Bir vaxtlar bir qadın həyat yoldaşını və oğlunu tərk etmiş və bir daha onu görən olmamışdı. Həyat yoldaşı da bir müddət onu gözləmiş və sonra başqa bir qadınla evlənmişdi.

Bir neçə il sonra qadının oğlu məktəbə başladı. Ancaq o, dərslərini çox da yaxşı oxumurdu. Yaşıdları arasında ən tənbəl şagird o idi. Dərslərini yaxşı oxumadığı üçün də atası və ögey anası onu tez-tez təhqir edir və hətta alçaldırdı. Bu isə onu dərslərindən daha da soyudurdu. Az qala hamı onu axmaq kimi tanıyırdı. Atası isə onun oxumağa həvəsi olmadığını düşünürdü. Elə ögey anası da atası ilə eyni fikirdə idi. Nəhayət, atası onu məktəbdən çıxararaq, bir ustanın yanına qoydu. Ancaq uşaq burada da özünü göstərə bilmədi. Bu isə onun atası və ögey anası tərəfindən daha çox təhqir edilməsindən və daha çox alçaldılmasından başqa bir işə yaramadı.

Bir gün uşaq uzun illər əvvəl onu tərk edən anasından bir məktub və bir bağlama aldı. Anası bu məktubda onu sevdiyini və unutmadığını yazırdı. Bir də anası bu məktubda onu uzun illər əvvəl tərk etmək məcburiyyətində qaldığını bildirirdi. Bağlamadan isə bir skripka çıxmışdı. O gündən uşağın həyatı tamam dəyişdi. Uşaq həm məktuba, həm də skripkaya çox sevinmiş, ancaq ən çox anasının onu sevdiyinə və unutmadığına şad olmuşdu. O gündən uşaq skripkanı demək olar ki, əlindən yerə qoymadı. Atasından xahiş edərək skripka dərslərinə başladı. Qısa bir vaxtda o qədər gözəl skripka çalmağa başladı ki, hamını heyran qoydu. Sanki skripkanı bu qədər gözəl çalan o "tənbəl", o "axmaq" uşaq deyildi? Atası və ögey anası az qala skripkada bir sirr olduğuna inanmağa başlamışdı. Bəs necə, skripkada sirr olmasa idi, bu uşaq necə belə gözəl çala bilərdi?

Günlər keçir, uşaq skripka çalmaqda daha da ustalaşırdı. Ancaq yenə də hamını bir şey maraqlandırırdı: "Bu möcüzə necə baş vermişdi?.." Nəhayət, bir gün atası uşağından xəbərsiz skripkanı götürüb bir müdrik qocanın yanına getdi. O, qocadan bu işin sirrini öyrənmək istəyirdi. Bəlkə elə doğrudan da skripka sirli idi? Qoca atanı gözləri uzaqlara baxaraq dinlədi və axırda üzünü ataya tutaraq dedi: "Əziz dostum! Nə skripkada sirr var, nə də oğlunuz düşündüyünüz kimi tənbəl və axmaqdır. Onun bu günə qədər uğursuzluğunun səbəbi isə anasının onu sevmədiyini və unutduğunu düşünməsi idi. Çünki heç bir şey insanı unudulmaq qədər incitmir. Heç bir şey insana sevilməmək qədər zərbə vurmur. Bu gün qazandığı uğurların səbəbi isə anasının onu unutmadığını, əksinə sevdiyini bilməsidir. Əslində, elə ən böyük sirr budur".