Bu vaxta qədər general deyəndə ağlımıza yüksək hərbi və güc strukturlarının rütbəsi gəlirdi. Amma iki aya yaxındır ki, general deyəndə gözümüzün qarşısına şəhid general Polad Həşimov gəlir. Özü də hər birimiz general yox, generalımız deyirik... O, bizim generalımızdır, təkcə əli silah tutan, səngərdə düşmənlə üz-üzə duran əsgərlərin deyil, hər gün evindən çıxıb xalqına xidmət etmək məqsədilə işə tələsən hər bir vətəndaşımızın komandiridir, bu xalqı sevən və əmrinə tabe olan vətəndaşını övladı kimi sevən hər kəsin generalıdır. Çünki o, özü belə idi... Bizim generalımız şəhid oldu...
Şəhid general Polad Həşimovun ata evinə gedib, anası Səmayə xanımla oğlu haqqında söhbət etməyi, müsahibə yazmağı planlaşdırdıq. Amma yaxşı başa düşürdük ki, Polad Həşimovun böyüyüb boya-başa çatdığı evə getmək, onun anası və əslində, bütün vətənpərvər Azərbaycan oğullarının anası Səmayə xanımla, qardaşı İlham Həşimovla söhbət eləmək, elə də asan olmayacaq. Amma getdik, kövrəlsək də, kövrəldəcəyimizi bilsək də, Polad adına olan sevgimizə sığınaraq o qapını döydük.
Doğrudur, müsahibəyə getməzdən əvvəl bütün həmkarlarım kimi mən də hazırlaşmışdım, xırda qeydlər eləmişdim, verəcəyim sualları yaddaşımda sıralamışdım, amma o ana ilə üz-üzə əyləşəndə, onun gözlərindəki dərin kədəri, çöhrəsindəki vüqarı görəndə ağlımdakı bütün suallar bir-birinə qarışdı, bir anlıq donub qaldım, nə soruşum, nə danışım ki, bu ananın sızlayan qəlbini bir az da mən ağrıtmayım. Bu vaxta qədər müxtəlif sahələrdə çalışan fərqli insanlardan müsahibələr almışam. Amma bu müsahibədə, bu söhbətdəki həyəcanı ilk dəfədir yaşayırdım. Nə qədər ağır olsa da, danışmalı, danışdırmalıydım, bu mənim vəzifə borcum idi, amma Polada olan xalq sevgisini bir daha xatırladaraq, ananın gözlərindəki kədər buludunu seyrəldərək, könlünü alaraq, ona bu ölkədə milyonlarla gəncin Ana dediyini xatırladaraq danışmalıydım. Danışdıq da, doğrudur, arada ananın gözləri kədər buludu ilə dolub-boşalırdı, amma deyə bilərəm ki, söhbətimiz alındı. İndi həmin söhbəti, daha doğrusu, nur üzlü, gözlərinin yaşı qurumayan Səmayə xanım Həşimovanın oğlu barədə olan söhbətini sizə təqdim edirik.
- Səmayə ana, general Polad Həşimovun bir övlad kimi əsas xüsusiyyətləri nələr idi?
- Polad sirr verməzdi. Çox qapalı idi. Bir sözü 50 dəfə də soruşsan, cavab verməzdi. Hərbidən ümumiyyətlə heç nə danışmazdı. Mən arada ordan-burdan nə isə eşidəndə ondan soruşurdum, deyirdi, ay ana, sən komissarlıqda işləyirsən, bunları sənə kim xəbər verir? Cavab verirdim ki, sənin uşaqların da böyüyüb sənin kimi olanda, sən də mənim kimi qocalıb evdə oturanda sən də uşaqlarınla maraqlanacaqsan. Özüm maraqlanırdım ki, nələr olur, nələr baş verir. Hələm-hələm ondan sirr almaq olmurdu.
