Hansısa "bestseller" olmuş yeni kitablar haqqında oxuduqda səbirsizliklə dilimizə tərcümə edilməsini gözləyirəm. Haqqında danışacağım kitab barəsində eşitmişdim, hətta eyni adlı filmi də çox məşhurlaşmışdı. Nə yaxşı ki, kitab artıq dilimizə də tərcümə edildi. "Fabula" nəşriyyatının dərc etdiyi 160 səhifəlik romanı oxuduqdan sonra isti-isti sizlərlə də bölüşürəm...
Cənubi koreyalı keçmiş ssenarist Ço Nam Ju tərəfindən 2016-cı ildə 2 aya yazılmış əsər "1982 təvəllüdlü Kim Ci Yon" adlanır. Roman janrını, həmçinin, təhkiyə, bədiilik, bol-bol təsvirlər və məcazları sevən biri kimi bunu deyə bilərəm ki, əsərin dili təsəvvür etdiyimdən də çox sadədir.
Ço Nam Ju öz müsahibəsində də roman yazmaq iddiasında olmadığını, buna görə də, əsərinin ciddi qəbul olunmayacağından ehtiyat etdiyini dilə gətirmişdir. Buna baxmayaraq, roman vətənində böyük səs-küyə səbəb olmuş, qısa bir vaxtda 22 ölkədə 1,3 milyondan çox nüsxə satılmışdır. Əsərdə Cənubi Koreyada qız, qadın, ana olmağın çətinliklərindən danışılır. Bunun üçün müəllif ən adi üsuldan istifadə etmiş, gündəlik həyatı təsvir etmişdir. Qəhrəmanını yaradarkən də güzgüyə baxmaq kifayət etmişdir. Oxuduqca fikirləşəcəksiniz ki, bu ki, çox adi bir üsuldur. Müəllifin də məqsədi elə bu olmuşdur, Koreya adət-ənənələrində, dövlətin qanunlarında qadına "adi" münasibəti təsvir etmək... Ço Nam Ju öz öhdəsinə ədəbiyyatçıdan çox tədqiqatçı rolunu götürmüşdür. O, bir çox məqalələrdən, statistik məlumatlardan, nazirliklərin hesabatlarından istifadə edərək, ortaya faktlar qoymuşdur.
Əsərin qəhrəmanı həyatının bütün mərhələlərində cinsi ayrı-seçkiliyə məruz qalmış 33 yaşlı Kim Ci Yondur. O, yeni doğulmuş qızına baxmaq üçün işindən ayrılmış, depressiyadan psixoza doğru yol almaqdadır. Lakin bunun səbəbi yeni ana olması deyil, keçmişin izləridir. Müəllif bundan sonra ardıcıl olaraq Kim Ci Yonun uşaqlıq, yeniyetməlik, gənclik, evlilik illərini təsvir edir. Üstəlik, bu təsvirlərdə romantikaya, duyğulara yer verilmir.
Kim Ci Yonun uşaqlığı Seulda, ikiotaqlı dar bir evdə keçmişdir. Əksər koreyalı ailələr kimi, böyüklər oğlan uşağı arzulamış, iki qızdan sonra bir oğlan dünyaya gəlmişdir. Ci Yon və bacısı Yun Yon hələ lap uşaqlıqdan atalarına, qardaşlarına qulluq etmiş, yaşlarına görə üzərlərinə çox öhdəliklər götürmüşlər.
Evdə yeməyin ən dadlısı, paltarın ən təzəsi həmişə qardaşına çatmışdır. Küftəni yalnız qardaş yeyər, qızlar isə ağzından tökülən qırıntılarla yetinərdilər. Bu, onun balaca olduğuna görə yox, oğlan olduğuna görə belə idi. "Əgər evdə iki çətir varsa, birini qardaş, o birini isə ikisi götürərdi. İki yorğan varsa, birini qardaşa verər, o birini isə qızlar öz aralarında bölüşərdilər". Oğlan evin dayağı, qız isə artıq tük hesab edilirdi.
