İnsan bəzilərinə görə Allahın təcəllisi, bəzilərinə görə arzu və həvəslərinin qulu, bəzilərinə görə başı göylərə dəyən, bəzilərinə görə də aşağılardan-aşağı olan bir varlıq olaraq adlandırılmışdır.
Bəzi Hind ənənələri, təsəvvüf və batini düşüncələr "Sən Allahdansan" deyərək, insanın ruhani yönünü, Ziqmund Freyd kimi psixoloqlar isə insanın instinkt və arzularına diqqət çəkərək, onun psixi yönünü dəyərləndirmişdir. Yəni, insan arzuları və ya istəkləri ilə ölüm arasında qalmış bir varlıq kimi dərk edilmişdir.
İnsan psixikası onun yalnız bir parçası, bir hissəsidir. Hissəni bütövün yerinə qoyduqda dəyərləndirmələr də əskik olur. Məsələn: Heç təyyarə görməyən birisi ondan ev kimi istifadə edə bilər. Motorunu kəşf edən birisi ondan avtomobil kimi istifadə edə bilər. Amma bütün bu istifadələr təyyarənin potensialından çox aşağı olacaq. Çünkü təyyarənin yerin cazibə qüvvəsindən çıxmaq və səyahət etmək potensialı, istedadı var. Beləliklə, bir şeyin həqiqətini bilmək və anlamaq onun doğru və ya səhv istifadəsi nəticəsində olacaq.
Tam və ətraflı məlumat şəxsin imkan və qabiliyyətlərini düzgün anlamasına, dəyərləndirməsinə və istifadəsinə xidmət edəcək. Həqiqətlə aramızdakı pərdə qalxdıqda fərqindəlik ortaya çıxır. Buna heyrət məqamı da deyə bilərik. Heyrətlənmək isə elmdə dərinləşməyimizə və cəhalətin ortadan qalxmasına kömək edəcək. Özünü bilməyənə qafil, başqasını bilməyənə isə cahil deyilib. Başqasını səhv bilmək isə mürəkkəb cahillikdir. Yəni, almanı bilməmək sadə cahillikdirsə, almanı armud bilmək mürəkkəb cahillikdir. Ona görə də, həqiqi insan başqasını deyil, özünü tanıyandır.
"İlim ilim bilmektir.
İlim kendin bilmektir.
Sen kendini bilmezsen,
(Ey Yunus, Ey Roman, Ey insan)
Bu nice okumaktır". (*)
İnsan hər elmi bilməyə bilər. Və ya cahillikdən qurtulmaq çətin ola bilər. Ancaq qafillikdən qurtulmağa səy göstərməliyik. Yəni, özümüzü tanımağa çalışmalıyıq.
Həqiqətə çatmağa mane olan, əsasən, iki nüans var. Birincisi, əskik bilmək və ya bilməməkdir. İkincisi isə səhv bilməkdir.
Sizə istifadə etmək üçün elektrik enerjisi verildiyini təsəvvür edin. Bu enerjini yalnız su isitməkdə istifadə etsəniz və "Elektrik enerjisi yalnız su isitmək üçündür" desəniz, bu da bir istifadə şəklidir, amma əskikdir. Halbuki, elektrik enerjisindən həm isitməkdə, həm soyutmaqda, həm də kompüter vasitəsilə məlumat toplamaqda və s. istifadə etmək olar.
Ənənəvi tədrisdə insanın bir qaynağı və bir mərkəzi olduğu bildirilir. Qaynaq bilinsə, əslində onun yolçuluğunun başlanğıcı və sonu da bilinmiş olacaq. Yer kürəsində suyun dövranı, yəni başlanğıcı və sonu var. Bu bir qaynaq bilgisidir. İnsan da sonsuz və mütləq bir qaynağa sahibdir. Qaynaqda nə varsa, ətrafa da onu yayar və göstərər. Məsələn: Elektrik qaynağı elektrik enerjisini istehsal edir və o enerji lampada işıq kimi, kompüterdə məlumat toplamaq kimi, mikrofonda səs kimi, ütüdə istilik kimi, soyuducuda soyuqluq kimi təzahür edir.
İnsanın qaynağı Allah, mərkəzi isə ruhudur. Hər şey əslinə dönür, amma insanın əsli torpaq deyil. Torpaq bədənimizin əslidir.
Yazımızın ilk buraxılışında insanın üç yönünü bildirmişdik: ruh (spirit), psixika (soul-nəfs) və bədən (body). Bəzən psixi vəziyyətimizi ruh halımız adlandırırıq. Halbuki, ruhun hər hansı bir halı yoxdur. Çünkü sonsuz və mütləq bir qaynağa aiddir. "Biz Allaha məxsusuq və Ona dönəcəyik". (Bəqərə/156) ayəsi də bizə məhz bunu xatırladır.
Müasir insan qaynaq və mərkəzini itirmişdir. Onun yerinə bəzən mənafe, bəzən ailə, bəzən cəmiyyət, bəzən şöhrət, bəzən də status keçir. Bunun səbəbi əsl qaynaq və mərkəzlə olan bağın qopması və ya zəifləməsidir. Hər boşluq bir şey tərəfindən doldurulur. Ya əsli ilə dolur, ya da saxtası ilə. Çünkü kainat boşluq qəbul etmir.
Bu yazımızı da kiçik bir eksperimentlə tamamlayaq: Hər biriniz bir və ya bir neçə problem yaşadığınız məsələni yadınıza salın. Əgər xatırladınızsa, bilin ki, bu yerlərdə sizin xəzinəniz gizlidir. Necə bir xəzinə? Bu suala növbəti yazımızda cavab verəcəyik.

(*) - Şeir orijinal formasında verilmişdir.

Roman Mamedov
@enneagram_master