"Sağlam ol!" Bu sözü yəqin ki, allergiyası olan hər bir şəxs tez-tez eşidir. Əsasən yaz və payız aylarında rast gəlinən bu xəstəlik son dövrlərdə insanlar arasında daha da artıb. Hətta, deyə bilərik ki, yeni doğulan körpələrin əksəriyyəti allergiyadan əziyyət çəkir. Bu, həyati təhlükə yaradan bir xəstəlik olmasa da, məlumatsızlıqdan arzuolunmaz nəticələrə gətirib çıxarır. Eyni zamanda insanların birbaşa həyat keyfiyyətinə mənfi təsir göstərir. Allergiyanın müxtəlif növləri olsa da, ən geniş yayılan növü allergik rinitdir. Bəs, bu xəstəliyin yaranma səbəbləri hansılardır? Müalicəsi hansı yollarla həyata keçirilir? Bu kimi suallarımıza cavab tapmaq üçün qulaq-burun-boğaz və baş-boyun cərrahı Dr. Elnur Əkbərovla həmsöhbət olduq.

- Yaz və payız aylarında allergik xəstəliklər kəskin artır. Onlar arasında ən geniş yayılanı isə allergik rinitdir. Allergik rinit nədir? Yaranma səbəbləri hansılardır?
- Orqanizmin immun sisteminin vəziyyətindən asılı olaraq bir çox xəstəliklər var. Bunlardan biri də allergiyalardır. Allergiya ümumi anlayışdır və özündə müxtəlif təsvirləri ehtiva edir. Belə ki, allergik problemləri olan insanlarda patologiyalar bir neçə şəkildə ola bilər. Bura allergik rinit, allergik konyunktivit, allergik dermatit və digərləri daxildir. Allergik rinit olan pasientlər adətən burun tutulmaları, burundan axıntı, iybilmənin müvəqqəti və daimi pozulması kimi şikayətlərlə müraciət edirlər. Allergik rinit iki yaş qrupuna ayırd edilir. Bu, pediatrik (erkən) və yuxarı yaş qrupuna daxil olan şəxslərdir. Pediatrik yaş qrupu allergiyaları adətən erkən başlayır və allergik rinit, hər hansı qidaya qarşı olan allergiya, anafilaktik şok kimi ağırlaşmalara gətirib çıxarır. Böyüklərdə isə adətən təkanverici bir amil olur. Məsələn, hamiləlikdən və ya hər hansı ağır xəstəlikdən sonrakı dövr, orqanizmdə baş verən endokrinoloji dəyişikliklər immun sisteminə təsir edəcək dərman preparatlarının istifadəsi bu amillərə aid edilir. Bu amillərdə allergik proseslər başlayıb, müxtəlif formada davam edə bilər. Uşaqlarda başlayan allergiyalar adətən yeniyetməlik dövründə bitir. Lakin istisna hallarda, immun sistemində zəiflik olur və bu şikayətlər ömür boyu davam edir. Təbii ki, bu əlillik demək deyil, amma vaxtaşırı müayinə, müalicə tələb edən vəziyyətdir.
Qəbul etdiyimiz qidalar, dərman preparatları, ətraf mühitdə təmasda olduğumuz bütün maddələr allergiyada rol oynaya bilər. Uşaqlıqda olan allergiyalar isə ananın hamiləlik dövründən və ya qəbul edilən qidalardan asılıdır. Burada irsi meyillilik də vacib rol oynayır. Belə ki, allergiya irsi xəstəlik olmamaqla yanaşı, irsiyyətə meyilli bir xəstəlikdir. Bunu xüsusilə bronxial astma, allergik dermatit, allergik rinit olan pasientlərdə müşahidə edirik.

- Hər asqıran şəxs allergiyalı hesab edilirmi? Pasient hansı hallarda allergik rinitin olmasından şübhələnməli və həkimə müraciət etməlidir?
- Bütün allergiyalarda olduğu kimi asqırma əsas əlamətlərdən biri sayılır. Asqırma qulaq-burun-boğaz həkiminin sahəsinə aid olan şikayət olduğu üçün ilk növbədə həmin həkimin müayinəsi olmalıdır. Buna paralel olaraq allerqoloq və pulmonoloqun da müayinələrinə ehtiyac ola bilər. Lakin hazırda çox yaxşı tendensiyaya doğru gedirik. Yəni, pasientlər ilkin olaraq ya ailə, ya da sahə həkiminə müarciət edirlər. Müayinələrdən sonra isə həkim qərar verir ki, pasient onda olan şikayətlərlə ilkin olaraq hansı mütəxəssisə müraciət etməlidir. Buna uyğun olaraq da göndəriş verir. Allergik rinitdə isə asqırmaqla yanaşı, başqa şikayətlər də olur. Bura damaqda və gözlərdə qaşınma, gözlərdə sulanma, qızartı və s. daxildir. Bu şikayətlərin toplumu, xəstəliyin gedişatı, xüsusilə yaz və payız aylarında xəstəliyin şiddətlənməsi allergik rinitdən şübhələnməyə əsas verir. Asqırma əsas şikayətlərdən biri olsa da, bu, üst tənəffüs yollarına düşmüş hər hansı yad cismin xaric edilməsi üçün həyata keçən bir mexanizmdir.

