Keçmişdən bu günə kimi ailələrdə bütün dövrlərin ən konfliktli mövzularından biri də valideyn və övlad arasında olan anlaşılmazlıqdır...
Bu mövzu ilə bağlı sualları yazarkən özlüyümüzdə həmsöhbətimizi əks tərəf kimi nəzərdə tutmuşduq. Nəzərimizdə biz qütbün bir tərəfi, o isə qütbün digər tərəfi idi. Yəni, biz burada övlad rolunda, həmsöhbətimiz isə valideyn rolunda olmalı idi. Mövzunu nə qədər "övlad" kimi öz xeyrimizə həll etməyə çalışsaq da, hər dəfə həmsöhbətimiz - Roman Məmmədov (AMEA-nın fəlsəfə elmləri üzrə doktorantı, Konfliktlərin İdarə Olunması Mütəxəssisi - İdarəçi Koç) "valideyn" kimi (həmçinin İdarəçi Koç kimi) bizi çox səmimi bir şəkildə susdururdu. Biz də onun həqiqətən haqlı olduğunu görür və təbii olaraq razılaşırdıq...

- Valideyn övladının fikirlərinə nə vaxt müdaxilə edə bilər?

- Əgər övlad özünə və ətrafına zərər vermirsə, onu sərbəst buraxmaq lazımdır. Ona müdaxilə etməyə ehtiyac yoxdur. Bəzən valideyn tərəfindən elə qəbul olunur ki, onun övladı səhv addım atır və o da dərhal övladının bu addımına müdaxilə edir. Məqsəd təbii ki, valideynin övladının atacağı səhv addımı düzəltməkdir, ancaq yenə də çox vaxt burada valideynlə övladın fikirləri üst-üstə düşmür. Valideynlə övladın fikirlərinin üst-üstə düşməməsi subyektivlikdir. Ancaq məsələyə obyektiv yanaşsaq, burada "Doğru nədir?" sualı ortaya çıxır. Yəni, hansı daha doğrudur, uşağın fikri, yoxsa valideynin fikri? Ona görə də, bir daha deyirəm, əgər uşaq özünə və ətrafına ziyan vurmursa, o sərbəst olmalıdır və ona müdaxilə etmək lazım deyil. Uşağın aqressiv olmasına gəlincə, onun dinamikaları müxtəlif ola bilər.

- Azərbaycanda valideyn övladının xüsusilə iki seçiminə daha çox müdaxilə edir. Onlardan biri də ixtisas seçimidir...
- Əgər söhbət bu mənada müdaxilədən gedirsə, məsələ gəlib tərbiyəyə söykənir. Ona görə də, ilk növbədə "Tərbiyə nədir?" sualına cavab verək. Tərbiyə "Rəbb" sözündən gəlir. Bu mənada "Rəbbim!" sözü də "Məni tərbiyə edən" mənasına gəlir. Tərbiyə sözü hər hansı bir şeyi olduğu yerdən digər olmalı olduğu yerə çatdırmaq deməkdir. Məsələn, mən filologiya fakültəsinə daxil olsam da, filoloq deyiləm, ancaq 4 ildən sonra oradan filoloq kimi çıxıram. Bu, o deməkdir ki, universitet məni 4 il ərzində tərbiyə elədi. Universitet məni necə tərbiyə edirsə, universitetin tərbiyəçiliyi də o qədərdir. Başqa bir misal, adi yumurtanı götürək. Yumurtadan insan oğlu ən yaxşı halda nə əldə edə bilər? Qayğanaq. O, bizim tərbiyəçiliyimizdir. Biz onu "tərbiyə edərək", A nöqtəsindən B nöqtəsinə kimi aparır və qayğanaq kimi üzə çıxarırıq. Allah isə o yumurtanı tərbiyə edərək, ondan uçan bir varlıq yaradır. Bu da Allahın tərbiyəçiliyidir. Valideynin övladını tərbiyə etməsi dedikdə, həqiqətən, məsələyə bu nöqteyi-nəzərdən yanaşırıqmı? Valideyn övladını tərbiyə edərkən o bilir ki, onun övladının potensialı nədir? Və o bilir ki, onun övladı harada olsa onun üçün daha yaxşıdır? Əgər məsələyə bu aspektdən baxsaq, bu artıq müdaxilə deyil. Yox, əgər valideyn öz eqosu naminə öz istəklərini övladının  üzərində tətbiq edirsə, bu artıq doğru deyil.

