyaya gələn, təhsil həyatının böyük bir hissəsini Anadoluda tamamlayan Ərzurumlu İbrahim Haqqıdır.
"Ərzurumlu İbrahim Haqqı kimdir?" deyə sual verilsə, hər halda bu suala başqa bir sualla cavab vermək daha doğru olar: "Hansı Ərzurumlu İbrahim Haqqı?" Çünki həyatı, məşğul olduğu, söz söylədiyi elm sahələri o qədər müxtəlif və zəngindir ki, Ərzurumlu İbrahim Haqqı ilə bağlı nə isə söz deyəndə, haqqında danışanda gərək bu zəngin və şaxəli fəaliyyət növlərinin hamısını nəzərə alasan.
Ərzurumlu İbrahim Haqqı astronom və kosmoqrafdır. O, əsərlərində göydən, aydan, günəşdən, ulduz və göy cisimlərindən, ildırımdan, yağışdan, meteoroloji hadisələrdən bəhs edir. Tədqiqatçı-yazıçı Şakir Dicləhan qələmə aldığı "Bilim ve Gönül Dünyasında Bir Yıldız - Erzurumlu İbrahim Hakkı" başlıqlı əsərində belə deyir: "O dövrdə günəş tutulması baş verəndə, İstanbuldakı müəllimlər "qiyamət qopur" deyə məscidin sütunlarını qucaqlayanda, İbrahim Haqqı Tilloda (Siirt vilayətində rayon) tələbələrinə bu hadisənin elmi izahlarını verir, meteoroloji hadisələri müşahidə etməyə çalışır, bunun baş verməsini elmi metodlarla açıqlayırdı" (Dicləhan, 1980, s. 40).
Yaşadığı dövrə ümumi baxış...
Ərzurumlu İbrahim Haqqının yaşadığı dövr Osmanlı dövlətinin 1699-cu ildə imzalanan Karlovitsa (Karlofça) müqaviləsi ilə ilk dəfə torpaq itirdiyi dövrlər idi. Karlovitsa (Karlofça) müqaviləsi bu mənada Osmanlı İmperiyasının "geriləmə dövrü"nün başlanğıcı hesab olunur. Ərzurumlu İbrahim Haqqının yaşadığı dövr elm, mədəniyyət və digər bir çox sahələrdə estafetin artıq Avropaya keçdiyi dövrlərdir.
Uzun müddət davam edən müharibələrdən maddi və mənəvi itkilərlə çıxan Osmanlı dövləti bir çox bölgə və torpaqları itirmişdi. Bu da böyük imperatorluqda siyasi, idari, maliyyə və hərbi güc baxımından ortaya bir sıra problemlər çıxarmışdı. Buna paralel olaraq eyni dövrlərdə Avropa dövlətləri təhsil, elm, mədəniyyət və bir çox sahələrdə inkişaf və tərəqqi əldə edirdilər.
Tədqiqatçılara görə dövrün məşhur alimlərindən dərslər alması, xüsusilə İsmail Fakirullahın tərbiyəsində yetişməsi, Ərzurumlu İbrahim Haqqının şeirlərindəki inandırıcılığı artırmış, yüksək mənəvi mərtəbəyə çatmasına səbəb olmuşdu. Düzdür, Allahın (c.c.) ona bəxş etdiyi bəzi üstün məziyyətlər, ona verdiyi qabiliyyətlər var idi. Ancaq bütün bu üstün qabiliyyət və bacarıqların ortaya çıxmasında qeyd edildiyi kimi, yetişdiyi sosial mühitin və əsas müəllimi İsmail Fakirullahın böyük əməyi var idi.
Uşaqlıq illərinə dair xatirələr
Ərzurumlu İbrahim Haqqı hələ uşaq yaşlarında elmə o qədər həvəs göstərirdi ki, elm üçün, hər gün nə isə yeni bir şey öyrənmək üçün yaşıdları ilə birgə oyun oynamağı tərk edirdi. Onun ilk müəllimi olan atası bu haqda belə deyirdi: "Elmə o qədər marağı var idi ki, çox vaxt oyunu yaddan çıxarır, yorulmaq bilmədən elm öyrənirdi. Bəzən onu yoxlayır və, "Bu gün sənə oxumağa icazə vermirəm", deyirdim. Onda da gələrək əlimi öpür, "Bu gün mənə yeni bir şey öyrət", deyirdi".
Fərasət və uzaqgörənliyinə dair bəzi misallar...
