Hər bir insan istər ailə həyatında, istər təhsildə, istərsə də iş həyatında uğur qazanmaq istəyir. Bəs bunun üçün nə lazımdır? Pul? İxtisas? Xeyr, əsla! İstənilən sahədə uğur əldə etmiş məşhurlar bunun arxasında daha çox əmək sərf etməklə yanaşı, xoşbəxtliyin dayandığını bildirirlər. Bu fikirlə bağlı İngiltərənin biznes maqnatı Riçard Brenson, "İnsan öz uğurunu daha çox qazandığı pullarla və ya işlədiyi insanlarla ölçür. Əslində isə uğur o işdə nə qədər xoşbəxt olmağımızla ölçülməlidir", - deyir.
Jurnalımızın uğur hekayəsi bölməsinin növbəti qəhrəmanı həmyerlimiz, Avropa Birliyi Mərkəzində fəaliyyət göstərən "Amazon" şirkətinin biznes analitiki Yaşar Əhmədlidir...
- Yaşar Əhmədli kimdir?
- Mən Sabirabad rayonunun Yenikənd kəndində anadan olmuşam. Kənd uşağıyam, 10 yaşıma qədər şəhər görməmişəm. 7-8 yaşıma kimi ümumiyyətlə evimizdə televizor olmayıb. Məni ilk həyata hazırlayan insanlar valideynlərim olublar. Hər ikisi müəllim idi. Valideynlərimizin dünyaya gəldiyimiz gündən bizim şəxsiyyət kimi formalaşmağımızda xüsusi rolları olur. İlk müəllimim Qüdrət müəllimin mənim üzərimdə böyük əməyi olub. 2000-ci ildə valideynlərimin qərarı ilə biz Bakıya köçdük. Çünki kənd yerində imkanlar kifayət qədər məhdud idi. Amma Bakı paytaxt olduğı üçün bura istənilən cəhətdən perspektivli idi. Üstəlik, atam da burada işləyirdi. Ona görə, orta təhsilimin qalan hissəsini Bakıda başa vurdum. Sonradan hər hansı mövqeyə gəlib çatan insanların arxasında kimlərsə dayanır. Eyni ilə futbolda olduğu kimi. Futbolda hər kəs hücumçunu qol vuran görür, ancaq hansı ki, onun arxasında bütöv bir komanda dayanır, mən də elə. Mənim üzərimdə əməyi olan insanların adını tək-tək saysam, bitməz. Bir sözlə, 2007-ci ildə artıq mən Azərbaycanda orta təhsilimi bitirdim.
- Orta məktəbi bitirib bakalavr təhsili üçün xaricə getdiniz? Bəs bakalavr təhsili üçün ixtisas seçiminiz necə oldu?
- Bəli, orta məktəbi bitirib xaricə getdim. İxtisas seçimində mənim bir neçə alternativim var idi. O vaxt marağım kimya mühəndisliyinə idi. Bu ixtisas üçün Türkiyənin Boğaziçi Universitetinə qəbul almışdım. Həmin vaxt universitetə cəmi 20 xarici tələbə qəbul edilmişdi. Bundan savayı qarşımda daha bir neçə seçimim var idi. Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTÜ) sənaye mühəndisliyi fakültəsinə də qəbul almışdım. O vaxt mənim Bayram adlı bir müəlimim var idi. O da Türkiyədə Boğaziçi Universitetini bitirmişdi. Mən bu iki seçim arasında çıxılmaz vəziyyətdə qalanda o yol göstərdi ki, sənaye mühəndisliyini seçim. 2007-ci ildə də mən Ankaraya üz tutdum.
- Siz Türkiyədə bakalavr təhsili aldıqdan sonra nə etdiniz?