Poladın uşaq vaxtı şirin dəcəllikləri var idi. Bir dəfə 8-ci sinifdə oxuyanda məktəbin şüşəsini sındırdığına görə müəllimi onu döymüşdü. Özü evdə demədi ki, məktəbdə müəllim onu döyüb. Başqaları mənə dedilər ki, müəllimi Poladı möhkəm döyüb. Mən dəqiqləşdirdim ki, müəllim onu niyə döyüb. Öyrəndim, aydın oldu ki, uşaqlar oynayanda Poladı itələyiblər şüşəyə dəyib, şüşə sınıb. Getmədim o müəllimin yanına. Dedim ki, Polad özü nəticə çıxaracaq.
- Polad Həşimov şəhid olandan sonra məlum oldu ki, tanıyan-bilən hər kəs onu sevirmiş. Hamı onu ehtiramla yad etdi, sevgisini bildirdi, küçələrə, maşınlara şəkilləri yapışdırıldı. Bütün bunlar sizə necə duyğu verir?
- Sevinirəm. Ümumiyyətlə, ailəmiz elə olub ki, mənim evimdə bir tikə varsa, bilsəm ki, kiminsə o tikəyə ehtiyacı var, mən, onu ona verərəm. Ailəmiz belə olub, Polad da bu ailədən görüb, götürüb. Sevinirəm ona görə ki, Polad özünə çox dost, qardaş qazanıb. Həddindən artıq onu sevən var. Neynirəm dünyanın var-dövlətini yığasan, axırda da dünyadan gedəndə söyüş yiyəsi olasan. Bir il yarım əsgərin elə bir vaxtıdır ki, hər şeyə ehtiyacı olur. Oğlum həmişə kasıbın balasının hər ehtiyacına kömək edib. Bunlara görə sevinirəm. Hamı bu gün balamın yaxşılığından danışır.
- Polad Həşimov əsgərlərinə övladım deyirmiş. Oğlunuzun "övladları" sizi ziyarət edirmi?
- Bəli, gəldilər. Binamızın blokundan evin qapısına qədər sıra ilə durub, bir-bir əlimi öpdülər. Deyirəm, ay bala, eləməyin belə, utanıram axı. Deyirlər, yox, ana, sən bu əllərinlə general Poladı böyütmüsən. O da bizə yaxşılıqlar edib. Poladın "övladları" həddən artıq çoxdur, gəlirlər, ziyarət edirlər.
- Hər bir övladın valideynlərinə bir vədi olur - kimi istirahətə göndərir, kimi ev alır, kimi hansısa ehtiyacını qarşılayır və s. Poladın sizə vədi var idimi?
- Mən şəkər xəstəsiyəm. Başqa narahatlıqlarım da var. Son günlərdə elə vaxt olurdu gündə iki dəfə zəng edirdi. Soruşurdu, ana, necəsən, xəstəliyin necədir? Həmişə deyirdi, dərmanları vaxtında qəbul elə, istirahət elə, özünü qoru. Deyirdi, az qalıb, gəlib özü məni həkimə aparacaq. Deyirdi, o gələnə qədər dözüm, gözləyim, özü aparacaqdı məni həkimə (ağlayır). Bu istəyi yarımçıq qaldı. Gələcəyəm deyirdi, koronavirusa görə gələ bilmirdi. Deyirdi, gələcəyəm, mən nə bilərdim ki, belə gələcək... Çox ağırdır mənim üçün, elə şirin-şirin söhbətləri var idi ki...
- Polad Həşimovun adına kitablar çap olundu, film ssenariləri yazıldı, böyük küçəyə adı verildi, bu barədə də danışmağınızı istərdik.
