Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə müxtəlif dövrlərdə şəhidlərimiz olub. Onların həyatına baxdıqda müharibənin bütün çətinliklərinə baxmayaraq atdıqları addımlar onların tarixdə iz buraxmasına səbəb olub. Birinci Qarabağ Müharibəsində göstərdiyi fədakarlıq və şücaətlə tanınan Azərbaycanın Milli Qəhrəmanlarından biri də Fikrət Hacıyevdir. O, 1964-cü il may ayının 19-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 1978-ci ildə həmin kənddə səkkizinci sinifi bitirdikdon sonra Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfındən həqiqi hərbi xidmətə çağırılır. Ufa şəhərində hərbi xidmətini bitirdikdən sonra Bakı Kooperativ Texnikumunda təhsilini davam etdirir və müxtəlif işlərdə işləyir.
Ermənilərin hücumları nəticəsində Birinci Qarabağ Müharibəsinin başlaması ilə Azərbaycanın müxtəlif bölgələrindən könüllü döyüşçülər toplanmağa başlayır. Ailələrini, övladlarını, yaxınlarını qoyub müharibəyə yollanan vətəndaşlarımız düşmənin hücumlarının qarşısını almaq üçün canlarını əsirgəmirlər. Həmin dövrdə Azərbaycanda ortaya çıxan siyasi qarışıqlıqlar, ordunun olmaması və sair kimi hallara baxmayaraq çox sayda vətəndaşlarımız ölkəni qorumaq üçün könüllü olurlar. 27 yaşlı Fikrət Hacıyev də onlardan biri idi.
O da könüllü olaraq cəbhəyə yollanır, Goranboy özünümüdafiə batalyonunun tərkibinə daxil olur və döyüşlərə başlayır. Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin erməni hərbi birləşmələrindən təmizlənməsində yaxından iştirak edir. Fikrət döyüşlərdə göstərdiyi cəsarəti və fədakarlığı ilə qısa vaxtda seçilən hərbçilərdən birinə çevrilir. Dəfələrlə ermənilərə qarşı çıxdığı döyüşlərdə uğurlar əldə edir.

"Yaltaxıl" əməliyyatı
Fikrət Hacıyevin döyüşdüyü Goranboy özünümüdafiə batalyonu Talış kəndində yerləşən Ermənistan silahlı qüvvələrinin mövqelərini susdurmaq üçün yeni əməliyyat planı hazırlayır. Həmin əməliyyatla düşmən geri oturdurmalı və hücumlarının qarşısı alınmalı idi. Nəhayət, 4 may 1992-ci ildə "Yaltaxıl" əməliyyatı başlayır. Bu hücum düşmən üçün gözlənilməz olur. Ermənilər itki verərək geri çəkilməyə məcbur olurlar. Bu əməliyyat Goranboy özünümüdafiə batalyonunun uğurlu əməliyyatlardan birinə çevrilir. Bir gün sonra isə erməni hərbi birləşmələri yenidən hücuma keçirlər. Fikrət Hacıyev bu döyüşdə şəhid olur. Onunla birlikdə bir neçə döyüş yoldaşı da dünyasını dəyişir. Onlardan biri Yunis Əliyev olur. Onun cəsədini ancaq 43 gündən sonra döyüş zonasından çıxarmaq məmkən olur. O da könüllü döyüşçü kimi göstərdiyi şücaətlərlə tanınırdı.
1992-ci il iyun ayının 7-də Fikrət Hacıyevə və döyüş yoldaşı Yunis Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Fikrət Hacıyev Qızılhacılı kənd qəbristanlığında dəfn edilir. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır, subay idi.
Məlumat üçün deyək ki, hər iki Milli Qəhrəmanın uğrunda şəhid olduğu Talış kəndi 18-19-cu əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi idi. Talış kəndi Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Talış kəndi Fikrət Hacıyevin şəhid edilməsindən bir ay sonra 1992-ci il iyun ayının 16-da Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu ilə Ağdərə əməliyyatı zamanı Tapqaraqoyunlu istiqamətindən sürətli hücum nəticəsində erməni işğalçılarından azad edilir. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanır. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alırlar. Nəhayət, bu hadisədən 26 il sonra, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsi ilə oktyabr ayının 3-də Talış kəndi erməni işğalçılarından tam azad edilir.  


Ruslan Yusubov