- Türkiyədə təhsil alandan sonra hərbi xidmətə getdim. 1 il Sərhəd Qoşunlarında qulluq etdim. Hərbi xidmətin də özünəmxəsus təcrübəsi var. İnsan burada elmi olmasa da, həyat baxımından çox şey öyrənir. Hərbi xidmət bir növ məni psixoloji cəhətdən gücləndirdi. Xidməti başa vurduqdan sonra Azərbaycanda 10 ay müddətində anbar üzrə mütəxəssis kimi işlədim. O vaxt magistr təhsili üçün müraciət etdim, Finlandiyanın Vaasa Universitetinə qəbul aldım. Oranın özünəməxsus iqlimi, insanları, təbiəti, təhsil sistemi mənə istər həyat baxımından, istərsə də elm baxımından çox şey öyrətdi.
- Sənaye mühəndisliyini bakalavr üzrə bitirdikdən sonra Finlandiyada magistraturada təhsilinizi hansı istiqamətdə davam etdirdiniz? Və bundan sonra eyni sahə üzrə də işləməyə davam etdinizmi?
- Magistraturanı eyni ixtisas üzrə davam etdirdim və sənayenin təşkili və idarə olunması ixtisasını oxudum. Sənaye mühəndisliyi geniş, universal sahədir. İstər istehsalatda xidmət sahələrində, istərsə də dövlət idarələrində işləyən sənaye mühəndisləri var. Mən anbarın idarə olunması, istehsalatın idarə olunması, istehsalın səmərəliləşdiriliməsi kimi bir sıra tipik sənaye mühəndislərinin gördüyü işləri görürdüm. Təxminən 4 il bu sahədə işlədim. 2 il Azərbaycanda alman şirkəti olan BASF-da işlədim, sonra məni şirkətin Dubaydakı zavoduna dəvət etdilər.
- Daha sonra birdən-birə sanki biznes-analitikaya keçdiniz. Bu proses necə oldu?
- Bunun çox maraqlı bir hekayəsi var. Mən sənaye mühəndisliyi ixtisasını oxuduğum üçün xoşbəxtəm, çünki biz təhsil illərində bir çox bilik və bacarıqlar qazanmışıq. Digər sahələrdəki mühəndislik ixtisası ilə müqayisədə bizim sahənin konkret limiti yoxdur. Sənaye mühəndisliyini bitirən insanlar hər sahədə işləyə bilirlər. Bu sahəni bitirsəm də, fikrim data və analitika sahəsinə idi. Çünki gələcək ora doğru gedir. Universitetdə səthi öyrəndiyim proqramlaşdırma dilini daha da təkmilləşdirdim. Riyaziyyat bacarıqlarım yaxşı idi, çünki mühəndislik oxuyanda həm də onu aktiv şəkildə istifadə edirdim. Proqramlaşdırmanı da öyrənəndən sonra hiss etdim ki, bu sahəyə hazıram. "Linkedin"dən və "Amazon"dan bir neçə adamla münasibətim var idi, bu barədə danışdıq, sənəd verdik. Məni müsahibəyə dəvət etdilər, onda mənim CV-də analitika ilə bağlı heç bir yeniliyim yox idi. O insanlar sənin gözündəki işığa, məsələyə yanaşma tərzinə baxırlar. Nə üçün təcrübəyə baxılmır? Çünki bir çox şey iş mühitində öyrənilir. Onları səninlə bağlı "Sən keçmişdə işçi kimi öz iş yerində nələr etmisən?" sualı maraqlandırır. Orada onlara nümunələr verdim ki, məsələn, özü planlaşdırma edən kod yazmışam, alqoritm yazmışam, mənim gördüyüm işi o kod daha sürətli və daha xətasız görür. Bu nümunələr onların xoşuna gəlmişdi.
- Sosial şəbəkələrdə, mətbuatda "Amazon" dedikdə ilk yada düşən Yaşar Əhmədli olur. Sizin bu uğur hekayənizin başlanğıcı haradan gəlir?
- Əslində, "Amazon"da işləyən bir neçə azərbaycanlı var. Sadəcə olaraq, digərləri səssiz qalmağa üstünlük verdikləri üçün tək mən görünürəm. Onlar da kifayət qədər yaxşı vəzifələrdə olan insanlardır.
- Burada idarəçi işçini idarə etməyə çalışır, işçi isə müdirə yarınmağa çalışır, bəs orada necə?