- Təbii ki, bunlar da bir cür sevgi, hörmət göstəricisidir. Bütün respublikanı qızıldan, daş-qaşdan hasar edib, qıfıl salıb mənə versələr, istəmərəm. İstəyirəm ki, oğluma Milli Qəhrəman adı verilsin. 28 ildir oğlum vətən, torpaq yolunda canını qoyub. Poladın vətən üçün nələr etdiyi göz qabağındadır. Həm də ona görə bu adı istəyirəm ki, gənclər əmin olsunlar ki, vətən yolunda canından keçənləri vətən uca tutur. Prezident İlham Əliyevə üz tuturam, elə bilirəm ki, mənim bu istəyim cavabsız qalmayacaq. Küçə adı da olsun, kitablar da çap olunsun. Mənim də ömrümə az qalıb, xəstə, yaşlı adamam. Bilmirəm nə qədər yaşayacağam.
- Necə oldu ki, Polad hərbçi olmaq qərarına gəldi?
- O, məktəbdə yaxşı oxuyurdu. Dərslərdən 4 almağı qəbul eləmirdi, ancaq 5 alırdı. Çox kitab oxuyurdu. İngilis dilini yaxşı öyrənmişdi, riyaziyyatı da yaxşı bilirdi. Mən onu hüquqa hazırlaşdırırdım. 1992-ci ildə bir gün məktəbdən gəldi ki, ana, bilirsən məktəbdə müəllim nə dedi? Dedim, xeyir olsun, de görüm, nə deyib. Cavab verdi ki, "müəllim, mənə dedi ki, mən indi kişi o adama deyərəm ki, hərbi məktəbə getsin". Dedim, ay Polad, mənim əhvalımı korladın. Müharibənin qızğın vaxtları idi, həmin vaxtlarda istəmirdim oğlum hərbçi olsun. Dedim, sənin hərbi məktəbdə nə işin var? Dedi ki, müəllim deyib, mən hərbçi olacağam. Ali hərbi məktəbə sənəd qəbulu universitetə sənəd qəbulundan tez başlayırdı. Razı olmadım, dedim, səni qoymuram hərbiyə gedəsən, sənəd qəbuluna getməyə də yol pulu verməyəcəyəm, getməyəcəksən. Yığdı sənədlərini qəbula yazıldı. Onu danladım, dedim, Polad mən sənə demişdim ki, getmə, niyə mənim arzularımı ürəyimdə qoyursan? Dedi ki, ana, narahat olma, hərbiyə qəbul olmasam, sənin istədiyin yerə sənəd verəcəyəm. İmtahan verdi, Ali hərbi məktəbə qəbul oldu. Mən ona mane olmağa çalışdım, amma olmadı, qismət belə imiş.
- Poladın adı yeni doğulan körpələrə qoyulur. Yeni Poladlar böyüyür...
- Bu mənə çox pis təsir elədi (ağlayır). Olsun, qoy milyonlarla Polad olsun, kaş mənim Poladım da qalardı. Amma sonra da dedim ki, kaş bütün Poladlar bizim Polad kimi polad ürəkli, sözlərində sadiq, vətənə layiq olsunlar. Təki vətənimizin generalları çox olsun. Eşidəndə ki, yeni doğulan körpələrə Polad adı verilir, öldüm, sonra dirildim.
- Oğlunuz hansı filmləri, kitabları sevirdi. Xüsusi olaraq dinlədiyi mahnılar var idimi?
- Mahnı xoşlamırdı, toya da gedəndə ən çoxu 15 dəqiqə otururdu. Öz toyunda 4-5 saat necə oturmuşdu, bilmirəm. Toyunda bir dəfə də oynamadı.
Tarixi, sənədli, hərbi, müharibə filmlərinə baxırdı. Özü də çox diqqətlə baxırdı. Kitab oxumağı çox sevirdi.
- Məzuniyyətə gələndə 3-5 günlük vaxtını necə keçirirdi? Nə edirdi, əyləncəsi nə idi?
- Çox çölə çıxıb gəzməyi xoşlamırdı. O, Sumqayıta evə gələndə dostları, tanışları eşidib gəlirdilər, evdə görüşürdülər. Axşamlar da binamızın yaxınlarında dostları ilə çay içirdi. Çox vaxtını evdə keçirirdi.