- Dedik ki, valideyn, övladının xüsusilə iki seçiminə daha çox müdaxilə edir. Bunlardan birincisini artıq qeyd etdik. İkincisi isə evlilik məsələsidir. Bu mövzuda necə, məcburiyyət lazımdırmı?
- Bilirsiniz, evlilik məsələsi insandan insana dəyişən bir məsələdir. Məsələn, su misalını verək. Tutaq ki, bir insan xəstədir və su istəyir, ancaq ona su içmək olmaz. Çünki bu, onun vəziyyətini daha da ağırlaşdırar. Eyni şəkildə, tutaq ki, bir insan səhradadır, o da su istəyir. Ancaq ona su içmək lazımdır. Çünki o, su içməsə ölər. Su eyni sudur, ancaq onun istifadəsi insandan insana dəyişir. Evlilik də bunun kimi. Heç fərqi yoxdur. Xüsusilə də, bunu oğlanlar üçün demək olar. Bəs nə üçün oğlanlar? Çünki, ailəni dolandırmaq məsələsində onların ailə üzərində çox haqları var. Əgər ailəsinə baxa bilməyəcəksə, övladlarını yetişdirmək potensialı yoxdursa, o insanın ailə qurması doğru deyil. Çünki ailə cəmiyyətin molekullarıdır. O molekulların atomları isə insanlardır, fərdlərdir, şəxslərdir. Bioloji, fizioloji, psixoloji olaraq sağlam olan şəxslər (eyni zamanda mənəviyyatı güclü olan şəxslər) güclü ailələrin təməlini qoyurlar. Güclü ailələr də güclü cəmiyyətin yaranmasına səbəb olurlar. Ona görə də, bu məsələdə övladların da fikrinə hörmətlə yanaşmaq lazımdır. Çünki onlar da bir şəxsdir, bir fərddir. Onların da fikri evlilik məsələsində xüsusi əhəmiyyət kəsb edir. Keçmişdə bəylə gəlin bir-birini görmədən evlənə bilirdisə, müasir dövrümüzdə bu, artıq ortadan qalxmağa doğru gedir. Artıq müasir dövrümüzdə görmədən, tanımadan evlənmək demək olar ki, yox dərəcəsindədir.

- Ailədə övlad nə üçün yaş artdıqca tənqidə meyilli olur və ya deyilən hər hansı bir sözə (xüsusilə də, ibrətamiz bir sözə) qarşı dərhal sərt reaksiya verir?
- Məncə, uşağın o anda göstərdiyi sərt reaksiyanın səbəbini o anla əlaqələndirmək doğru deyil. Başqa sözlə, onu o hala gətirən uzun aylar, uzun illər var ki, uşaq həmin anda o şəkildə reaksiya verir. İkinci məsələ isə uşaq kiçik yaşlarda olanda valideynə qarşı etiraz etmək xüsusiyyəti olmadığı, həmçinin, istəklərini tam dərk etmədiyi üçün valideynə qarşı reaksiya vermir. Sonradan artıq söz sahibi olduğunu dərk edəndə bu xüsusiyyət özünü büruzə verir. Yəni, artıq uşağın və valideynin istəkləri üst-üstə düşmür. Və buradan da etirazlar başlayır.

- "O mənim övladımdır, istəsəm döyərəm, istəsəm sevərəm. Onu məndən çox heç kəs düşünə bilməz" prinsipi valideynə öz övladına qarşı zorakılıq göstərmək haqqı verirmi?
- Əvvəlcə, bir misal verək. Tutaq ki, bir çoban qoyunları bir ərazidən apararkən onlar tikanlı bir yerdən keçmək istəyirlər. Çoban da onlara daş atır və onlar yaralanır. Əgər qoyunlar orada düşünsələr ki, sahibimiz bizi sevmir, səhv etmiş olarlar. Halbuki, sahibi onları daha böyük təhlükədən qoruduğu üçün bu addımı atır. Əgər valideyn də övladına zorakılıq göstərməklə daha böyük bəlaların qarşısını alırsa, onda buna pis baxmaq doğru deyil. Yox, əgər o bunu öz eqosu naminə edirsə, mən buna haqq vermirəm. Təbii ki, burada "Zorakılığın ölçüsü nə olmalıdır?" sualına da cavab tapmaq lazımdır.