- Bu, şirkətlərə görə dəyişir. "Amazon"da isə sərbəstlikdir. Burada 1-dən 10-a kimi işçi dərəcələri var. 5-ci səviyyədən sonra işçi sərbəst sayılır. Mən 5-ci səviyyədəyəm, mənim müdirim demək olar ki, çox nadir hallarda mənə tapşırıq verir. 5-ci səviyyədki işçidən gözlənilən odur ki, o, özü öz işini qursun. Sən ayda bir dəfə fikir mübadiləsi edib, dəstək ala bilərsən. Sərbəstliyə üstünlük verirlər. Sən öz işindən əlavə başqa komandada sənin marağına səbəb olan bir iş varsa, onu da edə bilərsən. Ümumiyyətlə, "Amazon" hədəfə fokuslanmış şirkətdir. Müəyyən mərhələdən sonra isə fərdlərin işinə güvənir. Sənin güclü cəhətlərini müəyyən edirlər və deyirlər ki, sən bu sahədə daha uğurlu ola bilərsən. Sənin güclü tərəflərin əsasında karyera planları qururlar. İşdə dərəcəni artıra bilərlər və ya analitika sahəsini istəmirsənsə, səni başqa biznesə yönləndirə bilərlər. İşçi ilə şəffaf münasibət qururlar və onlara dəyər verirlər. Sənə qiymət verdiklərini göstərirlər. Azərbaycanda isə təəssüf ki, bəzən sənin şəxsi performansın geridə qala bilər. Bu da ümumilikdə şirkət üçün zərərli nüansdır.
- Dilin öyrənilməsi hazırda gənclər arasında ən böyük maneə kimi görünür. Əcnəbi dilin öyrənilməsi üçün siz nə kimi məsləhətlər verə bilərsiniz?
- İndi ingilis dili artıq şərt olub. Biz istəsək də, istəməsək də, qəbul etsək də, etməsək də, ingilis dili qlobal dildir və bu dildə danışılır. İngilis dili bağçadan, ibtidai sinifdən öyrənilməlidir. Yox, əgər müəyyən yaşa gəlmisənsə və dili öyrənə bilməmisənsə, indi resurs çoxdur. Mənim uşaqlıq illərimdə isə daha çətin idi. İnternet yox idi, atam məni Mirzə Fətəli Axundov adına kitabxanaya aparırdı, biz orada kataloqlardan kitab axtarırdıq və s. Hazırda material çoxdur, amma sən lazım olanları bilməlisən. Məsələn, mən təzə dil öyrənəndə ilk hədəfim o olur ki, 1000 söz öyrənim. Əgər bu qədər söz bazan varsa və sadə cümlələr qurursansa, gündəlik danışığı bacara bilərsən. Dil öyrənmək elə bir prosesdir ki, gərək bütün duyğu orqanları burada iştirak etsin və bu dil səndə oturuşsun. Dil öyrənənlər fikirləşə bilərlər ki, mən gündə filmə baxıram, amma bunun mənə xeyri olmur. Bu belə deyil, arxada bir baza formalaşır. Sən bunu birbaşa hiss etməyə bilərsən, amma zaman keçdikcə 1 ay, 3 ay, 5 ay sonra artıq hiss edirsən ki, beyninə söz gəlir, cümlə quruluşu gəlir. İnternetdə, feysbukda qruplar var. Məsələn, fransız dili öyrənmək istəyirsən, o dildə qrup var. Maraqlı məlumatlar paylaşırlar. Bəziləri hətta ödənişsiz "zoom" proqramı vasitəsilə danışıq təklif edirlər. Bu tip proqramlara qoşularaq aktiv bir şəkildə dil öyrənmək olar. İnternetdə bunun üçün kifayət qədər gözəl resurslar var.
- Uğura gedən yolda gənclərə nə demək istərdiniz?