- Polad Həşimov Sumqayıta gələndə hərbi forma geyinmirmiş, bunun nə isə xüsusi səbəbi var idimi?
- O, rütbəsini göstərmək istəmirdi. Mən özüm də deməmişəm ki, mənim general oğlum var. Qonşularımızın da çoxu bilmirdi ki, Polad generaldır. Bir kəlmə də deməmişəm. Bu ərəfələrdə evimizə çox adam gəldi, çoxu deyir ki, bəs niyə deməmisən sənin oğlun general olub. Deyirdim, bayraq deyil ki, əlimə alım, qaldırım. General paltarını da çox geyinə bilmədi heç. O, nazirliyə gedəndə forma geyinirdi. Oradan çıxanda formasını dəyişirdi, səngərdə geyilən hərbi forma geyinib evə gəlirdi (həmin formalarda rütbə olmur - red.). Taksi ilə gəlirdi evə, taksini də blokun qarşısına sürdürmürdü, binanın kənarında düşürdü, gəlirdi evə. Gedəndə də yenə binanın yanına çağırırdı taksini.
- General rütbəsini alandan sonra sizinlə ilk dəfə görüşəndə nə danışdınız, nədən söhbət etdiniz?
- Keçən il iyunun 24-də Bakıya gəldi. Ona general rütbəsi verildi. Bilmirdim Bakıya gəldiyini. Bir gün sonra evə gəldi. Günorta vaxtları idi, qapı döyüldü, açdım qapını Polad gülə-gülə girdi içəri. Görüşdük, qucaqlaşdıq, əlində tutduğu asılqanda hərbi geyim vardı, dedi, ana, gör sənə nə gətirmişəm, sənin istədiyini gətirmişəm. Hər dəfə gələndə rütbəsini soruşurdum. Dedi ki, general rütbəsini sənə gətirmişəm. Onun hərbi geyimini sığalladım, öpdüm. Özünü də qucaqladım, saçını, başını tumarladım, öpdüm. Dedim, anan sənə qurban olsun, sağ-salamat görüm səni bu rütbədə (ağlayır). Bir dəfə general kostyumunda oğlumu görə bilmədim. Hər dəfə məndən soruşurdu ki, ana, nə problemin var? Deyirdim, ay bala, nə problemim olacaq, heç nə. Allah sizin işlərinizi salamat eləsin. Deyirdim, o gün olsun gələsən Bakıda işləyəsən, mən də səni heç olmasa bir gündən bir görəm.
- Dövlət qayğısı ilə bağlı da danışmağınızı istərdik.
- Prezident İlham Əliyevlə dəfn günü telefonla danışmışam, mənə başsağlığı verib. Mənə dedi ki, ana, başınız sağ olsun, biz onun qanını yerdə qoymayacağıq. Mən də ona təşəkkür etdim. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov hələ oğlumun nəşi gəlmədən bizim evdə idi. Ondan sonra da iki dəfə evimizə gəldi.
- Bu jurnalımız məktəblilər üçündür. Bu gün Azərbaycanda məktəblilərdən ahıllara qədər hər kəs Polad Həşimovu tanıyır, sevir. Xüsusilə məktəblilərimizə şəhid anası kimi nə demək istəyərdiniz? Nə tövsiyə verərdiniz?
- Mən onlara demək istəyirəm ki, dərslərini yaxşı oxusunlar. Gələcəkdə savadlılarımız, generallarımız çox olsun. Həm də valideynlərə də demək istəyirəm ki, övladlarının üstündə durub, onlara dəstək olsunlar. Heç bir uşağı boş buraxmasınlar. Müəllim qədər evdə valideyn də uşaqla məşğul olmalıdır. İstəyirəm ki, birinci sinifdən tutmuş yuxarı siniflərə qədər bütün şagirdlər yaxşı oxusunlar. Valideynlərinə, müəllimlərinə layiq olsunlar.
Rasim Məmmədli