Uşaqların təbiəti hər şey olmağa uyğundur
Uşaqlar hər şey olmağa uyğun təbiətdə yaradılıblar. Onların bu xüsusiyyətini adətən, heykəltəraşlıqda işlədilən, gildən və ya mumdan hazırlanmış qurumayan plastik kütləyə, plastilin və ya oyun xəmirinə bənzətmək olar. Əslində, uşaqların sahib olduğu bu xüsusiyyət valideynlərə, pedaqoqlara və tərbiyəçilərə bir çox məqamlardan xəbər verir. Hər şey olmağa uyğun formada dünyaya gələn uşaqlar valideynləri tərəfindən öz milli-mənəvi dəyərlərinə uyğun şəkildə yetişdirilməzsə, onların başqa qəliblərə düşməsi, başqa qəliblərdə formalaşması qaçılmazdır.
Bağ-bağçada ağacları peyvənd edir, elmin tələblərinə uyğun varlığa müdaxilə edir, daha yaxşı məhsul almağa çalışırıq. Belə olan halda daşdan, ağacdan və torpaqdan daha dəyərli olan uşaqlarımıza daha həssas yanaşmalı, onları milli-mənəvi dəyərlərimizə uyğun yetişdirməli deyilikmi? Hər şey olmağa uyğun uşaqlara da müsbət mənada müdaxilə edilməsə, onlar da baxımsız bağ-bağça saralıb solduğu kimi başqalarının əlində saralıb solarlar.

Valideynlər "mərhəmətsiz" olmayın... Bilərək, ya da bilməyərək...
Xüsusilə, günümüzdə araya müxtəlif məşğuliyyətlərin girməsi, dolanışıq dərdləri, gərgin və yorucu iş həyatı və digər səbəblərə görə valideynlər uşaqlarına kifayət qədər vaxt ayıra bilmirlər. Belə olanda da valideynlər fərqində olaraq, ya da olmayaraq uşaqlarının əllərinə bir telefon verir və bir mənada onları tənhalığa, ya da internet aləminin sonsuzluğuna tərk edirlər. Bir mütəfəkkir bu haqda belə deyir: "Şəxsi zövqlərini əsas alaraq qurduqları yuvada dünyaya gətirdikləri övladlarına laqeyd yanaşan ata və ana nə qədər mərhəmətsiz varlıqlardır. Bu mənzərə qarşısında, gələcək nəsillər naminə nə qədər həyəcan təbili çalsaq, yenə də azdır".

Uşaqlar arasında qısqanclıq hissinə imkan verməyək
Məlum olduğu kimi Yusif peyğəmbər (ə.s.) yuxusunda ulduzların, ay və günəşin ona səcdə etdiyini görmüşdü. O, bu yuxusunu sevinclə atasına danışanda, atası ona: "Yuxunu qardaşlarına danışma..." (Yusif, 12/5) dedi. Atası Yaqub peyğəmbər (ə.s.) insan təbiətini dərindən bilən böyük bir insan idi. Belə bir məsələnin Yusifin qardaşları tərəfindən qısqanclıqla qarşılanacağını hiss etmiş, bu yuxunu onlara danışmağın, hələ nəfs tərbiyəsini tamamlaya bilməmiş qardaşlarında qısqanclığa səbəb olacağını düşünmüşdü. Ancaq onun düşündüyü şeylər baş vermiş, qardaşları qısqanclığa görə Yusif peyğəmbəri (ə.s.) ölsün deyə, bir quyuya atmışdılar. Əslində, bu hadisə qısqanclığın bir peyğəmbərin evində, bir peyğəmbərin övladları arasında belə insanı nə hala gətirəcəyini göstərir.
Uşaqlardan birini digərindən daha çox sevmək, ya da bu və ya digər məsələlərdə birini digərindən üstün tutmaq uşaqlar arasında qısqanclıq hissini oyadan məsələlərdir. Ata və ananın bəzən bəlkə də heç fərqinə varmadan övladlarına qarşı tətbiq etdikləri bu ikili standart övladlarının şüuraltında nifrət toxumlarının əkilməsinə səbəb olur.

Sosial mühitin uşaq tərbiyəsindəki rolu
Övladlarımızın mükəmməl tərbiyə alması üçün ətraf və sosial mühit də mükəmməl olmalıdır. Hər uşaq ətraf mühitə görə formalaşır və müəyyən mənada o ətraf mühitin övladı hesab olunur. Əlbəttə, uşaq tərbiyəsində birinci vəzifə ailənin, yuvanın üzərinə düşür. Ancaq bu prosesdə sırası ilə məktəbin, sinif yoldaşlarının, həmçinin, dostlarının da payı var. Sosial həyatda uşaqların tərbiyə prosesində rol oynayan başqa amillər də var. Misal üçün yeri gələndə bir dərzi, bir pinəçi, bir bərbər, bir satıcı, bir sürücü, bir sözlə, cəmiyyətdə qarşılaşdığı hər insan az, ya da çox dərəcədə uşağın tərbiyəsində müəyyən rol oynayır.
Əgər bir uşağın içində olduğu ətraf və ya sosial mühit pisdirsə, bu mühit bir gün mütləq onu da pozacaq. Buna görə də, ətraf və sosial mühitin əvvəla ailə və yuvadan başlamaqla bütün mərhələlərini uşağın mükəmməl yetişməsi üçün uyğun hala gətirmək lazımdır. Çünki olan olduqdan sonra zamanı geri qaytararaq, baş verənləri düzəltmək ya mümkün olmayacaq, ya da çox çətin başa gələcək.

Uşaqlara gözəl nümunə olmaq...
Gözəl tərbiyə etməyə, gözəl əxlaq verməyə borclu olduğumuz övladlarımıza qarşı duyğu və düşüncələrimiz, söz və davranışlarımız baxımından həmişə gözəl nümunə olmalı, bunu bir yol, bir hədəf və həyatın bir parçası halına gətirməliyik. Onların yüksək əxlaqi keyfiyyətlərə sahib olaraq böyümələrini istəyiriksə, əvvəla bunlara biz özümüz riayət etməliyik. Misal üçün onların namaz qılmalarını istəyiriksə, onların gözü qarşısında qüsursuz bir şəkildə bu ibadəti yerinə yetirməliyik. Hər zaman doğru danışmalı, yalanlardan uzaq durmalıyıq. Onların uyğun olmayan sözlər deməsini istəmiriksə, əvvəla evdə özümüz heç vaxt uyğunsuz söz işlətməməli, beləcə, onların söz dağarcığına bu kimi ifadələrin girməsinə mane olmalıyıq.
Övladlarımızın Quran oxumalarını, Quran həqiqətləri ilə tanış olmalarını istəyiriksə, evdə, ailə yuvasında onların eşidəcəyi şəkildə Quran oxumalı, ayələrinin mənasını anlamağa çalışmalı, duyğu, düşüncə və davranışlarımızla Quranın üstün mövqeyini onlara göstərməliyik. Ailənin, ata və ananın evdə uşaqlarına nümunə olaraq nələrisə etməsi, misal üçün Quranı əlinə alaraq oxuması uşaqları təşviq etmək üçün ən təsirli yoldur. Əks halda, məsələni sadəcə olaraq başqalarına həvalə etmək, yaşayaraq nümunə olmaq qədər təsirli ola bilməz.

Abid Öməroğlu