- Uğura gedən yol sadə deyil və hərənin öz yolu olur. Konkret bir yol da yoxdur ki, onu tətbiq edib hamı uğura çatsın. Hərə öz yolunu özü yaradır. Ancaq insanın beyni də əzələləri kimi müəyyən tutumu olan bir orqandır. Və biz onu genişləndirə bilərik. Necə ki, idmana getməyən insan turnikə çıxanda güc-bəla ilə bir dəfə çəkilir. Amma bir neçə gün məşq etdikdən sonra görür ki, rahat qalxa bilir. İnsan beyni də o formada olur. Beyin üzərində işləmək, onu məşq etdirmək lazımdır. İdman edəndə insanın bədəni əsir, amma bir müddət sonra hiss edirsən ki, artıq əzələlər formalaşıb, beyin də eyni cür. Mənə bu yolda ən çox Orta Şərq Texniki Universiteti köməklik etdi. Nə mənada? Orada müəllimlər ən çətin tapşırıqları verirdi, heç bir güzəşt də olmurdu. Həll etdin bal alırsan, eləmədin sıfır. Biz qrup uşaqları ilə oturub səhər saat 4-ə kimi onların üzərində işləyirdik. Bu, əslində, bir bakalavr tələbəsi üçün çox çətin görünürdü. Məqsəd bu idi ki, "hara kimi gedə bilirsən get. Və nəticəni bizə göstər". Yəni, beyninə məcbur edirsən ki, nə isə tapıb çıxarsın, inkişaf etsin. Beynin sərhədlərini genişləndirmək lazımdır. Mənim istifadə etdiyim metod nədir? Məsələn, bir müdirlə və ya bir müəllimlə işləyirəm. İlk növbədə baxıram ki, bu insan nəyə qiymət verir? Universitetlərdə müəllimlərin hərəsinin özünün qiymətləndirmə meyarı olurdu. Ona fikir verib ən sonda müəllimin metoduna görə imtahana hazırlaşırdım, daha bütün kitabı oxumurdum. Anadangəlmə istedad işin 5-10 faizidir. Sonradan əsas iş sənin üzərinə düşür. Gecə-gündüz oxumaq əsas şərt deyil, əsas odur ki, effektiv çalışasan.
- Valideynsiniz və övladlarınızı bir azərbaycanlı kimi Avropada necə böyüdürsünüz?
- Bir çoxlarından fərqli olaraq biz evdə onlarla Azərbaycan dilində danışırıq və onların doğma dili bu dildir. Bir çoxları olduğu yerin dilində danışır və ora qaynayıb-qarışmağın yolunu bunda görürlər. Adət-ənənələrimizi, dini və milli bayramlarımızı və dilimizi yaşadırıq. Biz bunu edirik ki, bu, uşaqların beynində oturuşsun. Xarici dilləri öyrənmək gözəldir, amma bizim ölkəmizin də savadlı kadrlara ehtiyacı var. Bu səbəbdən də mən istəmərəm ki, onlar qərb cəmiyyətinin bir parçası olsunlar. Olsalar belə öz kimliklərini unutmasınlar.
- İndi bir çox gənclər ya xaricdə təhsil alaraq, orada yaşamağa üstünlük verirlər, ya da xaricdə təhsilini başa vuraraq, burada nə isə dəyişməyə nail olmaq istəyirlər...
- Xaricə gedib bilik və bacarıq qazanmaq vacibdir. Məncə də imkan varsa, çıxmaq lazımdır, gedib qərb ölkələrinin universitetlərini, təhsillərini, sistemlərini mənimsəmək lazımdır. Əgər bir insan burada öz sahəsi üzrə inkişaf edə bilmirsə, onda getməlidir, Məsələn, tutun ki, süni zəka üzrə oxuyan biri gəlib burada tək başına nə edə bilər? Bu və ya digər səbəbdən xaricdə ola bilərsən. Amma əsas olan o deyil ki, sən haradasan? Əsas olan odur ki, kimliyini unutmayasan. Doğulduğun, böyüdüyün yerə bağlı qalasan. Biz cəmiyyətimizdə olan problemlərin həllinə çalışmalıyıq. Bunu xüsusən qeyd edim ki, biz Vətən Müharibəsi vaxtı da gördük ki, dünyada ölkə üçün Azərbaycanda olan azərbaycanlılardan çox, xaricdə olan azərbaycanlılar daha çox iş görə bilər.
Aygün Zayıdova