- Müəyyən səbəblərdən övladı evdən gedən valideyn onu geri qaytarmaq üçün nə etməlidir? Və ya o qayıtdıqdan sonra ona qarşı münasibət necə olmalıdır?
- Əgər övlad evi tərk edib gedirsə, seçimi budursa, deməli, o anda onun ən yaxşı seçimi odur. Çünki insan hər şeyin ən yaxşısını etməyə çalışır. Əgər bir övlad evi tərk edirsə, o anda bu onun etdiyi ən yaxşı seçimdir. Ona görə də, burada hadisənin baş vermə səbəbini araşdırmaq lazımdır. Bəlkə də, uşağın evdən getmə səbəbi 3 ay əvvələ gedib çıxır. Gözünün altı qara olan insana müdaxiləni gözünün altına yox, problem haradadırsa ora etmək lazımdır (məsələn, böyrək kimi). Əgər uşağın evi tərk etməsi münasibətlərdəki təzyiqin aşağı düşməsinə səbəb olacaqsa, həmçinin, bu ayrılıq aradakı aqressiyanın azalmasına gətirib çıxaracaqsa, müəyyən mənada hər iki tərəfə də faydalı ola bilər. Yox, əgər uşağın bu addımı birdəfəlik evi tərk etməyə səbəb olacaqsa və ya daha neqativ hallara gətirib çıxaracaqsa, təbii ki, buna (həmçinin, bunu ortaya çıxaracaq səbəblərə) yol verməmək lazımdır. Ona görə də, bunun üçün peşəkar şəkildə yardım almalı və bir mütəxəssisin məsləhəti ilə problemin həll etməlisiniz. Problemin alt dinamikasının isə çox fərqli tərəfləri ortaya çıxa bilər. Məsələn, bu, uşağın psixoloji travma almasından da, övladın öz eqosuna boyun əyməsindən də, övladın qisas almaq niyyətindən də irəli gələ bilər. Bunlar hər biri ayrı-ayrı faktorlardır və onların həlli yolları da fərqli-fərqlidir. Ona görə də, burada, ilk növbədə, düzgün diaqnoz qoymaq və bu diaqnoz üzərindən problemi həll etmək lazımdır.

- Övladı kimlərləsə müqayisə etmək nə qədər doğrudur?
- Bunu hər birimiz yaxşı bilirik ki, insanlar bir-birilərinə bənzəyə bilərlər. Amma onlar nə qədər bir-birilərinə bənzəsələr də, eyni deyillər. Hətta, heç bir insanın barmaq izləri də eyni deyil və bu, eyni zamanda onların unikal olduğunu göstərir. Övladlarımız da bunun kimi. Əgər bacı-qardaş bir-birinə bənzəmirsə, onda onları başqalarının övladları ilə müqayisə etmək nə qədər doğrudur? Bir mənada bu quruda və suda yaşayan heyvanı eyni imtahana məruz qoymaq kimidir. Ola bilsin ki, qonşunuzun övladı hansısa sahədə uğur qazansın. Ancaq sizin övladınız da başqa sahədə ondan üstün ola bilər. Yəni, istək, bacarıq və qabiliyyət ələkdən keçirilməli və uşaqlara buna görə qiymət verilməlidir.

- Artıq ailə qurmuş bir gəncin bütün ailədaxili məsələlərində valideynlərin iştirak etməsi nə qədər qəbulolunandır?
- İstər ailədə olsun, istər cəmiyyətdə, istərsə də iş yerində, fərqi yoxdur, əgər bir müdaxilə müsbət nəticələrə səbəb olacaqsa, o müdaxilədə problem görmürəm. Yox, əgər mənfi nəticələrə gətirib çıxaracaqsa, yolverilməzdir. Bu baxımdan, valideyn də övladının ailəsinə müdaxilə edəndə ehtiyatlı olmalıdır. Çünki valideyn hissləri ilə hərəkət edir və məsələyə neytral (həmçinin, təcrübəli mentor kimi) baxa bilmir. Ona görə də, çox vaxt qaş düzəldən yerdə vurub göz çıxarmış olur. Ancaq əgər yenə də müdaxilə etmək məcburiyyəti varsa, valideyn çox diqqətli olmalı və məsələyə neytral baxmağa çalışmalıdır. Peyğəmbərimizin də gözəl bir sözü var: "Əgər ailələr boşanacaqsa, hər iki tərəfdən bir nümayəndə təyin edin". Çünki onlar məsələ ilə münasibətdə daha neytraldırlar və gənclərin ailə daxilində görə bilmədikləri şeyləri onlar kənardan daha yaxşı görürlər. Ancaq elə hallar da ola bilər ki, boşanmamaqdan ailəyə zərər gələ, ailədəki fərdlərin psixologiyası pozula bilər. Belə halda, bəlkə də, o ailənin boşanması davam etməsindən daha faydalıdır.