Ci Yonun anası Mi Suk da gənc ikən özünü könüllü olaraq qardaşına qurban vermiş, onun tibb universitetində oxuya bilməsi üçün kiçik yaşlardan işləmişdir. Mi Suk qızlarının eyni taleyi yaşamaması üçün onlara təhsil verir. Lakin bəzi ayrı-seçkiliklərin qarşısını ala bilmək onun əlindən gələn bir şey deyil. Çünki bu problem tək bir ailənin yox, bütün Koreyanın problemidir. Qızlar ailədə, məktəbdə, iş yerində, küçədə, hər yerdə ikinci plandadırlar. Onları sinif nümayəndəsi seçmir, şirkətlərə rəhbər qoymurlar. Taksi sürücüsü belə ilk müştərisinin qadın olmasını istəmir (batil inanca görə bu uğursuzluq gətirir).
Uşaqlıqdan "pambığa bükülərək" saxlanan oğlan uşaqlarının rahat həyatı böyüyəndə də dəyişmir. Ci Yonun anası Mi Suk evdar qadındır. Ailəsinə, həyat yoldaşına dəstək olmaq üçün gündəlik işlərdə işləyir, karton qutu yığır, zərf yapışdırır, bərbərlik öyrənib evlərə gedir, kiçik çörəkxana, yeməkxana açır. Onun əzmi, çalışqanlığı insanı heyrətə gətirir. İstirahət, yuxu nədir bilməyən Mi Suk restoran açır, illərdir ödədiyi ipoteka ilə ev sahibi olur, onun sayəsində həyat şəraitləri yaxşılaşır. Və bütün bunları "adi" bir qadın edir.
Ci Yonun tələbəlik illəri təsvir edilərkən o dövrdəki bütün qız tələbələrin çətinliklərindən danışılır. Oxuya bilmək üçün ayrı-ayrı işlərdə işləmək, aclıq, səfalət... Fakültədə, dərnəklərdə davam edən cinsi ayrı-seçkilik iş həyatında da davam edir. İlk növbədə bütün şirkətlər kişi işçilərə üstünlük verirlər. Qadınlar müxtəlif kurslara gedir, özlərini inkişaf etdirirlər, bununla belə çox çətinliklə onları işə götürürlər, o da aşağı sinif şirkətlər. "Cənubi Koreya İƏİT-ə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) üzv olan ölkələr arasında cinslərarası maaş fərqinə görə ən yüksək göstəricisi olan ölkədir". İş həyatında qadınların 10-dan 4-ü analıq məzuniyyəti hüququndan istifadə edə bilmir. Ya işdən çıxmalı olur, ya da körpəni baxıcıya verərək işə qayıdır. Cənuni Koreya kimi müasir bir ölkədə qadınların hüquqlarının bu qədər tapdalanmasına və "ataxaqanlığı"n mövcud olmasına inanmaq çətindir.
Ailə qurduqdan sonra Ci Yon qızı üçün, həyat yoldaşı üçün fədakarlıqlar etməli olur. Və beləliklə illər boyu yığılıb qalan problemlər onun ən zəif anında partlayış verir.
Bütün dünyada feminist düşüncələrinə görə maraqla qarşılansa da, nə Ço Nam Ju, nə də onun qəhrəmanı feminist deyil. Ci Yon nə qardaşının sıyığını yemək istəyəndə, nə sinif yoldaşı onu incidəndə, nə iş həyatında onu ələ salanda, nə uşaq kimi hər şeyə buyuranda səsini çıxarmır. Nəsildən-nəsilə ötürülən bu sükut, "hörmət" o qədər adiləşmişdir ki, ona qarşı çıxmaq heç ağlına da gəlməmişdir.
Əsərdə dövrümüz üçün də aktual olan bir məsələyə toxunulur, mesaj verilir.
İnsanların psixoloqa müraciət etməsi üçün "dəli" olmağına ehtiyac yoxdur. Adi həyat qayğıları, həyəcan və stresslər, haqsızlıqlar da bizi ruhən sarsıdır. Və nə qədər ki, gec deyil hər qadın, hər insan psixoloqa müraciət etməlidir.
Ço Nam Ju müsahibəsində bildirib ki, əsərin bu qədər maraq görəcəyinə özü də inanmayıb. Və bir də xəbər tutub ki, dövlət rəhbərləri belə kitabı haqqında rəy bildirirlər.
Əsər əsasında eyni adlı film də çəkilmişdir. Və bəlkə də bu filmə baxdıqdan sonra bütün suallarınıza cavab tapacaqsınız.
Yazımı müəllifin əsərin sonuna əlavə etdiyi öz sözləri ilə bitirirəm "Dünyanın bütün qız uşaqlarının daha böyük, daha çox arzularının olmasını diləyirəm". 


Tükəzban Məmmədli