Ərzurumlu İbrahim Haqqı Osmanlının tənəzzül dövründə müsbət elmlərlə dini elmlər arasındakı fərqin dərinləşməsinə qarşı mübarizə aparmış, şah əsəri olan "Mərifətnamə"sində hər elm sahəsini özündə cəmləşdirmiş, hər mövzunun sonunu Uca Yaradanı (c.c.) tanımaqla və bilməklə əlaqələndirmişdir. Dinin dəyərlərini xurafat kimi qəbul edən, həmçinin, insanları inkişaf və tərəqqidən geridə qoyan əsas amilin din olduğunu söyləyənlərə qarşı çıxmış, hər cür elmi fəaliyyəti Allahdan (c.c.) uzaq bir şəkildə izah etməyin əskik və nöqsan qalacağını qeyd etmişdir.
Ərzurumlu İbrahim Haqqı dünyəvi və dini olmaqla elmi iki yerə ayırmağın səhv olduğunu vurğulayırdı. O, belə bir anlayışın nəticəsi olaraq bir müddət sonra müsbət elmlərin qeyri-dini elmlər hesab ediləcəyindən qorxur, bununla da müsbət elmlərə qarşı rəğbətin azalacağını, bu gedişatın İslam aləminə təhlükə və fəsadlar gətirəcəyini qeyd edirdi.
Ərzurumlu İbrahim Haqqı fərasətli görüş və baxışı ilə bu mənada bir həyəcan təbili çalmışdı. Ancaq müsbət elmlər onun yaşadığı dövrdən bir müddət sonra mədrəsələrin tədris planından çıxarılacaq, tarix onun uzaqgörənliyini sübut edəcəkdi. Ancaq onun bu səyləri qarşılıqsız qalacaqdı.
"Elm insanı Allaha yönəldir"...
Ərzurumlu İbrahim Haqqıya görə, riyaziyyat, astronomiya, anatomiya, fizika, coğrafiya, həmçinin, kəlam, fiqh, hədis və s. kimi bu və ya digər elm sahələrini öyrənmək, ümumiyyətlə təlim-tədris prosesində əsas hədəf insanın Mövlasını, yəni Uca Yaradanı (c.c.) tanımasıdır. Bu minvalla elmin hər sahəsində dərin biliklərə sahib olan Ərzurumlu İbrahim Haqqı elmin Allahı (c.c.) bilmək üçün bir vasitə olduğunu qeyd edirdi.
Ərzurumlu İbrahim Haqqı yalnız dini, ya da yalnız müsbət elmlərə söykənən təkqanadlı təhsil sistemini qəbul etmirdi. O, həm dini, həm də müsbət elmləri dərindən bildiyinə görə bütün bu elm sahələrini, birini digərinə qurban vermədən bir harmoniya halına gətirə bilmişdi. Ərzurumlu İbrahim Haqqıya görə insanın maddi və mənəvi tərəqqisi dini və dünyəvi elmlərin imtizac (başqa sözlə, harmoniya) halında birgə tədrisi ilə mümkündür.
Riyaziyyat, həndəsə, sosiologiya, psixologiya, anatomiya, coğrafiya, dini elmlər və s. kimi bir çox sahədə özünü yetişdirən Ərzurumlu İbrahim Haqqı bu performansı ilə öz dövründə və müasir dövrümüzdə elm yolçularına bir nümunə təşkil edir. Bu baxımdan o, bir insanın özünü yetişdirməsinin, bir çox sahədə üzərində çalışaraq inkişaf etdirməsinin mümkün olacağını hal dili ilə, həmçinin yaşayaraq göstərmişdir. Ərzurumlu İbrahim Haqqının əsərlərinin sayı ilə bağlı müxtəlif görüşlər olsa da, tədqiqatçılara görə alimin qələmə aldığı əsər sayı 16-dır. Kitab olaraq hallanan bəzi yazılar isə bu əsas kitablarından alınmış məqalələrdir.
Tipologiya və ya "qiyafətnamə" haqqındakı sözləri
Ərzurumlu İbrahim Haqqının söz söylədiyi, qələm oynatdığı mövzulardan biri də günümüzdə tipologiya adı verilən "qiyafətnamə" sahəsidir. Bu haqda şeir üslubunda kitab yazan müəllif insan bədəninin müxtəlif hissələrinin quruluş forması və fiziki xüsusiyyətləri ilə insan xrakteri arasında sıx əlaqənin olduğunu qeyd etmişdir.
Ərzurumlu İbrahim Haqqı eyni zamanda bir psixoloqdur. İnsanın bədən quruluşu, xarici görünüşü, rəngi, üz cizgiləri, səsi və digər orqanları ilə insanın əxlaqı və xarakteri arasında əlaqələr olduğunu qeyd etmiş, bu haqda "Qiyafətnamə" adlı əsər yazmışdır. Tədqiqatçılara görə bu əsər psixologiya və sosiologiya elminin məzc və ya qarışığından ərsəyə gəlmişdir.