- Azərbaycanda valideyn prototipi və xaricdə valideyn prototipi... Hansı valideynlik borcunu daha doğru yerinə yetirir?
- Bilirsiniz, necədir? Qərb (Avropa) ailələrinin alt dinamikaları ilə şərq (Azərbaycan) ailələrinin alt dinamikaları fərqli-fərqlidir. Ona görə də, əslində bunları müqayisə etmək doğru deyil. Çünki onların öz müsbət və mənfi cəhətləri olduğu kimi, bizim də öz müsbət və mənfi cəhətlərimiz var. Mənə elə gəlir ki, özümüzdəki müsbətləri daha da gücləndirmək üçün onların müsbətlərini götürə və öz həyatımıza tətbiq edə bilərik. Qərb və şərq ailələrindəki əsas fərq budur ki, bizdə 50 yaşındakı adama da övlad kimi baxırlar. Yenə də ata-ana ona kömək etməyə çalışır. Onu özündən uzaqlaşmağa qoymur. Qərbdə isə müəyyən bir yaşdan sonra sərbəst şəkildə özləri öz həyatlarını qurmağa çalışırlar. Bunun da təbii ki, müsbət və mənfi cəhətləri var. İnsanlar sərbəst hərəkət edir və öz problemlərini özləri həll edirlər. Bizdəki mənfi cəhət isə odur ki, valideynlər övladlarının hər bir işini özləri həll edir və uşağın problem həll etmək bacarığını paslandırırlar. İndi siz özünüz fikirləşin, sirkdəki şir daha bacarıqlı ovçu ola bilər, yoxsa, cəngəllikdəki? Təbii ki, cəngəllikdəki. Çünki onun qarşısını kəsən heç nə yoxdur. Amma sirkdəki şirin "ovunu" həmişə onun qarşısına qoyurlar. Nəticədə isə o, tədricən ov ovlamaq bacarığını itirməyə başlayır. Bir qədər sonra şiri cəngəlliyə buraxsalar belə, orada yaşaya bilmir və tələf olur. Eyni şəkildə bizim ailələrimizdə də doğru və obyektiv çərçivə içərisində övladların sərbəstliyinə icazə verilməlidir.

- Övladın necə olmağından asılı olmayaraq valideyn üçün övlad hər şeydir. Bəs, sərt rəftarlı valideynə qarşı övlad necə davranmalıdır?
- Ümumiyyətlə, güzgüyə baxanda ona necə baxırıqsa, o da eyni şəkildə bizə "baxır". Əgər biz güzgüyə gülümsəyərək baxırıqsa, orada da gülümsəyən bir insanın bizə baxdığını görürük. Ya da ki, əksinə. Başqa bir missal, uşağa qaşqabaqlı baxsaq, uşaq da bizə eyni qarşılığı verəcək. Gülümsəyərək baxsaq, o da bizə gülümsəməyə çalışacaq. Əslində, biz necə davranırıqsa, bizə də eynisi əks etmiş olur. Valideynin sərt davranması məsələsinə gəldikdə isə biz ilk növbədə onu yadda saxlamalıyıq ki, onun haqqı danılmazdır. Bir övlad nə edirsə-etsin atanın, ananın haqqını ödəyə bilməz. Belə olduğu halda valideyn sərt davranmaq haqqı qazanırmı? Təbii ki, qazanmır. Ən azı ona görə ki, sərt davranış övladın tərbiyəsinə, inkişafına mənfi təsir bağışlayır. Valideyn sərt davransa belə şərq ailəsindəki (xüsusilə də, Azərbaycan ailəsindəki) övladın ata-anaya qarşı hörmətcil davranması bizim qanımızdadır. Bizim bu xüsusiyyətimiz mənə elə gəlir ki, qərb ailə prototiplərindəki müsbət cəhətlərdən çox-çox müsbət cəhətdir. Valideynin o andakı psixoloji vəziyyəti yaxşı olmaya bilər. Lakin biz o anda ona bir böyük kimi, bir valideyn kimi, bir ata-ana kimi baxmalıyıq. Qurani-Kərimdə də Allaha, peyğəmbərlərə və ata-anaya itaət edin deyilir. Bunu nəzərə alaraq onlar bizə necə davranırlarsa-davransınlar (təbii ki, istisna halları çıxmaq şərti ilə) bunu qorumalı və onların razılığını qazanmalıyıq...


Aygün Zayıdova