- Allergik rinitin diaqnostikası necə həyata keçirilir?
- Sağlamlıq vəziyyətimizlə əlaqədar istənilən şikayət mütəxəssis müayinəsi tələb edir. Allergiyanın diaqnostikası da müxtəlif test üsulları ilə aparılır. Bu testlər təbii ki, ətrafda olan bütün allergenləri özündə ehtiva edə bilməz. Amma böyük əksəriyyətinin bu testlər vasitəsilə müəyyən edilməsi mümkündür. Testin cavabı neqativ çıxsa belə, pasientin anamnezi və kliniki təzahürləri diaqnoz qoymaq üçün kifayət edir. Bununla yanaşı, allergiyalı şəxslərdə qanda immunoqlobulin İ (e) kimi tanıdığımız aktiv maddənin səviyyəsi olduqca yüksək olur. Müalicənin effektivliyi də həm pasientin kliniki əlamətlərində geriləmə, həm də immunoqlobulin İ (e)-nin aşağı düşməsi ilə dəyərləndirilir.

- İnsanlar arasında belə bir inam var ki, allergiyaların müalicəsi yoxdur və ömür boyu qalıcı olur. Xəstəliyin müalicəsi hansı üsullarla aparılır?
- Allergik rinit əksər hallarda mövsümi xarakter daşıyır. Əgər pasient əvvəlcədən müvafiq dərman müalicəsi alarsa, bu zaman mövsüm və mövsümlərarası dövrü çox yaxşı keçirir. Tam əksi olduqda isə pasient fəsil müddətində xəstəlikdən daha çox əziyyət çəkir, mövsümlərarası dövrdə də şikayətləri bu və ya digər şəkildə davam edir. Xəstəlik "bir dəfə müalicə oldum, sağaldım" şəklində mümkün deyil. Bu xəstəlik immun sisteminin aktivliyinə bərabər olduğu üçün ömürlük sayılır. Amma əvvəlcədən alınmış müalicələr həm xəstəliyin kəskinləşməsini zəiflədir, həm də pasientin həyat rahatlığını təmin etmiş olur. Bununla da xəstəliyin remissiya dövrü uzanmış olur.

- Elə hallar olur ki, müalicə zamanı pasientdə dərman vasitələrinin qəbuluna əks-göstəriş olsun və ya müalicə kifayət qədər effekt verməsin?
- Təbii ki, bütün pasientlər müalicəyə eyni qaydada cavab vermirlər. Hazırda istifadə olunan müalicə metodları beynəlxalq xəstəxanalar, elmi mərkəzlər tərəfindən aparılmış araşdırmalar nəticəsində təsdiqini tapıb. Standart qəbul edilmiş müalicədən əlavə, müalicəyə tabe olmayan hallarda istifadə etdiyimiz başqa qrup dərmanlar da var. Bunlar daim istifadə edildikdə orqanizmə mənfi təsirlər göstərə bilər. Xüsusilə, pandemiya dövründə pasientlər yerli-yersiz, düzgün seçilməmiş dozada hormonal preparatlardan istifadə etdilər. Belə preparatların yaş, cinsiyyət, bədən çəkisi olmaqla istifadə dozası fərqli olur. Həkim məsləhəti olmadan istifadə edildikdə həm həkim, həm də pasient çətin vəziyyətə düşür. Çünki bu hal sonradan dərman müalicəsinin effektiv olmaması ilə və pasientin daha ağır vəziyyətə düşməsi ilə nəticələnə bilər. Ona görə də, belə hallar qəbuledilməzdir.

- Son olaraq allergik xəstəliyi olanlara və oxucularımıza tövsiyələriniz...
- İstənilən xroniki xəstəliklərdə ildə iki dəfə müayinə mütləq hesab edilir. Bu, allergik rinitlərdə, xüsusilə mövsümi xarakter daşıyan allergik rinitlərdə də belədir. Onlar əsasən yaz və payız ərəfəsi həkim müayinəsindən keçməlidirlər. Belə olduğu halda burun daxilindəki vəziyyət, pasientin şikayətləri, son altı ay ərzində yaşadığı narahatlıqlar nəzərə alınaraq müalicəni yeniləyirik. Diaqnozu qoyulmuş pasientlərə tövsiyə edərdim ki, mütləq həkim müayinələrinə vaxtında getsinlər. Narahatlıq olmasa belə, mütəxəssisə müraciət edib hazırki vəziyyəti təyin etmək lazımdır. Bundan başqa, sadaladığımız əlamətlərlə ilk dəfə qarşılaşan şəxslərin də mütəxəssisə müraciət etməsi tövsiyə olunur. Yadda saxlayaq ki, müayinələr düzgün diaqnozun qoyulmasında, şikayətlərin düzgün yönləndirilməsində mühüm rol oynayır.


İlahə Hüseynova