Ərzurumlu İbrahim Haqqıya görə insanlar fizioloji olaraq ana bətnindən başlayaraq eyni və oxşar xüsusiyyətlərə malik olsalar da, xarakter və əxlaqi keyfiyyətlər baxımından tamamilə neytral vəziyyətdə dünyaya gəlmirlər. Əksinə bir güc və qüvvə halında insanlarda bəzi vərdişlərə meyillilik olur. Bu mənada insanlar bir-birilərindən fərqlənirlər. Ancaq bu vəsf və xüsusiyyətlər insana nələrisə zorla etdirmir, həmçinin, bunlar dəyişdirilməsi, istiqamətləndirilməsi mümkün olan vəsf və xüsusiyyətlərdir. Misal üçün pis vərdişlərə meyilli insan öz iradəsinin, sosial mühitin və aldığı elm və təhsilin köməyi ilə bu pis vərdişlərə meyillilikdən uzaqlaşa bilər. Həmçinin, gözəl əxlaqa, müsbət əxlaqi keyfiyyətlərə meyilli olan bir insan da öz azad seçimi ilə sahib olduğu bu xüsusiyyəti mənfi istiqamətdə dəyişdirə bilər. Bir sözlə, Ərzurumlu İbrahim Haqqı insanda müsbət və ya mənfi bəzi meyillərin bir güc və qüvvə halında mövcud olduğunu qəbul etsə də əxlaqın, yəni insanın səciyyə, xarakter və təbiətinin sonradan dəyişə biləcəyini vurğulayır. Ərzurumlu İbrahim Haqqı əslində bununla da insanın daim özü üzərində işləməsinin, təlim-təhsil prosesinin insan həyatında nə qədər böyük rol oynadığını vurğulayır.
"Müəllimimin qəbri üzərinə doğmayan günəşi nə edim?"
Ərzurumlu İbrahim Haqqının Tilloda yaşayan ustadı İsmail Fakirullah 1734-cü ildə vəfat etmişdi. Bu hadisəyə çox kədərlənən Ərzurumlu İbrahim Haqqı ustadına hörmət əlaməti olaraq nə isə etmək istəyirdi. Beləcə, o "Müəllimimin qəbri üzərinə doğmayan günəşi nə edim?" deyərək işə başlamış, günümüzdən 287 il əvvəl 21 mart və 23 sentyabr tarixlərində ildə iki dəfə olmaqla ilk günəş şüalarının müəlliminin qəbri üzərinə düşməsini təmin edən bir sistem qurmuşdur. Bunun üçün o, Tillodan təxminən 3 km uzaqlıqda olan təpənin üzərinə bir divar inşa etmişdi. Hər il gecə və gündüzün bərabər olduğu günlərdə doğan günəşin ilk şüaları bu divarın ortasındakı pəncərədən süzülür, 3 km uzaqlıqda olan qüllədəki güzgüyə düşür və işığın sınma qanunu ilə qüllədən türbənin içərisinə, oradan da İsmail Fakirullahın məzarının üzərinə əks edirdi...
Baş verən bu hadisə günəşin doğması ilə birlikdə beş dəqiqə davam edir. Qeyd edək ki, Ərzurumlu İbrahim Haqqının atalarının qəbri müəllimi İsmail Fakirullahın qəbrinin bir neçə metr yaxınlığında idi. Ancaq o belə bir sistemi atasının qəbrinin deyil, ustadının məzarının üzərinə tətbiq etməsi onun elmə, biliyə və müəlliminə olan hörmətini göstərirdi.
Ərzurumlu İbrahim Haqqının incə zehni hesablamalarla ərsəyə gətirdiyi bu sistem 1960-cı ildə restavrasiya və bərpa işləri aparılarkən zərər görmüş, uzun müddət bu sistemi bərpa etmək mümkün olmamışdı. Aradan uzun müddət keçəndən sonra 2011-ci ildə lazer və kosmik texnologiyanın köməyi, müxtəlif uinversitetlərdən gələn alimlərin çalışmaları ilə Ərzurumlu İbrahim Haqqının qurduğu bu sistemi yenidən bərpa etmək mümkün olmuşdur.
Ərzurumlu İbrahim Haqqı aradan əsrlər keçsə də, "Təfviznaməsi" ilə Allaha (c.c.) təslimiyyətin zirvə nöqtəsindən günümüzə, hətta bütün dövrlərə səslənir, bu şeiri ilə sanki insanlara mənəvi bir sığınacaq bəxş edir. "Təfviz" sözü nə olacağı bilinməyən bir işi həqiqi sahibinə vermək mənasına gəlir. O, "Təfviznamə"yə bu misralarla başlayır:
"Haqq şərləri xeyr eylər,
Zənn etmə ki, qeyr eylər,
Arif anı seyr eylər,
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər"...
Nazim Mustafayev